Modern.az

“Aprel hadisələrindən bu günə kimi Ermənistan çox narahatdır”

“Aprel hadisələrindən bu günə kimi Ermənistan çox narahatdır”

9 Fevral 2017, 15:09

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasında İdarə Heyətinin üzvü, YAP-ın İqtisadi məsələlər komissiyasının sədri Eldar İbrahimov son hadisələrlə bağlı Modern.az-a açıqlama verib.

 

 

Eldar İbrahimov bildirib ki, 2016-cı il aprel hadisələri Azərbaycan tarixində Qarabağın işğaldan azad edilməsi istiqamətində dönüş nöqtəsidir.

“Bunu yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qəbul edirlər. Hətta, düşmən Ermənistan da hadisələr vaxtı Azərbaycanın hansı gücə malik olduğunu gördü və qəbul etdi. 2016-cı ilin aprel ayından bu yana Ermənistanda ciddi narahatçılıq var. Uzun illər ölkəmizi ATƏT Parlament Assambleyası təmsil edən millət vəkili olaraq bilirəm ki, o vaxtdan bu yana Azərbaycanın işğal olunmuş ərazilərində süni şəkildə məskunlaşdırılan, xaricdən gətirilən ermənilər ciddi narahatlıq içindərdirlər və imkanı olanlar, öz pasportunu əldə edə bilənlər Azərbaycanın işğal olunmuş ərazilərini tərk edirlər”.

 

 

Eldar İbrahimovun sözlərinə görə, 2016-cı ilin aprel hadisələrindən sonra Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etmək əzmi də çoxalıb və insanlarda ruh yüksəkliyi yaranıb:

“Hesab edirəm ki, biz mütləq Heydər Əliyev siyasəti, Prezident İlham Əliyevin xalqa söykənmiş iradəsi və qətiyyəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik. Artıq 2016-cı il aprel hadisələrindən sonra bir çox məsələlər Azərbaycanın xeyrinə işləyir. Daha doğrusu xeyrinə deməzdim, Azərbaycan bu məsələdə işğala məruz qalan bir tərəfdir, sadəcə beynəlxalq hüquq düzgün işlədikdə bizdə sevinc hissi doğur. Beynəlxalq hüquq düzgün olmadıqda terror hadisələri, bir ölkənin başqa bir ölkənin ərazilərini işğal etməsi məsələsi, yəni insan qanının axması çoxalacaq. Ona görə də Belarus beynəlxalq hüquq normalarına söykənərək,  Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə gedən və  qanunsuz işlər görən Lapşini Bakıya verdi. Mən hesab edirəm ki, Lapşinin Azərbaycana verilməsi məsələsi beynəlxalq bir mövzuya çevrilib. Amma təbii ki, biz istəməzdik bu, beynəlxalq mövzuya çevrilsin. İndi bütün dünya biləcək ki, hansısa əcənəbinin bir daha Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-rəsmi, qanunsuz olaraq səfər etməsi həmin adama xeyir gətirməyəcək. Mən əminəm ki, ayrı-ayrı ölkələrdə insanların erməni lobbisi tərəfindən aldadılaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə turist adı ilə göndərilməsi hallarına son qoyulacaq. Belə səfərə gedən hər kəs onu da Lapşinin taleyinin gözləyəcəyini biləcək”.

 

 

Eldar İbrahimov qeyd edib ki, Azərbaycan daxildə olduğu kimi, xaricə yönəlik də balanslı siyasət yürüdür.

“İndi elə bir dönəmdə yaşayırıq ki, dünyanın qabaqcıq ölkələri də balanslı siyasət həyata keçirə bilmirlər. Biz Azərbayacan Respublikasının və dünya azərbaycanlılarının lideri İlham Əliyevin sayəsində  Azərbaycanın xaricdəki uğurunu görürük. Azərbaycan dünyanın çaxnaşan dönəmində nəinki regionun, hətta dünyanın ən stabil ölkələrindəndir. Hesab edirəm ki, bizim rəhbərimiz İlham Əliyevin bacarığı, savadı, dünyagörüşü, iradəsi, əzmi sayəsində Azərbaycan öz hədəflərinə çatacaq. Bu hədəflərin başında ərazi bütövlüyümüz, ərazilərimizin işğaldan azad edilməsi məsələsi durur. Bu səbəbdən də Azərbaycan xalqı uşaqdan böyüyə hamı birmənalı şəkildə inanır ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik”.



Qafar AĞAYEV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi