Modern.az

Sahibkar qadın: “Kişilərdən daha məsuliyyətliyik” - MÜSAHİBƏ

Sahibkar qadın: “Kişilərdən daha məsuliyyətliyik” - MÜSAHİBƏ

9 Fevral 2017, 17:12

Bir çox hallarda qadınları zəif, gücsüz məxluq kimi qiymətləndirənlər müxtəlif cəmiyyətlərdə baş verən proseslər fonunda yanıldıqlarını anlayırlar. Bu hadisələr qadının zəif yox, “zərif” və güclü məxluq olduğunu sübut edir.
 

Modern.az-ın müsahibi də  həmin zərif və güclü xanımlardandır. Jalə Hacıyeva bu mövzuda danışacaq.

- Sizi necə tanıyaq?

-
İxtisasca iqtisadçıyam. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu olmuşam. Artıq 12 ildir Mikromaliyyə Assosiasiyasının icraçı direktoruyam. Bundan öncə Beynəlxalq Miqrasiya Təşkilatında da dörd ilə yaxın çalışmışam. Bir çox layihələr var idi, ancaq mikromaliyyə sektoruna yönəldim. İxtisasca iqtisadçı olduğum üçün bu sahə daha maraqlı gəldi.

Eyni zamanda, Mikromaliyyə Assosiasiyasının ilk işçisi olaraq onun qeydiyyatından tutmuş bu günə kimi fəaliyyətinə rəhbərlik etmişəm.
 

-Necə düşünürsünüz təhsil almadan bacarıqlı sahibkar xanım olmaq mümkündürmü?

-Təbii ki, təhsilin böyük rolu var. Bacarıqlı sahibkar xanım olmaq üçün təhsillə yanaşı, ailədən və ətrafdan dəstək çox önəmli faktordur. Məsələn, biz Almaniyada səfərdə olarkən bir xanımla rastlaşmışdım. Xanımın peşəsi müəllimə idi. Ancaq onun həyat yoldaşı lift istehsalı ilə məşğul olub. Həmçinin, bu biznes ailəvi biznes idi, onun qaynatasının atası belə, bu işlə məşğul olub. Biznes hardasa Böyük Vətən Müharibəsi illərində qurulmuşdu. Belə deyim ki, bu bir növ ənənəvi idi. Sadəcə olaraq, xanımın həyat yoldaşı rəhmətə getdikdən sonra uşaqları bu sahəyə maraq göstərməmişdi. Nəticədə xanım bu sahədə heç bir təcrübəsi olmadığından və ətrafında ona dəstək verən insanlar olmadığından sənaye assosiasiyasına müraciət edir. Orda da onu inandırırlar ki, bunu bacara bilər. Onu orada yeni başlayanlar üçün təşkil olunan kurslarda iştirakına şərait yaradırlar. Artıq biz ora səfər edəndə xanımı bu sahədə tam peşəkar kimi gördük. Yəni belə demək olar ki, bu sahədə təhsil olmasa belə, kifayət qədər irəliyə getmək mümkündür. Sadəcə, özünə inanmaq, özünü inkişaf etdirmək lazımdır.


- Qadın Sahibkarlığına İnkişaf Komitəsinin sədrisiz. Belə bir sual vermək istərdim:  Azərbaycanda sahibkar xanımların durumu nə yerdədir? Əvvəlki illərə nisbətən sayda artım varmı?

-Biz 2005-ci ildə bu işə başlayanda kiçik sahibkarlar arasında qadın sahibkarları 3-4% təşkil edirdi. Ancaq indi bu faiz nisbəti 23%-ə yüksəlib. Düşünürəm ki, bu, o qədər də qaneedici deyil. Potensial böyükdür və biz müxtəlif layihələr çərçivəsində onu inkişaf etdirməyə çalışırıq. Ancaq bunu geniş miqyasda həyata keçirmək lazımdır.

-Xanımların bu sahədə maariflənməsi üçün təmsil etdiyiniz qurum hansısa tədbirlər həyata keçirirmi?

-Biz təşkilat olaraq 2004-cü ildə fəaliyyətə başladıq və qadınlarla bağlı ilk layihəmizi Asiya İnkişaf Bankının dəstəyi ilə 2005-2006-cı illərdə həyata keçirdik. Biz bank və kredit təşkilatlar ilə danışıqlar apararaq, kreditin verilməsi prosesində qadınların da cəlb olunmasına nail olduq. Gələcəkdə bu sahədə işləmək istəyən qadınlar üçün Polşa Maliyyə mərkəzinin ekspertini gətirərək, təlimlər təşkil etdik. Nəticədə 12 təşkilat 18 xanımı işçi kimi maliyyə  sektorunda fəaliyyətə başladılar. Hazırda həmin xanımlar müxtəlif maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışırlar.

2014-2016-cı illərdə Avropa İttifaqının dəstəyi ilə biz səkkiz rayonda - Şəmkir, Gəncə, Quba, Göyçay, Zaqatala, Biləsuvar, Ağdaş, Mingəçevirdə bu kimi proqramları həyata keçirdik. Sizə deyim ki, artıq həmin rayonlarda təlimdə iştirak edən xanımlardan 22 nəfər bizim bölgələrdəki təlimçilərimizə çevriliblər.

Eyni zamanda, artıq son beş ildir ki, əsasən müştərilərin maliyyə savadlığının artırılmasına  yönəlmişik. Sonuncu layihə çərçivəsində İsveçrə Əməkdaşlıq təşkilatının dəstəyi ilə 2016-cı ilin dekabrında Tərtər, Füzuli və Bərdə rayonlarında  həyata keçirdik. Təxminən 136-ə yaxın  xanıma “Maliyyə savadlılığı”, və 48 xanıma “Biznesini başla və inkişaf etdir” mövzusunda təlimlər keçirildi. Burada xüsusi olaraq vurğulamaq istərdim ki, təlimlərə xanımların həyat yoldaşlarını, yaxud yaxınlarından hər hansı şəxsləri də dəvət etdik. Məqsəd isə həm qadınların həm də onların ətrafında onlara dəstək olacaq insanlar toplusunun formalaşması idi. Çünkü rayon yerlərində qadınların hansısa işə başlaması üçün ətrafdan, ailədən kiminsə dəstəyi vacibdir. Biz onlar sırasından 18 xanım seçdik. Həmin xanımların öz biznes sahələrini qurması üçün onlara müəyyən avadanlıqların və xammal ehtiyatlarının verilməi nəzərdə tutulub.

-Bəs cəmiyyətimiz sahibkar xanımları necə qəbul edir? Daha doğrusu, mentalitetimiz?

-Mən düşünürəm ki, bu, rayondan rayona dəyişir. Çünkü elə rayonlar var ki, məsələn Şəmkirdə bu kimi proseslər insanlar tərəfindən çox səmimi qəbul olunur. Eyni zamanda, ətrafdakılar da bunu müsbət qarşılayırlar. Ancaq elə rayonlar da var ki, orada orta təhsil almaqla kifayətlənirlər. Hətta xanımların tək  bazara getməsi belə müsbət qarşılanmır. 

 

- Daha çox kimlərlə əməkdaşlıq edirsiniz? Qadın sahibkarlarla, yoxsa kişilərlə?

-Düşünürəm ki, bu, fəaliyyət sahəsində önəmli kriteriya deyil. Çünkü artıq öz biznesində irəli getmək istəyən istər sahibkar qadınlar, istərsə də kişilər birlikdə iş münasibətlərinə meyl edirlər.

- Sizcə kim daha məsuliyyətlidir? Xanımlar, yoxsa kişilər?

-Düşünürəm hər ikisi məsuliyyətlidir. Ancaq dünya praktikasında təsdiqini tapmış belə bir nəticə var ki, bizim sahədə, yəni  kredit borcu alanların sırasında qadınlar daha çox məsuliyyətlidir.

-Son vaxtlar sahibkarlar qiymətləri qaldırırlar. Siz qiymətlərdəki artımları necə izah edərdiniz?

-Qiymət artımına təsir edən bir sıra amillər var. Məsələn, xammalın hardan gəlməsi. Bu mümkündür ki, ölkə daxilindən olsun, yaxud xaricdən gətirilsin. Elə biznes sahələri var ki, ona investisayalar yatırılır, kredit götürülür, bu da qiymətlərə təsirsiz ötüşmür. Yaxud onun maya dəyərinin artması səbəbindən də bahalaşma ola bilir. Ümumiyyətlə, ölkədə inflyasiya səviyyəsinin də dəyişməsi qiymətlərə öz təsirini göstərir. 

-Bir sahibkar xanım kimi digər sahibkar xanımlara məsləhətiniz...

-Məsləhətim o ola bilər ki, onlar sevdikləri sahədə işləməkdən, araşdırmalar aparmaqdan çəkinməsinlər. Həmin sahəyə uyğun peşəkarlarla görüşsünlər. Bu onlara ilham verecək. İlk növbədə bu sahədə işləmiş xanımlarla ünsiyyət saxlayaraq onların etdiyi səhvi təkrarlamamağa çalışsınlar. Təbii ki, ilk addımdan hər şey asan əldə olunmur. Əsa odur özlərinə inansınlar.

 

Aida İSAQ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir