Modern.az

Azərbaycanda evlənmək istəyən 935 nəfərdə sifilis, 166 nəfərdə QİÇS aşkarlanıb

Azərbaycanda evlənmək istəyən 935 nəfərdə sifilis, 166 nəfərdə QİÇS aşkarlanıb

Hadisə

9 Fevral 2017, 18:14

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin yanvar ayının sonuna qədər müayinədən 238509 nəfər keçib.

 
Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Bildirlib ki, 1 iyun 2015-ci il – 31 yanvar 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 10501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə QİÇS aşkar olunub.

 

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. 

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi