Modern.az

“Bakının məşhur qonaqları” - Barış Mançonu "Azadlıq"da konsert verməyə niyə qoymadılar - LAYİHƏ

“Bakının məşhur qonaqları” - Barış Mançonu "Azadlıq"da konsert verməyə niyə qoymadılar - LAYİHƏ

Reportaj

10 Fevral 2017, 09:17

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən bu gün Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 


Modern.az
 saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.


“Bakının məşhur qonaqları”
 layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. Bakıya kimlər gəlməyib?..


Bu dəfə  Türk dünyasının məşhur siması, 7- dən 77-yə  hər kəsin məhəbbətini qazanmış Barış Mançonun Bakı səfərindən danışacağıq. Təbii ki, Azərbaycanda bu haqda ən yaxşı danışacaq şəxs tanınmış telejurnalist, hazırda Azad Azərbaycan Teleradio Şirkətinin Bədii Şurasının sədri, Əməkdar jurnalist Etibar Babayevdir.
                                  

“Çayları dəmləyin, həmən gəlirəm”

Etibar müəllimlə Barış Mançonun tanışlığı 80-ci illərin sonuna təsadüf edir. Hələ Türkiyəyə  gediş-gəliş çoxuna xəyal kimi göründüyü zamanda Etibar Babayev “Sözlü-nəğməli İstanbul” proqramı ilə Türkiyənin özünü birbaşa evlərimizə gətirərdi. 1990-cı ildə Ankarada türk televiziyası haqqında müəllif proqramı hazırlayarkən pavilyonlarının birində Barış Manço   “Adam olcaq çocuqlar”ın çəkilişlərini aparırdı. Dostluqlarının təməli də o  zaman qoyulub. Sonralar müxtəlif yerlərdə, müxtəlif şəraitlərdə bir neçə dəfə də görüşüblər. Günlərin birində Etibar müəllim onun haqqında Azərbaycan Televiziyası üçün ayrıca  proqram hazırlamaq  istədiyini söyləyir.  Onu Bakıya dəvət edir. Dostlar bir neçə dəfə Ankarada, İstanbulda görüşsələr də, bu görüşü  Bakıya “transfer etmək” müxtəlif səbəblərdən alınmır.


Etibar müəllimi dinləyək:

“Azərbaycan tamaşaçısı 1990-cı ildən başlayaraq mənim hazırladığım “Sözlü-nəğ­mə­li İstanbul”adlı müəllif proqramında Türkiyənin görkəmli siyasi və ictimai xadimləri, sənət adamları ilə mütəmadi görüşüblər. İlk nəğməli qonağım Barış Manço oldu. Barışın  həya­t yoluna mümkün qədər  işıq salmağa çalışdım, yaradıcı­lığı ilə tanış etdim. Kliplərindən, “şarkıla­rın­dan” yararlandım. Barış bəy  müsahibə­sində tamaşaçılara Bakıya gələcəyini söyləmişdi. Fəqət, müxtəlif səbəblər üzündən bu səfər  xeyli müddət baş tut­madı. İstanbula növbəti gəlişimdə  Barış bəy məni öz verilişinə dəvət etdi. Qarabağdakı vəziyyət,  müstə­qil­lik qazanan respublikanın iqtisadi çətinliklə­ri, insanların  gündəlik məişət qayğıları ilə bağlı  su­al­lara  cavab verdim, ta­maşaçıları maraqlandıran bəzi hadisələrə münasibət bildir­dim. Gö­rünür, Ba­rış bəy söhbətimizi gərgin notlarla tamamlamaq is­təmə­diyindən yenə yaxın vaxtlarda Bakıya gələcəyini xatırlatdı. Məndən soruşanda ki, “qo­naqları qarşılamağa hazırmısız”, cavab verdim, “ötən dəfə  gəlirəm, çayları dəmləyin dediniz, pərəstişkarlarınız se­vin­cək çayları hazırladılar. Amma çay­lar soyu­yub buza döndü, içilməz oldu. Dükan­ların piştaxtasında qənd, çay qalmadı”. 
Mən bunu za­ra­fatla desəm də, 1991-92-ci illərdə, həqiqətən, ciddi ərzaq qıtlığı ya­şanırdı. Barış bəy  dedi ki, buna çox üzüldü, “qoy məni bağış­lasınlar və çayları ye­nidən də­mlə­sinlər. Bu dəfə nə olursa-olsun, ən qısa zamanda Ba­kıya gələcəm”.

Elə də oldu. 1992-ci ilin aprelində ilk dəfə Azərbaycana gəl­di. Özü də tək yox, “Qurtulan eksres”  an­sam­blı və çəkiliş qrupu ilə bir­likdə. Biz də əlimizdən gələni əsirgəmədik. Qonaqları şəhərin ən yaxşı mehman­xana­sı sayılan “Azərbaycan”da yerləşdirdik. AzTV pavilyonlarında çəkiliş­lər aparmaq üçün  yüksək səviyyədə şərait ya­ratdıq. 4 veriliş çəkildi. “İkinci qəhvəaltı” verilişinə görkəmli  teatr və kino xadimlərindən  Məmməd Əlili, Məhluqə Sadıqova,  Gülxar Həsənova, Azər­baycan radio­sunun türk verilişləri redaksi­ya­sının əməkdaşı Sabir Axundovu dəvət etmişdi. Barış çox istəyirdi ki, sevimli aktrisamız Leyla Bədirbəyli də  həmin çəkilişdə iştirak eləsin. Amma  aktri­sanın səhhətində yaranan problemlər buna imkan vermədi. Barış bəy Leyla xanımla telefonla danışdı və onun baş rolda çəkildiyi “Arşın mal alan” filmindən bəzi  fraqmentlərdən istifadə etdi. Gənc­lərin iştirakı ilə çəkilən digər verilişə Qarabağda döyüşən könüllülər, Azərbaycan or­dusunun əsgərləri, dədə-baba yurdundan didərgin düşənlər də  dəvət edil­mişdi. Bu veriliş emosional təsir gücüylə xüsusi  fərqlənirdi. Aparıcı hamını danışdırır, hər kəsi dinləyir, kimsənin sözünü kəsmə­dən, sözü sözə calayaraq, çıxışlar arasında məntiqi bağlantı quraraq, son dərəcə canlı  və təsirli səhnələr yaratmağa müyəssər olurdu. 

Amma mənim ən çox xoşuma gələn “Adam olcaq çocuklar” verilişi idi. Auditoriyanın hazırlığı ilə hər zaman olduğu kimi, AzTV-nin Uşaq Verilişləri Baş Redaksiyasının əməkdaşları məşğul idi. Azyaşlı uşaqları artıqlaması ilə studiyaya dəvət etmişdilər. Barış bəy kimsənin qəlbini qırmadı. Gələnlərin hamısını içəridə  əyləşdirdi. Hamıyla ümumi söhbət edib məşqsiz, xüsusi hazırlıqsız çəkilişə başladı. Hər şey improvizə üzərində qurulmuşdu. Aparıcı elə səmimi ortam yaratmışdı ki, hamı özünü son dərəcə sərbəst hiss edirdi. Əzbərlənmiş ifadələr səslənmirdi. Hər kəs ürəyindəki sözləri öz tərzinə uyğun səsləndirirdi. Bu veriliş TRT-də və  AzTV-də yayımlananda böyük maraq doğurdu.   

Mən o zaman “Aztelefilm”in direktoru, eyni zamanda AzTV-nin sədr müavini idim. Xarici əlaqələrlə məşğul olmaq, digər ölkələrin telekanalları ilə işgüzar münasibətlər qurmaq mənə həvalə edilmişdi. Sədr Elşad Quliyevlə bu qəra­ra gəldik ki,  Barış Mançoya uşaq verilişləri hazırlamağı, eyni zamanda aparıcılar hazırlamağı təklif edək. Barış bəy bu təklifi böyük razılıqla qəbul etdi. Bu işə yeni televiziya mövsümündən başlamağı məqsədəuyğun gördü. Az sonra TRT-nin baş direktoru  Kərim Aydın Erdem  Bakıya gəldi. İlk dəfə iki qurum arasında işbirliyi yaratmaq barədə rəsmi protokol imzalandı. Təəssüf ki, sonradan  bu  layihələri həyata keçirmək müm­kün olmadı”.


Konsert arzusu ürəklərdə qaldı

Böyük sənətkarın istəkləri bununla bitmirdi. O, televiziya proqramlarından əlavə, Bakıda  açıq havada xeyriyyə konserti vermək,  cəbhəyanı ərazilərdə döyüşçülərlə görüşlər keçirmək istəyirdi.  Amma buna imkan yaradılmadı.

Təfərrüatı ilə Etibar müəllim danışacaq:


“Barış Manço indiki Azadlıq meydanında möhtəşəm xalq konserti vermək ar­zu­sunda idi. Təbii ki, bunun üçün müvafiq qurumların icazəsi alınmalı, ha­zırlıq işləri aparılmalı idi. Fəqət,  kimsə bu təklifi müzakirə etmək belə, istə­mə­di. O zamankı rəhbərlər ehtiyat edirdilər ki, meydan hərəkatının işti­rak­çıları, Xalq Cəbhəsinin üzvləri bu fürsətdən istifadə edib şəhərdə ictimai asa­yişi pozar, meydanı yenidən  kütləvi mitinq məkanına çevirərlər. Bu sə­bəb­dən Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəylə də görüşdük. Elçibəyin özü  Barış Manço sənətinin vur­ğu­nu idi. Cəbhənin qərargahında Barışla səmimi söhbət əsnasında  müəyyən məsələlər barədə fikir mübadiləsi apardılar. Meydanda canlı xalq konserti ideyasını müsbət qarşılasa da  onun  icazəsi və təşkilinə partiya rəhbəri kimi heç bir səlahiyyəti olmadığını söylədi. Əgər bu tədbir baş tutsa, həm özünün, həm də cəbhəçilərin məmnuniyyətlə işti­rak edəcəklərini bildirərkən dedi ki, Xalq Cəbhəsi  Barış  Mançonun konser­tində hər hansı bir nalayiq hərəkətlərə əsla yol verməz. Cəbhənin qərarga­hında yerli və xarici jur­nalist­lərə qonaqlardan müsahibə almağa şərait yaradılmışdı. Elçibəylə görüşdən sonra yenə qayıtdıq AzTV-yə. Elşad müəllim yenə əli çatan, gümanı yetən ünvanlara müraciət etdi ki, konsertin keçirilməsinə razılıq alsın. O, bu aksiyanın Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında  əhəmiyyətini çoxlarından fərqli olaraq düzgün dəyərləndirirdi. Nə yazıq ki, onun bütün səyləri nəticəsiz qaldı.

Cəbhə bölgəsində əsgərlərlə görüş keçirmək üçünsə  Mü­dafiə Nazirliyindən izn alınmalıydı. Elşad müəllim müdafiə naziri Rəhim Qa­zı­yev­lə telefonla əlaqə saxla­yıb məsələni ətraflı danışandan sonra  nazirlə görüşə getdik. Nazir bizi  kabinetində qəbul edib dinləsə də, cəbhə xəttində vəziy­yə­tin mürəkkəb olduğundan hər hansı kütləvi tədbirin, o cümlədən,  Barış Manço ilə görüşün keçi­rilməsini məsləhət bil­mədi.


Barış Mançonun1992-ci ilin aprelində  Bakıya gəlməyinin, çəkilişlər apar­mağının ölçüyə gəlməz  əhəmiyyəti vardı. May ayı boyunca hər bazar günü Azər­baycana həsr olunan verilişlər TRT vasitəsi ilə bütün dünyaya yayımlan­dı. Milyonlarla izləyici respublikanın həyatı, insanların yaşam tərzi, qay­ğı­ları ilə tanış ol­dular. Bu faktın özü təqdirəlayiq idi. Çünki biz müstəqilliyi­mizi bər­pa edəndən sonra ilk dəfə  Cümhuriyyət günümüzü qeyd edirdik. Belə bir vaxtda qardaş ölkənin dövlət  televiziyası ilə  Azərbaycana həsr olunan silsilə verilişlərin nümayişi ikiqat qiymətli idi. Təəssüf ki, Barış Man­çonun fədakarlığı o zamankı respublika rəhbərliyi tərəfindən qiymətlən­diril­mədi”.

 

Dost gəlişi bayram olar

Barış Manço sonradan Bakıya  bir neçə səfər edib. Hətta yaxın dostu olan müsahibimizin ad gününə gəldiyi vaxtlar da olub. Etibar müəllim  həyatının unudulmaz günlərini  yada salır:


“1995-ci ilin dekabr ayı idi. Barış bəy İstanbuldan zəng edib dedi ki, “Bakıya gəlirəm, söylə çayları dəmləsinlər. Sənin doğum günü “pas­tanı” bərabər kəsəcəyik”. Bu xəbər mənim üçün  gözlə­nilməz oldu. Dekabrın 15-də  45 yaşım tamam olacaqdı. Adətən, ad günlərim ailə üzvlərimin, yaxın dostlarımın  iştirakı ilə anamın açdığı xudmani süfrə başında keçir. Barış bəyin gələcəyi xəbərini eşidincə yaxın dostlarımdan biri restoranda yığışmağı təklif etdi. Həqiqətən,  daha geniş və  rahat salonda canlı musiqinin səslənəcəyindən qo­nağa daha maraqlı olacağını düşündüm. Barış bəyi  oteldən götürüb ora gələndə  dəvətlilərin hamısı yığışıb bizi gözləyirdi. Restoranda digər masalar da  adamla dolu idi. Hamı yeyib-içib şənlənir, əylənir, rəqs edirdi. Bizim masanın yuxarı başında Barış bəy əyləşmişdi. İlk badəmizi Barış bəyin şərə­finə qaldırmağı təklif etdim. Onun qəribə xüsusiyyəti vardı. Harada olsa, ora sanki  işıqlanırdı, isinirdi, doğma­ abı-havayla dolurdu. Həmin axşam məclisdəkilərin əksərini ilk dəfə görsə də, hər  kəslə asan­lıqla  ünsiyyət qururdu. Ən başlıcası da hamını gündəlik ailə-məişət qayğılarının əsarətindən qur­tarıb bərəkətli dost məclisinin sevincindən doyunca dadmağa səfərbər edə bilirdi. Səhnənin nəğməli qonağı Bilal Əliyev idi. Barış onun ifasını çox bəyəndi. Bilal da böyük ustad qarşısında  sanki imtahan verirmiş kimi bütün qüvvəsini səfərbər edərək oxuyurdu.  Məclis get-gedə qızışırdı. Ara-sıra uzunsaçlı masabəyimiz ayağa qal­xıb sağlıq deyir, qonaqlara bir-bir söz verirdi. Barış “sayənizdə tamadalı­ğı da öyrənmiş oldum”,- deyib masadan aralanaraq, səhnəyə tərəf getdi. Bilal əziz qonağı  görüncə onu uca səslə salamladı. Barış Man­­­çonun adını eşidənlər ayağa qalxaraq,  onu alqışlamağa baş­ladı. Barış hamıya dərin min­nətdar­lığını bildirəndən sonra dedi ki, “əziz dostumun - Etibar Babayevin ad günündə iştirak etmək üçün burda­yam. Bayaqdan çox gözəl mahnılar dinlədik. Sənətçiləriniz  məharətləri ilə məni heyran qoydular. Dostu­mun şərəfinə bir şarkı söyləmək ürəyimdən keçdi,  müsaidənizlə”.



Gurultulu alqış sədası altında Barış oxumağa başladı. Salonda inanılmaz anlar yaşanırdı. Barış Mançonun canlı ifasını dinləyənlər çox həyəcanlı idi. Gecənin növbəti  sürprizi isə  “Ayrılıq” mahnısını Bi­lal­la bərabər ifa etməsi oldu”.            

           

Novruz bayramında Barış Tanrıdan nə istədi?

Barış Mançonun Bakıya növbəti səfəri isə işgüzar  səfər olur. Elə o zaman da onu Novruz mərasimlərini çəkmək üçün Bakıya Etibar Babayev dəvət edir:


“Azərbaycanda  Novruz bayramı rəsmi və ya qeyri-rəsmi hər zaman qeyd olunub. Hər kəsin evində bayram süfrəsi açılıb, küsülülər barı­şıb, qapıya papaq atanlara Novruz sov­qa­tından pay düşüb. 1996-cı ilin baharını qarşılamağa hazır­laşan Bakı bayram libasına bü­rünən günlərdə Barış bəyi çəkiliş qrupuyla  dəvət etmişdim. Necə deyərlər, həm ziya­rət, həm ticarət.Yəni, həm Novruz bayramında iştirak edə­cəkdi,  həm də növbəti verilişinin çəkilişlərini aparacaqdı.    

Əsas tədbir “Gənclər”  mey­dan­dan baş­la­ya­raq, İçərişəhərin Bö­yük Qala küçəsindən keçməklə, Qız qalası önündə davam edəcəkdi. Qoşa Qala ağzında ge­niş səhnə qurulmuşdu. Rəsmi tədbirlərə başlamazdan öncə Barış çəkiliş qrupuyla ət­rafı dolaşır, böyüklü-kiçikli hamıyla görüşür, bayramlaşır, sadə adamları söhbətə tuturdu. Operator Erkan isə ən gərəkli məqamları sakitcə lentə alırdı. Hamı “Barış abi, xoş gəldiniz, bu dəfə konsert olacaqmı?”- deyə soru­şar­dı. Barış  deyərdi ki, “mən Nov­ruzu sizinlə bərabər  kutlamağa,  birlikdə çay içməyə, paxlava-şəkər­bu­ra ye­mə­yə gəldim. Bayram keyfinizi TRT vasitəsilə dünyaya çatdır­maq niyyətim var. Amma, bu əziz gündə məndən “şarkı”  dinləmək də sizin haqqınız və  mənim də  bor­cum. Azacıq  bək­lə­­­yin, lütfən. Qulağınız səsdə, gözünüz səhnədə olsun”.  


Ba­rış Mançonun bu vədindən ruhlanan insanlar nəğmələrini zümzü­mə edir, onun­la xatirə  rəsmi çəkdirirdilər. Bir qədər sonra  Barış Mançonu səhnəyə dəvət etdilər. Meydan alqış səsindən lərzəyə gəldi. O, ürək sözlə­rini  paylaşıb, hər kəsin bildiyi “Əl salla, əl salla” adlı məşhur mahnısını oxu­­­mağa başladı. Mey­dan onun səsinə hay verdi, əllər başlar üzərində yel­ləndi. Möhtəşəm izdiham Barış Man­ço­nun sevgi, səmimiyyət dolu səsinin sehrinə düşərək türk dünyasının həmrəyli­yini  bir daha sərgilədi.


Yadımdadı, Barış Manço həmin gün Barış Mirzə Ələkbər Sabirin  heykəli qarşısında şairin misra­la­rı­nı dilə gətirərək, onun nə qədər böyük fikir, dü­şün­cə sahibi olduğunu kameranın köməyi ilə tamaşaçılara  anlat­mağa çalı­şır­dı. Rəsmi bayram tədbirləri hələ başlamadığından “İstiqlaliyyət” küçəsində nəqliyyat vasitə­lərinin hərəkəti tam kəsilməmişdı. Bağın önündən şütüyən ma­şın­lardan birinin sürücüsü Barış Mançonu görüncə ayağını əyləcə basa­raq yolun kənarına yan aldı. Camları açdı ki, maşında dinlədiyi “Domates, bibər, patlıcan” mahnısını hər kəslə paylaşsın. Heyrət və sevgi dolu baxış­la­rını Barış Mançoya zil­ləyib onun diqqətini çəkəcək məqamı həsrətlə gözləyən sürücünün bu hərəkəti  Barışı yaman kövrəltdi. Həya­tında ilk dəfə gör­düyü və çox güman ki, bir daha qarşılaşmayacağı gəncə yaxınlaşıb əlini sıxdı,  adını soruşdu, ona xoş arzularını bildirib sağollaşarkən, yalnız Tanrı­nın və ikimi­zin eşidəcəyi səslə “bu duyğusal insanların sevgisinin qarşılığını verməm üçün mənə yetərincə ömür və  imkan nəsib et, ya Rəbbim”,- dedi.


Onun ümummilli liderimiz Heydər Əliyevlə ilk tanışlığı da həmin məra­simdə oldu.... Hava bir qədər çiskinli idi. Yağmurdan ehtiyatlananlar əllərin­də çətir tutmuş­du­lar. Prezident korteji “İstiqlaliyyət”küçəsiylə Gənclər mey­danına yaxınlaşanda insanlar  sevimli  liderlərini sürəkli alqış­larla salam­ladı. Hey­dər Əliyev bayram təbrikiylə xalqa müraciət edəndə ətrafı tam sükut bürüdü. Sonra səhnə incəsə­nət ustalarının ixtiyarına verildı. Mahnı­lar, rəqslər bir-birini əvəz edirdi. Qələbəlik ol­ma­sına baxmayaraq  Barışın bu şənlikdə iştirakı  Heydər Əliyevin nə­zə­rindən  qaçmadı.  Qonağı yanına dəvət edib səmimi görüşdü. Barış həyacanla bildirdi ki, TRT-də yayımlana­caq növbəti verilişi bütünlüklə Bakıda keçirilən Novruz bayramına həsr olu­nacaq. Onunla şəxsən tanış olmaq şərəfinə nail olduğu üçün bir daha təşəkkürünü bildirən  Barış Manço, prezidentə  xahişlə müraciət etdi:

-Cənab Prezident! Bizi qəbul edərsizsə, sizinlə  özəl proqram çəkmək istərdik.  Özü də ailə ortamında. Sizi və ailənizi türk xalqına daha yaxından tanıtmaq istərdik.

Heydər Əliyev dedi ki, “Novruz bayramı bizim üçün əziz bayramdır. Sizin bura gəlişinizdən çox  məmnu­nam. İnşaallah,  tezliklə yenə   görüşərik”. 


Bunun üstündən heç 2-3 həftə keçmədi ki, möhtərəm Prezidentlə müsahibə  üçün razılıq alındı. Bu da Heydər Əliyevin böyüklüyünün, əsl sənətkara, media mənsubuna verdiyi yüksək dəyərin daha bir nümunəsi idi. Maraqlıdır ki, çəkiliş həftənin bazar gününə salınmışdı. 

Heydər  Əliyevdən istər sovet dövründə, istərsə də, müstəqillik dönəmində siyasi mövzularda olduqca çox müsahibə alınmışdı. Barışla söhbət isə tam fərqli - cəmiyyətin özəyi olan ailə mövzusunda olacaqdı. Bu səbəbdən, Barış Manço çəkilişə xanımı Lalə Manço ilə birlikdə gəldi. Prezidentin qızı hörmətli Sevil xanım  da övladları Zərifə, Əhməd və Azərlə çəkilişə qatıldı. Nəticə çox gözəl alındı. Milyonlarla tamaşaçı tərəfindən sevə-sevə izlənilən proqramın TRT ilə ilk yayımı 1996-cı il aprel ayının 21-də oldu. 


Bakıda ilk və sonuncu konsert


Barış Mançonun sonuncu səfəri 1998-ci ilə təsadüf edir. Amma həmin səfərin sonunda nə onu yola salan Etibar müəllim, nə də Barışın özü xəyal belə etməzdilər ki, bu onların sonuncu görüşü olacaq:

“Barışın Bakıya sonuncu səfəri 1998-ci ildə oldu. Qəribədir ki, onun Respublika Sarayında ilk və yeganə konserti də məhz son səfəri zamanı baş tutdu. Bu konsert xeyriyyə məqsədi daşıyırdı. Salondakı tamaşaçıların əksəriyyəti valideyn himayə­sin­dən məhrum uşaqlar idi. Saçı bəyazlamış Barış paklıq rəmzi olan ağ libasda səhnəyə çıx­mış­dı. Şarkıları da, duzlu-məzəli ibrətamiz söhbətləri də hər kəsin qəlbin­də yuva salmışdı. Konsertdən sonra  onun şərəfinə düzənlənən ziya­fətdə yenə bərabər idik. Gecə saatlarında Türk Hava Yolları ilə İstan­bu­la dönəcəkdilər. Nə düşündü, nə daşındısa, onu müşayiət edən mu­siqiçiləri yola salıb, özü həftə sonunu  Bakıda qalmaq qərarına gəl­di. Şənbə və bazar günlərini bərabər olduq. Mənim Mahir adında yaxın dostum var. Diş həkimidir. Ailəlikcə Barış Manço sənətinin vur­ğunu idilər. Hər gəlişində onunla yaxından görüşmək istəsələr də fürsət olmurdu. Barışa bu ailə haqqında danışmışdım. Şənbə günü onlarla görüşməyi təklif etdim. Razılıq verdi. Mahirin balaları Barışı heyran qoymuşdu. Onlar müğənninin ifa etdiyi əksər mahnıların sözlərini də, musiqisini də mükəmməl bilirdilər. Bərabər yemək yedik, şəkil çəkdirdik.


Son səfərində Barış Manço ilə gerçəkləşdirmək arzusunda olduğumuz yeni televiziya layihəsini də geniş müzakirə etdik. O, buradan xoş arzularla,  bö­yük ümid­lərlə ayrıldı. Təəssüf ki, bu ideyaları həyata keçirmək bizə nəsib olmadı. 1999-cu il yanvar ayının sonuncu günündə Barış qəflətən dünyasını dəyişdi. 

 


“Barış nağıl qəhrəmanı idi”

Barış Manço ilə bağlı  xatirələri tükənməyən  Etibar Babayev yorulmaq bilmədən dostuyla bağlı həvəslə danışır, bəzən də, kövrəlir. Onu nağıl qəhrəmanlarına bənzədən Etibar müəllimdən eşitdiklərimiz bunlar oldu:

“Barış Mançodan söz düşəndə onun barəsində nağıl qəhrə­manı kimi danışmaq istəyirəm. Ona görə ki, Barış bizi günlük qay­ğı­larımızdan ayıran, xəyallarımızı qanadlandıran, adilik­dən aliliyə, adilliyə, aqilliyə səsləyən müd­rik ozan simasında qəlbimdə yaşayır. Dünyaya yük olmağı özünə sığışdır­ma­yan, dünyanın yükünü gücü çatan qədər daşıyan cəngavərin geyimi,saç düzümü, davranışı, səsi, baxışları, hərəkətləri onun həyat fəlsəfəsini, ya­şam tərzini ifadə edirdi. Barış Manço təkcə doğulduğu  məmləkətin  deyil, bütün türk dünyasının fəxri vətəndaşı idi. Qitələr adlayıb, dağlar aşıb, səh­ra­lar dolaşıb, dərələrdən sel kimi, təpələrdən yel kimi keçib kim­lərlə təmas qurmadı ki? Bir yan­dan qüdrətli dövlət başçıları, fövqəlgüc sa­hibləri, elm, sənət xadimləri, digər yandan  sıravi insanlarla görüşüb müsahibə alardı. Verilişləri  elit salonlarda özəl müsafirlərə nümayiş üçün çəkilmirdi, geniş xalq kütləsinə xitabən hazırlanırdı. Barışın qazan­dı­ğı  ən ali mükafat  insan selinin son­suz məhəbbəti, tükənməz rəğbəti idi”.



E.Nazimoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir