Modern.az

Xocalıda 1992-ci ilin 10 fevralında yaşananlar - Şahidlər 25 il öncədən DANIŞIR

Xocalıda 1992-ci ilin 10 fevralında yaşananlar - Şahidlər 25 il öncədən DANIŞIR

Ölkə

10 Fevral 2017, 12:28

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü tamam olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya çapında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün  insanları olaraq,  1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq! 

Modern.az saytı Xocalı soyqırımının 25 illiyi ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.


1992-ci ilin fevralın 10-u...


25 il bundan qabaq Xocalıda məktəb direktoru vəzifəsində çalışmış Vidadi Rəhimov 25 il bundan əvvəlin bu gününü belə xatırlayır:

                               

 “1992-ci ilin fevralında məktəblər məcburən bağlanmışdı...”


-
25 il bundan öncə Xocalıda məktəb direktoru idim. O günlərə çətinliklə də olsa qayıdacam. 1992-ci ilin 10 fevralında artıq məktəbdə dərs prosesi məcburən dayandırılmışdı.  Ermənilər dörd bir yandan atəş açırdılar. Ona görə də uşaqların məktəbə gəlməsi mümkün deyildi. Buna baxmayaraq, uşaqları dərs prosesindən kənar saxlamırdıq. İkimərtəbəli evlərin zirzəmilərində yer düzəltmişdik. Həmin zirzəmilərdə uşaqlara dərs keçirdik... Çox çətin günlərimiz olub. O zaman yeməyə bir tikə çörək tapanda sevinirdik. Kimin evində nəsə azuqə vardısa, qənaətlə yeyirdi. Çörək bişirilən yerdən hər bir ailəyə ancaq xəmir verirdilər. Həmin xəmiri çörək bişirib yeyirdik. Son günlərdə artıq xəmir də yox idi. Çünki un da tükənmişdi.

Bir hadisəni heç unuda bilmirəm. Yadıma düşəndə ürəyim ağırıyır. İki əkiz uşaq vardı. Anaları qənd tapmırdı ki, şirinçay düzəldib uşaqlara versin. Qonşulara baş çəkirdi ki, bəlkə kimdəsə qənd ola. Həmin uşaqlar qəndə, çörəyə görə elə ağlayırdı ki! Qidalana bilməyən insanlar vardı ki, artıq xəstəlik tapmışdı. Ac insana tamaşa etmək çox ağırdı. Bakı ilə heç bir əlaqə yox idi. Əlaqə yalnız hava vasitəsilə ola bilərdi ki, o vaxtlar daha vertolyot da gəlmirdi. Yalnız fevralın 13-də Gəncədən bir hərbi vertolyot gəldi. O da qocaların, qadınların, uşaqların bir qismini şəhərdən apardı. O zaman bizi aldatdılar ki, “sabah yenə vertolyot gələcək”. Amma gəlmədi. Biz isə insanlara ümid verirdik ki, hər şey yaxşı olacaq. Narahat olmayın. Azərbaycan ordusu yeni yaranıb. Yol açılacaq. Bizə kömək gələcək. Bunların heç biri olmurdu...


“Rəhim Qazıyev telefonda bizi aldatdı...”


Vidadi Rəhimov deyir ki, kömək istəsələr də onlara kömək edən olmayıb:


- Fevralın 10-u idi. Məktəbin Brilliant adlı müəlliməsi vardı. Onunla birgə poçta yaxınlaşdıq. Çünki telefon xətti ancaq poçtda vardı. Başqa evdə telefon yox idi ki, əlaqə saxlamaq mümkün olsun. O vaxt Rəhim Qazıyev Şuşada otururdu. Brilliant xanım Şuşaya zəng edib, Rəhim Qazıyevlə danışdı. Vəziyyətimizin çox pis olduğunu, xocalılara kömək olunmasını istədi. Rəhim Qazıyev də vertolyot gələcəyi anonsunu verdi. Amma vertolyot gəlmədi. Hər gün başımızı aldadıb günü yola verirdilər. Nə yollar açılırdı, nə də vertolyot gəlirdi.


Xocalı sakinləri ağıllarına da gətirmirdi ki, soyqırımə olar, Xocalı xarabaya çevrilər...


K
eçmiş məktəb direktoru 1992-ci ilin 10 fevralında hər bir Xocalı sakininin ümidlə kömək gözlədiyini deyir:


- Hər bir Xocalı sakini ümidlə gözləyirdi. Bu dəqiqə yollar açılacaq, bu saat bu problemlər aradan qalxacaq və s...  Xocalı sakinləri ağlına da gətirmirdi ki, onlar doğma yurdlarını tərk edə bilərlər. Bu qədər hadisələr baş versə də, hər bir Xocalı insanı ümidli idi.  90-100 yaşlı insanların ata-baba yurdları Xocalıda idi. Doğmaları Xocalı qəbiristanlığında uyuyurdu. Necə Xocalını tərk etməyi düşünə bilərlərdilər?!
Hamı gözləyirdi ki, kömək gələcək, amma gəlmədi. Bir vertolyotun gələcəyinə ümidimiz vardı, o zamankı hakimiyyət rəhbərləri “sağ olsunlar”, bizə “çox yaxşı” kömək etdilər. Yaralılarımızı sağalda bilmirdik...


Müəllimlər bir neçə ay maaş almadılar...


Vidadi müəllimin sözlərinə görə, o zaman ermənilər xocalılarla bağlı yalan məlumat yayırmışlar:

-Xocalı soyqırımından sonra erməni tərəfi belə xəbər yayırdı ki, guya ermənilər bizə vərəqə paylayıblar. Guya çıxmağımız barədə xəbərdarlıq ediblər. Təbii ki, bunlar yalan məlumatlardır. Bu cür yalan məlumatlar bütün internet səhifələrində var.

O vaxt məktəbdə çalışan müəllimlər əmək haqqı almırdı. Axırıncı dəfə 1991-ci ilin noyabr ayında vertolyotla işçilərin maaşlarını gətirdilər. Ondan sonra isə maaş almadıq. Vəziyyət çox ağır idi. Elə vaxt olurdu ki, məktəbə toplaşırdıq. Bir də görürdük ki, atəş açmağa başladılar. Dərhal biz də şagirdlərlə birgə məktəbin zirzəmilərinə doluşurduq. Ət məhsullarını əldə etmək problemimiz yox idi. Çünki insanların mal-qarası, toyuq-cücəsi vardı. İstifadə edə bilirdik. Ən vacib qida çörək idi ki, o da yox idi. İkinci Dünya Müharibəsində yaşananları biz yaşamışıq. Hətta, daha betərinin şahidi olduq. 
                      

“Heydər Əliyevi televizorda görəndə ekranı öpdüm...”

Vidadi müəllim deyir ki, kaş Heydər Əliyev zamanında hakimiyyətə gələydi.

- Kaş o vaxt Heydər Əliyev hakimiyyətə tez gələydi! O zaman Xocalı da bizim olardı və vətənimizi tərk etmək məcburiyyətində qalmazdıq. Azərbaycana Heydər Əliyev kimi şəxsiyyət lazım idi. Çox təəssüf ki, o, hakimiyyətə gec gəldi. Ümummilli liderin hakimiyyətə gəlməsi ilə bağlı xalqın tələbi vardı. Yadımdadır ki, 1991-ci ildə Heydər Əliyevi televizorda görəndə gedib ekrandan öpdüm. Heç o zamankı hakimiyyət  Azərbaycan parlametində onun danışmasına icazə vermirdi.

 

Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu