Modern.az

Bu dəfə sayt deputat barədə bəyanat yaydı

Bu dəfə sayt deputat barədə bəyanat yaydı

Media

10 Fevral 2017, 13:04

 

 Son günlər “Azerbaijan Favorite News” (www.afn.az) saytınnın kimlərəsə bağlılığına dair reallığı əks etdirməyən məlumatlar yayılır.

Belə ki, saytımızda fəaliyyət(sizliy)i tənqid edilən, haqqında neqativ məlumatlar yayımlanan məmurlar, millət vəkilləri guya saytın sahibi olan deputat Çingiz Qənizadəyə müraciət edirlər.

Qeyd edək ki, bir çox hallarda onlar əvvəlcə bizim özümüzə üz tuturlar, əksəriyyəti isə yazını saytdan çıxarmağımızı təklif edirlər. Bizim imtina etdiyimizi gördükdə isə Çingiz Qənizadəyə deyəcəkləri ilə hədələyirlər. Özümüzün də təəccübümüzə səbəb olan bu halın haradan və kimlərdən qaynaqlandığını əslində çox yaxşı bilirik, bəzi insanlara bu barədə xəbərdarlıq da etmişik. Təbii, Çingiz Qənizadə bu sayt üzərində hər hansı söz sahibi olmadığı, saytla millət vəkilinin heç bir hüquqi, maddi bağlılığı olmadığı üçün biz bu halda da qarşı tərəfin sözünü yerinə yetirməkdən imtina edirik. Lakin bəziləri bununla kifayətlənməyərək millət vəkilini narahat edirlər. Elə bu səbəbdəndir ki, Ç.Qənizadə artıq ikinci dəfədir bəyanat verərək, AFN.AZ saytı ilə hər hansı bağlılığının olmadığını bildirir.

AFN rəhbərliyi olaraq deputatın mövqeyini bölüşürük. Və bəyan edirik ki, “Azerbaijan Favorite News” (www.afn.az) saytı heç bir mənbədən, o cümlədən deputat Çingiz Qənizadə tərəfindən maliyyələşdirilmir. Bu portalda gedən hər hansı xəbəri AFN rəhbərliyi lazım bilmədiyi sürəcə çıxartdırmaq heç kimin səlahiyyətində deyil. Saytımız ölkə qanunlarının tələblərinə, jurnalist prinsiplərinə uyğun, dövlət və dövlətçilik prinsiplərini əsas tutaraq fəaliyyət göstərir, tənqid olunası qurumu, məmuru, şəxsi tənqid edir, neqativləri yazır, müsbət halları işıqlandırır, hər kəsin şəxsi həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşır.
Buna görədir ki, fəaliyyət göstərdiyimiz 5 il ərzində bir dəfə də olsun hansısa haqsız yazıya görə məhkəməyə verilməmişik, hansısa qurum, yaxud şəxs tərəfindən barəmizdə Mətbuat Şurasına müraciət ünvanlanmayıb. Bu, bizim uğurumuzdur deyə bilərik. Və bu uğurun səbəbi də budur ki, saytımızda böyük jurnalist təcrübəsinə malik insanlar çalışır. İllərin təcrübəsi isə onu göstərir ki, hər hansı bir qurum, yaxud məmur haqda yazılan yalan yox, gerçək məlumat qarşı tərəfin reaksiyasına səbəb olur. Odur ki, yazılarımıza verilən reaksiya bizi daha da ruhlandırır.

Bizi narahat edən məsələ, AFN-in guya Ç.Qənizadəyə aid olmasına dair kökündən yanlış olan rəyin formalaşmasıdır. Güman edirik ki, bunun səbəbi saytımızın redaktoru Həbibə Abdullanın vaxtilə qısa müddət deputata mətbuatla əlaqələrdə yardım etməsidir.
Əslində isə H.Abdulla ilə Ç.Qənizadənin şəxsi tanışlığı 2000-i illərin əvvəllərindən başlayıb - H.Abdulla “Yeni Müsavat” qəzetində jurnalist işləməyə başlayandan. Təsadüf elə gətirib ki, Ç.Qənizadənin 2010-ci il parlament seçkilərində təbliğatında H.Abdulla iştirak edib. Bu vəsilə ilə onların jurnalist-mühasib münasibətləri deputat-mətbuat xidməti münasibətlərinə çevrilib. Lakin H.Abdulla iş yerini dəyişdikdən sonra deputata mətbuat xidməti kimi kömək göstərə bilməyib, eyni zamanda Ç.Qənizadənin özünün media ilə münasibətləri kifayət qədər yüksək səviyyədə qurulduğundan bu münasibətlərə son qoyulub. Lakin bir insan, jurnalist-deputat kimi münasibətlər hələ də mövcuddur və bunun AFN-lə heç bir bağlılığı yoxdur. Ç.Qənizadə ilə AFN rəhbərliyindən daha yaxın münasibətdə olan sayt rəhbərləri var, hansı ki, onun evinə gedib-gəlirlər, ailəsi ilə dostluq əlaqələri var. Bu o demək deyil ki, onların hamısını Ç.Qənizadə maliyyələşdirir.
Eyni zamanda AFN-lə Ç.Qənizadədən daha yaxın münasibətlərdə olan xeyli sayda millət vəkili var və bu, heç də saytımızın həmin şəxslər tərəfindən maliyyələşdirilməsi anlamı vermir.

Bizim bu mövqeni paylaşmağımıza səbəb deputatın artıq ikinci dəfədir ki, eyni mövzuda bəyanat verməsinin özü də istəmədən işgüzar nüfuzumuza xələl gətirməsidir. Ümid edirik ki, bir daha Ç.Qənizadə AFN-də dərc edilmiş hər hansı bir yazıya görə narahat edilməyəcək. Əks halda, məsələnin hüquqi müstəvidə həlli yollarını aramağa, bu rəyin kim, yaxud kimlər tərəfindən yaradıldığını araşdırmağa məcbur olacağıq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı