Modern.az

Hansı baş redaktor check-up müayinəyə gedir? - “Bizdə aldadırlar”  

Hansı baş redaktor check-up müayinəyə gedir? - “Bizdə aldadırlar”     

11 Fevral 2017, 12:05

İnsan üçün ən dəyərli nemət sağlamlıqdır. Sağlamlığı qorumaq üçün isə vaxtı-vaxtında tədbirlər görmək lazımdır. Dünyanın bir çox ölkəsində insanlar sağlamlığının qayğısına qalmaq üçün ildə bir-iki dəfə check-up (xəstəliklərdən qorunma və erkən diaqnoz məqsədi ilə edilən analizlər toplusu) müayinədən  keçirlər. Amma ölkəmizdə bu vəziyyət tamamilə fərqlidir, azərbaycanlıların sağlamlığının qayğısına qalmaq istəyi adətən xəstələnən vaxt meydana gəlir, bu isə gec olur.

Əhalimiz bu məsələdə nəyə görə laqeydlik edir?

Modern.az saytı məsələ ilə mətbuat nümayəndələrinin fikrini öyrənməyə çalışıb. Görəsən media rəhbərləri check-up müayindən keçirmi?


“Teleqraf Holdinq”in rəhbəri Aynur Camal:

“Mənim bildiyim qədər ildə ən azı 2 dəfə check-up müayinədən keçmək lazımdır. Mən də çalışıram ki, ailə üzvlərim və özüm 6 aydan bir check-up müayinədən keçək.  Bu çox vacibdir, orqanizmdə nə baş verdiyini qabaqcadan öyrənməyə çalışırsan, hansısa bir xəstəlik varsa, onun qarşısını almaq mümkündür. Çox təəssüflər olsun ki, Azərbaycanda check-up müayinə ümumiyyətlə populyar deyil. Ancaq ağır xəstəliyə düçar olandan, yatağa düşəndən sonra həkimə müraciət etməyə üstünlük verirlər, bu yanlışdır. Mən düşünürəm ki, inkişaf etmiş ölkələrdə insanlar necə sağlamlığının qayğısına necə qalırsa, bizdə də elə olmalıdır. Kütləvi İnformasiya  Vasitələrinin (KİV) imkanlarından istifadə etməklə əhalini maarifləndirmək lazımdır. Lazım gələrsə, həkimlər özləri check-up müayinələrin vacibliyindən danışmaq üçün görüşlərə getməlidir. Azərbaycanda təkcə check-up müayinə yox, idmanla məşğul olmaq, sağlam həyat tərzi keçirmək, sağlam qidalanmaq, hərəkətsiz həyat tərzindən imtina etmək - bütün bunların hamısını insanların diqqətinə çatdırmaq lazımdır.  Diqqət etsək görərik ki, Avropada və digər inkişaf etmiş ölkələrdə insanlar necə sağlam həyat keçirirlər, yaşı 80-i ötmüş insanlar necə gümrahdırlar. Amma Azərbaycanda insanların yaşı 60-ı keçdikdən sonra az qala yataq xəstəsi olurlar, hərəkət etmək ağırlaşır, çox yaşlı görünürlər. Bütün bunlar hamısı bizim hərəkətsiz həyat tərzimizin nəticəsində meydana gəlir.  Mənim fikrimcə, bütün bunları media vaxtı-vaxtında insanların diqqətinə çatdırmalıdır. Əsas məsələ insanları maarifləndirməkdir”.

 

“Qafqazinfo”nun baş redaktoru Elbrus Ərud:

“Mənim 37 yaşım var, cəmi bir dəfə check-up müayinədən keçmişəm. Check-up müayinə  4-5 il bundan əvvəl Azərbaycana gəlib. Bizim vətəndaşlarla bağlı qəbul olunmuş məsələ var ki, öləndə həkimə gedir. Ona görə düşünürəm ki, Azərbaycan insanının vaxtı-vaxtında həkimə getmə məsələsi heç vaxt həllini tapmayacaq. Bizdə başqa mədəniyyətlər kimi, tibbi mədəniyyət də yoxdur”.

 

Bakıpost.az saytının baş redaktoru Elçin Zahiroğlu:

“Ümumiyyətlə bizdə birinci məsələ insanların müayinələrə inamının yoxluğudur. Mən özüm bir neçə dəfə check-up müayinə olmuşam, sonradan məlum olub ki, həkimin və ya müəssisənin dələduzluq meylləri var. Check-up müayinə adı ilə insanları aldadırlar, müəyyən orqanların müayinəsi olur. İkinci məsələ insanların maddi imkanı ilə bağlıdır. Hər yerdə check-up müayinə fərqli qiymətdir. Həm düzgün müayinəyə inam, həm də check-up müayinə adı altında insanlardan daha çox pul qazanmaq istəyi məsələyə fərqli bir münasibət ortaya çıxarır və insanlar müayinədən çəkinirlər. Çalışıram ki, 6-7 aydan bir müayinə olum. Amma hər dəfə müayinə olunduqdan sonra  belə bir problemlə qarşılaşıram ki, müayinənin nəticəsi fərqli olur. Bu da ondan irəli gəlir ki, xəstəxanalar keyfiyyətli yox, daha çox pul qazanmağa hesablanmış kampaniyalar keçirirlər. Bütün hallarda bu vacib məsələdir, xəstəliklər günü-gündən artır, qarşısını almaq üçün müayinə olunmalıdır. İnsanlar öz tibbimizə inanmadığı üçün  Türkiyə, İran, Gürcüstan və başqa ölkələrin tibb müəssisələrinə müraciət edirlər. Orada da qiymət kifayət qədər baha olur.  İnsanların güvəndiyi həkimlər və media tərəfindən təbliğat artırılmalıdır ki, hamı check-up müayinəyə getsin. Bunun qiymət və keyfiyyət məsələsinə də diqqət yetirilməlidir ki, başqa ölkələrə getməyə ehtiyac olmasın”.

 

“Azadinform” Agentliyinin baş redaktoru Niyaz Niftiyev:

“Etiraf edim ki, indiyə qədər check-up müayinədən keçməmişəm. Müxtəlif orqanlarımda problem olanda həkimə müraciət etmişəm. Amma check-up müayinədən keçmək zəruridir.  Xəstəliklərin qarşını almayanda ciddi problemlər meydana gəlir. Bunun üçün inkişaf etmiş ölkələrdəki təcrübədən yararlanmaq lazımdır. İnsanların check-up müayinədən keçməməsinin səbəbi təkcə səhlənkarlıq deyil, eyni zamanda maddi vəziyyətlə əlaqəlidir. Check-up müayinə ümumilikdə bahalıdır. Hər Azərbaycan vətəndaşının da  buna imkanı çatmır. Qiymətlər ucuz olsa, hamımız gedib check-up müayinədən keçərik”.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:

 

“Özüm check-up müayinədən keçməmişəm. Sadəcə, hansıya bir yerimizdə problem yarananda həkimə müraciət edirik. Azərbaycanda insanların sosial vəziyyəti imkan vermir ki, vaxtaşırı check-up müayinədən keçsinlər. Bunun üçün tibbi sığortanın tətbiq olunması lazımdır. Tibbi sığorta olsa, insanlar da sağlamlığının qaydına qalar. Hər sahədə pul lazım olduğu üçün çətinlik insanlar çətinlik çəkir. Bizim də böyük imkanlarımız olmadığı üçün hansısa bir hissəmiz ağrıyanda həkimə müraciət edirik. Bundan başqa da insanlarda Azərbaycan tibbinə inam olmadığı üçün xarici ölkələrə də gedənlər olur. Müəyyən miqdarda tibb sahəsində də inkişaf hiss olunur. Yaxşı həkimlərimiz, tibb müəssisələrimiz olsa, qiymətlər aşağı olsa hamı öz sağlamlığının qaydına qalar”.

 

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı:

 

“Müayinə hər zaman lazımdır və  vacibdir. Amma biz elə dədə-babadan öyrənmişik ki, xəstələnəndə həkimə gedək. İndi o qədər klinikalar var, hərəsi də bir qiymətə check-up edir. Amma mən tam əminəm ki, onların heç birinin cavabı bir-birinə uyğun gəlməyəcək. Mən bizim səhiyyə sisteminə tam inana bilmirəm. Ona görə də çalışıram heç həkimə  yolum düşməsin. Heç  vaxt da könüllü olaraq həkimə getməyi düşünmürəm. İnanmıramsa, demək getmək də lazım deyil”.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir