Modern.az

“Azərişıq” qazı olmayan  məcburi köçkünlərə güzəşt etməyə hazırdır, amma... - AÇIQLAMA

“Azərişıq” qazı olmayan  məcburi köçkünlərə güzəşt etməyə hazırdır, amma... - AÇIQLAMA

11 Fevral 2017, 15:26

Prezident İlham Əliyev yanvarın 1-dən etibarən məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilməsi ilə bağlı fərman imzalayıb.

 

Məsələ burasındadır ki, qazlaşdırılmayan ərazilərdə məskunlaşan məcburi köçkünlər üçün müəyyən dərəcədə problem yaranıb. Belə ki, ərazidə qazlaşdırılma aparılmadığından vətəndaşlar yalnız elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalırlar ki, bu da kommunal xidmət ödənişlərinin artımına səbəb olur. Elə bu səbəbdən də qazlaşdırılmayan ərazilərdə məskunlaşan məcburi köçkünlərə əlavə güzəştin tətbiqi ilə bağlı təkliflər səsləndirilir.

 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı Modern.az-a açıqlama verib. O, bununla bağlı hər hansı qərar verilərsə, dərhal icrasına başlayacaqlarını deyib:

 

“Biz qanunverici orqan deyilik, icraedici orqanıq. Verilən qərarları, göstərişləri icra edirik. “Azərişıq” məcburi köçkünlərin məskunlaşdığı və qazlaşdırılmayan ərazilərdə elektrik enerjisindən istifadəyə görə hansısa güzəşt tətbiq edilməsinə hazırdır. Amma bunun üçün Nazirlər Kabineti, Prezident İlham Əliyev yaxud Milli Məclis tərəfindən hansısa qərar, göstəriş olmalıdır”.

 

T.Mustafayev deyib ki, Prezidentin fərmanına uyğun olaraq sayğac quraşdırılması davam edir:

 

“Ölkə başçısı məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət təyin etdikdən sonra hər bir ailəyə fərdi qaydada sayğac quraşdırmağa başladıq. Bu günə qədər təxminən 8 minə qədər məcburi köçkünün mənzilinə sayğac quraşdırmışıq. Heç bir problem, narazılıq da olmayıb.

 

İşimizi yüksək səviyyədə həyata keçirmişik. Bundan sonra da vətəndaşlarımızdan bizim abonent olmaq istəyənlər olarsa, sayğac quraşdırılması tərəfimizdən təmin ediləcək. Eyni zamanda mənzilində sayğac quraşdırılan məcburi köçkünlərdən xahiş edirik ki, hər hansı problem yarandığı təqdirdə bizə müraciət etsinlər”.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir