Modern.az

Kembricdə çalışan azərbaycanlı professor: “Humanitar elmlər ideoloji silahlara oxşayır ”

Kembricdə çalışan azərbaycanlı professor: “Humanitar elmlər ideoloji silahlara oxşayır ”

11 Fevral 2017, 17:04

 

Hazırda dünyanın bir çox ölkələrinin elmi mərkəz və  akademiyalarında humanitar profilli elm sahələri dəqiq, texniki və təbiət elmlərinin kölgəsində qalıb. Azərbaycanda da eyni tendensiya yaşanır. Doğrudur, bizdə dəqiq və təbiət elmləri kimi fundamental sahələrdə demək olar ki, heç bir nailiyyət olmasa belə, onların humanitar sahələrdən vacibliyi hiss olunur. Təbii ki, humanitar profilli elm sahələri də bəşəriyyət üçün vacibdir və onların lazımlılığına zərrə qədər şübhəmiz yoxdur. Lakin XXI əsr öz diktəsini bütün cəmiyyətlərə yönəldir. Belə olan surətdə ədəbiyyat, etnoqrafiya, dilçilik, antropologiya və s. kimi sahələrin bu gün nə dərəcədə zəruri olması və faydalılıq göstəricisinin artması üçün hansı istiqamətlərdə çalışması sualı ortaya çıxır.

 

Dünya çapında tanınan azərbaycanlı alim, Kembricdəki Molekulyar Biologiya Laboratoriyasının müdiri,  professor Qərib Mürşüdov Modern.az saytına açıqlamasında yuxarıdakı sualları cavablandırıb:

 

“Dəqiq və qeyri-dəqiq elmlərin hər birinin öz yeri var. Elmin əsas məqsədini belə demək olar: dünyada gedən hadisələrin necə işləməsinin başa düşülməsi və onların sistemli analizi. Elmi nəticələr texnologiyanın inkişafına təkan verə bilər, amma bu fundamental elmin əsas məqsədi deyil. Bu nöqteyi-nəzərdən dəqiq və qeyri-dəqiq elmlərin öz yeri var.

 

Bu elmlər arasında fərqlər ancaq ondan ibarətdir ki, dəqiq elmlərdə fiziki və riyazi üsullar öz tətbqini tapıb, qeyri-dəqiq və ya humanitar elmlərdə isə bu üsulların tətbiqi hal-hazırda ya çox aşağı səviyyədədir.

 

Tarix, dilçilik, etnoqrafiya, antropologiya, sosiologiya, fəlsəfə kimi elmlərin dünyanın keçmişdə və indi necə işləməsini başa düşməyə imkan verə bilər. Bunlar haqda uzun danışmaq olar. Qısası belədir ki, hər bir elmin öz yeri var, amma qeyri-dəqiq elmlər ilə məşğul olanda ehtiyatlı olmaq lazımdır. Çox hallarda bu elmlər siyasi silahlara çevrilir. Və ona görə daha çox ideoloji silahlara oxşayırlar. Digər tərəfdən akademiya sistemi bütün ölkələrdə eyni deyil. Keçmiş sovet ölkələrində tədqiqat institutları akademiya içərisindədir və əsas tədqiqatlar bu institutlarda aparılır.

 

Məsələn, Britaniyadakı Kral Cəmiyyəti Akademiyasında tədqiqat institutları yoxdur. Tədqiqatlar ya universitetlərdə, ya da müxtəlif təşkilatlara məxsus olan tədqiqat institutlarında gedir. Tədqiqatlar əsasən, qrantlar vasitəsi ilə həyata keçirilir. Əgər hər hansı bir elmi qrup və ya institut kifayət qədər tədqiqat apara bilmirsə və qrantlar cəlb edə bilmirsə, onda laboratoriya və ya institut bağlana bilər. Bu institutun, laboratoriyanın və ya elmi qrupun hansı istiqamətdə işləməsindən asılı deyil. Ona görə də hər hansı elmi istiqamətin məqsədəuyğun olub-olmadığını, yaxud,  humanitar elmlərin lazımsızlığını demək, o barədə müzakirə aparmaq  düzgün deyil. Əgər hər hansı elmi sahə özünü maliyyə nöqteyi-nəzərindən doğruldursa, onda onun varlığı məqsədə uyğundur”.

 

E.Nazimoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi