Modern.az

Türk dünyasının iftixarı

Türk dünyasının iftixarı

12 Fevral 2017, 11:06

“Ancaq o millət, o tayifə  təriqi-fəlah və nicatda olur ki, özünü  tanıya” (Ə.Hüseynzadə)

Milli-ictimai fikir tariximizdə əvəzsiz rol oynamış  Əli bəy Hüseynzadə bacarıqlı, səriştəli bir jurnalist, şair, yazıçı, həkim, tərcüməçi, həm də incə zövqlü, istedadlı bir rəssam idi.

Son dövrdə Azərbaycan Demokratik Cümhuriyyəti ilə əlaqədar  xeyli tədqiqat meydana çıxıb. Ancaq bu tədqiqatların əksəriyyətində köklər, qaynaqlar sanki unudulub.Araşdırılan dövr əsrin əvvəllərindəki fikir hərəkatından təcrid olunmuş şəkildə təqdim edilir. Bu isə mahiyyətcə eyni qəbildən olan hadisələr arasındakı  varislik əlaqəsini duymağa, dərk etməyə mane olur.

Əli bəy Hüseynzadənin fəaliyyəti təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarınıntarixində böyük əhəmiyyətə malikdir.  İlk dəfə olaraq “hürriyyət və müsavat” şüarını açıq şəkildə ortaya atan, tarkçülüyün, turançılığın əsasını qoyan, türk birliyi ideyasınıelmi-nəzəri cəhətdən əsaslandıran da  məhz Əli bəy Hüseynzadə olmuşdur.

Bir vaxtlar böyük Turan dövlətini yaradan türk qəbilələrinmdən çoxu  yeni dövrdə ağır və çətin  vəziyyətə düşmüşdü.  Bunu aydın dərk edən Əli bəy Hüseynzadə  onları bu ağır vəziyyətdən xilas etmək üçün  özünün müəyyən etdiyi inkişaf və çıxış yolunu  yığcam çəkildə ifadə edərək göstərirdi ki, bu yol “türklük, müsəlmanlıq, avropalılıqdır.türk hissiyatı ilə mütəhəssis, islam dini ilə mütədəyyin, Avropa mədəniyyəti-hazirəsi ilə mütəməddin olmaqdır”(“Füyuzat” jurnalı № 23, 1907)

Əlbəttə o, türkləşməkislamlaşmaq və ya  “ittihadi-türk”, “ittihadi-islam” deyərkən, başqa millətlərə, başqa dinlərə qarşı  milli və dini zorakılıq  meyillərindən çox-çox uzaq olmuşdur. Əli bəy Hüseynzadənin  məqsədi millətin əsas əlamətlərindən olan, təbii şəkildə meydana çıxan  qan birliyinin, dil birliyinin, tarixən yaranmış  məzhəb və əqidə birliyinin qorunub saxlanmasının  vacibliyini göstərmək olmuşdur.:” Müsəlmanız” onun üçün dünyanın hər nərəsində xeyirxah xeyirxah bulunduğumuz  din qardaşlarımız tərəqqi etsə,  biz o tərəqqiyi əz dil o can  alqışlarız!  Türküz: binaənəleyh  türkün hər yerdə tərəqqi və təkamül ilə  məsud olmasını arzu edəriz” (“Həyat” qəzeti № 1, 1 905).

Birlik-ittihad ideyası, əlbəttə, böyük ideyadır və  indiki şəraitdə bizim üçün həmişəkindən daha çox əhəmiyyət kəsb edir.İstər Əli bəy Hüseynzadənin, istərsə də başqa milli rəhbər və ictimai-siyasi xadimlərimizin irsinin araşdırılması, aşkarlanması göstərir ki,”ittihad”ideyası  lap ilk günlərdən düşmənlərimizin  və onları himayə edənlərin  bizim haqqımızda qərəzkarlıqla   uydurduqları  “panislamizm” və “pantürkizm” anlayışları  ilə ifadə etdikləri puç və fanatik əqidə ilə əsla bağlı olmamışdır.

Əli bəy Hüseynzadə türklərin ayrıca bir irq olduqlarını hər yerdə, həmişə  təkidlə irəli sürür və bunu tutarlı elmi dəlillərlə əsaslandırırdı. Lakin o, millətimizin qədim tarixinə, mədəniyyətinə sadəcə maraq xatirinə müraciət etmirdi. Bunun da səbəbləri var idi.  Məsələn, 1905-1907-ci illər inqilabıbütün rus imperiyasını  hərəkətə gətirdi.  Belə bir vaxtda müsəlman türklərinin  də oyanması, öz taleyini, müqəddəratını, kimliyini müəyyən etməsi  qəti bir tələb kimi  qarşıda dururdu.  Bunu qabaqcıl ziyalılar, millətsevərlər yaxşı dərk edirdilər. Əli bəy Hüseynzadə  demişkən”Yoxsa yatanlar oyananların ayağı altında qalıb üzüləcəkləri mühəqqəqdir”. Bunun üçün isə hər şeydən əvvəl,  millət öz-özünü dərk etməlidir. “Ancaq o millət, 0 tayifə  təriqi-fəlah və nicatda olur ki, özünü tanıya”(Əli bəy hüseynzadə)

Belə bir tarixi məqamda  millətimizin milli mənlik şüurunun oyanmasınad, ətalət buzunun parçalammasında Əli bəy Hüseynzadənin göstərdiyi xidmət heç kəslə müqayisəyə gəlmir. Bir həqiqəti də  etiraf etmək lazımdır ki,  Əli bəy Hüsenzadə fəaliyyətə başladığı dövrdə bizdə  milli mənlik şüuru çox aşağı səviyyədə idi.  “Həyat” qəzeti nəşrə başlayanadək  nəinki sadə camaat, hətta ziyalılarımızın çoxu  belə millətimizin həqiqi adını, mənşəyini və kökünü  dəqiq bilmirdi. Həmin dövrdə xalq içərisində  çox işlənən adların heç biri (müsəlman, tatar, azərbaycanlı, Qafqaz tatarı və s.) kökümüzlə, əslimizlə bağlı olmayıb.

Əli bəıy Hüseynzadə və onunməsləkdaşları, tərəfdarları böyük səylə çalışırdılar ki, türklərin əsil ənənələrini  dirçəltsinlər, onlara yaşamaq hüququ versinlər. “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Türk dilinin vəzifeyi- mədəniyyəsi” və s. əsərlərində  millətimizin türk əsilli olduğunu , bütün türk qəbilələrinin  bir olduğunu, dillərimizin, mədəniyyətlərimizin eyniliyini elmi dəlillər əsasında sübut edən Əli bəy Hüseynzadə  türklərin tarix boyu nümayiş etdirdikləri canlı ənənələri, dini dönə-dönə xatırladırdı. O, belə hesab edirdi ki,  həmin dövrdə millətini, xalqını hərəkətə gətirmək, azadlıq uğrunda mübarizəyə qaldırmaq üçün  ən əvvəl onu öz nəzərində  yüksəltmək lazımdır.

“Türklər tarix səhnəsinə miladi-İsadan 2000 il əqdəm çıxıb, o vəqtdən  cinsən və lisanən müxtəlif və mütəəddid təsirata məruz olmuşlardır:Asiya qitəsinin şərqində mancu, moğol və çinlilərlə, qərbində isə irqi-Qafqazdan olamn  əqvami-ariyə və samiyə ilə,yəni hindi, irani, çərkəs, kürd, ərəb və sairə nəsilləri ilə  qarışmış olduqlarından bu gün hər tərəfdən  şəklən, cinsən, lisanən qayət müxtələt bir qövmdir.

Bir tərəfdən tarixin göstərdiyi vəch ilə müqəddimən türk ikən biləxirə türkcəyi tamamilə unudub başqa lisanlarla mütəkəllim  qövmləır  mövcud olduğu kimi, digər tərəfdən də öz qədimdillərini  tərk edib türkcə təkəllümə  başlayan və bu surətlə  içimizə qarışıb bizlrdən mədud olan başqa qövmlər də vardır...Bundan başqa, bizzat türk əqvamından bir qismi digər  qismi tərəfindən təmsilə uğradılıb”(“Həyat” qəzeti № 9, 1905).

Hər bir müddəaya konkret misallar gətirdiyinə görədir ki, Əli bəy Hüseynzadənin təqdimində  türk tarixi , həqiqətən, çox canlı, dinamik, inkişafda olan bir  tarix kimi qarşıya çıxır.  Qeyd etmək lazımdır ki, Əli bəy Hüseynzadəni  İslama bağlayan heç də onun möminliyi deyil, başqa dinlərə nisbətən İslam dinində olan ümumbəşəri dəyərlər və ictimai ədalət idealına onun daha yaxın olması idi.

İctimai-siyasi görüşlərinə görə Əli bəy Hüseynzadə ardıcıl demokrat və sosialist olmuşdur. Ancaq onun sosializm haqqında görüşləri  bolşeviklərin qurmaq istədikləri bəsit sosializmdən  çox fərqlənirdi. Əli bəy Hüseynzadə sosializm dedikdə, daha çox ictimai ədalət idealına yaxın olan  bir cəmiyyət tipini nəzərdə tuturdu. Onun hürriyyətpərəstliyi də  birbaşa fəlsaəfi məfkurəsindən  doğurdu.

“Nicat məhəbbətdədir” adlı məqaləsində  böyük mütəfəkkir belə bir qənaətə gəlir ki, qətlü qarətlərin, hər cür vəhçiliklərin səbəbi insanların  öz peyğəmbərləri tərəfindən  onlara aşılanan  “bəni növə məhəbbət və müavinət et” təliminə, tövsiyyəsinə bağlanmamalarıdır. O bunun özünü də  ictimai amillərlə, cəmiyyətin kamillik dərəcəsi ilə  əlaqələndirərək yazırdı: “Əcəba, insanlar arasında... bu məhəbbəti nə ilə , nə vasitə ilə təmin etmək olur?..O vasitəyi bəşəriyyət kəşf edə bilmişdirmi?  Şübhəsiz, etmişdir. O, nədir? – hürriyyət və ədaləti-kəmalə!..Etiqadımızca, bəni-növi-bəşər arasında da  ahəng və məhəbbəti təmin edəcək vasitələr –başlıca bu iki nemətdən ibarətdir...Ədd olursa, hürriyyət də olur, hürriyyət olursa, məhəbbət və məvəddət də olur. Həzrəti İsanın da, həzrəti Məhəmmədin şər və qanunları da bu həqiqətə  müncərdir.

İştə yeni mücahidini-ictimaiyyətimizin də  məqsudi bu həqiqətdir (“Füyuzat” jurnalı№ 6, 1906) İndiyə qədər belə hesab edilirdi ki, Azərbaycan bayrağının rənglərini  mənalandıran “türkləşmə”, “islamlaşma”, “müasirləşmə” prinsiplərini ilk dəfə Ziya Gögalp irəli sürmüşdür. Tədqiqatlar göstərir ki, bu, yanlış fikirdir. Çünki  həmin üç əsas amili  bir prinsip kimi irəli sürən ideoloq Əli bəy Hüseynzadədir.

Hələ 1905-ci ildə Əli bəy Hüseynzadə üç təməl –türkləşmək, islamlaşmaq, müasirləşmək prinsipini irəli sürmüşdür. Bu üç təməlin üç rənglə  ifadə olunması isə  Məhəmməd Əmin Rəsulzadənin  təşəbbüsü idi.  Mavi rəng – türklüyün, qırmızı rəng—hürriyyət və mədəniyyətin, yaşıl rəng isə --islamiyyətin rəmzidir. Habelə ilk dəfə azadlıq, ədalət və müsavat şüarlarını  irəli sürən də Əli bəy Hüseynzadədir. O, eyni zamanda, həm ziyalılar, həm də geniş xalq kütlələri arasında böyük maarifçilik işi aparırdı.

Ümumtürk ədəbi dilinin yaradılması və bu ideyanın həyata keçirilməsində də onun əməyi böyükdür və demək olar ki, Əli bəy Hüseynzadənin əsas fəaliyyəti  bu istiqamətə yönəlmişdi.  Onun ictimai-siyasi görüşlərində Azərbaycan milliyyətçiliyi ideologiyası da  böyük bir sahəni təşkil edirdi.  Əsrin əvvəllərində Azərbaycanda meydana çıxan  milliyyətçilik (Azərbaycançılıq) ideologiyasının nəzəri cəhətdən  dolğunlaşdırılması və formalaşdırılmasında Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və sair bu kimi publisistlərlə yanaşı, Əli bəy Hüseynzadənin də  mühüm rolu olmuşdur.

Azərbaycan milliyyətçiliyi ideologiyasının meydana çıxması , hər şeydən əvvəl, Azərbaycan türklərinin  milli intibah dövrü keçirdiyini, milli oyanışını, milli şüurunun  inkişaf etdiyi prosesi əks etdirirdi. Bu ideologiyanın qarşısında millətin öz milli mədəniyyətini qoruyub saxlamaq, onu inkişaf etdirərək daha yüksək səviyyəyəqaldırmaq, yad və yabançı təsirlərdən qorumaq kimi  mühüm və təxirəsalınmaz  vəzifələr dururdu.

Əli bəy Hüseynzadə həm də Qərb mədəniyyətinin ilk  təbliğatçısı kimi tanınır. “Həyat” qəzetinin səhıfələrində dərc olunmuş məqalələrində qərbin texniki, mədəni tərəqqisinin nailiyyətlərinə , fəlsəfəsinə, tarixinə, sosioloji nəzəriyyələrinə dərindən bələd olan  birfilosof kimi çıxış edir. O, Kant, Hegel, Fixte, Nitşe, Dyurmheym, Spenser və sair kimi məşhur filosoflar və onların əsərləri haqqında  məlumat verməklə yanaşı, əsərlərindən tərcümələr də etmişdir.

Türk dünyası üçün  müxtəlif nəzəriyyələr yaradan, böyük ideyalar ardınca qaçan Əli bəy Hüseynzadə, çox təəssüf ki, öz doğma xalqının dilini belə müstəqil dil kimi qəbul etməmişdir. Qəzet və jurnal səhifələrində biz ancaq “türk dilinin Azərbaycan şivəsi” anlayışına rast gələ bilərik. Bu da,  ola bilsin ki, onun türk dilli xalqlardan vahid bir “türk milləti” yaratmaq və “Böyük Turan” dövlətini qurmaq ideyalarından irəli gəlirdi.


Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru,  Qabaqcıl Maarif Xadimi

                                                                       

.

                                                                                            

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi