Modern.az

Fizuli Məmmədov: “Problemlərə qalib gəlmək üçün bir olmağın vaxtıdır”

Fizuli Məmmədov: “Problemlərə qalib gəlmək üçün bir olmağın vaxtıdır”

Mədəni̇yyət

13 Fevral 2017, 12:12

“Pullarını Azərbaycana qoy və ölkə iqtisadiyyatını dirçəlt!’’

 

Mən Azərbaycan əhalisinin sosial-iqtisadi vəziyyəti barədə materialları həmişə diqqətlə oxuyuram. Xalqımın necə yaşadığını bilmək mənim üçün çox vacibdir. Çünki, əsl vətənpərvərlik və ölkəyə məhəbbət yalnız ona sədaqətli olmaqdan ibarət deyil, həm də orada yaşayan doğma insanlara sevgi, hörmət və qayğıdan ibarətdir. Mənim üçün isə hansı yaşayış məntəqəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar doğmadır. Bir yerlimizin digərindən soruşduğu “sən hansı rayondansan?” sualı mənim üçün əzəli azərbaycan torpaqlarında - Dağlıq Qarabağdakı erməni silahlı seperatizmi kimi seperatizm və Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır.

 

Ancaq təəssüf ki, respublikamızdakı sosial-iqtisadi vəziyyətə dair yazılan yazılar əsasən qeyri-vətənpərvər xarakter daşıyır. Qərbi və Şimali Avropa ölkələrinə, ABŞ a köçmüş bəzi həmvətənlərimizin feysbuk sosial şəbəkəsindəki yazılarını oxuyanda isə anlayıram ki, onlar vətənpərvərlik hisslərindən məhrum olublar. Bu insanları qismən anlamaq olar. Onların yazılarından görünür ki, işsizlik və manatın devalvasiyası ilə yanaşı korrupsiya da onların vətəni tərk etməsində və iqtisadi cəhətdən inkişaf etmiş Avropa ölkələrinə üz tutmasında əsas faktorlardan olub.

 

Bununla bərabər qazanc və daha yaxşı həyat şəraiti dalınca Rusiyaya getmək arzusunda olanların sayı ilbəil azalır. Əksinə, son illərdə onların bir çoxu qayıtmağa başlayıblar. Bu onunla bağlıdır ki, Rusiyada da iqtisadi böhran yaşanır.

 

Lakin, Rusiyadan qayıdan həmvətənlərimiz ölkədə münasib iş tapmayaraq, yenidən doğma respublikanı tərk etməyə çalışırlar. Ancaq, bu dəfə qərbi və şimali Avropanın inkişaf etmiş ölkələrində məskunlaşmağa cəhd edirlər, qürbətdə “yaxşı həyat” haqqında yazılarını da bu ölkələrdən paylaşırlar. Səmimi desəm, Azərbaycanı qaralayan, olduqları ölkələri isə tərifləyən belə materialları oxumaq mənə çox ağır və üzücüdür. Məgər onlar bir xalq misrasında - bayatıda ifadə edilmiş “Gəzməyə qəribölkə, ölməyə vətən yaxşı” müdrik xalq kəlamını unudublar? Doğma ölkəni qaralamaq lazım deyil, öz sərmayələrimizi onun sənayesinə, kənd təsərrüfatına və iqtisadiyyatın digər sahələrinə qoyaraq vətəndə həyat səviyyəsinin şəraitini yaxşılaşdırmağa nail olmaq lazımdır. Bunu biz azərbaycanlılardan başqa heç kim etməyəcək.

 

Bu gün investisiya məsələsi olduqca vacibdir. Öz vəsaitlərimizlə doğma respublikanın iqtisadiyyatına dəstək olaraq, ölkədə yaşayan həmvətənlərimizin bir çox problemlərinin həll edilməsinə kömək etmiş olarıq. Bu problemlərə işsizlik,  milli valyuta-manatın sabitliyi, əhalinin sosial - iqtisadi vəziyyətinin yaxşılaşdırılması və s.aiddir.

 

Hazırkı dünya iqtisadi böhranı və neft qiymətlərinin aşağı olduğu şəraitdə Azərbaycan respublikadan kənarda işləyən və yaşayan azərbaycanlı iş adamlarının sərmayələrinə ehtiyac duyur. Biz əsl vətənpərvərliyi və doğma Azərbaycana olan səmimi sevgimizi məhz bu gün  - köməyimizə ciddi ehtiyac duyulduğu məqamda göstərməliyik.

 

Bundan başqa biz öz pullarımızı Azərbaycanın qeyri-neft sektorunun inkişafına sərmayə etməli, bu yolla da ona xammal asılılığından qurtarmağa yardım etməliyik. Bununla əlaqədar olaraq, “Dünya Azərbaycanlıları İttifaqı” ölkə hüdüdlarından kənarda yaşayan və işləyən bütün azərbaycanlı iş adamlarından xahiş edir ki, öz pullarını iqtisadiyyatın elə  sahələrinə qoysunlar ki, həmin sahələrdə qısa müddətdə yeni iş yerlərinin yaranması və ixracyönümlü yüksək keyfiyyətli məhsulların istehsalı mümkün olsun.

 

Dünya iqtisadi böhranı və neft qiymətlərinin düşməsi dünyada ən böyük neft istehsalçısı və ixraçatçısı olan Rusiyaya da zərbə vurdu. Maliyyə və miqrasiya böhranları isə Avropa ölkələrinin iqtisadiyyatında problemlər yaratdı. Buna görə Rusiya və Avropada muzdlu işlərdə çalışan və ya kiçik ticarət sahəsində məşğul olan bir çox həmvətənimiz işsiz qaldılar və ölkəyə qayıdırlar, bu səbəbdən cəmiyyətdə sosial gərginliyin artmasına imkan verməmək üçün ən qısa zamanda onlara iş yerləri yaratmaq lazımdır.

 

Hesab edirəm ki, neft qiymətlərinin düşməsinə görə Azərbaycanın ixrac gəlirlərinin kəskin azaldığı şəraitdə diasporun sərmayələrinin respublika iqtisadiyyatına cəlb olunması çox düzgün qərardır. Biz respublikamıza, eyni zamanda hazır məhsulların inkişaf etdirilməsi və dünya bazarlarında Azərbaycan məhsullarının satışa çıxarılmasına da kömək etməliyik.  Axı ixrac edilən Azərbaycan məhsullarının müqabilində ölkəyə valyuta daxil olacaq ki, bu da milli valyutanın sabitliyini təmin edəcək. Azərbaycanın ixracının həcmi nə qədər çox olacaqsa, manatın sabitliyi və kursu da yüksək olacaq. Yalnız sabit milli valyutanın mövcudluğu və ölkə iqtisadiyyatının böyüməsi hesabına əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq olar.

 

İqtisadiyyatın ixracyönümlü sahələrinin inkişafına dəstək olaraq, biz həm də iki olduqca vacib məsələni həll etmiş oluruq: birincisi, yeni iş yerləri yaradırıq və işsizlik səviyyəsini azaldırıq, ikincisi, manatı möhkəmlənməsinə kömək edərək Azərbaycanda qiymət sabitliyini təmin edirik.

 

Həm də Azərbaycanda biznesimizi böyüdərək, avtomatik olaraq, vergi ödəyicilərinə çevrilirik və ölkə büdcəsinin gəlirlərinin artmasına səbəb oluruq. Məhz dövlət büdcəsinin gəlirlərinin artması əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradır, dövlətin sabitliyini və təhlükəsizliyini təmin edir. Buna görə də belə bir təklif edirəm ki, “Pullarını Azərbaycana qoy və ölkə iqtisadiyyatını dirçəlt!” şüarı hər bir imkanlı azərbaycanlı iş adamının şüarına çevrilsin. Biz doğma respublikamıza məhəbbətimizi və sədaqətimizi müxtəlif KİV lərdə və sosial şəbəkələrdə sadəcə səsli, pafoslu bəyanatlarla yox, real işimizlə sübut etməliyik. Mən hesab edirəm ki, bizim vətənpərvərliyimiz Azərbaycan iqtisadiyyatının inkişafına real köməyimizdə öz əksini tapmalıdır. Öz şəxsi biznesimizin inkişafı doğma Azərbaycanımızın da çiçəklənməsinə kömək etməlidir.

 

Məgər biz iqtisadi cəhətdən inkişaf etmiş Qərb ölkələrində bu gün mövcud olan həyat şəraitini doğma Azərbaycanımızda yarada bilmərikmi? Azərbaycan xalqı çox qabiliyyətli və zəhmətkeşdir. Bir çox həmvətənlərimiz Rusiyada, Ukraynada, Türkiyədə və həmin inkişaf etmiş Avropa ölkələrində öz bizneslərini sıfırdan yaradıblar. O zaman kimdir günahkar ki, Azərbaycan müstəqillik əldə edəndən sonra əhalinin təqribən yarısı ölkəni tərk edib?Bunların 2 milyonu bu gün Rusiyada yaşayır, milyondan artıq azərbaycanlı isə Avropanın inkişaf etmiş ölkələrində məskunlaşıblar. Türkiyədə, Ukraynada və Belorusiyada çoxsaylı azərbaycan diasporları ortaya çıxıb.

 

Hər zaman arzu edirəm ki, Azərbaycanı iqtisadi cəhətdən güclü, stabil, çiçəklənən və heç kimin tərk etmək istəmədiyi bir ölkə kimi görüm.  Arzu etmişəm ki, Azərbaycandan gedən həmvətənlərimiz doğma respublikada sosial-iqtisadi şəraitin yaxşılaşmasını görərək bura qayıtsınlar.

 

Uzun müddət Azərbaycanın inkişafına korrupsiya faktları mane olub. Sevindiricidir ki, bu göstəricilər ilbəil azalmaqdadır. Lakin, bunun tamamilə aradan qaldırılmasına nail olmalıyıq. Çünki korrupsiya Azərbaycanın daha da çiçəklənməsinə mane olur. Bu ictimai təhlükəli hadisənin səbəblərini problemin kökündə axtarmaq lazımdır. 19-cu əsrin ortalarında yaşamış böyük Azərbaycan şairi və ziyalısı Seyid Əzim Şirvaninin və ya 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində yaşamış böyük Azərbaycan satirik şairi və ziyalısı Mirzə Ələkbər Sabirin şeirlərini oxusaq, görərik ki, Azərbaycanda korrupsiya nə dünən, nə də bu gün yaranmayıb. Biz ilkin olaraq korrupsiyaya rəvac verən köhnə düşüncədən və mentalitetdən azad olmalıyıq. Bununla da hər bir Azərbaycan vətəndaşı üçün əsl azadlığa və firavanlığa nail ola və respublikamızın iqtisadi gücünü, müstəqilliyini möhkəmləndirə bilərik.

 

Azadlıq - hər bir vətəndaş və xalq üçün ən başlıca dəyərdir. Ancaq, harda ki, korrupsiya və məmur özbaşınalığı hökm sürür, orada heç bir azadlıqdan və rahat həyat şəraitindən söhbət gedə bilməz. Korrupsiya miqyasına və nəticələrinə görə istənilən xarici düşməndən daha dağıdıcıdır. Bu səbəbdən korrupsiyaya qalib gəlmədən ədalətli cəmiyyət və çiçəklənən iqtisadiyyat yaratmaq mümkün deyil. Korrupsiyanı boğmadıqca o təhlükəli parazit kimi ölkədə sosial-iqtisadi şəraiti yaxşılaşdırmaq üçün sərf etdiyimiz bütün səyləri puça endirəcək.

 

Bununla yanaşı korrupsiya ilə mübarizəni yalnız hakimiyyətdən gözləmək də düzgün deyil. Hakimiyyət nümayəndələri - bizim xalqımızın bir hissəsidir.  Əgər biz şüurlu olaraq gündəlik həyatımızda korrupsiyanın mövcudluğu ilə razılaşırıqsa, hətta bəzi hallarda biz özümüz korrupsiyanın çiçəklənməsinə imkan yaradırıqsa, o zaman ona heç vaxt qalib gələ bilməyəcəyik. Axı korrupsiyanın çiçəklənməsində təqsirli tərəf yalnız “alan” əl yox, həm də “verən” əldir. Azərbaycan korrupsiyası həm də ona görə təhlükəlidir ki, onun 90 % i bizim mentalitetlə əlaqəlidir və hətta gündəlik həyatımızda “normal” hesab olunur. Hər kəsə yaxşı bəlli olan “hörmət” anlayışını bir çoxlarımız normal qəbul edir və pisləmirik. Bizim qorxunc, çoxüzlü və çoxbaşlı korrupsiya məhz “hörmət”dən başlayır. Bu təhlükəli hala münasibətimizi dəyişməsək, biz heç cür öz korrupsiya ilə uğurlu mübarizə apara bilmərik.

 

Korrupsiya ilə uğurlu mübarizə apara bilməyimiz üçün bu mübarizə bizim hər birimizin işi olmalıdır. O mütəşəkkil olmalı, aşağılardan başlamalı, kütləvi xarakter daşımalı və əsl kütləvi antikorrupsiya milli azadlıq hərəkatına çevrilməlidir. Prezidentimiz İlham Əliyev artıq bir neçə dəfə korrupsiya və rüşvətxorluğa son qoymaq üçün qətiyyətli olduğunu bəyan edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələlərlə bağlı çıxışlarına diqqət çəkmək istərdim. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev məmurları təvazökarlığa səslədi: “Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək. “ASAN xidmət”i biz yaratdıq, artıq neçə ildir ki, işləyir. Bir dənə də olsun oradan şikayət yoxdur. Hər halda mən eşitməmişəm. Bu, ictimai xidmətlər sahəsində bir yenilikdir. Yəni, bu, nəyi göstərir? Birincisi, bizim iradəmizi və siyasətimizi göstərir. İkincisi isə onu göstərir ki, bu cür işləmək mümkündür. Burada hər şey məmurlardan asılıdır. Onlar dediyim kimi işləməlidirlər. Əgər öz işində nöqsana, yaxud da pozuntuya yol verərsə, onlar lazımi səviyyədə cəzalandırılacaqlar”.

 

Mən hesab edirəm ki, biz Prezident İlham Əliyevin ətrafında birləşməli və birlikdə korrupsiya sxemini aşağıdan dağıtmalı, onu qanunlar çərçivəsində və dağıdıcı inqilablar olmadan “münbit qidalanma mənbəyindən” məhrum etməliyik.

 

Ancaq bizim antikorrupsiya milli azadlıq hərəkatımız o zaman uğurlu və effektiv olacaq ki, bizim hər birimiz müəyyən qaydalara əməl edəcəyik: pulla işə düzəlməyəcəyik, heç kimə heç nəyə görə rüşvət verməyəcəyik, öz problemlərimizi korrupsiyalaşmış məmurların köməyi olmadan həll edəcəyik, korrupsiya və zorakılıq faktlarını videoya çəkərək sosial şəbəkələrdəki hesablarımızda yayacağıq, əllərindən tutduğumuz korrupsionerlərin cəzalanmasına nail olacağıq. Nə zaman ki, çoxsaylı korrupsiya faktları aşkarlanaraq cəmiyyətin əhəmiyyətli hissəsinin diqqətini cəlb edəcək, o zaman vətəndaşlarımızın sayıqlığı həqiqətən də korrupsiyalaşmış məmurları qorxuya salacaq.

 

Xoşbəxtlikdən, Feysbuk kimi iri sosial şəbəkələr hər bir istifadəçiyə öz araşdırmalarını aparmaq üçün imkan yaradır. Bu heç də “işverənlik” deyil.  “İşverənlik” - çirkli korrupsiya sxeminin bir hissəsidir, necə ki, gizlicə toplanmış materiallardan istifadə edərək hakimiyyətin yaramaz nümayəndələri zorakılıq məqsədilə vətəndaşlara təzyiq göstərirlər. “İşverənlər” öz simalarını göstərməkdən qorxurlar. Onlar yeməyə görə istənilən məlumatı hakimiyyətin korrupsiyalaşmış nümayəndələrinə ötürür və onlarla əlbir işləyirlər.

 

Eyni zamanda korrupsiya ilə uğurlu mübarizə üçün cəsur, möhkəm iradəyə malik məqsədyönlü insanlar lazımdır. Yalnız belə insanlar güclü korrupsiya sxemləri üzərində inandırıcı və əzmkar qələbə qazana bilərlər.

 

Biz hamımız korrupsiya ilə mübarizədə amansız olmalıyıq, çünki o Azərbaycanın çiçəklənməsi yolunda ən başlıca maneələrdən biridir.

 

Müstəqil Azərbaycan üçün daha bir təhlükə artıq Əfqanıstan, Suriya, İraq, Liviya və Yəməni məhv etmiş silahlı radikal islamçılardır. Onlar ədalət uğrunda mübarizə pərdəsi altında milli dövlətləri yıxaraq şəriət qayda-qanunlarına əsasən vahid islam xilafəti yaratmağa cəhd edirlər. Və ölkədə korrupsiya nə qədər yayılırsa və əhalinin həyat səviyyəsi nə qədər aşağı düşürsə, radikal islamçıların tərəfdarları da o qədər çoxalır.  Tez-tez aşağı rifah səviyyəsinə malik insanlar korrupsiya sistemindən və yoxsulluqdan çıxış yolunu radikal islamda görürlər. Lakin, belə radikalların ‘’ədalət uğrunda’’ mübarizəsinin nə ilə nəticələndiyini Yaxın Şərq, Şimali və Şimali-şərqi Afrika ölkələrinin bədbin təcrübəsində görürük.

 

Belə bir fonda müstəqil Azərbaycanımıza laqeyd münasibət bəsləməyə hüququmuz yoxdur. Mən heç də xalqımızın milli-azadlıq hərəkatının və müstəqil Azərbaycan dövlətinin yaranmasının təməlində dayanmış insanların əməyini kiçiltmək istəmirəm. Ancaq, bu günkü müstəqil Azərbaycan dövlətinə əsasən respublikamızın hüdudlarından kənarda baş verən proseslərin nəticəsi olaraq  sahib olmuşuq. 1918 ci ildə analoji şəraitdə əcdadlarımız müasir müstəqil Azərbaycan Respublikasının sələfi olmuş Azərbaycan Demokratik Respublikasını qura bilmişdilər. Və hər iki dəfə xalqımızın müstəqilliyə gedən yolu qanlı olmuşdur - 1918 ci ilin mart-aprelində erməni daşnaqları Bakıda və Azərbaycanın şimal, şimal-şərq və cənub-şərq rayonlarında azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Xalqımıza qarşı törədilən həmin soyqırım nəticəsində Azərbaycanın müxtəlif bölgələrində erməni başkəsənləri tərəfindən 400 minə yaxın azərbaycanlı qətlə yetirilmişdir.

 

Baxmayaraq ki, 1991 ci ildə müstəqil Azərbaycan dövlətçiliyi bizə Qorbaçovun dağıdıcı “yenidənqurma” sından sonra SSRİ nin dağılması nəticəsində hazır “boşqabda” hədiyyə edildi, lakin, yenə də öz müstəqilliyinə gedən yolda xalqımız respublika ərazisinin 20 %  ni itirdi və 20 yanvar 1990 cı il hadisəsini və 26 fevral 1992 ci ildə Azərbaycanın Xocalı şəhərində erməni faşistləri tərəfindən təşkil edilmiş dəhşətli soyqırımı yaşadı.

 

Bu gün müstəqil Azərbaycan dövləti xalqımızın əsas nailiyyətidir, lakin, onun əsl qiymətini hələ də sona qədər dərk edə bilməmişik. Xalqımızın böyük milli qəhrəmanı Babəkin sözlərini unutmayın: “Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan daha şərəflidir”.

Mənim biznesimdə və ictimai fəaliyyətimdə 3 vətənpərvər anlayış var: “Göydə hər şeydən uca Allah, yerdə güclü və çiçəklənən Azərbaycan, bütün dünyada isə azərbaycanlılar və Azərbaycanın maraqları”. Buna görə dünyanın bütün ölkələrində yaşayan həmvətənlərimizə təklif edirəm ki, bu dünyaya, öz bizneslərinə və bütün işlərinə və davranışlarına məhz bu 3 anlayış prizmasından baxsınlar. Əgər biz bu sözlərin əsl mənasını dərk etsək və onlara görə hərəkət etsək, o zaman biz ən həmrəy millət olacağıq, Azərbaycan isə ən güclü və çiçəklənən ölkəyə çevriləcəkdir.

 

İşğal olunmuş Azərbaycan torpaqlarının azad olunması və orada yaşayış evləri və infrastrukturun bərpası məsələsinə qayıtsaq, xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan hərbçiləri, hakimiyyəti və iş adamları sinxron hərəkət etməlidirlər. İşğal olunmuş ərazilər azad olunduqca, iş adamları - həmvətənlərimiz bütün dünyadan mütəşəkkil qaydada Azərbaycanın müvafiq strukturlarına öz maddi köməyini göndərməlidir ki, həmin ərazilərin bərpası və ora qaçqınların və məcburi köçkünlərin qayıdışı gecikməsin. İmkan vermək olmaz ki, neftin qiymətinin düşməsinə görə respublikanın ixrac gəlirlərinin azaldığı bir şəraitdə bu ərazilərin bərpasının bütün ağırlığı doğma Azərbaycan hakimiyyətinin çiyinlərinə düşsün. Həm respublikamızda, həm də digər dünya ölkələrində olan Azərbaycanlı iş adamları imkan daxilində bu məsələdə Azərbaycan hökümətinə kömək etməlidirlər.

 

Həmvətənlərimiz olan iş adamları arasında çox vətənpərvər insanlar var. İnanıram ki, onlar bizim çağırışımızı eşidəcək və erməni işğalından azad edilmiş ərazilərimizin bərpasında və iqtisadi çətinlikləri aşmağımızda doğma respublikamıza kömək edəcəklər. Düşünürəm ki, real işimizlə əsl vətənpərvərlik nümayiş etdirməyin vaxtıdır.

 

Fizuli Məmməd oğlu Məmmədov
Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın sədri,
”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!