Modern.az

Bu dünyadan son gedişin xərcləri: Yaşamaq ölməkdən daha ucuzdur ...

Bu dünyadan son gedişin xərcləri: Yaşamaq ölməkdən daha ucuzdur ...

13 Fevral 2017, 21:30

Ölüm haqdır. Bir gün hər kəs bu dünyadan köçür. Mərhumu layiqincə yola salmaq isə onun yaxınlarının borcudur. "Layiqincə" sözünü təsadüfən qeyd etmədik. Azərbaycanda bu sözü deyərkən ilk ağla gələn mərhumun son mənzilə yola salınması, üstəlik, sonrakı proseslərin xərcini çəkmək olur. Xərclər isə çoxdur. Məsciddə yuyulma, məzarlıqda yer, ehsan süfrəsi və s. Bütün bu prosesler üçün kifayət qədər pul tələb olunur. Qısa müşahidədən sonra rahatlıqla deyə bilərik ki, bu dünyada yaşamaq ölməkdən daha ucuzdur.  Modern.az saytının əməkdaşı yolunu Sumqayıt şəhər qəbiristanlığından salaraq bu dünyadan son gedişin xərcləri ilə maraqlanıb.

Elə yolun dönəcəyində, işıqfordan 20-30 metr uzaqda gül mağazası vardı. Yaxınlaşıb güllərin qiyməti ilə maraqlandım. Salamlaşıb söhbətə başladım. Adının Adil olduğunu bildirən şəxs qərənfillər 60 qəpik olduğunu bildirdi. Əgər çox gül alan olsa qiymət 50 qəpik də ola bilər. Qəbristanlıqda qızılgüllərin qiyməti isə 3-5 manatdır. Əgər buna imkanı olmayan varsa, 2 manata, hətta 1 manata da gül ala bilər. Buradan buklet almaq istəyənlər isə 3 manatdan 15 manatadək pul xəcləməlidir. Satıcı isə deyir ki, bu qiymətlər bir o qədər də baha deyil:

- Qiymətlər niyə belə bahadı?

- Nəyi bahadı, Allah köməyin olsun? Bizdən bir az qabaqda bundan da bahadı. Hansından istəyirsən, neçə dənə lazımdı? Münasib olacaq qiymət narahat olma.

- Çox sağ olun, indi adam gözləyirəm, gəlsin gəlib alarıq deyib, gül mağazasında biraz uzaqlaşdım.

Təbii ki, mən gül almaq üçün bura gəlməmişəm. Çünki məqsədim gül almaq deyil, qiyməti ilə maraqlanmaqdır. Azacıq irəlidə bir neçə daş sexi vardı. Onlardan birinin həyətinə daxil oldum. Ətraf bir az səhmansız idi.

Orada işləyən iki cavan oğlan məni qarşılayaraq dərhal da xidmətləri haqqında məlumat verməyə başladı:

- Daşlara baxmaq istəyirsinizsə buyurun arxamızca gəlin. Hava şəraiti ilə əlaqədar olaraq, daşları qapalı yerə yığmışıq. Üstüörtülü yerdə hər cür məzar daşı vardı. Ağ mərmər, qara mərmər, daşlara rəngli şəkillərin döyülməsi, kəhkəşanlı məzarlar. Onların içində bir baş daşı daha diqqət çəkirdi. Bunun qiymətinin neçəyə başa gələcəyini soruşdum. Qara mərmərdən olan bu "baş daşı" nə az, nə çox 1700 manat idi. Bu pulun içərisinə məzarın üstünün götürülməsi, betonlanması, usta xərci, baş daşının quraşdırılması, kran və daşınma xərci daxildir. Bildirdilər ki, müxtəlif qiymətə "baş daşlar"ı var. Onlar 600 manatdan başlayır və qiymətlər 2500 manata kimi artır. 600 manatlıq baş daşı bir neçə ildən sonra qızarmağa başlayır. Digərlərinin qiyməti ilə də maraqlandıq, bu qiymətləri biləndən sonra adam heç son mənzilə də getməyə risk etmir.

Onlarla sağollaşıb, qarşıdakı divarda “mərasim evi və kirayə çadırlar elanı”ndakı nömrələrdən birini yığdım.

Telefonu bir ortayaşlı kişi götürdü.

-Salam dayı, bizə çadır lazımdır?.

-Adamsayı nə qədər olsun? 100-150 nəfərlik çadırlarımız var.

-Hər ikisinin qiymətini deyin zəhmət olmasa.

- 100 nəfərlik çadırın günü 250 manata, 150 nəfərlik çadırın qiyməti isə 350 manat olacaq. Bura bütün avadanlıqlar, samovar, həmçinin çayçı xidməti, xidmətçilər də daxildir. Yəni, siz heç nəyə qarışmayacaqsınız. Bir gün ərzində gətirib çadırı istədiyiniz yerdə quracağıq, bir gün xidmət göstərib sabahısı gün söküb aparacağıq. Çadırı götürsəniz aşağı-yuxarı məsələsini də razılaşarıq. İstəsəniz mərasim zalımız da var. Bura bütün xidmətlər daxil olmaqla 1000 manata razılaşarıq. Mərasim zalında qadınlar və kişilər üçün yer ayrıdı. Özü də 600 nəfərlikdir. Adamınız çox olacaqsa bu yaxşıdı. Həm də əliniz-ayağınız tərtəmiz gəlib məclisinizi rahat keçirə bilərsiniz.

Bir neçə adamdan da soruşum əgər münasib olsa, sizə zəng edəcəyəm deyib, telefonu söndürdüm. Çünki mənə qiymətləri öyrənmək maraqlı idi. Oradan da ayrılıb qəbiristanlığa, əsas yerə daxil oldum. Qəbiristanlıq girişindəki köşkdə əyləşən mollalardan birinə yaxınlaşdım. Xeyli söhbətləşib qiymətlərdən danışmağa başladıq. Mollalarla söhbət edə-edə ətrafa nəzər yetirirdim. Qəbirsanlıqda demək olar ki, 5-10 nəfər görünürdü.

- İnsanlar doğmalarının məzarını daha çox hansı vaxtlarda ziyarət edir? Əvvəllər daha çox insan gəlirdi ziyarətə, yoxsa indi?

- Demək olar ki, hər gün kimsə gəlib, burada yaxınlarının qəbirlərini ziyarət edirlər. Kimsə yuxuda görür, gəlib ziyarət edir, kimsə ildönümlərində gəlir. Amma daha çox bayramlarda insanlar öz yaxınlarının qəbrini ziyarət edir. Adi günlərdə çox az adam gəlir. Əvvəl nisbətən daha çox idi . İndi qarşıdan “qara bayram” gəlir. Onda daha çox adam gələcək.

-Bəs dəfn xərcləri təxminən nə qədərdi ?

- Burda ucuzdur, elə də bahaçılıq deyil. Mən əvvəl Xırdalanda qalırdım. Orada dəfn xərci ən azı 300-400 manat idi. Burada isə dəfn xərcləri 200-250 manatdır. Bu qiymətin içərisinə məzarın qazılması və mərhumun dəfn olunması daxildir.

- Meyitin yuduzdurulması, kəfənlənməsi necə?

- Onu gedin 6-cı Mikrorayondakı Cümə məscidindən soruşun. Orada edirlər. Amma mən bilən yumaq, kəfənləmək 50 manatdır.

Mollalarla sağollaşıb üz tutdum 6-cı Mikrorayondakı Cümə məscidinə. Orada dedilər ki, mərhumun yuyulması və kəfənlənməsi 50 manatdır.

-Mərhumu maşın var gətirməyə? Yoxdusa buranın öz maşını var çağıraq gəlsin.

- O neçəyə olacaq bəs?

- Yaxın məsəfədədirsə, 20 manata. Amma bir az uzaq olanda 30 manata gətiririk. Lazım olsa, srücüyə deyərəm meyiti qəbirsanlığa da aparar. Yenə də baxın. Sizin öz fikrinizdir...

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub