Modern.az

Şimali Kiprdə gördüklərimiz... (REPORTAJ+FOTOLAR)

Şimali Kiprdə gördüklərimiz... (REPORTAJ+FOTOLAR)

31 Mart 2011, 19:16


Elə dövlətlər var müstəqildir, ancaq insanları diktatura rejimində yaşayır. Elə dövlətlər var müstəqildir və iqtisadiyyatı güclüdür, ancaq insanlarının sosial durumu ağırdır və hətta səfalət içində yaşayanları da az deyil. Elə dövlətlər də var ki, müstəqillikləri rəsmi şəkildə tanınmır, ancaq bir çox müstəqil dövlətlərdə olduğu kimi qəbul olunan qanunlar işləyir və bu qanunlara prezidentindən tutmuş sadə vətəndaşına qədər hamı əməl edir, burada yaşamağı arzulayanların və bu arzunu gerçəkləşdirənlərin sayı gündən-günə artır. Mübaliğəsiz deyə bilərəm ki, belə dövlətlər sırasında Şimali Kipr Türk Cümhuriyyətinin adı birincilər sırasındadır...

Gerçəkləşən məqsəd

İlk dəfə idi ki, Ağ dənizin qoynunda, adada yerləşən Şimali Kiprə səfərə gedirdim. Rəsmi məlumatlarda bildirildiyi kimi cəmi 300 min əhalisi olan bu ölkə və insanları haqqında şifahi məlumatım olsa da, "Yavru Vətəni" uzaqdan-uzağa sevsəm də, Şimali Kipr Türk Cümhuriyyətini görmək və buranın gözəlliyini seyr edib gözlərinə, qəlbinə hopdurmaq bir başqa aləmdir. Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifovanın təşkilatçılığı və rəhbərliyi, Doğu Akdəniz Universitetinin maliyyə dəstəyilə reallaşan bir həftəlik səfərimizdə məqsəd sözügedən universitetlə tanışlıq və bu ölkənin keçmiş prezidenti Rauf Dektaş və indiki prezident  Dərviş Eroğlu ilə görüşmək, onlarla həmsöhbət olmaq, eyni zamanda tarixi yerlərini gəzmək, bir çox həqiqətləri gözlərimizlə görmək idi. Demək olar ki, məqsədimizə çatdıq...

Cənnəti xatırladan ölkə

Azərbaycandan Şimali Kiprə birbaşa təyyarə reysi olmadığından əvvəlcə Türkiyənin Antalya şəhərinə uçduq. Yarım saatdan sonra təyyarə qalxaraq Şimali Kiprə doğru istiqamət aldı. Axşam saat 21:00-da Ercan Hava Limanında bizi Doğu Akdeniz Universitetində oxuyan azərbaycanlı tələbələr qarşıladı. Onlar bildirdilər ki, bir həftə ərzində Qazi Mağusadakı Salamis otelində qalacağıq. Bu otel demək olar ki, Ağ dənizin ağuşunda-cəmi 50 metrliyində inşa edilib. Beş ulduzlu bu oteldə hər şey yüksək səviyyədə təşkil olunub. Otel xidmətçilərindən tutmuş müdiriyyətə kimi hamı turistlərə qarşı çox səmimi və mehribandırlar. Səliqə-səhman, Avropa standartlarına uyğun xidmət də öz yerində.  Şimali Kipirdə olduğumuz ərəfədə havanın hərarəti 20-23 dərəcə idi. Ümumiyyətlə, burada qış çox mülayim keçir. Deyilənə görə, yay aylarında havalar isti olsa da, axşamları bu yerlər cənnəti xatırladır. Dənizin suyu o qədər təmizdir ki, bəlkə də bu üzdən digər ölkələrdən gələn turistlər suyun soyuq olmasının fərqinə varmadan özlərini dənizə təslim edir, sonra qum üzərində günəş vannası qəbul etməkdən doymurdular...

Salamisdə İran həqiqətləri

Oteldə qaldığımız bir həftə boyu müşahidə etdiyim bir məqamı xüsusi olaraq vurğulamaq istərdim. Dediyim kimi, bu yerlər bir çox ölkələrə nisbətən isti olduğundan turistlərin də sayı xeyli idi. Əksərən də İrandan gəlmişdilər. Səhv etmirəmsə, İranda içki yasaqdır. Bu ölkələrin qadınlarının da çadrasız küçəyə çıxması onların faciəsilə nəticələnə bilər. Ancaq Salamisdə gördüklərim bunun əksiydi. İrandan gələn kişilər içki içir, qadınları isə avropasayaq-bəlkə də onlardan da irəli gedərək-geyinmişdilər. Sarı saçlı İran xanımlarını qınamayan olmasaydı, gündə üç dəfə paltarlarını dəyişib nümayiş etdirərdilər. Hələ mən onların tanımadıqları əkscinslilərlə mehribancasına gülərək danışdıqlarını demirəm. Bir sözlə, İranda yasaq nə varsa farslar otelin foyesində, hamının gözü qarşısında həyata keçirirdilər. Sanki bir neçə günlük də olsa ilan ağzından qurtulduqlarının kefini çıxarırdılar. Deməli, fars- molla rejimi, ancaq ölkəsində öz rejimini tətbiq edə bilər ki, bunun da sonu yoxdur...

Təbiəti gözəl, insanları mehriban

Yazın gəlişini Şimali Kiprdə hiss etdim. Hər yer yamyaşıl, gül-çiçəyə bələnmişdi. Şimali Kipri-Quzey Kıbrısı həm də limon və portağal ölkəsi adlandırmaq olar. Getdiyimiz hər yerdə həyətlərdəki limon və portağal ağacları o qədər bar gətirmişdi ki, budaqlar az qala yerə dəyirdi. Məni ən çox təəccübləndirən, həm də könül rahatlığı verən məqamlardan biri də bu yerlərdə hündürmərtəbəli yaşayış binalarının olmaması idi. Çox səliqə ilə tikilmiş və bir-birinə bənzəməyən iki və üçmərtəbəli binalar göz oxşayırdı.

Bu yerlərin təbiəti nə qədər gözəl və təmizdirsə, insanları da bir o qədər səmimi və qayğıkeşdir. Türkiyəli qardaşlarım məndən inciməsinlər, Kipr türkləri daha mehribandır. Hələ biləndə ki, Azərbaycandan gəlmişik, bu mehribanlığa, həm də qardaş sevgisi qatılırdı. Ancaq qəlblərində bir küskünlükləri də vardı. Deyirlər ki, gərək Azərbaycan heç nəyin fərqinə varmadan bizimlə hava əlaqəsini kəsməzdi. Biz də bu nədənin izahını verdik və bildirdik ki, Dağlıq Qarabağ problemini çözmədən bu addımı ata bilmərik.

Xalqın verdiyi fəxri ad

Şimali Kiprin bəlkə də ən sadə vətəndaşı belə ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərdən məlumatlıdır. Məsələn, onlar ərəb ölkələrində baş verən olayları çox gözəl şərh edə bilirlər. Ölkələrinin bu günə kimi müstəqil dövlət kimi tanınmamasının ola bilməməsinin səbəbləri onlara bəllidir. Onu da çox gözəl anlayırlar ki, Türkiyənin indiki hakimiyyəti nə qədər güzəştlərə getsə də, müxtəlif açılımlara müəlliflik etsə də, Avropa Birliyinə üzv qəbul olunmayacaq.

 Türkiyə istisna olmaqla, heç bir dövlət Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımasa da, bu ölkədəki demokratik mühitdən və hakimiyyətdə təmsil olunanların insanlarla rəftarından öyrəniləsi çox şeylər var. Bu ölkənin prezidenti mütəmadi olaraq vətəndaşlarla görüşür, evlərinə gedib çaylarını içir, problemləri onların dilindən eşidir. ŞKTC prezidenti çalışır ki, xalqının ziyanına olan məsələləri aradan qaldırsın. Xalq da bu sadəliyi qiymətləndirməyi bacarır.

Kiprlilər üzərlərində haqqı olan və Şimali Kiprin indiki durumda olması üçün əməyi keçən keçmiş prezident Rauf Denktaşı da uca tuturlar. Ona ən böyük adı-qurucu prezident adını verib sevirlər. Bu sevgi də Denktaşı ayaqda saxlayır ki, ümidləri və arzuları çin olsun...

Suna Atun

Şimali Kipr Türk Cümhuriyyətində bizə ən çox ləzzət verən məqamlardan biri də o idi ki, bu ölkədə hər kəs vətəninin tanınması, sevilməsi, dəyər verilməsi üçün əlindən gələni əsirgəmir. Bu gözəl, eyni zamanda çox sadə və səmimi insanlardan biri də SAMTAY Qurumunun rəhbəri Suna Atun idi. Özü deməsə də öyrəndik ki, Suna xanım ölkənin dəyərli nəslindəndir, həm də nazir anasıdır. Tam səmimi deyə bilərəm ki, Suna xanımın sadəliyinə həsəd aparırdım. Suna Atun və 1992-ci ildə ailəsi ilə birgə Şimali Kiprə gedərək Doğu Akdəniz Universitetində müəllim olaraq çalışan Günəş xanım iki gün bizim əziyyətmizi çəkdilər. Onların müşaiyətilə tarixi yerləri və muzeyləri gəzdik.

Bir nüansı da xüsusi vurğulayım, zəngin ailənin xanımı olan Suna Atun parasını həm də ölkəsinin tarixini, mədəniyyətini, folklorunu, incəsənətini, ədəbiyyatını dünyaya tanıtmaq üçün onlarca kitablar nəşr etdirib. Bu xanım gördüyü işlərdən xüsusi zövq alır. Çünki bilir ki, sonda ölkəsinin müstəqilliyinin tanınmasında əməyi keçən insanlar sırasında adı fəxrlə çəkiləcək. Suna Atun müəllifi olduğu kitabların pulusuz yayımıyla da məşğul olur. Bu kitablar həm də dərs vəsaiti kimi universitetlərdə tələbələrin karına gəlir.     

Salamis xarabalıqları

Şimali Kipr Türk Cümhuriyyəti tarixi yerləri ilə də zəngindir. Bu zənginliyi hər bir kipirli göz bəbəyi kimi qoruyur desəm, yanılmaram. Bir müddət əvvəl İstanbulda gördüklərimin burada da şahidi oldum. Belə ki, Şimali Kiprdə tarixi abidələr, yerlər olduğu tək qorunub saxlanılır. Həmin yerləri gəzərkən sanki tarixi hadisələrin canlı şahidinə çevrilirsən. Bu yerlərdən bir neçəsi haqqında qısa məlumat verməmişdən öncə qeyd edim ki, Şimali Kiprdə tarixi yerlərin ən çox ziyarətçiləri xristian ölkələrindən gələnlərdir.

Onlar həm istirahətlərini səmərəli keçirir, həm də Şimali Kiprin tarixi yerlərinə ekskursiya edib bilgi alırlar.

İlk ziyarət etdiyimiz yer Salamis xarabalıqları idi.

Araşdırmalar Salamisin tarixinin e.ə. XI əsrə qədər uzandığını göstərir. Arxeoloqların məlumatına görə, Enkomidə e.ə.1075-ci ildə güclü zəlzələ olduqdan sonra əhali tədricən bu yerlərə köçərək Salamisi qurublar. Qazıntılarda da bu ilk yerləşməyə aid məzar və liman izlərinə rast gəlinir. Kral məzarlarının ortaya çıxarıldığı nekropolisində ələ keçən hədiyyələr Salamisin bu dövrdə nə qədər zəngin olduğu haqqında məlumat verir. Şəhərdə ilk pulun e.ə. VI əsrdə basıldığı bildirilir.

Şəhər bu dövrdə Suriya və Anadoluyla birlikdə-e.ə. 333-cü ildə Makedoniyalı İsgəndərin  III Daranı məğlub etməsinə qədər  Əhəməni imperiyasının nəzarətinə keçir. İsgəndərin e.ə. 323-cü ildə ölümündən sonra Salamis Kiprin digər yerləriylə birlikdə Misirdə qurulan Ptoleme krallığının payına düşür. Şəhərin bu dövrdə İsgəndəriyyə, Antakya, Efes kimi bir Helenistik sivilizasiyanın əhəmiyyətli mərkəzlərindən biri halına gəldiyi və bu parlaq dövrün Roma İmperiyası dövründə davam etdiyi görünür. Günümüzə qalan xarabalıqların çoxu da Roma dövrünə aiddir. Şəhərin ən böyük düşməni zəlzələlər olub. Zəlzələlərdən sonra Bizans imperatoru Konstantin (337-361) şəhəri yenidən inşa edərək Konstantiya adını verib. Ancaq limanın getdikcə dolması, təbii dağıntılar və bir müddət sonra başlayan ərəb hücumları şəhərin sonunu müəyyənləşdirir. Bu xarabalıqlardakı hündür-ağ sütunlar, bir-birinin əksi olan daş heykəllər, kralın sarayı, yataq otaqları və yaxınlıqdakı "Heronun sirki"ni xatırladan yerlər həqiqətən bənzərsiz tarixi reallıqlardan xəbər verir.   

Barbarlıq muzeyi

Lefkoşanın mərkəzində yerləşən bu muzeyə daxil olan kimi qəddarlığın və vəhşiliyin şahidi olursan. Bir türk ailəsinin qətlə yetirildiyi bu əski yaşayış evinin divarları atlan güllələrdən deşik-deşikdir. Otaqların hər birində 1963-cü ildə yunanların türklərə qarşı adanın hər tərəfində başlatdıqları qətliamlarda qocalar, uşaqlar və qadınların vəhşicəsinə öldürülməsini əks etdirən fotolar asılıb.  

Dəhlizin yuxarı başında evin xanımı ilə uşaqlarına aid qanlı əşyaları qorunub saxlanılır. Bir sözlə, burada hər şey yunanların türklərə qarşı soyqırımını əks etdirir. Ötən əsrin 60-cı illərində yunanların Kipr türklərinə qarşı başlatdıqları soyqırımı 1990-cı illərdə ermənilər Azərbaycan türkünə qarşı törətdilər. Bu dəfə ermənilər qəddarlığın və vəhşiliyin sonuncu nümunəsini Xocalı soyqırımında göstərdilər. Belə ki, öldürdükləri qocanın beynini oydular, hamilə qadının qarnını deşib körpəsini itlərə atdılar, uşaqların gözlərini deşdilər, qulaqlarını kəsdilər, dişlərini çıxartdılar və s. Ona görə də muzey bələdçisi öz faciələrini nəql edəndə onların ağrısını, acısını daha yaxından anladıq. Çünki eyni olmasa da, fərqli və daha amansız faciəni yaşamışıq.  

38 ay məhbəs həyatı

Bir həftə müddətində ziyarət etdiyimiz yerlərdən biri də Canbulat muzeyi və Namiq Kamal zindanı oldu. Qeyd edim ki, Surlar içində Xidmətçi Mustafa Paşa Məscidinin qarşısında olan Namiq Kamal Zindanı və Muzeyi Mağusadakı ziyarət edilməyə dəyən tarixi əsərlərdən biridir.

 Bizans sarayının qalıqları üzərində Osmanlı dövründə qurulan iki qatlı düzbucaqlı şəklindəki bu zindan kəsmə daşdan tikilib. Üst qismə dikdaşlı bir pilləkənlə çıxılan iki pəncərəsi olan bu otaqda məşhur jurnalist, siyasətçi, şair və yazıçı Namiq Kamala aid sənədlər gələnlərə göstərilir.  Tekirdağda 1840-cı il dekabrın 21-də doğulan Hamiq Kamal azadlıq şairi olub. Vətən, millət, azadlıq sözlərini ilk dəfə istifadə edən Hamiq Kamal teatrı yeni fikirlərini yaymaq üçün yaxşı bir vasitə kimi görüb və bu istiqamətdə altı dram əsəri yazıb. Namiq Kamal 1873-cü il aprelin 9-da İstanbul Çat Paşa teatrında "Vətən Yaxud Silistre" pyesinin səhnəyə qoyulmasından sonra Kiprə sürgün olunub. Əvvəllər alt qatdakı zindanda məhbəs həyatı yaşayan Hamiq Kamal bir müddət sonra Veyis Paşanın icazəsilə üst qata çıxarılıb. Bu binada 38 ay qalan Namiq Kamalı elə Veyis Murad da bağışlayaraq və İstanbula göndərib.

 Mağusa həyatı rahat və məhsuldar keçən Namiq Kamal, burada sərbəstcə gəzə, məktublaşa, qonaqlarını qəbul edə bilib. Roman, teatr, tarix və tənqidə dair bir çox əsərini Mağusada yazan sənətçi, ədəbi işlərə ayıracaq ən çox zamanı burada tapıb.

"Təknən varsa, həyat da var"

Şimali Kiprə gələn hər bir kəsi Girne şəhərinə ekskursiyaya aparırlar. Bu şəhər də bir başqa aləmdir. Dənizin qoynunda yerləşən bu şəhər mənə Bakının Qız Qalası yerləşən hissəsini xatırlatdı. Girnədə sahilboyu restoran və kafelər gələn müştərilərə yüksək səviyyədə xidmət göstərsələr də, bahaçılıq idi. Hələ mən kiçik gəmilərlə dəniz səyahətini demirəm. Öyrəndik ki, bu şəhərin sakinləri öz dolanışıqlarını elə bu gəmilərdən çıxarırlar. Özlərinin dediyi kimi "təknən varsa, həyat da var".

Şimali Kiprdə yollar o qədər rahatdır ki, nə qədər məsafə qət etməyindən asılı olmayaraq heç ruhun da incimir. Ancaq bir məsələ var ki, orada bütün maşınlarda sükan bizdəki kimi solda deyil, sağdadır. Bizə yolçuluq edən sürücülər deyirlər ki, onlar üçün rahatdır. Sizi inandırım ki, bu günlər ərzində şəxsən mən yollarda bir nəfər də yol polisinə rast gəlmədim. Sanki qeybə çəkilmişdilər. Bu ölkədə dediyim kimi, hər kəs qanunlara tabedir. Sürücü də o cümlədən. Yolboyu şütüyən maşının sürücüsü bilir ki, hansı yerdə maşını asta sürmək lazımdır. Çünki bunun üçün radar işarələri onlara bələdçilik edir...

...Şimali Kipri gedib görən insanların qəlbindən bir arzu keçir və bu arzu əgər sevgidən doğursa dilə də gətirilir-kaş bu ölkənin müstəqilliyi tezliklə tanınardı...






Arzu Şirinova
Bakı-Lefkoşa-Bakı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir