Modern.az

Nəbi Xəzrinin oğlu “Atalar və oğullar” layihəsində: “Atam rus qızına sataşan ermənini döydüyünə görə universitetdən xaric edilmişdi”  

Nəbi Xəzrinin oğlu “Atalar və oğullar” layihəsində: “Atam rus qızına sataşan ermənini döydüyünə görə universitetdən xaric edilmişdi”  

14 Fevral 2017, 09:25

Modern.az saytının “Atalar və oğullar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...


Layihəmizin növbəti qonağı mərhum Xalq şairi, Nəbi Xəzrinin oğlu Arzu Babayevdir. O, dillər əzbəri olan şeirlərin müəllifi, maraqlı şəxsiyyət  olan atası Nəbi Xəzri haqqında xatirələrini danışıb, ürək sözlərini sizinlə bölüşəcək:

Sizi Arzu Babayev  və onun atalı söhbətləri ilə baş-başa buraxırıq:

Nəbi Babayevdən Nəbi Xəzriyə

-Atam haqqında hər zaman danışmağa canla-başla hazıram. Onun ruhu bu gün də məni hifz edir. Başqaları onu yalnız böyük şair kimi xatırlasa da, biz övladları Nəbi müəllimi  həm böyük şair,  həm də ədalətli, qayğıkeş ata kimi anırıq. Mənə çox qiymətli nəsihətlər verirdi. Deyərdi, “baxmayaraq ki, imkanlı tacir ailəsinin oğlu idim, amma öz zəhmətimlə Nəbi Babayevdən Nəbin Xəzriyə çevrildim və parladım. Nəbi Xəzrinin oğlu olmaqla bərabər, çalış özün öz zəhmətinlə həyatdakı cığırını tapasan və özünü cəmiyyətdə zəhmətinlə tanıdasan. Deməsinlər ki, bu Nəbi Xəzrinin oğludur, desinlər ki, Arzu Babayevdir. Sənə həm mənə, həm də özünə görə hörmət etsinlər”.
Onun nəsihətləri mənə müstəqil həyatda yerimi tapmaqda çox yardımçı oldu. Atam əslən xırdalanlıdır, atası da, anası da oradandır. Atası Xırdalanda tanınmış tacir olub. Həm baqqal dükanı, həm də At yalı deyilən ərazidə heyvandarlıq təsərrüfatı olub. Amma 1932-33-cü illərdə babam Kərbəlayi Ələkbər ard-arda üç oğlunu, atam isə böyük qardaşlarını itirir. Atası dini hökmlərə dəqiq əməl edən, mollagünü bir adam olub. Bu itkilər onu sarsıdır. Elə günlərin bir gün deyib daha mən gedərgi oldum, eləcə, gecə yatıb bir də ayılmayıb. Atam tək qalası olub, çünki özündən böyük bacıları artıq ailə qurmuşdular.

Özündəki şairlik istedadını 7 yaşında kəşf edib. 1931-ci ildə birinci sinifdə oxuyarkən “Böyüyəndə kim olmaq istəyirsən” mövzusunda inşada şair olacağını yazıb. O zaman bəziləri buna təəccüblənib, bəziləri isə gülüb. Maşınlar ölkəyə təzə-təzə gəldiyi üçün az qala sinfin yarısı sürücü olmaq istədiklərini yazıb. Təkcə atamın şair olmaq istəyi qeyri-adi görünüb. Sonradan məktəbin divar qəzeti və pioner qəzetlərində şeirləri çap olunub. Nəbi Babayev imzasını həmyaşıdları arasında fərqləndirməyi bacarıb. Daha sonra isə.... müharibə... O zamanın qara kabusu və atam da 1942-ci ildə bu kabusun cığırına düşür. Arxa cəbhədə xidmət etməsinə baxmayaraq, müharibə müharibədir, atamı qara xəstəlik yaxalayır...

Bacısının belə tanımadığı Nəbi Xəzri


-İkinci Dünya Müharibəsi illərində atam 1942-44-cü illərdə İrəvan şəhəri yaxınlığındakı 45-ci tikinti batalyonunda xidmət edib. 1944-cü ildə elə bir xəstəliyə, qızdırmaya tutulur ki, hərbi hissənin tibbi xidməti ona heç cür diaqnoz qoya bilmir. Məcbur olub atamı ordudan tərxis edirlər. Çox böyük çətinliklə, qızdırma içində Xırdalan vağzalına gəlir. Qarşısına çıxdığı ilk ev elə bibim Xanımananın evi olur. Qapını döyüb içəri keçəndə bibim onu tanımır. Elə bilir ki, çörək, yeyəcək üçün qapını döyən başqa əsgərlərdən biridir. Çünki o zaman əsgərlər evlərə tez-tez gedər, nəsə azuqə alardılar.  Bibim tanımayıb deyir ki, “a bala, bayaq gəldin, nə lazım idisə sənə verdik, indi öz uşaqlarımın boğazından kəsən deyiləm ki”.
O zaman vəziyyət çox çətin olub -talonlarla, uzunsürən növbələrlə bir parça çörək əldə etmək olardı -atam heç nə demir, diqqətlə bibimə baxır, bibim nəhayət, onu gözlərindən tanıyır. Heyrətlənir, “ay atamın balası bu sənsən?! Tanımadım səni”, deyib, hönkürtü ilə ona sarılır. Atam da möhkəm kövrəlir. O dərəcədə sınıxmışdı ki, doğma bacısı belə  onu ancaq gözlərindən tanıya bilmişdi. Tərxis olunduqdan sonra da bu xəstəlik onu bir müddət izləyir. Adicə yemək belə yeməz, ancaq su içərmiş. Bir gün atamı Mir Möhsün ağanın yanına aparırlar. Ağa əlini onun başına çəkir və  yediyi yeməyə çörək batıraraq atama uzadır. Atam yeyir, çoxdan idi ki, dilinə bir tikə də dəymirmiş. Evə gələndən sonra yediyini qaytarır və onunla da qızdırmadan xilas olur.

Cığır axtarışında

-Əmək fəaliyyətinə  1944-cü ildə Azərbaycan Dövlət Radiosunda diktor kimi başlayıb. O zaman müharibədən yenicə qayıdan atam müsabiqə yolu ilə  diktor seçilir. Lakin bədii yaradıcılığından bir an da olsun uzaqlaşmır, elə hey yazır, yazırdı. 1945-ci ildə “Azərbaycan” jurnalında çıxan iki şeiri-“Söz”  və “Yaylıq” şeirləri ilə tanış olan böyük şair Səməd Vurğun atamın heç bir kitabı-filan olmamasına baxmayaraq, onu Azərbaycan Yazıçılar İttifaqına qəbul edir. Daha sonra 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olur. Sonradan təhsilini davam etdirmək üçün Leninqrada, daha sonra isə Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna yollanır. Ümumiyyətlə, Rusiya mühiti onun bədii yaradıcılığına çox müsbət təsir göstərdi. Rus dilində 15 şeir kitabının çapdan çıxması bunun əyani sübutudur. “Xəzri” təxəllüsünü isə 1958-ci ildə götürüb. Atam Xəzərin vurğunu idi, o dənizsiz, Xəzərsiz və xəzrisiz yaşaya bilmirdi. Bu sevgini də mənə o, aşılayıb. 1958-ci ildən sonra “Xəzri” təxəllüsü ilə şeirlər yazmağa başlayır və Azərbaycan ədəbiyyatında Nəbi Xəzri cığırı beləcə yaranır. Atam hətta, sovet dövründə “pasport” alan zaman belə rəsmi soyadının yanına “Xəzri” sözünü əlavə etdirə bilir və bunu hər zaman məmnunluqla xatırlardı.

Ermənidən alınan intiqam

-Nəbi müəllim 1947-49-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949-52-ci illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda  təhsil alıb. Leninqradda oxuduğu zaman qruplarında 19 qızın yanında yeganə oğlan tələbə bu olub. Onlardan yaşca böyük olduğu üçün bir dost, qardaş kimi qızları qoruyarmış. Atam danışardı ki, bir gün universitetdə dərslər təzə başlayan zaman onlardan yaşca böyük olan, yuxarı kursda oxuyan iki erməni tələbə qruplarındakı qızların birinə sataşır. Qız  acıqlansa da, erməni ondan əl çəkmir. Atam yaxınlaşaraq, erməniyə etiraz edir. Onun cavabında anlayır ki,  hansı millətdəndir. Xatırlayanda deyərdi ki, nə yaxşı ki o əlimdə ölmədi. Yəni, atam onu o dərəcədə möhkəm döyüb ki, əlindən bir xətər çıxmadığına sonradan özü də sevinirdi. O biri yoldaşı da atam ermənini döyən zaman  təbii ki, qaçıb aradan çıxır. Çünki qorxaqlıq, dar macalda aradan çıxmaq o millətin xislətində hər zaman olub. Atam o hadisədən sonra dərsdən çıxıb yataqxanaya gəlirmiş, elə orada eşidib ki, artıq onu universitetdən xaric ediblər. Sən demə, atamın oxuduğu Filologiya fakültəsinin dekanı milliyətcə erməni imiş. Odur ki, həmin iki erməni oğlanın şikayətindən sonra cəmi bir saatın içində atamın haqqında təqdimat yazıb, onu universitetdən xaric edirlər. Bu səbəbdən yataqxanaya da buraxılmır və gecəni bayırda skamya üstündə yatır. Səhəri universitetə gələndə qrup yoldaşları olan qızlar deyir ki, “Nəbi, hər şeydən xəbərimiz var, biz sənin arxanda duracağıq,  elə günü bu gün rektorun qəbuluna gedəcəyik”. Rektorla görüşən qızlar ona deyir ki, “Nəbi rus qızının qeyrətini qoruyub. Buna görə o universitetdən çıxmamalıdır”. Beləcə, atam təhsilini davam etdirir. 1949-cü ildən Moskvaya –Maksim Qorki adına Ədəbiyyat İnstitutuna gələrkən qızlar hamısı atama deyib ki, “bəs, bundan sonra bizi kim qoruyacaq....”.

Atamı ömürlük  sarsıdan 4 yaşlı faciəsi

-Nəbi müəllim  şeirlərinin çoxunu Xırdalandakı evimizdə yazıb. Daha sonra biz Abdulla Şaiqin yaşadığı evə köçəsi olduq. Abdulla Şaiqin ailəsinə indiki Hüsü Hacıyev küçəsinə ev verilmişdi. Ailəmiz 1958-ci ildə ora köçdü, özüm də o evdə anadan olmuşam. Hazırda ora Abdulla Şaiqin ev muzeyi kimi fəaliyyət göstərir.

Onun həyatında acılı anlar çox olub. Məndən iki yaş böyük qardaşım var idi, Ələkbər, 1960-cı ildə anadan olmuşdu, təəssüf ki, 1964-cü ildə - cəmi 4 yaşında dünyasını dəyişdi. Bu atama böyük zərbə oldu, ömrünün axırına qədər onun sarsıntısından xilas ola bilmədi. Atam 1960-cı ildə “QAZ-21” markalı maşın almışdı. Mən iki, qardaşım dörd yaşında olanda hər ikimizi qabaq oturacaqda əyləşdirər, ya kəndə, ya da bağa aparardı. Qardaşımdan sonra isə o maşına yaxınlaşa bilmədi. Bir neçə dəfə oturdu, sükan arxasınakeçən kimi gözlərindən yaş gilələnərdi, deyərdi, “elə bil Ələkbər  buradadır, gəlib orada oturub”.  Sonda o maşını satdı, başqası ilə əvəzlədi.

Bu hadisəni heç zaman unutmadı. Onun həyatında sonrakı ən faciəli məqam isə 1989-cu ildə anam Gülarə xanımın vəfatı oldu. Bu atama çox pis təsir etdi. Günlərlə ağladı, kimsə ilə kəlmə kəsmədi, bu itki ilə barışa bilmədi. “Qəm dəftəri” şeirlər toplusunu anama həsr etdi ki, o kitabdakı şeirlərin bircə misrasını belə təsirlənmədən oxumaq olmur.

“Dəniz, göy, məhəbbət”

-Xatirələr danışdıqca yada düşür. Əlbəttə, Nəbi müəllimlə bağlı o qədər xatirələr, yaşantılar var ki, onları yazdıqca yazmaq, danışdıqca danışıb qurtarmaq olmaz. Xatırlayıram,  uşaq olanda atam bağda hər gün səhər yeddidə məni yuxudan oyadardı, deyərdi ki, “indidən tez oyanmağa alış. Səhər-səhər bağın əncirindən ye”. Sonra mütləq məni dənizə çimməyə aparmalı idi. Deyirdim ki, “ay ata, səhər-səhər dəniz soyuq olar axı”, amma təkid edib deyirdi ki, “mütləq suya gir, dənizə baş vur”. Mənim üçün səhər idmanları belə keçirdi.

 

“Gecə yuxularda danışanımsan”

 

-1989-cu ildə anam Gülarə xanımın vəfatı atama çox pis təsir etdi. O vaxtdan, dünyasını dəyişdiyi 2007-ci ilə qədər atam nə çəkdi, bunu bir özü bilir. “Qəm dəftəri” adlı şeirlər kitabındakı bir şeirində anamın vəfatını böyük ürək ağrısı ilə təsvir edib:

“Axı səninlədir hər anım mənim
Sən mənim nisgilim, pərişanımsan.
Gündüz şəkillərdə susanım mənim,
Gecə yuxularda danışanımsan”.

Anamdan sonra xasiyyətində də müəyyən ziddiyyətlər yarandı. Atam birdən qocaldı, o, cavan oğlan kimiydi. Pilləkənləri iki-iki qalxar, məndən heç fərqlənməzdi. Amma xəstələnəndə də deyərdi ki, deyəsən, Gülarəyə qovuşmağa az qalır. Elə hey anamı xatırlayardı. Ömrünün son günlərinə qədər bu “təskinlik” davam etdi.
Atam bəlkə də, nə zamansa anama qovuşacağı üçün xəstəliyin özündən belə təskinlik tapırdı. Bu səbəbdən heç bir xəstəlik  onu qorxuda bilmirdi.. Ölümündən haradasa 3-4 gün əvvəl insult keçirdi, bir tərəfi tutuldu və nitq qabiliyyətini itirdi. Elə ancaq “istəmirəm” deyirdi, iynədən, dərmandan, yeməkdən hər şeydən “istəmirəm” deyərək imtina edirdi. Dili başqa söz tutmurdu. Xəstəxanaya aparanda da “istəmirəm” deyib etiraz edirdi. Beləcə, 2007-ci il yanvarın 15-də səhər saat 10:45 radələrində atam, böyük şair Nəbi Xəzri dünyasını dəyişdi. Görünür, bircə anama “istəmirəm” sözünü deyə bilmədi...


Ömrün pillələri-nazir müavini olan şair

-İnsan kimi hər birimizin həyatında ağrılı–acılı, şirinli-fərəhli dəqiqələr olur. Atamın da həyatında ziddiyyətli yaşantılar çox olmuşdu. Amma  şair kimi birmənalı deyə bilərəm ki, o xoşbəxt şair idi. Ümumittifaq Lenin komsomolu mükafatı laureatı (1968), SSRİ dövlət mükafatı laureatı (1973), Azərbaycan dövlət mükafatı laureatı (1982), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycanın xalq şairi (1984), həmçinin, “Şöhrət” və “İstiqla”l ordenlərinə layiq görülmüşdü. Ulu öndər Heydər Əliyev hər zaman atamı dəyərləndirib. Prezident İlham Əliyev də atamın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdı. Akademik Milli Dram Teatrında möhtəşəm yubiley gecəsi təşkil olundu.

O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edib. Nəbi Xəzri 1992-ci ildən ömrünün sonun qədər "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olub. Şairliklə yanaşı, Azərbaycan mədəniyyətinin təbliğində də əvəzsiz işlər görüb. O, nazir müavini olanda-yəni, 1972-ci ildə mənim cəmi 10 yaşım var idi. Amma yaşıdlarından eşitmişəm ki, bu postda da çox yaxşı çalışıb, vacib tədbirlərin təşkili atama tapşırılarmış. Özü də şair idi deyə, mədəni tədbirlərin təşkili ona xüsusi zövq verirdi.

Nəbi Xəzrinin fəaliyyətinin əsas qolu da mədəniyyətimizi xarici ölkələrdə təbliğ etmək olub. Xarici ölkələrdə keçirilən “Azərbaycan ongüllükləri”nə məşhur müğənnilərlə, sənətkarlarla bərabər o da gedərdi. Birbaşa nəzarəti özü həyata keçirərdi. Elə olurdu ki, hər ay Asiya,Avropa, Şimali Afrika ölkələrinə belə bu missiyanı həyata keçirmək üçün gedərdi.


Zirvədəki üçlük- mahnı, müğənni və şair

 

-Atamın sözlərinə ümumilikdə yüzdən çox mahnı bəstələnib. Onlardan ən məşhurlarından olan, Müslüm Maqomayevin ifa etdiyi məşhur “Azərbaycan” mahnısının da maraqlı yaranma tarixçəsi var. Bir gün Müslüm Maqomayevin özü atama məktub və kaset göndərib, oradakı musiqiyə uyğun mahnı mətni yazmağı xahiş etdi. Atam əvvəlcə yazmadı, dedi ki, “mən hazır musiqiyə şeir yazan şairlərdən deyiləm”. Anam, böyük bacım, hətta mən də xahiş etdik ki, musiqiyə şeir yazsın. Böyük bacım dedi ki, “Maqomayev məşhur ifaçıdır, az qala, bütün dünyanı gəzir. Onun sənin sözlərini ifa etməsinin, dünyanın hər yerində sənin adının hallanmasının nəyi pisdir ki?!”.
 Beləcə, atam məşhur “Azərbaycan” mahnısının sözlərini yazdı. Orijinalda şeirin adı ”Baharlı yurdum” idi, sonradan “Azərbaycan” kimi dəyişdirildi. Müslüm Maqomayev şeirin iki bəndini oxuyur, sonra rusca davam edir, üçüncü bənd isə qalır. Bir çox səhvlərin yol verildiyi “Min bir mahnı” kitabında “Azərbaycan” mahnısının sözləri çox təhrif edilib. Buradan müraciət edirəm: həmin kitaba istinadən “Azərbaycan” mahnısını oxumasınlar. Kim əgər orijinal versiyadakı kimi oxumaq istəyirsə, mənimlə əlaqə saxlaya bilər. Müslüm Maqomayevin Azərbaycan mahnısı qanadlandı, zirvələri fəth etdi. Bu gün də zirvələrdədir və özü ilə bərabər, iki sənətkarı da orada saxlayır...

Nəbi Xəzri ulduzu

 

-Valideyn qayğısı, valideyn həsrəti tamam başqa hisdir. Bu gün sizlər Nəbi müəllimi ancaq bir şair, şeirlərini sevdiyiniz müəllif kimi xatırlayıb, buna görə darıxırsınızsa,  onun üç övladı- mən və  iki bacım həm gözəl şair, həm də ata kimi onun üçün darıxırıq.  Bu gün atam üçün çox darıxmışam... Baxmayaraq ki, dünyasını dəyişəndə onun 83, mənim isə 45 yaşım var idi və həmin tarixdən 10 il keçir. Amma bu gün də atam və anama ehtiyac hiss edirəm. Lakin onu da bilirəm ki, Nəbi Xəzri biz üç övladını göydə ulduz tək izləyir. Hər zaman izləyir, hifz edir. O ulduz Nəbi Xəzri ulduzudur ki, bu gün də yolumuza işıq saçır... Mən həmin ulduza üzümü tuturam və deyirəm: ata, ana, Allah sizi rəhmət eləsin...

E.Nazimoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi