Modern.az

Bu il qəbul imtahanları niyə 2 dəfə keçiriləcək? - DETALLAR

Bu il qəbul imtahanları niyə 2 dəfə keçiriləcək? - DETALLAR

14 Fevral 2017, 13:03

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il qəbul imtahanlarının 2 dəfə keçirilməsi ilə bağlı bəzi detalları açıqlayıb.

Modern.az xəbər verir ki, M.Abbaszadə deyib ki, qəbul imtahanların iki dəfə keçirilməsi ilə bağlı yenilik bir neçə ildir hazırlanır.

 “Əvvəlki illərin məzunları üçün qəbul imtahanları mayda, builki məzunlar üçün isə iyunda keçirilirdi. Çoxsaylı müraciətlər olurdu ki, abituriyentlər yaxşı nəticə əldə etmək üçün ikinci şans əldə etmək istəyirlər. Əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət büdcəsindən maliyyələşdirildi və hər bir abituriyentə müəyyən bir məbləğ, xərc ayrılırdı. Biz həmin dövrdə imtahanları təkrar keçirə bilməzdik. Çünki bu büdcənin artmasına gətirib çıxara bilərdi. Artıq bu xidmət bir növ pullu olduğu üçün abituriyentlərə əlavə imkan yaradılıb. Elmi nöqteyi nəzərdən də neçə ildir bu imtahanların tamamilə uyğunluğu müşahidə olunur. Düşünürəm ki, öz şanslarını sınamaq istəyən abituriyentlər həqiqətən bu imkandan yararlana biləcəklər”.

 

M.Abbaszadə bildirib ki, hər bir abituriyent hansı imtahanda iştirak etmək istədiyini özü müəyyən edəcək. Onun sözlərinə görə, abituriyent onlara verilən ərizə formasında ya mayda, ya iyulda və yaxud hər iki imtahanda iştirak etmək istədiklərini qeyd edə biləcək.

 

DİM Direktorlar Şurasının sədri test imtahanlarının ödənişli olması ilə bağlı məsələyə də münasibət bildirib.

 “Test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi istiqamətində işləri yarım ildir aparırıq. Son 3 il ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın büdcəsində olan vəsaitlərin necə xərclənməsinə dair bütün araşdırmalar aparılıb. Bu araşdırmaların nəticələrini müvafiq nazirliklərə göndərmişdik. Amma bu gün bizim öz təkliflərimiz də hazırdır. Təbii ki, bu qərar biz tərəfdən deyil, Tarif Şurası tərəfindən qəbul ediləcək. Bu istiqamətdə lazımi danışıqlara bu gündən başlanılıb”.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?