Modern.az

54 gün mühasirədə, 1 il komada - Jurnalist atasının vəziyyətindən DANIŞIR

54 gün mühasirədə, 1 il komada - Jurnalist atasının vəziyyətindən DANIŞIR

14 Fevral 2017, 16:23

Qarabağ veteranı, Laçın rayonundan məcburi köçkün, müəllim, yazıçı-publisist, “Əlli dörd gün erməni mühasirəsində” kitabının müəllifi Əli Əliyev düz 1 ildir ki, koma vəziyyətindədir.

 

Əli Əliyev bu vəziyyətə 2016-cı ilin fevral ayının 14-də uğradığı avtomobil qəzası nəticəsində düşüb. Həmin gün onu Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən avtomobil vurub. Hadisə paytaxtın “Koroğlu” metro stansiyası yaxınlığında, 70 yaşlı Əli Əliyev yolu piyada keçərkən baş verib.

 

Ağır kəllə-beyin travması alan Əli Əliyev bir neçə gün 1 saylı Şəhər Klinik Xəstəxanasının (“Semaşko”), daha sonra 7 ay ərzində Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə olunub. 5 aya yaxındır onun müalicəsi “Avrasiya” hospitalında davam etdirilir.

 

Əli Əliyevin müalicəsinə kömək məqsədilə onun müəllifi olduğu “Əlli dörd gün erməni mühasirəsində” kitabı ötən il təkrar nəşr edilib və iki dəfə kitabın satış aksiyası keçirilib. Bundan başqa “Bank Respublika”nın Yasamal filialında bank hesabı da açılıb.

 

Əli Əliyev altı övlad atasıdır. Oğlu İmdad Əlizadə ölkənin tanınmış jurnalistlərindəndir. Atasının hazırkı durumu ilə bağlı Moderator.az-a açıqlamasında İmdad Əlizadə deyib ki, müalicə xərclərinin ödənməsi məsələsində çətinliklər davam edir, ailənin xəstəxanaya borcu durmadan artır: “Hazırda vəziyyət çox çətindir. Bütün imkanlar tükənib. “Avrasiya” hospitalına 8 min manat borcumuz yaranıb. Bu borcu necə ödəyəcəyimizi bilmirik. “Avrasiya” xəstəxanası özəl müəssisə olduğuna görə müalicə xərclərini ödəməkdən başqa yolumuz yoxdur. Amma buna maddi imkanımız çatmır. Yenə də dostların dəstəyinə ümid edirik”.

 

İmdad Əlizadə bildirib ki, atasını indiyə qədər 30-a yaxın həkim müayinə edib. Ümumi rəy belə olub ki, xəsarət ağırdır, amma Əli Əliyev ümidsiz xəstə deyil, ona görə də səbirlə gözləmək lazımdır: “Biz də bir ildir ümid və səbirlə möcüzənin baş verəcəyini və atamın komadan ayılacağını gözləyirik”.

 

Ailəni çıxılmaz vəziyyətə salan bir səbəb də odur ki, Əli Əliyev yalnız xəstəxana şəraitində müalicə almalıdır. Laçın rayonundan məcburi köçkün olan Əli Əliyevin ailəsi Bakının Xətai rayonunda 242 saylı uşaq bağçasında məskunlaşıb. Koma vəziyyətində olan xəstənin müalicəsi üçün nəinki uşaq bağçasında, hətta başqa bir evdə, heç əksər dövlət xəstəxanasında da lazımi şərait yoxdur. Ona görə də İmdad Əlizadə deyir ki, ailə ya pul tapıb müalicənin xəstəxanada davam etdirilməsinə nail olmalı, ya da xəstəni evə aparıb, oturub ölümü gözləməlidir: “Çünki mənim atam kimi xəstələr ev şəraitində çox qalmır. Atam bu gün də reanimasiya şəraitində müalicə olunur və 24 saat həkim-tibb bacısı nəzarətindədir. Belə müalicə üçün uyğun şərait yalnız özəl xəstəxanalarda var”.

 

Açıqlamasında İmdad Əlizadə atasını avtomobillə vurmuş sürücüdən və onun yaxınlarından da ciddi narazılıq edib. O, qarşı tərəfi məsələnin istər maddi, istər mənəvi, istərsə də hüquqi məsuliyyətini dərk etməməkdə qınayıb. Jurnalist vurğulayıb ki, atasını vuran sürücü indiyədək müalicə xərclərinin yalnız 3 faizini ödəyib.

 

Əli Əliyev 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

 

Kitabının adından göründüyü kimi, Əli Əliyev vaxtilə 54 gün erməni mühasirəsində olub. 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalmış Əli Əliyev xatirələrini 20 ilə yaxın sonra, 2012-ci ildə kitab şəklində çap etdirib. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film də çəkilib. Filmin ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.

 

Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır.

 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır