Modern.az

Generala AÇIQ MƏKTUB: İmkan verin, jurnalistlərin suallarını deputatlığa layiq olanlar cavablandırsın! 

Generala AÇIQ MƏKTUB: İmkan verin, jurnalistlərin suallarını deputatlığa layiq olanlar cavablandırsın! 

14 Fevral 2017, 16:55

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncama əsasən, Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilib. Yeni yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinı Ramin Quluzadə rəhbər təyin edilib.

Ekspertlər struktur dəyişiklikləri ilə bağlı Prezidentin sərəncamını yüksək qiymətləndiriblər. Mətbuatın diqqətini çəkən əsas məsələ keçmiş nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsiz qalması ilə bağlı olub.


Adətən bu cür hallarda mərkəzdə dayanan şəxsin ailə üzvlərinin, yaxınlarının, qohumlarının,  dostlarının, o cümlədən çevrəsində olan digər insanların olaya qısa münasibəti, nə deməkləri xəbərə çevrilir. O baxımdan da, müzakirələrin mərkəzində bu sual qərarlaşıb. Görəsən Ziya Məmmədov hansı sahədə çalışacaq?


Bəllidir ki, keçmiş nəqliyyat naziri vəzifə postuna sahib olduğu vaxtlarda  ən çox müzakirə edilən məmurlardan idi. Buna görə də indi onun vəzifəsiz qalmasına ətrafındakı şəxslərin də reaksiyası maraqlıdır.

Məsələn, qardaşı Elton Məmmədov Modern.az-a açıqlamasında deyib ki, Prezidentin sərəncamı müzakirə obyekti ola bilməz. O, hətta qardaşı Ziya Məmmədovun yeni vəzifəyə gətirilə biləcəyi haqda sualı da təmkinli və sakit şəkildə cavablandırıb.

 

“Bu bizim arzumuz ola bilər. Amma məsələ ölkə rəhbərinin konstitusion səlahiyyətlərinə daxildir. İndi gəzən fərziyyələr, söhbətlər gerçək ola bilər. Buna isə biz qərar vermirik”.

 


Milli Məclisin deputatı Fəzail Ağamalının isə keçmiş nəqliyyat naziri  ilə gərgin münasibətlərinin olması mətbuata çox yaxşı bəllidir. Bəlkə də, vaxtilə Ziya Məmmədovu Fəzail Ağamalı qədər tənqid edən deputat olmayıb. Amma Ziya Məmmədovun nazirliyinin ləğv edilməsini, onun öz postunu itirməsini Fəzail Ağamalı mədəni şəkildə cavablandırıb.

 

“Ziya Məmmədovun Azərbaycan dövləti qarşısında zamanında xidmətləri olub. O, öz üzərinə düşən vəzifələri zaman çərçivəsində yerinə yetirib. Bu məsələ müzakirə predmeti deyil. Ona görə də Ziya Məmmədovu daha müzakirə etməyə ehtiyac yoxdur”.

 

Fikir verirsiniz, məlum məsələ ilə bağlı cavablar sakit tərzdə verilib. Çünki kiminsə vəzifəyə təyin olunmasının, ya da uzaqlaşdırılmasının müzakirə olunmasında qəbahət yoxdur. Mətbuatın işi oxucunu məlumatlandırmaqdır.

 


Yaxşı, bəs Ziya Məmmədovun qudası, deputat Əliağa Hüseynovun bunlardan niyə xəbəri yoxdur? Milli Məclisin 4-cü və 5-ci çağırışında deputat olan bu şəxs telefonla danışıq mədəniyyətinin necə olduğunu hələ öyrənməyib. Amma deputatdır.

 

Əslində, Əliağa Hüseynovla bağlı “mərifətli” yazı yazmağımın səbəbi də özüdür. Belə “gözəl” təşəbbüsdə bulunmasaydı, nəyimə lazımdı “adı var, özü yox” deputatla bağlı  nəsə yazmaq! Onsuz da, nə vaxt zəng etsək, Salyanda otura-otura “xaricdəyəm” deyir. Bu, onun öz işidir.

 


Dünən də Prezidentin sərəncamı ilə bağlı Əliağa Hüseynova zəng etməli oldum. Əliağa Hüseynov Ziya Məmmədovla qudadır axı! Bu cür  məsələlərdə bir kəlmənin özü belə, informasiyadır.

 

Amma Əliağa Hüseynov daha “mədəni” bir yol seçdi. Telefonu açıb kim olduğumuzu bilmədən başladı söyməyə. Hətta o dərəcədə söyüşlər söydü ki, bunu mətbuat səhifəsinə çıxarmaq belə, mümkün deyil.

Adama deyərlər, zəng edənin kimliyini bilmədən niyə qışqırıb-söyürsünüz? Cənab ehtiyatda olan general-leytenant, hirsinizi bu formada nümayiş etdirməyi deputat adınıza necə sığışdırırsınız?

Vallah siz telefonu açıb danışmaq istəmədiyinizi desəydiniz, kimsə sizi asıb-kəsməyəcəkdi. Ən azından danışmaq kimi, danışmamaq haqqına da sahibsiniz. Sadəcə, telefonu açıb “bu barədə danışmaq istəmirəm” desəydiniz, daha hörmətli olardınız.

 
Heyf o deputat kürsüsünə ki, orada sizin kimi mandata layiq olmayannın biri oturur. Özünüzə başqa iş tapın. İmkan verin, jurnalistlərin suallarını deputat adına layiq olanlar cavablandırsın. Vəssalam!

 

Namidə BİNGÖL

 

P.S. Məsələ ilə bağlı həm Mətbuat Şurasına, həm də Milli Məclisin İntizam Komissiyasına müraciət olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir