Modern.az

Qaradağlı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi

Qaradağlı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi

14 Fevral 2017, 22:03

Qaradağlı soyqırımının 25-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Modern.az saytı xəbər verir ki, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucovanın sözlərinə görə,  müraciət artıq beynəlxalq təşkilatlara göndərilib. BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa Komissiyasına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin başçılarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə göndərilən sənəddə Qaradağlı soyqırımı zamanı əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkinlərin taleyinə aydınlıq gətirilməsi məqsədi ilə regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyan işğalçı Ermənistana təsir göstərmək tələb olunur.

Müracitədə bildirilir ki, 1991-ci il oktyabrın 2-də Xocavənd rayonu erməni işğalçıları tərəfindən işğal olunsa da heç bir silah-sursatı olmayan Qaradağlı kəndinin sakinləri 1992-ci il fevralın 17-dək müasir hərbi texnika ilə təhciz olunmuş düşmənə qarşı müqavimət göstərərək doğma kəndlərini qəhrəmanlıqla müdafiə ediblər. 1992-ci il fevral ayının 15-də erməni hərbi quldur birləşmələri, ermənilər yaşayan kəndlərin sakinləri, muzdlu döyüşçülər, Xankəndində yerləşən 366-cı motoatıcı alayın hərbçiləri 5 istiqamətdən kəndə hücuma keçiblər. Onların məqsədi yeganə gediş-gəliş yolu olan Qaradağlı kəndini zəbt etmək və azərbaycanlılarla Xankəndi arasındakı əlaqəni kəsmək idi. Qəhrəman Qaradağlı sakinləri azərbaycanlı qanına susamış, müasir tipli texnika ilə təchiz olunmuş erməni təcavüzkarlarının və onların havadarlarının hücumlarına 2 gün sinə gəriblər. Ağdama, Bakıya kömək üçün müraciət etsələr də o vaxtki hakimiyyətin səriştəsizliyindən ölümlə üzbəüz duran qaradağlıların səsinə hay verən olmayıb. Fevral ayının 17-də səhər tezdən kənd sakinlərinin sursatı tamamilə tükəndiyi üçün ermənilər istədiklərinə nail olub, Qaradağlı kəndini işğal ediblər.

İşğal günü kənddə 118 nəfər olub. Onların hər biri əsir və girov gtötürülüb. Əsir və girov götürülmüş şəxslərdən 66 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 52 nəfər isə qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq dəhşətli işgəncələrə və qeyri-imsani rəftara məruz qaldıqdan sonra azad ediliblər.

İşğal nəticəsində Qaradağlı kəndində 200 yaşayış evi əşyaları ilə birlikdə, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. 800 nəfər Qaradağlı sakini məcburi köçkün olub.

Qaradağlıda 43 ailə öz başçısını itirib, 140 uşaq yetim qalıb, 78 nəfər dinc sakin qətlə yetirilib, bu da kənd sakinlərinin hər 10 nəfərindən biri deməkdir. Onlardan 10-u qadın, 8-i isə asyaşlı olub, 6 nəfər isə itkin düşüb.

Qaradağlı faciəsi zamanı 9 nəfər – Axundov Hafiz Elmaz oğlu, Əliyev Vətən Əmirxan oğlu, Əliyev Zakir Kərəm oğlu, Əmrahov Nəsir Nurəddin oğlu, Vəliyev Füzuli Cavad oğlu, Hüseynov Əbülfət Mehman oğlu, Dadaşov Mikayıl İslam oğlu, Kərimov Firdovsi Azay oğlu, Mustafayev Malik İslam oğlu şahid ifadələrinə əsasən əsir götürülüb. Qarşı tərəffaktları inkar etdiyi üçün onları bu günə kimi qaytarmaq mümkün olmayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir