Modern.az

Azərbaycanın ilk milli zirehli nəqliyyat vasitəsi - “Tufan”, FOTOLAR, VİDEO  

Azərbaycanın ilk milli zirehli nəqliyyat vasitəsi - “Tufan”, FOTOLAR, VİDEO   

Aktual

15 Fevral 2017, 01:10

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində fəaliyyət göstərən “Aqreqat” İstehsalat Birliyinin Bakı cihazqayırma zavodunda müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan minaya davamlı ilk milli zirehli nəqliyyat vasitəsinin - “Tufan”ın təqdimatı olub. Modern.az saytı Azərtac-a istinadən xəbər verir ki, tədbirdə nəqliyyat vasitəsi ilə bağlı film nümayiş olunub.

Təqdimat mərasimində çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov bu nəqliyyat vasitəsinin layihəsinin və təcrübə-sınaq nümunəsinin MSN-in Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) hazırlandığını bildirib.

Məlumat verilib ki, nəqliyyat vasitəsi döyüş şəraitində yerləşən şəxsi heyəti daşımaq üçün nəzərdə tutulub. Maşın NATO-nun “STANAG 4569” standartının üçüncü səviyyəsinin tələbinə uyğun daşınan şəxsi heyəti məhvedici təsirlərdən qoruyur. Müxtəlif sınaq işlərindən sonra bu avtomaşının seriyalı istehsalına başlanılacaq. Xarici ölkələrdən gələn qonaqlar tərəfindən “Tufan”a böyük maraq yaranıb.

MAKA-nın baş direktoru Alçın Şirinzadə deyib ki, Agentlik dövlət tapşırıqları çərçivəsində müdafiə təyinatlı məmulatların istehsalına xüsusi önəm verir. Son illər MAKA tərəfindən istehsal edilən məmulatların əksəriyyəti ordumuzda silahlanmaya tövsiyə olunub və müvafiq qurumlara təhvil verilib.

Bildirilib ki, dövlətimizin başçısının MSN-in qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar və xüsusi təyinatlı maşınların yaradılması sahəsində agentlikdə qazanılmış təcrübəyə əsaslanaraq, nazirliyin rəhbərliyi 2016-cı ilin sonunadək “Tufan” şifrli milli zirehli nəqliyyat vasitəsinin yaradılmasını məhz MAKA-nın kollektivinə həvalə edib. MSN rəhbərliyinin təşəbbüsü və dəstəyi sayəsində 12,7 millimetrlik pulemyotlu döyüş modulu ilə təchiz olunmuş MRAP tipli (mine resistant ambush protected – minaya davamlı və pusqudan qorunmuş) milli zirehli maşının yaradılması barədə tapşırıq MAKA kollektivi tərəfindən qısa müddətdə yüksək səviyyədə yerinə yetirilib, “Tufan”ın təcrübi nümunəsi hazırlanıb. Maşının dizaynı yerli kadrlar tərəfindən hazırlanıb.

“Tufan” milli zirehli nəqliyyat vasitəsinin xüsusiyyətləri və göstəriciləri barədə geniş məlumat verən A.Şirinzadə qeyd edib ki, avtomaşın məsafədən idarə olunan xüsusi döyüş modulu ilə təchiz edilib. Bu modulun üzərində optik nişanlanma sistemləri, gündüz və gecə kameraları, həmçinin lazer məsafəölçəni quraşdırılıb. Döyüş modulunun əsas xüsusiyyəti isə onun bütün proqram təminatının yerli mütəxəssislər və mühəndisləri tərəfindən hazırlanmasıdır. Bu universal modul həm zirehli maşınlara, həm də zirehsiz xüsusi təyinatlı maşınlarda quraşdırıla bilər. Döyüş modulu düşmənin yüngül zirehli hədəfləri, atəş vasitələri və hava hədəfləri ilə səmərəli mübarizə aparmaq imkanına malikdir. Hazırda “Tufan”ın və döyüş modulunun müxtəlif şəraitlərdə poliqon yürüş sınaqları keçirilir. Peşəkar hərbçilərin və sahə üzrə mütəxəssislərin məsləhətlərindən sonra seriya öncəsi prototip real döyüş şəraitinə uyğunlaşdırılacaq və tarixdə ilk dəfə MSN-in istehsal etdiyi məmulatların sırasına tam milli məhsul olan “Tufan” zirehli nəqliyyat vasitəsi də daxil ediləcək. Cari ildə keçiriləcək sınaqlardan sonra, həmçinin tibbi yardım, radioelektron mübarizə, polis, kəşfiyyat versiyalarında belə maşınların yaradılması nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, bu avtomaşının konsepsiyası “ADEX-2016” sərgisində nümayiş olunub. Yeni avtomaşın dizaynına görə, Silahlı Qüvvələrimizdəki və digər ölkələrin ordularında istifadə olunan hərbi avtomaşınlardan kifayət qədər fərqlənir. Nəqliyyat vasitəsi kəskin yoxuşlarda və enişlərdə, həmçinin müxtəlif relyef şəraitində rahat hərəkət etmək qabiliyyətinə malikdir.

 

MAKA-nın baş direktoru qeyd edib ki, Agentliyin kollektivi xüsusi təyinatlı avtomaşınların yaradılması və silahlanmaya qəbul edilməsi istiqamətində bundan sonra daha da səylə çalışacaq.

 

Sonra zavodun həyətindəki poliqonda “Tufan” avtomaşınına baxış keçirilib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir