Modern.az

Pərvinin məşhur kitabının imza günü keçirilib - REPORTAJ

Pərvinin məşhur kitabının imza günü keçirilib - REPORTAJ

Ədəbi̇yyat

15 Fevral 2017, 01:44

Bu gün kitabevim.az kitab mağazasında tanınmış gənc yazar, esseist Pərvin Nurəliyevanın “Sevdim səni” adlı esselər toplusunun təqdimatı keçirilib. Sevginin - bəşəriyyətin yaşı  qədər  ali, əzəli və əbədi olan saf məhəbbətin fon musiqisi kimi müşayiət etdiyi kitabın müəllifi həm Pərvin xanım, həm də yüz şairdi… Sonuncu ifadə Xalq yazıçısı Anar müəllimə aiddir. Belə ki, kitabın ön sözünün müəllifi olan Xalq yazıçısı “Sevdim səni”ni həm bir nasir xanımın, həm də ayrı-ayrı dövrlərdə yaşamış şairlərin ortaq məhsulu adlandırıb.

Çünki Pərvin xanımın “525-ci qəzet”in hər şənbə sayında yayımlanan “Yüz  gözəl sevgi şeiri” layihəsinin məhsulu olaraq ərsəyə gələn kitabda  dünyasını dəyişən, həmçinin, hazırda həyatda olan şairlərin bu mövzuda yazılan şeirləri esseistika formatında təhlil olunub. Bir çox şairdən seçmə sevgi şeirləri  bədii çalarlarla zəngin analiz süzgəcindən keçirilərək, oxucuların ixtiyarın verilib. Bu səbəbdən “Sevdim səni”ni əslində, iki kitab adlandırmaq olar. O həm sevgi şeirlərindən ibarət almanax, həm də  şeirlər haqqında ülvi hisslərlə qələmə alınan, dünyanın yeganə xilas nöqtəsi olan sevgiyə pənah aparmaq xisləti ilə yaradılan və bir-birini peşəkarcasına tamamlayan esselərdən ibarətdir. Buradakı bütün esselər, bəlkə də, elə bir ESSE, bütün şeirlər elə bir ŞEİRdir.  Amma həmin ESSE VƏ ŞEİRin özü də bir ali məfhumda-SEVGİdə vəhdətləşir, bütövləşir, tamlaşır...

 

 

 

Modern.az xəbər verir ki, təqdimatı giriş nitqi ilə açan AYB-nin gənclər üzrə katibi, “525”-ci qəzet”in baş redaktoru Rəşad Məcid kitabın yaranma səbəbindən və onu oxucular üçün dəyərə çevirə biləcək özəlliyindən danışıb. Kitabın ən böyük özəlliyi təbii ki, ayrı-ayrı müəlliflərin sevgi şeirlərinə yazılan esselər-fərdi təəsüratlardır. Bu iş özü-özlüyündə peşəkarlıq və fərdi yanaşma tələb edir.

Daha sonra isə söz Xalq şairi Sabir Rüstəmxanlıya verilib. “Ömür kitabı” ilə bir zamanlar hər bir evin qonağı olan Sabir müəllim “Sevdim səni”ni də bu missiya üçün çox gözəl bir kitab sayıb. Bu missiya dedikdə isə bir zamanlar “Ömür kitabı”nın gəlin köçən qızlara cehiz kimi verildiyini mütləq xatırlatmalıyıq: “Pərvinin kitabı sevgi şeirləri və onlara yazılmış esselərdir. Sevgi o qədər unikal sahədir ki, bir ömür boyu sevgidən yazmaq olar. Sevəsən, ayrılasan, əzab çəkəsən və sevgidən gözəl əsərlər yaradasan. Amma 1 il ərzində müxtəlif şairlərin sevgi şeirlərini oxuyub, onların əsasında esselər yazmaq və bu esselərin böyük bir fəlsəfi sahəni əhatə etməsi hər kəsin bacara biləcəyi bir şey deyil. Pərvin bunu yüksək səviyyədə bacardı. Gənc olmasına rəğmən Azərbaycan şeirinin zərif tərəfi haqqında əslində bir dastan, tarix yazıb. Bu tarix yaşayacaq və illərdən ilə keçəcək”.

 

 

Daha sonra Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov həm gənc xanım nasir, həm də onun bədii yaradıcılığı haqqında xoş sözlər deyib. Pərvinin yaradıcılığını yaxından izləyən Ə.Amaşov fikrini bu sözlərlə bitirib: “.İnanıram ki, Pərvinin "Sevdim səni” adlı yeni kitabı da maraqla qarşılanacaq və yüksək uğur əldə edəcək”.

 

 

Natiqlər arasında BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli, tanınmış jurnalist Elçin Mirzəbəyli, ziyalı xanım Zemfira Məhərrəmli və başqaları da olub.

Qeyd edək ki, “Sevdim səni” kitabı təqdimat günündə rekorda imza atıb. Kitabevim.az mağazasında təqdimat günü ən çox satılan kitab kimi ilkə imza atıb.

 

E.Nazimoğlu

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür