Modern.az

İlahiyyatçı: “Peyğəmbərin xanımlarına şübhə ilə yanaşanların, hörmət etməyənlərin etiqadı pozuqdur” - MÜSAHİBƏ

İlahiyyatçı: “Peyğəmbərin xanımlarına şübhə ilə yanaşanların, hörmət etməyənlərin etiqadı pozuqdur” - MÜSAHİBƏ

15 Fevral 2017, 08:54

Elşad Mahmudov:  “Həddi-buluq yaşına qədər bütün insanlar müsəlmandırlar”

“Bəzi ilahiyyatçıların düşüncəsi dinin özünə terrorçu baxış tərzidir”

Modern.az saytı
dini mövzuda silsilə müsahibələrini davam etdirir. Budəfəki müsahibimiz ilahiyyatçı Elşad Mahmudovdur. Onunla söhbəti təqdim edirik.

-Elşad müəllim, bir az özünüz haqda məlumat verin, söhbətə girişi elə buradan başlayaq.


-Mən Elşad Fərman oğlu Mahmudov 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Əslimiz Azərbaycanın gözəl guşələrindən olan Qəbələ rayonundandır. Orta təhsilimi 1982-1992-ci  illərdə Bakıda Xətai rayonunda 254 nömrəli məktəbdə almışam. 1992–ci ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə ilk qəbul olanlardan biri də mən oldum. 1997-ci ildə eyni fakültədən fərqlənmə diplomu ilə məzun olduqdan sonra imtahan verdim. O dövrdə ilahiyyat sahəsində ali təhsil yeni idi. Eyni zamanda magistratura və doktorantura pilləsində təhsil yox idi. İmtahandan sonra Allah qismət elədi və Ankara Universitetində Sosial Elmlər İnstitunun ilahiyyat fakültəsində İslam tarixindən magistratura təhsili aldım. Magistratura üzrə diplom işinin müdafiəsindən sonra 1999-cu ildə İstanbuldakı Mərmərə Universitetində İslam tarixi və mədəniyyəti ixtisası üzrə doktoranturaya qəbul oldum. 2005-ci ildə doktorantura üzrə diplom işini müdafiə elədikdən sonra doktor adını aldım. Və Azərbaycana qayıtdım.

Bizim ora getməyimiz Azərbaycan ilə Türkiyə dövləti arasında razılaşmaya əsasən idi. Bakı Dövlət Universiteti ilə Türkiyənin Dəyanət Vəqfi arasında müqavilə bağlanmışdı. Qayıdandan sonra 2005-ci ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə məni müəllim kimi işə götürdülər. İslam tarixi və mədəniyyəti üzrə müəllim işləməyə başladım. 7 il işləyəndən sonra səhhətimlə bağlı səbəblərdən dolayı oradan öz istəyimlə ayrıldım və QHT sektorunda işləməyə başladım. Ordan çıxandan sonra “Elm Yurdu” sosial araşdırmalar ictimai birliyi adlı QHT təsis etmişdim. Bu təşkilatın həm təsisçisi, həm də sədriyəm. Burada biz sosial elmlər sahəsində müəyyən elmi-praktik layihələrlə məşğul oluruq.

-Elşad müəllim orta təhsilinizi sovet dövründə, ateizmin tüğyan etdiyi bir zamanlarda almısınız. Amma siz dini seçmisiz. Şəxsən mənim üçün maraqlıdır. Niyə dini seçdiniz? Bu içinizdəki xofdan irəli gəlirdi, yoxsa öz ağlınızın qərarı idi?


-Mən ziyalı ailəsində dünyaya gəlmişəm. Atam Fərman Mahmudov tanınmış arxeoloq və tarixçi olub. Anam da tarix müəlliməsi olub. Yəni ziyalı tərbiyəsi görmüşəm. Anamın atası Qəbələ rayonunda tanınmış tarix müəllimi idi. Və tanınmış ləyaqətli kommunistlərdən idi. Nənəm orta məktəb müəlliməsi idi. O da ziyalı idi. Bizim bütün nəslimiz müəllim olub. Yəni onu demək istəyirəm ki, ziyalı tərbiyəsi almaqla bərabər kommunist dövründə də gördüyümüz təlim-tərbiyə də o istiqamətdə idi. Yəni ədəb, əxlaq, etika, böyüyə hörmət və s. - bizim aldığımız tərbiyədə bu var idi. Açığını sizə deyim ki, təhsil aldığım orta məktəbdə ibtidai sinif müəlliməm həddən artıq idealist qadın idi. Və bizi tam kommunist ruhu ilə, düşüncəsilə tərbiyə edirdi. Mən 3-4-cü sinifdə oxuyanda özümü gələcəyin kommunizm qurucusu olaraq görürdüm. İdeyalarımı, düşüncələrimi bu istiqamətdə yönəltmişdim. Amma sizə bir şey deyim ki, bu təlim- tərbiyənin daxilində dinsizlik yer almırdı. Çox dindar da deyildik. Ancaq dinə hörməti olan bir ailədə tərbiyə almışam. Düzdür, ailədə namaz qılan, ibadət edən yox idi. Amma Allaha və Allaha aid dəyərlərə hörmət var idi. Çünki atam tərəfdən nənəm və babam Qəbələdə tanınmış mollalar olublar. Mənim yadımdadır ki, hər Ramazan, Qurban bayramlarında rayona gedərdik, nənəmgillə bayramlaşardıq. Oruc tutmasaq da, ibadət etməsək də o ayinlərə, ibadət tərzinə böyük hörmət və rəğbət var idi. Cəmiyyətimiz  sosialist, kommunist dəyərləri ilə yaşasa da dinsiz deyildik. Allaha inancımız vardı. Açığını deyim ki, ateist də deyildik.

Deməli, test üsulunun tətbiq edildiyi ilk il idi. Orada müəyyən yubanmalar oldu, ciddi problemlər yarandı. Mən hüquq fakültəsindən və jurnalistika fakültəsindən kəsildim. Rəhmətlik atam da çox istəyirdi ki, mən jurnalist olum. Amma ora qəbul olmaq üçün hardasa 4 - 5 balım çatmırdı. Kəsiləndən sonra əsgərliyə hazırlaşırdım ki, bu arada BDU-da İlahiyyat fakültəsi yaradıldı. Humanitar sahədə olduğuma görə rəhmətlik atamın təşviqi ilə, ailəmin də dəstəyi ilə İlahiyyat fakültəsinə qəbul oldum. Sonra artıq din, iman, əxlaq, islamı dərindən öyrənməyə başladım. Buna qədər islam bizim cəmiyyət üçün ancaq mollalıq, kəbin kəsmək, yas mərasimini yola verməkdən ibarət idi. Amma daha sonra şüurla dini öyrənməyə başlayırsan, doğru etiqad, əqidə formalaşmağa başlayır. O dövrün İlahiyyat fakültəsi müəllimləri həqiqətən bu gözəl şüuru bizdə formalaşdırmağa başladılar. Yəni tamamən ayrı bir din anlayışı yarandı bizdə.


-Dini dərindən oyrəndikcə çoxlu təzadların da ortaya çıxdığını deyə bilərik. Bilirsiniz ki, mübahisəli ayələr var və bunlar ixtilaflara səbəb olur. Hədislərdə də mübahisəli məqamlar var. Belə ziddiyyətləri görəndən sonra heçmi daxilinizdə hansısa ayəyə ya da hansısa yaradıcı qüvvənin olmasına qarşı bir şübhə yaranmadı?


-Əvvəla Allah-Təala bizə ağıl verib. Düşünürük. Bizə verilən ən böyük nemətlərdən olan ağıldan istifadə edirik. Burada hər hansı bir məcburiyyətdən də danışa bilmərik. Heç kim heç kimi məcbur edə bilməz ki, sən inanmalısan, ibadət etməlisən. Bunlar hamısı könüllü və qəlblə baş verən proseslərdir. Sadəcə olaraq, kainatı, yaradıcı qüvvəni ağılla düşünməyə başladım. Bu düşüncələrimi eyni zamanda islamda olan məlumatlarla müqayisə etməyə başladım. Digər dinləri də araşdırdım və gördüm ki, ən kamil və məntiqli məlumatlar, mənim ağlıma, ruhuma, mənəviyyatıma xitab edən məlumatlar, yəni məni doyuzduran ən gözəl məlumatlar islamda var. İkinci bir məsələ. Ayələrdə və hədislərdə heç bir təzad yoxdur. Nə qədər dərinə getsəniz belə ziddiyyət görməzsiniz. Təzad o ayələri və hədisləri bir-birinə təzad görən zehniyyətdədir. Bu, çox önəmli məsələdir. Aldığım tərbiyə də burda çox önəmli rol oynadı. Mən hər zaman orta yolu tutan, ifrat və təfritdən uzaq olan tərbiyə almışam. Mötədil cizgidə olmaq, məsələlərə daha təmkinli, müdrikcəsinə baxmaq yolunu seçmişəm. İxtilaflı məsələlər bütün elmlərdə var. Sadəcə olaraq belə bir sual da yarana bilər: həqiqətən bu məsələlər ixtilafdırmı yoxsa onun bir həll yolu varmı? Daha dərindən oxuduqca, öyrəndikcə, doğruları görüncə təzadların, problemlərin haradan qaynaqlandığını çözürsən. Bundan sonra sizə təzad kimi görünən bütün məsələlər ortadan qalxmağa başlayır.

-Təzadlar olmasa 70-dən çox məzhəb, təriqət yaranmazdı. Bu məsələnin bir tərəfidir. Mən isə Quran ayəsinə müraciət edəcəyəm. Quranda belə bir ayə var. “Sizin dininiz sizə, mənim dinim özümə”. Ya da məşhur aksiomaya çevrilən “Dində məcburiyyət yoxdur” ayəsi. Ancaq digər ayələrə baxsaq görərik ki, bununla ziddiyyət təşkil edən məsələlər var. Məsələn ayələrin birində “Kim İslamdan başqa bir din seçərsə, axirətdə zərər çəkənlərdən olacaq” deyilir. “Dində məcburiyyət yoxdur” və “islamı seçməyənlər axirətdə cəza alacaq” - bunlar tamam başqa-başqa anlam verir.


-Bu, təzad deyil. Gəlin müzakirə edək. Mən onun tarixi prosesini bilirəm. “Sizin dininiz sizə, mənim dinim mənə”. Bu, peyğəmbərimizin Məkkə dövründə  müşriklərlə yaşadığı hadisələrin Qurani-Kərimin “Kafirlər” surəsindəki əksidir. Bu da nədən ibarət idi? Müşriklər peyğəmbərimizlə bir anlaşmaya girmək istəyirdilər. Yəni sən bizim tanrılarımıza, bütlərimizə ibadət et, biz də sənin tanrına ibadət edək. 1 il sən ibadət et 1 il də biz ibadət edək. Bu kontekstdə Məkkəli müşriklər peyğəmbərimizlə nəticə etibarı ilə razılaşma əldə etmək istəmişdilər. Lakin “Sizin dininiz özünüzə, mənim dinim özümə” ayəsi bu təklifin və razılığın rəddi mənasında işlənib. Yəni mən sizin bütlərinizə ibadət edəsi deyiləm. Amma görürəm ki, siz də mənim Allahıma inanmırsız. “Ey kafirlər, hər kəsə öz inancı”. Hər kəs hesabını özü verəcək. Bu mənada Məkkə dövrü çox önəmlidir. Məkkə dövründə gələn ayələr Mədinə dövründəkindən fərqlidir. Məkkə dövründə daha çox tövhid, iman, əxlaq və bu məsələlərlə əlaqəli ayələr nazil olub. Mədinə dövründə isə müsəlmanların daha çox sosial, siyasi, mədəni, iqtisadi həyatları ilə, mövcud şəriətlə əlaqəli məsələlər yer almışdı. Çünki Mədinə dövründə dövlətləşmə prosesi başlamışdı. Buna görə də ehtiyaca uyğun olaraq müsəlmanları sosial-siyasi həyatı ilə bağlı stimullaşdırıcı ayələr gəlməyə başladı.

Bayaq dediyim kimi, Məkkə dövründə gələn ayələr isə daha çox inanc, əqidə, əxlaqla bağlı idi. Çünki Məkkədə mövcud ehtiyac bu idi. Bəzən Allah bizdən daha gerçəkçi davranır. Şərtləri dəyərləndirərək gələn ayələrin əksəriyyətində bunu görür və hiss edirik.

Bu baxmdan Məkkə ayələrinin öz, Mədinə ayələrinin isə öz xüsusiyyətləri var. Hətta Məkkədən Mədinəyə hicrət ərəfəsində gələn ayələrin də öz xüsusiyyətləri var. Bunlar bir-birini tamamlayır. Sadəcə zaman və məkan diqqətə alınmalıdır. Bir az sadə desək, Məkkədə durub hüquqla və ya dövlətlə bağlı ayələrin gəlməsi mümkün deyildi. Çünki belə bir həyat tərzi, şərait meydana gəlməmişdi. Qurani-Kərimin ən böyük hikməti və möcüzəsi budur ki, bu müqəddəs kitab birdən-birə nazil olmayıb. İkinci bir məsələ. Allah-Təala insanların məcburən, zorla iman gətirməsinin tərəfdarı deyil – bu məsələ Qurani-Kərimdə daha qabarıq şəkildə göstərilib. Çünki zorla, məcbur edilərək gətirilən iman heç bir keyfiyyətə malik deyil. Belə olarsa, sabah ilk andaca siz öz inancınızdan dönə bilərsiniz. İslamda könüllülük çox önəmli məsələdir. Düşünürək, təsdiq edərək, ruhunuzda və qəlbinizdə hiss edərək, həyatınızda tətbiq edərək özünüzün bunu qəbul etməsi vacibdir. Kiməsə görə, məcburən qəbul etmək məsələsi isə Quranda müzakirə mövzusu deyil. Çünki bunun həyata təsir mexanizmi olmur. Zorla məcbur olunan bir şeyin həyatda əksi ola bilərmi?! Quranda da “dində məcburiyyət yoxdur” bu anlamda işlənir. Siz kimisə məcburən Allaha inandıra bilməzsiniz. Siz kiminsə başına silah dayayıb “mütləq namaz qılmalısan, mütləq iman gətirməlisən” deyə bilməzsiniz.

Din qəlblə təsdiq edilərək, düşünürək, fikirləşərək, qəbul edilən bir inanc sistemidir. Allah bu hürriyəti və azadlığı bizə verib. Allah başqa bir ayədə buyurur: “Ey insanlar, biz sizə yol göstərdik... Ya şükr edərsiniz, Allaha inanıb doğru yolla gedərsiniz, ya da nankorluq edib küfr edərsiniz, inkar edərsiniz”. Allah bizə seçim azadlığı və iradəsi verib. Lakin bunu da demək lazımdır ki, mükafat da cəza da bu seçimimizə görə olacaq.


-İslam inancına görə, insana ağılı, şüuru, hissi Allah verir. O zaman sual olunur: Allah insanı yaradarkən onun pis olacağını bilirsə, onun pis yola yönələciyini bilirsə, bu zaman niyə yaradır? Və ya bir ayəni deyim: “Allah istədiyini doğru yola yönəldər, istədiyini azmışlarının yoluna”.


-Allah insanların istəyinə görə, iradəsinə görə onları yönəldir, istiqamətləndirir.

-Bəs bu istəyi insanlara Allah vermirmi?

-
Gəlin məsələyə bir az dərindən yanaşaq. Peyğəmbərimiz buyurur ki, bütün insanlar islam fitrəti üzrə dünyana gəlir. Daha sonra isə onun valideynləri, onu əhatə edən cəmiyyət nədirsə, o ya yəhudiliyi ya da xristianlığı, bütpərəstliyi ya da ateizmi qəbul edər. Bizim ətraf mühitimiz çox önəmlidir. Allah-Təala bizə ağıl, dərrakə, məntiq verib. Yaradılış etibarı ilə Allah bizi elə xəlq edib ki, Ali Həqiqəti dərk edib tapmaq qabiliyyətinə sahibik.

Həddi-buluq yaşına qədər bütün dünyadakı insanlar müsəlmandırlar. Çünki insan həddi-buluq yaşına qədərki dövrə görə sorğu-sual edilmir, məsuliyyət daşımır. Bu dövr dünyanı dərk etmək yaşıdır. Ona görə də deyirlər ki, həddi-buluq yaşına qədər bütün dünyada gördüyünüz insanlar müsəlmandırlar. Çünki onlar təmiz fitrət, İslam fitrəti üzrə dünyaya gəliblər. Məsuliyyət, mükəlləfiyyət isə həddi-buluq yaşından sonra başlayır. Nəyə görə? Çünki həddi-buluq yaşından sonra insanın ağı qaradan, yaxşını pisdən ayırmaq, idrak etmək zamanı başlayır. İslamda birmənalı şəkildə seçim hürriyyəti var. Seçim azadlığını ortadan qaldırıb, icbari olaraq Allah bizim beynimizə inanc yerləşdirsəydi, yaradılışa, sorğu-suala, imtahana, axirətə, cənnət və cəhənnəmə ehtiyac olmazdı. Allah bizi yaradıb, bizim tədarükümüzü başdan-sona qədər görüb. Bu dünyanın bir imtahan dünyası olduğunu bizə bildirir. Bunu da insanlara ilahi kitablar və peyğəmbərlər göndərərək edir. Əqli, məntiqi dəlilləri insanın qabağına qoyur. Bu zaman artıq seçim insana aiddir. İslama görə Allah deyir ki, bütün bunlardan sonra göndərdiyim dinin adı islamdır. “Ey bəndəm, sənə tövsiyə edirəm ki, dünya və axirət səadətin, qurtuluşun üçün mənim dediyimi qəbul elə. Ən son kamil din, kitab, peyğəmbər və inanc sistemi budur. Qəbul etməzsənsə, səndən digər din, kitab qəbul olunmayacaq” deyə buyurur. Bu, müsəlman inancına görə belədir.

-Allah ya da hansısa yaradıcı bir qüvvənin – adını nə qoyuruqsa qoyaq – dərkindən söz açırsınız. Amma dərketmə metodologiyası fərqlidir. Kimisi İslam inancı ilə dərk edir, kimisi də bütpərəstliklə. Bəs İslam Allaha gedən yolda dərketmə metodlarını başa düşürsə, o zaman niyə İslam gələndən sonra bütlər sındırıldı?

-
Allah dünyanı yaratdıqdan sonra qanunlar qoyub. Biz buna ilahi sistem, ilahi nizam deyirik. Allah bu nizam içində özünə olan etiqadın, əqidənin yanlışlığına yaxşı mənada müdaxilə edir. Bütlərin qırılma səbəbi bu idi ki, müşriklər yanlış inancda, batil əqidədə idilər, Allaha şirk qoşurdular. Onu fərqli tanıdır və Allaha, ona aid olmayan vasitələrlə iftira edirdilər. Biz Quranla tövhidi anlayırıq və buradan yola çıxırıq. Sizə bir şey də deyim ki, islam teologiyası Allahla əlaqəli, etiqad nöqteyi-nəzərindən çox mükəmməl bir sistemdir. Buradakı qanunlar, fəlsəfi mühakimələr bizə kamil və mükəmməl bir varlığı tanıtdırır.

-Bu məsələdə sizinlə razıyam, İslam teologiyası çox dərin mənaya malikdir.


-Bizim kitab əhli dediyimiz qrupun da Allaha olan inanclarındakı harada yanlışa yol verdiklərini də Allah Quranda buyurur. Mənim indi deyəcəyim şey sizin verdiyiniz sualı bir az da gücləndirir. Onsuz da Allah-Təala zaman-zaman insanların dini orijinallıqdan çıxardıb təhrif etdiklərinə görə, yeni kitablar və peyğəmbərlər göndərib. Bəzən isə kitab yox peyğəmbərlərə səhifələr göndərib. Elə peyğəmbərlər də var ki, ona yalnız peyğəmbərlik verilib, hər hansı bir yazılı qanunlar verilməyib. Peyğəmbərlərin məqsədi doğru düşüncədə, doğru əqidədə olduğu kimi Allahı insanlara tanıtmaqdır. Peyğəmbərlərin seçilmiş olmalarının səbəblərindən biri də budur.

Zaman-zaman isə Allaha olan inancda təhriflər meydana gəlib. Məsələn, Allahı atalıq, oğulluq kimi insana aid xüsusiyyətlərlə vəsf edirlər, şərik qoşurlar. Ya da hər hansı bir əşyanı Allah hesab etməyə başlayırlar. Bu zaman Allah “yox, mənim dinim bu deyil, siz yanlış yoldasınız” deyir. Allah peyğəmbərlər göndərir ki, gedin, doğru məlumatları insanlara çatdırın, məni onlara düzgün tanıtdırın, çünki mənim haqqımda batil düşüncələrə qapılaraq haqqıma giriblər. Bütlərin qırılması, bütpərəstliyin aradan qaldırılması da bu səbəblərlə bağlı idi. Qurani-Kərimdə bütpərəstlik zülm olaraq adlandırılır. Yəni, insan özünə yanlış əqidə və düşüncə ilə zülm edir. Bu gün Qərb öz inkişafını Qərb fəlsəfəsinə, Qərb düşüncəsinə borcludur. Sizin Allah inancınız yanlış olarsa, yanlış dəyərlər üzərində həyatınızı sürdürərsiniz. Ümumiyyətlə, həyat fəlsəfəniz təməl etibarı ilə düşüncə üzərində qurulub. Kimisində bu din, kimisində ideoloqlar, kimisində isə filosoflardır.


-Bəli, islama görə bütpərəstlər yanlış yoldadırlar. Amma bu, Quran nöqteyi-nəzərindən belədir. Amma hansısa bütpərəst öz düşüncəsini, əqidəsini doğru sayır. Bu baxımdan onlara görə də, islamın mesajları yanlış ola bilər.


-Onlar onsuz da islamın yanlış olduğunu deyirdilər. Məhəmməd peyğəmbərə də deyirdilər ki, onlar 365 bütünü bir Allaha dəyişə bilməzlər və onun gətirdiyi din onların ata-babalarının dini deyil. Bir məqam var. İnsan oxuyub və öyrənir ki, bütün kamil sifətlərə sahib olan əzəmətli Allahamı yoxsa hansısa cansız əşyaya ibadət edəcəyəm?

-Siz dediyiniz kimi, bu, bir inancdır. Kimsə də hansısa əşyaya sitayiş etməklə ondan mədət umur. Bu mənada bütlərin qırılması islama zorakı dəvət deyildimi?


-Əsla elə deyil. İslamda zorakı dəvət deyə bir şey yoxdur. Biz 23 il ərzində peyğəmbərimizin bütpərəstləri islama səbr və təmkinlə dəvət etdiyini gördük. Ancaq nəticə etibarı ilə onlar bu inadlarından dönmədilər. Müşriklik məsələsi islamda xüsusi həssaslıqla yanaşılan məsələdir. Allah-Təala Qurani-Kərimdə buyurur ki, bütün günahları bağışlayar, amma şirki yox. Çünki şirk təməl etibarı ilə tövhidə, Allahın varlığına zidd olan absurd və qəbul edilməyən bir şeydir. Şirk həqiqətən böyük bir zülmdür. Çünki İslama görə, şirkin üzərində qurulan bir həyat tamamilə insan fitrətinə ziddir. Bir şeyə diqqətinizi çəkim. İslam əhli-kitaba qarşı bütpərəstliyə göstərdiyi sərtliyi göstərməyib. Tənqid edib, doğru yola çağırıb, ancaq sinaqoqları, kilsələri yıxmayıb, məhv etməyib. Tam əksinə, onlara həyat haqqı tanıyıb və onları himayə edib. Çünki şirklə onların arasında islam fərq qoyub. Əhli-kitabda tövhiddən nəsə var. Bütpərəstlikdə isə tövhiddən heç nə yoxdur.

-Şəxsən mənə bir məsələ maraqlıdır. Bəzi mənbələrə baxmışam və yekun qənaətə gəlməmişəm. Yenə də ortaya sual çıxır.  Məhəmməd peyğəmbərin islamdan öncəki inancı nə olub? Yoxsa deyəcəksiniz ki, Məhəmməd peyğəmbər müsəlman olaraq dünyaya gəlib?


-Elə cəmiyyətlər var ki, orada müəyyən dərəcədə müəyyən sahələrdə şüur formalaşır. Və verilən suallara da formalaşan şüura görə cavablar verirsən. Bizdə açığını deyim ki, atalardan-babalardan gələn ənənəvi bir din anlayışı var. Buna görə də, siz orijinal dində olan məlumatları dediyiniz zaman ənənə sizə qarşı çıxır. Biz ilahiyyatçılar üçün ən böyük problemlərdən biri də budur. Ona görə də peyğəmbərimizlə bağlı elə məsələlər var ki, onu demək olmur. Çünki cəmiyyətdə ənənəvi peyğəmbər anlayışı var. Bu zaman siz doğru olanı deməyə çalışsanız da, ənənəvi, yanlış olan, atalardan-babalardan qalan din doğru olanı ortadan qaldırmağa çalışır.

Mən də istəyirəm ki, siz bu doğrunu deyəsiniz.

-Mən doğrunu deyə bilmirəm, çünki siz bunu qeyd edəcəksiniz və sabah həngamə qopacaq.

-Bu, İslam alimlərinin müzakirə predmetinə çevrilirsə, siz niyə demirsiniz?

-
Bayaq dediyim kimi, bizdə dini şüur formalaşmayıb.Mənim 25 illik ilahiyyat təcrübəm var. Harada nəyi və necə danışmaq lazım olduğunu gözəl bilirəm.

Peyğəmbərimizin belə Allah inancı ilə gəldiyi zaman ən çox çəkdiyi əziyyətlərdən biri bilirsiniz nə idi? Müşriklər deyirdilər ki, bizə ata-babalarımızdan qalan din anlayışı var. Deyirdilər ki, biz bununla razıyıq, sənin dininlə yox. Açıq bir şey deyim ki, bizdə də ənənəvi olaraq yaşanan din buna bənzəyir. İnsanlara “sən dediyin doğru deyil, Quran belə deyir” deyəndə onlar az qala Quran ayəsini inkar edirlər və “yox belə deyil” deyirlər. “Mənim yaşadığım, ata-babalarımdan gördüyüm din daha doğrudur” deyirlər. Bu, sadəcə dəhşətdir. Bu zaman başlayırlar sizə müxtəlif adlar yaxmağa. Fikir və düşüncələrimə görə çox iftira və böhtana məruz qalmışam. Haqqımda çox yalan şeylər də yazıblar. Bizdə peyğəmbərliklə bağlı şüur da tam formalaşmayıb.

-Elşad müəllim, mən sualımla əsla ona eyham vurmuram ki, Məhəmməd peyğəmbər bütpərəst olub. İddialar var ki, Məhəmməd peyğəmbər islamdan öncə sabii inancında olub. Quran özü də sabiiliyi tövhidi təbliğ edən din kimi tanıyır.


-Peyğəmbərimiz peyğəmbərlikdən qabaq heç bir dinə, inanca sahib deyildi. Bütpərəstliyə və müşrikliyə isə qətiyyən yaxın düşməmişdi. Səbəbi də bu idi ki, Allah seçdiyi peyğəmbərləri peyğəmbər olana qədər qoruyur. Allah-Təala onları peyğəmbər olan zamana qədər cəmiyyətin yaşadığı batil, yanlış etiqadlarından, adət - ənənələrindən qoruyub, mühafizə edib. Peyğəmbərimizin nəsli o dövrdə hənif deyilən təkallahlılıq inancında olublar. Bunlar kim idilər? Bunlar bütpərəstliyin əqidə pozuqluğunu görüb, haradasa böyük gücə sahib olan bir Allaha inanırdılar. Həniflər Allahın varlığına iman gətirmişdilər. Ancaq ona dəqiqliklə necə və hansı formada inanacaqlarını və ya ibadət edəcəklərini bilmirdilər. İslam isə bu dəqiqliyi gətirdi. İslama qədər isə təkallahlı inancın kompleks izahı yox idi.

Peyğəmbərimizin də nəslinin hənif olduğu haqqında qaynaqlarda məlumatlar var. İkinci bir məsələni də deyim. Hər hansı bir peyğəmbərin atasının və ya soyunun müşrik ya da dinsiz olmasının onun peyğəmbərliyinə Allah qatında, elə insanlar qatında da heç bir mənfi təsiri yoxdur. Yəni, mənim atamın dindarlığı və ya dinsizliyi məndən soruşulmayacaq. Bunun mənim məsuliyyətimə bir təsiri yoxdur. Hansısa peyğəmbərin oğlu ya da atası Allahı inkar edibsə və ya ona şərik qoşubsa bu onun peyğəmbərliyinə zərər verməz. Nuh peyğəmbər kimi böyük bir peyğəmbərin oğlu ona və Allaha üsyan etmişdi, əməli-saleh övlad deyildi. Lakin bunun Nuhun peyğəmbərliyinə və şəxsiyyətinə mənfi bir təsiri olmayıb. Bunlar hamısı islam tarixində var.

Başqa bir nümunədə verim. Şəxslər haqqında da eyni problem var. Məsələn, Əli ibn Əbu Talib- imam Əli böyük və müstəsna bir şəxsiyyətdir. Bütün müsəlmanlar onu sevir, hörmət edir. Bəs onun atası Əbu Talib müsəlman olaraqmı öldü, müşrik olaraqmı? Əksər qaynaqlarda müşrik olaraq deyilir. Bəziləri isə həzrəti Əliyə sevgilərindən dolayı deyirlər ki, Əbu Talib müsəlman olaraq ölüb. Bir şeyi başa düşmürlər ki, Əbu Talibin müşrik ya da müsəlman olub-olmamasının imam Əlinin şəxsiyyətinə, dahiliyinə, böyüklüyünə, təqvasına bir zərəri və təsiri yoxdur. Əgər tarixdə belə bir gerçək varsa, onu qəbul etməliyik.


-Lut peyğəmbər öz qonaqlarını ələ verməmək üçün qızlarını önə çəkir. Bu, Tövratda yazılmış bir şeydir, özümdən heç bir şey əlavə etmirəm. Düzü başqa misallar da çəkmək olar. Mən isə sualımı verim: bundan sonra insanlar mütləq əxlaq ideyalarını bu peyğəmbərdən necə götürə bilər? Başqa misallar da çəkmək olar.


-Peyğəmbərlər birmənalı şəkildə bəşəri olmaqla yanaşı, kamil varlıqlardır, nümunəvi şəxsiyyətlərdir. Amma bunu heç zaman unutmayın ki, peyğəmbərlər İlah, Tanrı deyil. Onlar da yaradılış etibarilə digər insanlar kimi bir bəşərdirlər. İslam teologiyasında ən önəmli məsələlərdən biri budur ki, insanların və yaradılmışların ən fəzilətlisi peyğəmbərlərdir və onları Tanrılaşdırmamaq lazımdır. Peyğəmbərimiz də bunun üzərində xüsusi diqqətlə dayanıb. Başqa dinlərdən nümunə göstərirdi ki, onu heç zaman İlahlaşdırmasınlar. Allah-Təala bizə bəşəri bir peyğəmbər göndərir ki, ondan nümunə götürək. Başqa bir varlıq isə göndərmədi. İlk vaxtlar müşriklərin Məhəmməd peyğəmbəri qəbul etməmə səbəblərindən biri də bu idi: Onlar “sən necə peyğəmbərsən ki, bazara çıxırsan, ailə qurursan, yemək yeyirsən, yerdə gəzirsən” deyirdilər. Onlar elə bilirdilər ki, peyğəmbər uçaraq ancaq möcüzələr göstərməlidir.

Əslində isə belə deyil. Allah bizim içimizdə olan birini peyğəmbər seçdi ki, onu nümunə götürək. İkinci bir məsələ. İslam düşüncəsinə görə, Tövratın, İncilin təhrifə məruz qaldığını bilirsiniz. Tövratda peyğəmbərlərin şəxsiyyəti, ləyaqəti ilə bağlı deyilənlərin əksəriyyəti təhrifə məruz qalıb. İslam isə bunu qəbul etmir. Allah peyğəmbərləri müəyyən günahlardan, müəyyən insanlardan qoruyur. Çünki, onlar Allahın peyğəmbərlədir. Seçilmiş insanlardır. Seçilmiş insanların belə nalayiq hərəkət etmək imkanı yoxdur.

-Hamı, bütün müsəlman dünyası Tövrat və İncilin təhrifindən söz açarkən, özlərini dərin paradoksun içinə salırlar. Sadə izah edim. Deyək ki, bir orijinal stəkan və bir də onun surəti var. Biz orijinala baxandan sonra ikincinin əsl olmadığını bilirik. Bizdə isə heç kim Tövratın əslini, orijinalı görməyib, amma təhrifdən söhbət açırlar. Biz orijinalın necə və ya harada olduğunu bilmədən necə deyə bilərik ki, Tövrat təhrifə məruz qalıb?


-Bu haqda Qurani-Kərim məlumat verir.

-Yeganə mənbə budur, bəs bunu tam dəqiq saya bilərikmi?


-Bu, bir iman məsələsidir. İslam Allahın birliyini qəbul etmək və Allahın dediklərinə iman gətirmək deməkdir. Mən Allaha inanıramsa, onun göndərdiyi kitaba da inanıram. İnanıram ki, Qurani-Kərim təhrifə məruz qalmayıb. İnanıram ki, Quran orijinal şəkildə peyğəmbərimizə necə nazil olubsa, bu gün də əlimizdə o şəkildə qalıb. Qurani-Kərim təhrifə, artığa ya da əksiyə məruz qalmayıb. Qurandakı bütün məlumatlar Allahdan mələk vasitəsi ilə peyğəmbərimizə verilib. Buna da inandığıma görə, orada yazılan hər bir şeyə inanıram. Və orada yazılan hər bir şeyin doğru olduğunu qəbul edirəm. Əks təqdirdə, İslamdan çıxmış sayılaram. Qurani-Kərimdə Allah mənə bildirirsə ki, Tövrat və İncil təhrifə məruz qalıb, buna birmənalı şəkildə inanıram. Bir müsəlman üçün Qurandan daha etibarlı, daha dəqiq heç bir məlumat qaynağı yoxdur.

-Ona qalsa, Quranda yazılıb ki, yer üzündə fitnə-fəsad salanların əlləri, ayaqları kəsilsin. Məntiqinizdən belə başa düşmək olarmı ki, bu hökmü də yerinə yetirərsiniz?

-Bir müsəlman kimi Allah nəyi buyurursa, onu etməliyəm. Qurani-Kərimin bir hissəsini qəbul edib, bir hissəsini qəbul etməmək deyə bir şey yoxdur. Qurani-Kərimi ilahi vəhy kimi bir bütün olaraq qəbul etmək əsas şərtdir. Sizin dediyiniz isə hüquqi məsələlərdir. Bunlar cinayət hüququ ilə bağlıdır və şəriət dövlətində tətbiq edilən məsələlərdir. Bu, islam inancını seçən birinə də aiddir, amma onu tətbiq etmək bizlik deyil. Axı biz şəriət qanunları ilə idarə edilən bir dövlətdə yaşamırıq. Həm də, ümumiyyətlə belə məsələləri islamda fərd tətbiq etmir, bu məsələlər islam hüququnda dövlət qanunları və orqanları ilə tənzimlənir. Mən isə Azərbaycan dövlətinin vətəndaşıyam. Azərbaycan dövləti, qanunları nəyi deyirsə, onu qəbul edirəm və boyun əyirəm, bu qanunlarla yaşayıram və çalışıram ki, bu qanunlara riayət edən nümunəvi vətəndaş olum. Mən burada başqa qanunları tətbiq etmək səlahiyyətinə və imkanına sahib deyiləm. Sabah nəsə qanun çıxarılırsa və mənə tətbiq edilərsə, başımı aşağı salıb buna boyun əyərəm. Çünki yaşadığım dünyəvi dövlətin qanunları bunu diktə edir. Lakin hər hansı bir islam ölkəsində islam şəriətinə görə Quranın müəyyən ehkamları yerinə yetirilibsə, bu da islamın və tətbiq edən dövlətin gerçəyidir. Bunu qəbul etmək lazımdır.

-Məsələyə belə baxış tərzi sizcə İŞİD kimi terror təşkilatlarına Qurana istinad etməyə rəvac vermirmi?


-Qətiyyən yox, məsələ belə deyil. Baxın, hər hansı cinayətkar, hər hansı bir terrorçu din pərdəsi altında cinayət və ya terror törədirsə, öz mənfəətini təmin etmək üçün dini şüardan istifadə edirsə, bu o demək deyil ki, həmin dini və ya dini ehkamı inkar etməliyik. Bu, tamamilə yanlış düşüncədir. Hansısa terror təşkilatı şəriətin müəyyən qanunlarını öz mənfur mənfəəti və terror fəaliyyəti üçün istifadə edirsə, bu, şəriətin səhv olduğu anlamına gəlmir. Terrorçu terrorçudur. Bu, terrorizmin və terroristin problemidir. Bu, Quranın, şəriətin problemi deyil ki, kimsə terroru özünə yol seçib və şəriətdən özünə uyğun şəkildə istifadə edir. Bir də baxmaq lazımdır ki, hansı Quran hökmündən sui-istifadə olunur. Buna görə də, İŞİD və Əl-Qaidə kimi terror təşkilatlarının hədəfi və məqsədi İslamı və müsəlmanları gözdən salmaqdır, xaos yaratmaqdır. Lakin bu terroristlər hansısa dini hökmü yerinə yetirirsə, bu, o demək deyil ki, həmin Quran hökmünü ləğv etməli ya da ortadan qaldırmalıyıq. Biz terroru ortadan qaldırmalıyıq və onunla mübarizə aparmalıyıq.

-Yaxşı, İŞİD üzvləri əsl müsəlmandırmı?


-Terroristin dini və milliyyəti olmaz. Bir müsəlman terrorist ola bilməz. Bir terroristin də müsəlman olması mümkün deyildir. Çünki İslam terroru lənətləyir. Təbii ki, müsəlmanlar da terrorizmi lənətləyir. Bu çox önəmli məsələdir. Bir müsəlmanın terrorist olması mümkün deyil. Ancaq deyirsinizsə ki, haradasa terror təşkilatı var – onlar müsəlman deyillər. Müsəlman niyə terrorçu ola bilməz? Çünki Allahın kəlamları, peyğəmbərimizin hədisləri terroru ortadan qaldırmaq üçün, sülh və əminamanlığın yer üzündə bərqərar olması üçün göndərilib. Terroru ortadan qaldırmaq üçün göndərilən bir dinin nümayəndəsi necə terrorist ola bilər axı?! İslam sülh, əmin-amanlıq, rəhmət və mərhəmət dinidir. Müsəlman da belə bir dinin kamil bir nümayəndəsidir. Ona görə də İslam və terror kəlmələri bir yerdə səsləndirilməməlidir. Bunlar ayrı-ayrı məfhumlardır.

İndi başqa bir məqamı deyim. Deyək ki, hansısa bir cinayətkar, terrorist dünyəvi qanunlardan öz mənfəəti üçün istifadə edərək cinayət və ya terror törədirsə, bu zaman dünyəvi qanunlara qarşımı gedək, onları dəyişdirək?! Siz gedin cinayətkarı tutun, terroru ortadan qaldırın, terroristi məhv edin. İslam terroru lənətləyir. Allah terrora da lənət eləsin, terroristə də.

Bəzi ilahiyyatçılar çıxır, Quranı, islam peyğəmbərinin hədislərini terror təşkilatları istifadə edir deyə, deyirlər ki, filan ayədə ya da hədisdə problem var. Belə də məsələyə baxış tərzi olar?

Bəzi ilahiyyatçıların belə düşüncəsi dinin özünə terrorçu baxış tərzidir. Hər şeyin izahı, açıqlaması var. İslam inanc sistemi üzərində qurulan bir həyat nizamıdır. İslam dar bir məkana sığışdırıla bilməz. Bunu teoloq kimi deyirəm.

İslamın mədəniyyət, əxlaq, iqtisadiyyat, sosial, ictimai, hüquqi tərəfləri var. Buna görə də, şəriət deyəndə qorxmamaq lazımdır. Şəriət, İslam hüquq sistemi deməkdir. Şəriətdə bir çox hökmlərlə bərabər yerinə görə ölüm hökmü də var. Bu gün bəzi inkişaf etmiş ölkələrdə də ölüm hökmü var.

-İslam inancında məşhur olan, az qala böyükdən balacaya qədər hamının dediyi bir misal üzərində dayanmaq istəyirəm. Müsəlmanların əksəriyyəti deyir ki, islamdan qabaq qız uşaqları diri-diri basdırılırdı. Açığını deyim, məsələnin bu qədər şişirdilməsi mənim üçün məntiqsiz görünür. Bu ənənə bəlkə də olub, amma olubsa belə, kütləvi hal almayıb. Bütün Ərəbistan boyu bu adət olsaydı, o zaman necə nəsil artıra bilərdilər? Nəzər alaq ki, Məhəmməd peyğəmbərin ilk xanımı həzrəti Xədicə də elə cahiliyyə Ərəbistanında yetişib.


-Çox doğru buyurursunuz. Mən özüm də vaxtı ilə düşünürdüm ki, bu qədər qız uşağını məhv edirlərsə, onda nəsil necə artırdı? Məsələ siz dediyiniz kimidir. Bu ənənə kütləvi deyildi. Bu, fərdi planda var idi. Ümumiyyətlə, o dövrdə qadınların hüquqları, insan olub-olmaması müzakirə edilirdi. Qadınlar qadın olduğuna görə, təhqirə məruz qalırdı. Ona görə də bəziləri qız uşaqları olduğu zaman cəmiyyət içinə çıxmağa utanırdılar. Nəticədə onu diri-diri basdırırdılar. O dövrdə İslam gəldi və bu məsələlərə son qoydu. Buyurdu ki, qadın kişi ilə yanaşı, Allahın bir bəndəsidir. Özü də bərabərhüquqlu. Qurani-Kərimdə qadına haqq, hüquq verilir. İslama görə qadın kişidən mənəvi baxımdan fərqli olmayan və iman gətirən bir bəndədir. Qadınla kişinin Allah qatında hörməti təqva ilədir. Yəni, fiziki görünüş heç bir şeyi ifadə etmir. Cahiliyyə dövrü ərəblərində isə qadın təhqiramiz bir varlıq idi. Guya indi bizim cəmiyyətdə qız uşaqlarına münasibət çox yaxşıdır? Bəzilərində cahiliyyə dövrünün düşüncələri hələ də qalıb. Ya diri-diri basdırdınız, ya da cinsiyətini öyrənəndən sonra qız uşağını abort etdirdiniz? Bir fərqi varmı?!

-Quranı oxuyarkən, belə bir ayə qarşıma çıxmışdı: Peyğəmbərlərin xanımları möminlərin anası hesab olunur. Peyğəmbərin xanımlarından biri də həzərti Aişə olub. Həzrəti Aişəyə münasibət isə İslamın öz içində birmənalı deyil. Əhli-sünnə Aişəyə böyük hörmət göstərsə də, şiələrdə belə deyil. Bu düşüncə nədən qaynaqlanır?


-Bizim canımızdan çox sevdiyimiz peyğəmbərimizin xanımları onun şərəfi, namusu və ləyaqətidir. Və Məhəmməd peyğəmbərin xanımlarının namus və ləyaqətləri, hər bir qadının namus və ləyaqəti kimi toxunulmazdır. Qurani-Kərimdə siz dediyiniz kimi, peyğəmbərin xanımları möminlərin anası kimi qəbul olunur. Bütün zamanlarda möminlər onlara ana gözü ilə baxıb. Peyğəmbərin xanımlarına ana gözü xaricində baxanlar da hər zaman islam ümmətinin əksəriyyəti tərəfindən qınaq obyektinə çevrilib. Biz peyğəmbərin xanımlarına hörmət edirik, onları analarımız kimi sevirik. Peyğəmbərin xanımları bizim namusumuz, şərəfimiz, analarımız olmaqla bərabər, həm də bir insan idilər. Onlar Tanrı deyildilər. Heç kim məsum da deyil. Heç kim günah, yalnış və xatadan sığortalanmayıb. Bizim islam dünyasının ən böyük problemi şəxsiyyətə pərəstişdir. Biz bu problemi aşa bilməmişik. Bizim ənənəvi din anlayışımızda da bu var. Bəzi şəxsləri toxunulmaz edirlər. Halbuki, toxunulmaz yeganə varlıq Allah və onun peyğəmbəridir. Toxunulmazlıq olmaması odur ki, onların nə üçün belə etdiklərini sorğu-sual edirik, müzakirə aparırıq. Lazım olduqda tənqid edirik. Bizim cəmiyyət təhqirlə tənqidi ayıra bilmir. Mən özüm də bundan əziyyət çəkirəm. Kimisə tənqid etdiyin zaman bunu təhqir kimi başa düşür. Halbuki, tənqid əsrlər boyu bizi inkişafa aparan bir şey olub. Tənqiddən elm meydana gəlib. Bu gün siz məni, mən də sizi tənqid etdiyim zaman özümüzə çəki-düzən veririk, tənqid olunan problemlərimizi düzəltməyə çalışırıq. Biz isə bunu bacarmırıq.

Peyğəmbərin xanımları, səhabələri çox fəzilətli və böyük şəxsiyyətlərdir. Böyük şəxsiyyət, hörmətli olmaqla bərabər onların hərəkətlərini tətqiq edərək sorğu-sual etmək haqqına malikik. Onlar bəşərdirlər, insandırlar, yanlış və xəta edə bilərlər. Kimsə mənə sübut edə bilməz ki, peyğəmbərimizin xanımları və bütün səhabələri hamısı məsumdurlar. İslamda məsumluq anlayışı yoxdur. Onlar özləri də bunu ifadə ediblər. Bizim məsum olaraq gördüklərimiz o insanlar gecə-gündüz Allaha yalvarırdılar ki, günahları, xətaları, yalnışları Allah tərəfindən bağışlansın. Məsum da Allaha yalvarar ki, günahları bağışlansın?!

Konkret həzrəti Aişəyə gəlincə. Təəssüflər olsun ki, həzrəti Aişəyə qarşı bəzən neqativ münasibət göstərirlər, hətta bəzi ifrat qruplar bu münasibətlərdə həddi aşırlar. Bunun səbəbi həzrəti Aişənin yaşadığı dövrlərdə müəyyən siyasi məsələlərdə iştirak etməsidir. Bu onun haqqıdır, öz seçimidir, bəzi məsələlərdə haqlı ya haqsız olub – bu onun özünə aid məsələdir. Özü də haqlı və haqsız olduğu tərəfləri deyib. Biz isə nəticədə hörmət göstəririk. İslam tarixi əsərlərində bu məsələlərə geniş yer verilib. Mən bir İslam tarixçisi kimi bu məsələləri tədqiq etmişəm və Aişə anamızın haqlı olub olmadığı məsələlərə aydınlıq gətirmişəm. Lakin onun bəzi siyasi məsələlərdə haqlı və ya haqsız olması bir müsəlman kimi mənim ona olan hörmətimi və sevgimi dəyişməyib.

Birmənalı şəkildə, peyğəmbərə, onun xanımlarına hörmət etmək lazımdır. Peyğəmbərin xanımlarına şübhə ilə yanaşanların, onları təhqir edənlərin, onlara hörmət etməyənlərin etiqadı pozuqdur. Belələrinin etiqadında ciddi problem var. Mən bunu bilavasitə əqidə ilə bağlayıram. Mən bəzi məzhəbçi qrupların möminlərin anası olan Aişə anamıza qarşı münasibətindən çox ciddi narahatam. Bu, çox pis tendensiyadır. Məsələ bir məzhəb məsələsi deyil. Məsələ Qurani-Kərimdə Allah Təala tərəfindən adları qeyd olunan peyğəmbərin xanımlarına olan münasibətdən gedir.

-Siz özünüzü hansı məzhəbin nümayəndəsi sayırsınız?


-Mən əlimdən gəldiyi qədər islamı elmi yollarla dərk etməyə çalışıram. İlahiyyat üzrə fəlsəfə doktoruyam. Kitablarım, məqalələrim, tədris proqramlarım var. Mənim məzhəbim elmdir, mötəbər kitablar və alimlərin yoludur. Ancaq etnik olaraq, kök olaraq mənim nəslim Qəbələdəndir. Kəndimiz əhli-sünnənin şafii-hənəfi məzhəbindəndir. Və bütün nəslim həqiqətən də əhli-sünnədir. Mən dindəki məzhəblərin baxış tərzini oxumuşam, nəyin doğru, nəyin yanlış olduğuna qərar vermişəm. Danışıqlarım, dünyagörüşüm digərləri tərəfindən əhli-sünnə nöqteyi-nəzərindən dəyərləndirilir. Lakin təssüflər olsun ki, müəyyən elmi fikirlərimə görə ölkəmizdəki bəzi “əhli-sünnə” mənsubları tərəfindən də təhqirlərə məruz qalmışam. Ancaq həyatımda məzhəb təəssübkeşliyi edən biri deyiləm. Mənim üçün əsas var olan o Ali Həqiqətdir, onu tapmaqdır. Həqiqət birdir və o, Allahdır. Mən özümü o Həqiqətdən bir parça hesab edirəm. Hamı da, o Həqiqətdən bir parçadır.

Problem bilirsiniz nədir? Bəzi məzhəb mənsubları və ideoloqları çıxıb deyir ki, həqiqət yalnız biz deyəndir. Deyirlər ki, qalan hər şey batildir, onlardan başqa həqiqət yoxdur. Bu, yanlışdır, xətalıdır. Müsəlmanların arasında yaranan problem hər kəsin özünü həqiqət görməsi ilə bağlıdır.

-Bayaq dediniz ki, tənqid yaxşı şeydir. Bəs İslam dininin özü, Quran tənqid oluna bilərmi?

-
İslamın toxunulmazlıqları var. Bunlara toxunmaq olmaz. Təndiq o toxunulmazlıqları anlama metodologiyası və anlayışına aid edilə bilər. Siz, hər hansı bir ayəni alıb öz bilgi səviyyənizə görə yozub, izah edib, hər hansı bir formada anlaya bilərsiniz. Və anladığınızı tətbiq etməyə çalışarsınız. Sizin az əvvəl qeyd etdiyiniz təzadlar və ya 70-dən çox məzhəb və təriqətlərin yaranma səbəblərindən biri də elə budur. Bu tətbiq olunan şeyi tənqid etmək olar. Ancaq bazanı, yəni Quran ayəsini yox. Peyğəmbərin dediyinə yozum verən və onu öz əqli və elmi səviyyəsinə görə izah edən alimi tənqid edə bilərsən. Amma peyğəmbəri tənqid edə bilməzsən. Olmaz.

-İlahiyyatçı həmkarınız Elşad Miri ilə sosial şəbəkələrdə bəzən müzakirə aparırıq. Bəzən bu diskussiyalar çox dərinləşir. Elşad Miri islamda olan bir şeyi yoxmuş kimi qəbul edir. “O islamda yoxdur, bu islamda yoxdur” deyir. Məsələn, Qəmər surəsində peyğəmbərin Ayı bölməsi məsələsini qəbul etmir və deyir ki, bu, əslində qiyamətdə olacaq bir prosesə işarədir. Ya da deyir ki, islamda merac yoxdur. İstənilən halda, mübahisəli fikirlər səsləndirir. Ayın bölünməsi, merac olan şeylərdir, yoxsa burada başqa dərin teoloji məna var?

-
Bu məsələlər Qurani-Kərimdə və peyğəmbərimizin hədislərində var. Lakin bunları anlama metodları fərqli ola bilər. Ənənədə merac da, Ayın bölünməsi də qəbul edilir. Bu, kitablarda da qeyd olunur. Biri çıxıb “mən ayələri deyil, ayələrin yanlış anlaşılmasını, yozumunu inkar edirəm” deyə bilər. Bu, insanı, alimi dindən çıxarmaz.

Reformistlərlə klassiklər arasında mübahisə həmişə olub və bu davam edəcək. Amma bəziləri reformist adı ilə ənənədə olan bəzi şeyləri islamdan təmizləmək istəyir. Bunlar fərqli şeylərdir. Sizə açıq bir şeyi deyim ki, mən ənənəyə sadiq olan bir insanam. Ancaq ənənəni də tədqiq edirəm. Araşdırıram ki, bu ənənədə olan şey siz dediyiniz o bazaya nə qədər uyğundur, nə qədər yox. Bazada, yəni Quranda və ya mötəbər hədislərdə varsa, arxa planını, hikmətini öyrənərək onu qəbul edərəm.

-Deməli, Ay bölünüb?


-Qurani-Kərimlə verilən məna ilə razılaşmaya bilmərəm. Bu, mənim ixtisas sahəm deyil. Bu, daha çox təfsirlə əlaqəlidir. İxtisasıma aid olmayan bir şeyi inkar etməyim üçün əsas yoxdur. Ümumiyyətlə , gündəmə gətirilən bu şeylər zamanı və vaxtı olmayan şeylərdir. Bizdə dini şüur tam formalaşmayıb, amma durub meracdan danışırıq. Elə elmi məqalə və informasiyalar var ki, biz ilahiyyatçılar onu bilsək də, cəmiyyətə çatdırmırıq. Çünki dediyim kimi şüur tam formalaşmayıb. Cəmiyyət bu informasiyaları eşitməyə və qəbul etməyə hazır deyil. Vaxt lazımdır. Peyğəmbər şüuru formalaşmayan cəmiyyətdə durub peyğəmbərin səhvlərindən danışmağın heç yeri yoxdur. Hətta lazımsız bir şeydir. Bu vəziyyəti daha da pisləşdirir. İnsanların tam olaraq peyğəmbərlik institutu haqqında dərin bilikləri və düşüncələri yoxdur, onsuz da onlarda bir sürü şübhələr var. Belə məsələləri gündəmə gətirməklə onlardakı şübhələri daha da çoxaldırsınız. Buna deyirlər, qaş düzəldən yerdə vurub gözü çıxartmaq. Ona görə də lazım deyil. Peyğəmbər haqqında danışılası o qədər gözəl və cəmiyyətə müsbət təsir edən şeylər var ki! Sən durub peyğəmbərin xətalarından danışdığın zaman isə məsələ daha da qəlizləşər. Bax belə!

 


Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir