Modern.az

Akif Aşırlı: “30 yaşında etdiyini indi bacarmırsan” - MÜSAHİBƏ

Akif Aşırlı: “30 yaşında etdiyini indi bacarmırsan” - MÜSAHİBƏ

15 Fevral 2017, 15:46

Bu gün “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının 48 yaşı tamam olub.

Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində doğulub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988-1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1999-cu ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub.
2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. 
Orta məktəb illərindən başlayaraq dövri mətbuatda məqalələri və bədii yazıları çap olunub. Jurnalistlik fəaliyyətinə "7 gün" qəzetində başlayıb və bir müddət "Müxalifət" qəzetində çalışıb. 1996-cı ildə "Şərq" qəzetini təsis edib. Həmin vaxtdan etibarən "Şərq"in baş redaktorudur. 
1993-cü ildə ABŞ-ın rəsmi dövlət agentliyi USAİD-in dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib.
"Ağlama, Damcılı bulağı", "Türkün Xocalı soyqırımı", "Nəriman Nərimanovun Kremildə qətli", "Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu", "Azərbaycan mətbuatı tarixi (1875-1920)”  kitablarının müəllifi, "Bağanıs Ayrım soyqırımı" kitabının həmmüəllifidir. AMEA-nın Tarix İnstitutunun dissertantıdır. 2005-ci ildə Akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülüb. 2005-ci ildə jurnalistikanın inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə mükafatlandırılıb. Ailəlidir, üç övladı var.


Akif Aşırlının Modern.az-a müsahibəsini təqdim edirik.

 

-Sizi doğum gününüz münasibəti ilə kimlər təbrik edib? Ad gününü necə keçirəcəksiniz?

-Dünən axşamdan təbriklər gəlməyə başlayıb. Məni təbrik edən dostlara, qardaşlara, həmkarlara diqqət göstərdiklərinə  görə təşəkkür edirəm. Bu təbriklər onu göstərdi ki, 48 ildə boş yaşamamışam. Demək ki, cəmiyyət üçün müəyyən mənada müsbət qatqılarım olub.

Mən çox doğum günü keçirməmişəm və təmtəraqlı doğum günlərim heç olmayıb. Doğum günlərimi ailəmlə, dostlarımla keçirmişəm.

- 48 yaş həyatın hansı hissəsidir?

-
48 yaş mənə heç də qəribə gəlmədi. Hər zamanki kimi səhər yaradıcılıq ovqatımla durdum. Yenə iş başında yaradıcılıqla məşğulam. Hesab edirəm ki, bir insan üçün ən yaxşı hal onun sevdiyi peşə ilə məşğul olması və doğru, dürüst, illərlə yol gedəcəyi dostlarının olmasıdır. Həyat insansa həm də ailəsi və övladları ilə maraqlıdır, xoşbəxtəm ki, həyatımda xoş günlərimin sayı çoxdur. Özümü xoşbəxt hesab edirəm.


-Həyatınızın geridə qalan hissəsi üçün darıxdığınız məqamlar olurmu?


-Həyatımın uşaqlıq illəri Azərbaycanın Sovet dövründə qaldı. O dövrün də özünün maraqlı cəhətləri var idi. Ancaq gəncliyimiz çox qaynar oldu,  Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirak etmək üçün tarix bizə fürsət verdi. Gəncliyim Milli Azadlıq hərəkatına təsadüf edib. Çap olunan qəzetlərdə, jurnallarda çıxış etmişəm. Uzun illər “Yeni gün” və “Müxalifət” qəzetlərində çalışmışam. Daha sonra isə “Şərq”  qəzetini yaratmışam. O həyatı yaşadığım üçün peşmanlıq çəkmirəm. Bəzən adam fikirləşir ki, zamanında bunu etsəm, yaxşı olardı. 30 yaşında etdiyini indi edə bilmirsən, biraz çətin gəlir. Ona görə də keçmişə baxanda elə pessimist deyiləm. Ötən illər ərzində xeyli sayda kitablarım, məqalələrim, araşdırmalarım çıxıb. O qədər də məhsuldar olmamışam, gələcək necə olacaq onu tanrı bilir.

-Həyatdan istədikləriniz ala bilmisinizmi?

-Həyatda insanın arzusu yaxşı ömür sürmək, demokratik cəmiyyətdə yaşamaq, ailədə, cəmiyyətdə hüzurlu olmaqdır. Cəmiyyətdə, xalq arasında tanınmaq şans işidir, həm də tale yazısıdır. Ancaq insanlar bunun üçün əmək sərf etməlidir. Gərək insan çalışa ki, cəmiyyətə, yaxın ətrafına xeyir versin. İndi bilmirəm mən buna nə qədər nail olmuşam. Mənə gələn təbriklərdən, ünvanıma yazılan xoş sözlərdən bu qənaətə gəlirəm ki, bu ömrü boşa yaşamamışam.

-Yəqin ki, bu yaşınıza qədər xeyli hədiyyə almısınız. Bu hədiyyələr arasında ən çox yadınızda qalanı kimdən aldığınızdır?

-Mən heç vaxt hədiyyə həvəskarı olmamışam. Mənim ünvanıma kimsə xoş söz deyirsə, təbrik edirsə, bu ən böyük hədiyyədir. Təbii ki, övladlarımın, ailəmin mənə verdiyi hədiyyələr mənim üçün çox dəyərli olub. Övladlarım orta məktəbdə oxuyanda açıqcalar yazırdılar, o açıqcaları dəyərli bir hədiyyə olaraq saxlayıram. Övladlarımın yazdığı açıqcalar mənim üçün çox dəyərli hədiyyədir.

-Akif müəllim, yazılarınızdan hansı xüsusilə yadınızda qalıb?

-Mən saysız-hesabsız yazılar yazmışam, zamanında reportajlar hazırlamışam. Cəbhə bölgələrində olmuşam, Ağdərə döyüşlərində iştirak etmişəm, Tərtərdən reportajlar hazırlamışam, Qazaxın, Tovuzun sərhəd kəndlərindən 1992, 1993-cü illərdəxeyli reportajlarım var. Bu müddət ərzində mənim bəxtimə Azərbaycanın  ən dəyərli  jurnalisti ilə birlikdə 1993-cü ildə, sərhədlər yeni açılanda Amerikanın 7 ştatına səfərə getmək düşüb. Orada jurnalistika kursu keçdik. Bunların hər biri mənim həyatımda silinməz bir iz buraxıb.
Eyni zamanda peşəkar jurnalist olmaq üçün öz üzərində çox çalışmaq lazımdır, mütaliə etmək lazımdır. Hər bir qələm insanı yazdıqlarının arxasında durmağı bacarmalıdır. Hansı mövzular ki, cəmiyyətin üçün maraqlıdır, o mövzuları ciddi şəkildə işləmək lazımdır. İndi jurnalistlər məhkəmələrə çox çəkilmir, bizim zamanımızın böyük əksəriyyəti məhkəmələrdə keçdi. Biz yazdıqlarımızın doğru olduğunu, haqlı olduğumuzu yeri gələndə məhkəmələrdə sübut etmişik. Düzdür, həm ədalətli, həm də ədalətsiz qərarları olub. Bütün bunların hamısı ən əvvəl əzm və iradə lazımdır və jurnalist öz üzərində daha da çalışmalıdır. Cəmiyyət görəndə ki, onun sabit fikirləri var, öz fikirlərini doğru ifadə etməyi bacarır, öz fikirlərinin arxasındadır, həmin jurnalistin qələminə hörmət yaranır.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi