Modern.az

1992-ci ilin 15 fevralı… Xocalı ŞAHİDLƏRİ: “Hökumət nümayəndələri bizi dəhşətə saldılar”

1992-ci ilin 15 fevralı… Xocalı ŞAHİDLƏRİ: “Hökumət nümayəndələri bizi dəhşətə saldılar”

Hadisə

15 Fevral 2017, 17:48

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü tamam olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün  insanları olaraq,  1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

 

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq! 

Modern.az
 saytı Xocalı soyqırımının 25 illiyi ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.

1992-ci il fevralın 15-i...

 

25 il bundan qabaq Xocalıda Rabitə qovşağının rəisi vəzifəsində çalışmış Cavid Əliyev 25 il bundan əvvəlin bu gününü belə xatırlayır:

                                               
“Xocalı sakinlərinin əzablı günləri çox olub”


-
1992-ci ilin fevralında həyat sanki sönmüşdü. Vertolyot da gəlib çıxmırdı. Heç yerlə əlaqəmiz yox idi. Ağdamla, Şuşa ilə  ancaq telefon vasitəsilə əlaqə saxlayırdıq. Xocalının qara günləri hələ 1985-ci ildə Qorbaçov SSRİ-də hakimiyyətə gələndə başlamışdı. Onun milli məsələlərlə bağlı fikirləri ermənilərin bizə olan münasibətini tamamilə dəyişdi. Ermənilər azərbaycanlıları Xankəndindən, Əsgərandan qovmağa başladılar. Hətta yadımdadır ki, 1988-ci ilin sentyabrında azərbaycanlıların əmək haqlarını vermədilər. Mən də rabitə qovşağında çalışdığımdan 8 ay maaş almamışam.
Demək olar ki, mütəmadi olaraq ermənilər nəsə bir hadisə törədirdilər. Gah avtobuslarımızın qarşısını kəsirdilər, gah insanlarımızı girov götürürdülər, gah da öldürürdülər. 1988-ci ildən 1992-ci ilin fevralına kimi Xocalı sakinləri əzablı günlər yaşayıb.


“Sakitçilik olanda təəccüblənirdik”

Cavid Əliyevin sözlərinə görə, özlərini müdafiə etmək gücündə deyildilər.


- 1992-ci ilin fevralında hər gün yaralılarımız olurdu. Ermənilər təxribat törətməkdən həzz alırdılar. Hansı gün sakitçilik olanda hamımız təəccüblənirdik ki, “nə əcəb bu gün ermənilərin atəş maşınları işə düşməyib?!”
Xocalının hər tərəfi mühasirəyə alınmışdı. Axşam düşəndə qorxu içində olurduq. Hər an hücum edə bilərdilər. Onsuz da səsimizi eşidən hakimiyyət yox idi. Çarəsiz vəziyyətdə qalmışdıq. Ən böyük problemlərimizdən biri də əliyalın olmağımız idi. Hər tərəfimizi mühasirəyə almışdılar. Özümüzü müdafiə etməyə heç bir texnikamız yox idi. 1992-ci ilin fevralını sözlə ifadə etmək çox çətindir. Biz xocalılar o proseslərin birbaşa şahidləriyik.

                                            
“O günləri yada salanda əlim-ayağım əsir”

Müsahibimiz deyir ki, xocalıları yalanlarla aldadırdılar.


-Qidalanmağımız da çətin idi. Əsasən un tapılmırdı. Amma kənd insanlarının toyuq-cücəsi, mal-heyvanı vardı. Ac qalanda bunlarla günümüzü başa vururduq. Təbii ki, çörəyin yerini heç nə vermirdi. Biz xocalıların hər yerlə əlaqəsi kəsilmişdi. Yadımdadır ki, 1992-ci ilin bu vaxtı kənddə bir mənim evimdə televizor vardı. Televizora generator vasitəsilə baxmaq mümkün idi. Çünki elektrik xətlərimiz kəsilmişdi. Bir gün camaatı bir yerə yığıb televizora baxırdıq. Həmin an biz dəhşətə gəldik. Televizorda göstərirdilər ki, Xocalıya yardım olunur. Hakimiyyət nümayəndələri çıxıb deyirdi ki, “Xocalıda sakitlikdir. Heç bir problem yoxdur, vertolyot gedir”. Axı yardım necə ola bilərdi Xocalıya?! Yollar bağlı idi. Vertolyot da gəlmirdi. Təəssüf ki, belə yalan danışıb bizi dəhşətli hadisə ilə üz-üzə qoydular. Hətta, fevralın 25-dən 26-na keçən gecə çıxıb demişdilər ki, “cəmi 2 nəfər öldürülüb”. O günləri yada saldıqca, əlim-ayağım əsir.

                                                  
“Pul işimizə yaramırdı”

Cavid Əliyev ailəsinin girovluqda olmasından da danışıb.


-Həmin vaxtlarda qardaşım Ağdamda idi. Axırıncı dəfə onunla telefonda danışdanda mənə dedi ki, “başınıza çarə qılın. Hakimiyyət adında heç nə yoxdur. Hökumət olmadığından ağız deyəni qulaq eşitmir”.
Halbuki, dəfələrlə Ağdamla, Şuşa ilə əlaqə saxlamışdəm ki, vəziyyətimiz pisdir. Hər dəfə də başımızı aldadıb deyirdilər ki, ya bu gün, ya da sabah axşam sizə kömək ediləcək. Heç bir köməklik də edilmirdi. Bütün günümüz ağır keçirdi. Maaşlarımızı ala bilmirdik. 1992-ci ilin bu günü bizim maaşlarımız verildi. Amma bunun da mənası yox idi. Çünki biz o pulla nə ala biləcəkdik ki! Ərzaq tədarükü tükənmişdi. Pul da heç bir işə yaramırdı. Xocalıda hər axşam o dərəcədə qaranlıq olurdu ki, ay-ulduz da görünmürdü. O dəhşətli gecədə mənim də anam və bacım girov düşmüşdü.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!