Modern.az

Hansı universitet müəllimə yüksək maaş verir...

Hansı universitet müəllimə yüksək maaş verir...

16 Fevral 2017, 12:04

Müəllimlik dünyada ən çətin, eyni zamanda da ən şərəfli  peşə sayılır. Əsl müəllimlər şagird və tələbələrin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bacarıqlarını sərf edirlər.
Azərbaycanda müəllimlərin maaşı məsələsi uzun illərdir müzakirə olunur.  Ölkə başçısının "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli sərəncamından iki il keçir.

Ölkə başçısının müvafiq sərəncamından sonra orta məktəb müəllimlərinin vəzifə maaşları pedaqoji stajdan asılı olaraq, ali təhsillilər üçün 320 manatdan 410 manatadək, orta ixtisas təhsillilər üçün 290 manatdan 350 manatadək müəyyən edilib.

Sərəncama görə, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə artırılmaqla, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Müəllimin vəzifə maaşının məbləğini 18 saata bölməklə, 1 saatın dəyəri müəyyən edilir. Hazırda müəllimin 1 dərs saatının dəyəri orta hesabla 34 faiz artıb. 2016-cı ildə keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsindən sonra Azərbaycanda əməkhaqqı artırılan müəllimlərin sayı 100 min nəfəri keçdi.

Bəs Azərbaycanda universitet müəllimlərinin ən yüksək və ən aşağı maaşları nə qədərdir? Hansı səbəblərə görə bir müəllimin maaşı ilə digərininki arasında fərq var?


Məsələ ilə bağlı Modern.az saytı bir neçə universitet ilə əlaqə saxlayıb.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova:

“Bakı Dövlət Universitetində professor-müəllim heyətinin əmək haqları 650 manatdan 1500 manat arası dəyişir. Bundan əlavə, universitet əməkdaşlarının xeyli hissəsi yerli və beynəlxalq proqram-qrantlarda iştirak edir ki, burdan əldə etdiyi gəlirlə birlikdə mavacibləri 3 min manatdan çox olur”.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:

“AzTU-da müəllimlərin əmək haqqına və bu sahədəki tənzimləmələrə gəlincə, bildirmək istəyirəm ki, bu məsələ Universitetimizin komersiya sirridir. Lakin əməkdaşılığımızı nəzərə alaraq bildirirəm ki, AzTU-da eyni kateqoriyadan olan müəllimlərin əmək haqqı eynidi. Əlavə olaraq qeyd etmək istəyirəm ki, bizim universitetdə əmək haqlarının orta səviyyəsi ölkənin digər ali təhsil müəssisələrinin əmək haqlarının orta səviyyəsindən yüksəkdi”. 

Dövlət İqtisad Universitetindən (UNEC) verilən məlumat:

“UNEC-də pedaqoji heyətin orta aylıq əməkhaqqı 1000 manata yaxındır. 2015/16-cı tədris ilindən ölkə universitetləri arasında ilk dəfə UNEC-də Differensial Əməkhaqqı Sistemi tətbiq edilir. Sistemə görə pedaqoji heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların UNEC-dəki fəaliyyətinin üç əsas istiqaməti – elmi, tədris və özünüinkişaf  üzrə müəyyən edilən yüzdən çox göstərici əsasında hər bir müəllim üçün “Müəllimin İllik Xidməti Fəaliyyət Balı” hesablanır. “Müəllimin İllik Fəaliyyət Balı”na əsasən, müəllimlərin illik reytinq siyahısı tərtib olunur. Reytinqdə 1-10-cu yerləri tutan müəllimlərin əməkhaqqı 2 dəfə, 11-30-cu yerləri tutan müəllimlərin əməkhaqqı 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlərin əməkhaqqı 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlərin əməkhaqqı isə 1,2 dəfə artırılır”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir