Modern.az

Xocalı 1992-ci ilin 16 fevralında... Şahidlər 25 il öncənin o gününü belə XATIRLAYIRLAR

Xocalı 1992-ci ilin 16 fevralında... Şahidlər 25 il öncənin o gününü belə XATIRLAYIRLAR

Hadisə

16 Fevral 2017, 12:29

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü tamam olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün  insanları olaraq,  1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

 

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq! 

Modern.az
 saytı Xocalı soyqırımının 25 illiyi ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.

1992-ci il fevralın 16-sı...

 

Vaxtilə Xocalıda döyüşmüş Murad Məhərrəmov 25 il bundan əvvəlin bu gününü belə xatırlayır:                                               

 

 “Gedin, Bakıda yaşayın”

 

“Biz əvvəllər Xankəndində yaşamışıq. 1988-ci il hadisələri başlayandan sonra ordan çıxmalı olduq. Evlərimizi yandırdılar. Biz də əvvəl Şuşaya köçdük. 1989-cu ilin avqustunda isə gəlib Xocalıda məskunlaşdıq. Açığı deyim ki, biz ailəliklə Qarabağdan çıxmaq istəmirdik. Hətta o vaxtlar Bakıya gəlmək şansımız olsa da, bundan imtina etdik. Bir hadisə yadımdadır. Vaxtilə ermənilərlə kontaktda yaşamışıq. Bir neçə dəfə bizə dedilər ki, “bizim Bakıda evlərimiz var. Siz gedin orada yaşayın. Burdakı ev-eşiklərinizi bizə verin”. Biz isə onların təklifini qəbul etmədik. Öz yurdumuzu kiməsə vermək istəmirdik. Xocalıda məskunlaşanda artıq bizə evlər tikmişdilər. Vaxtilə Xankəndində  işıq və elektrikquraşdırma  idarəsində çalışdığımdan Xocalıda da bu işimi yerinə yetirirdim. Xocalıda işıq idarəsinin müdiri vəzifəsində çalışmağa başladım”.

 

Özünümüdafiə batalyonu necə yarandı?

Keçmiş hərbçinin sözlərinə görə, ov tüfəngləri ilə də olsa, ermənilərin cavabını verirdilər.

“Xocalı 1988-ci ildən başlayaraq, həm Əsgəran, həm də Xankəndi tərəfdən ermənilərin hücumuna məruz qalırdı. Ona görə də biz Xocalıda özünümüdafiə batalyonu yaratmışdıq. Özünümüdafiə batalyonunu Xocalı rayon İcra Hakimiyyətinin qərarı ilə yaratdıq. Xocalıdan olan kişilərin hamısı şəhərin müdafiəsində idi. Mən də Xocalı batalyonunun üzvü olmuşdum. Eyni zamanda, Xocalıda postlar da yaradılmışdı. “Cəbhə təpəsi” adlanan posta rəhbərlik edirdim. Xocalı faciəsi baş verənə qədər dəfələrlə ermənilərin Xocalıya hücumları təşkil olunub. Baxmayaraq ki, Xocalı sakinlərində iri çaplı silahlar yox idi. Sadəcə, ov tüfənglərindən istifadə etməklə ermənilərin hücumlarının qarşısını alırdıq. Xocalı hadisələrində mən də yaralanmışdım.

Xocalı faciəsinə qədər bizdən çoxlu sayda ölən və yaralananlar olmuşdu. Hətta Milli Qəhrəmanımız Aqil Quliyevin rəhbərliyi ilə kənardan bizə 20 nəfər könüllü qüvvə gəlmişdi. Xocalının müdafiəsi zamanı ağır yaralanmışdı. Neçə nəfər döyüşçümüzü girov götürmüşdülər. Təbii ki, biz də ermənilərdən girov götürmüşdük. Əlif Hacıyev də xocalıların müdafiəsində idi”.

 

“Bir gecədə 105 ədəd raket atdılar”

 

Müsahibimiz deyir ki, yalan vədlərin verilməsi Xocalını pis günlərə qoydu.

“Xocalının relyefi elə idi ki, 8 km-də Xankəndi, 3 km-də Əsgəran, dörd bir tərəfində isə Ermənistanın 20-yə yaxın kəndi vardı. Hər axşam Xocalı raket atəşinə tutulurdu. O vaxt yadımdadır ki, bir axşam ermənilər düz 105 ədəd raket atdılar. Həm də yaşananları sözlə ifadə etmək çətindir.  Xocalıda baş verən qırğın yalan vədlərin ucbatından oldu. İnsanlarımızın başına qəddar ermənilər tərəfindən oyunlar açılması yalan vədlər ucbatından baş verdi. Tez-tez ağsaqqallarla mütəmadi görüşlər keçirirdik. Bakıya məlumat verirdik ki, vəziyyət budur. Bizə kömək edin! Hər dəfə bizi aldadırdılar. Qabacadan planlaşdırmışdıq ki, heç olmasa qadınları, uşaqları, yaşlıları gecə ilə Ağdam istiqamətinə tərəf çıxaraq. Kişilər isə Xocalını müdafiə etmək üçün qalsın. Təəssüflər olsun ki, bizi aldadıb deyirdilər ki, “camaatı Xocalıdan çıxartmayın. Yolda itki verərsiniz. Əsgərana yol açılır. Hər şey yaxşı olacaq”. Hər birimizi belə yalançı vədlərlə pis günə qoydular”.

 

“5 uşaq yetim qaldı”

 

Murad Məhərrəmov deyir ki, Xocalının müdafiəsində neçə nəfər yanında şəhid olub.

“Böyük qardaşım küçə döyüşündə şəhid oldu. O hadisə də belə olmuşdu. Qonşuluqda 12-13 yaşlı bir oğlan uşağını erməni əsgərləri tutmuşdu. Həmin uşağı azad etmək istəyəndə erməni gülləsinə tuş gəlmişdi. Qardaşımın ailəsi də Xocalı faciəsində şəhid oldu. Həmin vaxtlarda hər gün atəşə məruz qaldığımızdan zirzəmilər qazılmışdı. Qadınlar və uşaqlar raketlərdən müdafiə olunmaq üçün zirzəmilərdə gizlənirdi. Növbəti dəfə raket atəşi açılarkən zirzəmidə 30 nəfərə yaxın insan öldürüldü. Qardaşımın yoldaşı da həmin zirzəmidə ölənlər arasında idi. Bu günə kimi də zirzəmidə öldürülən bir çoxlarının taleyi barədə məlumatımız yoxdur. Qardaşımın 5 uşağı yetim qaldı. Xocalı faciəsi zamanı böyük uşağının 12 yaşı vardı. Uşaqları biz böyütdük. Hətta, bir bacım o uşaqlara görə ailə həyatı qurmadı”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı