Modern.az

Dünya ana fəryadına səbəb olanları cəzalandıracaq qədər ədalətli deyil!

Dünya ana fəryadına səbəb olanları cəzalandıracaq qədər ədalətli deyil!

16 Fevral 2017, 14:30

Fevralın 26-sı... Bəli, hamımız xatırladıq: Xocalı faciəsi... O faciə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə etnik azərbaycanlılara qarşı törədilmişdi. O faciə ki, 63-ü uşaq, 106-sı qadın, 70-si qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birin itirib. Hələ mən yaralıları, əsir götürülənləri və bu günə kimi taleyi məlum olmayan girovları demirəm...

Artıq 25 il ötür həmin faciədən. Hər il olduğu kimi, bu il də faciə qurbanlarının xatirəsini anmaq üçün Xocalı abidəsi ziyarət olunacaq, qarşısına güllər düzüləcək. Yenə də bu abidə insan izdihamıyla dövrələnəcək. Neçə-neçə insan göz yaşı tökəcək, qəlblərindən qəzəb və nifrət, dillərindən isə od-alovlu sözlər süzüləcək.

İndi isə hər kəs öz işində: ötən ildən layihəsinə başlanan tikinti işləri davam edir, işıqforun rənglərinə müticəsinə əməl edən maşınlar şose yolda şütüyürlər, gənclər dekorativ ağac və gül kollarına diqqət edərək parkdan kənarlaşırlar.Başlarını aşağı salıb abidə önündən keçən təkəm-seyrək adamlarsa oradan sürətlə uzaqlaşırlar.

Ancaq çox yox, cəmi 10 gündən sonra o başlar abidəyə tərəf qalxacaq, bütün nəm gözlər heykələ zillənəcək, o gün hər kəs ana harayını eşidəcək, eşidəcək...!

Axı övladı üçün qışın ən sərt soyuğuna sillə çəkən ananın naləsini kim eşitməyə bilər ki?! Yox, hər kəs eşidəcək, ancaq....

Ancaq səs tellərini qırtlaqlarına düyünləyib susacaqlar, xısın-xısın... Çünki dünya ana fəryadına səbəb olanları cəzalandıracaq qədər ədalətli deyil!

 

 

Azadə Bayramova

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!