Modern.az

Lerikdə 1 metrədək qar yağıb, yollar bağlanıb

Lerikdə 1 metrədək qar yağıb, yollar bağlanıb

17 Fevral 2017, 09:39

Hazırda respublika ərazisində qarlı-şaxtalı hava şəraiti hökm sürür. Lerik Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov Modern.az-a açıqlamasında rayona güclü qar yağdığını deyib:

“Köhnə qar əriməyə macal tapmamış fevralın 16-dan başlayaraq yenidən qar yağır. Dünəndən bəri 40 santimetrə qədər qar yağıb. Amma nəzərə alaq ki, yerdə də qar var idi. Ümumilikdə yüksək ərazilərdə qarın hündürlüyü 1 metrə yaxındır”.

Rayon rəsmisi bəzi dağ kəndlərinə gedən yolların bağlandığını qeyd edib:

“Hazırda Lənkəran-Lerik magistral yolu açıqdır. Kəndlərə gedən yollar bağlanıb, çalışırıq ki, açaq”.

H.Məlikov bildirib ki, bəzi dağ kəndlərində elektrik enerjisinin verilməsi dayanıb:

“Həmin kəndlərdə gün ərzində işıq verilməsi bərpa ediləcək. Su, qaz verilişində heç bir problemimiz yoxdur”.

Quba rayon icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov Modern.az-a açıqlamasında deyib ki, Qubada yağan qarın hündürlüyü şəhərdə 20 santimetr, nisbətən yuxarı ərazilərdə 30 santimetrə çatıb:

“Hazırda qar yağmır, mülayim havadır. Xınalıqda problem yoxdur, amma Xaldanda müəyyən çətinlik yaranıb. Yollar bağlıdır. Bu da təbii haldır. Çünki bir neçə gün ərzində rayona güclü qar yağıb. İşıq, qaz, su, telefon normal şəkildə işləyir”.

 

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu