Modern.az

Metronun “Xalqlar dostluğu” stansiyasında təmir başladı - FOTO

Metronun “Xalqlar dostluğu” stansiyasında təmir başladı - FOTO

17 Fevral 2017, 11:06

“Bakı Metropoliteni” QSC tərəfindən “Xalqlar dostluğu” stansiyasının keçidlərində divar və döşəmə üzlüklərinin dəyişdirilməsi işlərinə başlanılıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında stansiyanın hər iki keçidinin təmir olunduğunu bildirib.

O deyib ki, təmir işlərinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub:

“Bakı metropoliteninin “Xalqlar dostluğu” stansiyasının keçidlərində mərmər divar üzlükləri, həmçinin mozaik döşəmə üzlükləri uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb. Təmir işləri metropolitenin daxili imkanları hesabına müəssisəyə daxil olan strukturlar tərəfindən aparılır. Layihəyə uyğun olaraq, təmir zamanı stansiya keçidlərində üzlüklərin dəyişdirilməsindən əvvəl kommunikasiya xətlərinin yenilənməsi üçün müvafiq tədbirlərin görülməsi, divarlarda yararsız vəziyyətə düşmüş mərmər örtük, həmçinin mozaik döşəmə üzlüklərinin dəyişdirilməsi mərhələlərlə yerinə yetiriləcək. Təmirin may ayına yekunlaşdırılması planlaşdırılır”.

 

N.Paşayev bildirib ki, “Xalqlar dostluğu” stansiyasının keçidlərinin təmiri müddətində sərnişinlərin stansiyadan istifadəsinə heç bir məhdudiyyət qoyulmayacaq:

 

“Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün gediş-gəlişə mane olmadan iş görülən sahə müvəqqəti hasara alınıb”.

Qurum rəsmisi eyni zamanda metropoliten tərəfindən “B3 “stanasiyasının tikintisinin davam etdiyini bildirib.


Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir