Modern.az

Erməni vəhşiliyini rəsmlərdə göstərən fransız: Bəlkə doğrudan da Dərviş Məstəli şahlar lazımdır...” - MÜSAHİBƏ

Erməni vəhşiliyini rəsmlərdə göstərən fransız: “Bəlkə doğrudan da Dərviş Məstəli şahlar lazımdır...” - MÜSAHİBƏ

17 Fevral 2017, 11:38

Fransa parlamenti 2001-ci il yanvarın 29-da "Fransa “erməni soyqırımı"nı tanıyır" adı altında qanun qəbul etdi. Hətta Fransada sözdə “erməni soyqırımı"nı rədd etmək cinayət sayılırdı, əgər o qanun ləğv olunmasaydı, deməli, dünya şöhrətli fransalı heykəltəraş-rəssam Reno Vinsent Baltzinger "cinayətkar" olacaqdı. Axı o, dünyanın kor olduğu həqiqəti qəbul edir, kukla başlara inanacaq qədər sadəlövh deyil, bütün bu ssenariyə özünü "inanırmış" kimi göstərəcək qədər aktyor deyil. Çünki o, Xocalı soyqırımını danacaq qədər qəddar ola bilməzdi.


Azərbaycanlıların soyqırımına həsr etdiyi 70 əsəri onun kor, sadəlövh, artist və qəddar olmadığını göstərir. O, fransalı insandır, vəssalam. Xocalı faciəsinə həsr etdiyi "Bəyaz əsər" adlı kompozisiyası qara günümüzü dünyaya çatdırmağı hədəf alıb. Çağırış motivli əsəri görən insanın qanı donur, üzünün rəngi ilə həmin "Bəyaz əsər" vəhdət təşkil edir.

Bir sözlə, bu əsər Qarabağın qara taleli insanlarını göz önünə gətirir fırçadan süzülən boya ilə. Qadın və onun ətrafında uşaqlar... Vətən və onun övladları... Azərbaycan və Qarabağ... Qarabağ və Xocalılılar...

İstər-istəməz sol beyin yarımkürəsi belə bir sual doğurur: fransalı biri nəyə görə məhz Xocalı faciəsini əks etdirən təsvirlər işləməlidir kətan üzərində? Məntiqli sualdır və əlbəttə ki, izahı da var.
Deməli, Renonun qardaşı Bakıda Fransa səfirliyində mədəni müşavir olaraq çalışırdı. Eyni zamanda o, ağır xəstəydi. Həmin xəstə vaxtlarında Renodan Xocalı faciəsi tarixinin şəkillərlə saxlandığı bir qovluğu araşdırmağı xahiş edir. Çox keçmir, o, noyabr ayında vəfat edir. Reno da elə o vaxtdan kətan üzərində belə əsərlər işləməyə başlayır. Və demək olar ki, qardaşının vəsiyyətini yerinə yetirir. Ancaq məsələ, təkcə, qardaşının istəyini yerinə yetirmək deyildi, həmçinin inandığı gerçəkliyi dünyaya təqdim etmək idi. Əks halda o, palitrada bu qədər inandırıcı və təbii işləyə bilməzdi.


Onun bir neçə sərgiləri keçirilib: 2013-cü ilin fevral ayında Paris şəhərində "Xocalı fəryadı" adlı, 2014-cü ilin dekabr ayında Metz şəhərində, "Xocalı qırğını" adlı sərgisi isə 2015-ci ilin martın 25-dən 29-na kimi "Natəvan" qalereyasında. Reno Bakıya bu il də gəlmişdi. Fevral ayında daha bir tədbirdə onun əsərləri nümayiş olunmalı idi. Olundu da. Renonu yalnız həmin tədbirdə tanıya bildiyimə görə məyus olmuşdum.


Ölkəmin faciəsini fırçasına alan birini bu qədər gec tanımışdım çünki. Ona görə bu fürsətdən yararlanmaq lazım idi. Mən də fürsətdən istifadə edib ona suallarımı ünvanlaya bildim.

Həmin müsahibəni Modern.az oxucularına təqdim edərək, mənim kimi məyus olmamaqlarına çalışmaq istəyirəm:


-Xocalı soyqırımını əks etdirən rəsmləri nə vaxtdan çəkməyə başladınız?

-Mən 2012-ci ildə bu hadisə haqqında eşitdim. Bundan sonra belə rəsmlər üzərində işləməyə başladım.


-Bəs, öz ölkənizdə çəkdiyiniz rəsmlərə münasibət necədir?

-Çox mürəkkəb sual oldu...

-Cavabınız yoxdur?

-Mürəkkəbdir.

-Xocalı faciəsinin çatdırılması üçün çəkdiyiniz rəsmlər hansısa ölkələrdə nümayiş olunubmu?


-Fransanın Lüksemburq, Paris şəhərlərində olub, ancaq ayrıca sərgi təşkil olunmayıb. Yalnız jurnallarda, yəni incəsənət nümunəsi kimi rəsmlərim verilib.

-Gələcək üçün necə, belə silsilə şəkilləri davam etdirmək fikriniz varmı?

-Gələcək üçün əlbəttə, mənim planlarım var. Sərgi nümayiş etdirmək istəyirəm. Təbii, bunun üçün isə texniki və maddi kömək lazımdır. Ümid edirəm, planlarım həyata keçəcəkdir.

-Erməni vəhşiliyini rəsmlərdə göstərməyə çalışarkən hansı hissləri keçirirdiniz?

-Əlbəttə ki, mən çox böyük həyəcan hissi keçirmişəm. Çünki, eyni zamanda istəyirdim ki, buradakı o dəhşəti və qorxunu görən insan, onu duya bilsin. Nə yalan deyim, bəzən üzdəniraq fransalılar haqqında düşünəndə ağlıma əndrəbadi fikirlər gəlir: "Bəlkə də doğrudan da Dərviş Məstəli şahlar lazımdır ki, o Parisi partlada". Süjeti isə təqribi belə cızıram: Yenə də 3 nəhəng ölkə nümayəndələri "məsələ"ni "həll etmək" üçün dəyirmi masa ətrafında görüş keçirir. Özü də Parisdə. Və bu üç həmsədr Məstəli şahın "filfilo"suna gedir. Həm də elə gedirlər ki, daha nə cənab Fasye kimilər erməni dığalarını "cəsur" adlandırır, dünyada mövcud olmayan etnik birləşmədən danışır, nə də ki, Amerika həmsədri "sülh-sülh" deyə bağırıb bizə bərabərlikdən danışaraq ölkəsindəki diskriminasiyanı görməzdən gəlir. Amma yox, bəs, Müsyo Jordan (Sergey Yurski) kimilər də var axı. Nə olsun ki, orada "yuxarıdakı"lardan boldur. Deməli, məsələnin həlli bu "cızılmış süjetdə" deyil. Bəlkə də məsələnin cüzi də olsa həlli, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun vaxtilə CNN Türk Televiziyasında "Eğrisi Doğrusu" verilişində dediyi kimi Fransanın həmsədr olması məsələsinə yenidən baxılmasındadır...

 
Azadə Bayramova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir