Modern.az

Parlamentin aparat rəhbəri: “Deputat yalan danışa, böhtan ata bilməz”

Parlamentin aparat rəhbəri: “Deputat yalan danışa, böhtan ata bilməz”

17 Fevral 2017, 14:27

“Deputat heç kimi təhqir edə, yalan danışa və böhtan ata bilməz. Parlamentdə İntizam Komissiyası var. Belə olan hallarda deputata qarşı daxili intizam tədbirləri görülə bilər. Lakin cəmiyyətdə olan, müzakirə edilən hansısa məsələ barədə deputat fərqli fikir deyirsə və bununla razı deyilsənsə, dostcasına ona yaxınlaşıb fikir bildirmək olar”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev KİV nümayəndələri ilə keçirilən görüşdə deyib.

O, hazırda Azərbaycanda informasiya qıtlığının olduğunu bildirib.

“Lakin bu, onunla bağlı deyil ki, kimsə hansısa informasiyanı gizlədir. Azərbaycan balaca ölkə olduğundan burada hər gün sensasion hadisələr baş vermir. Ona görə də bəzi mətbuat orqanları çox vaxt marağı artırmaq üçün ABŞ-ın yeni prezidenti Donal Trampın sevimli sözü olan “feyklər” yazaraq dövriyyəyə buraxır.

Həmin məlumatın da yalan olub-olmadığını bilmək üçün müəyyən vaxt lazım olur. İctimaiyyətin də müəyyən müddət üçün başı qarışır.

 

Əslində bizdə ciddi, əsaslı informasiya hazırlayan elektron mətbuatı o qədər də çox deyil. Burada fikirlər səsləndirildi ki, kimsə 10 sayt açır. Kiminsə çox sayt açması elə də önəmli deyil. Əsas saytın dolğun və dəqiq xəbərlərinin diqqət çəkməsi və oxunmasıdır”.

Aparat rəhbəri deyib ki, Milli Məclisdə baş verənlər qurumun saytında dərc olunur.

“Ona görə də KİV-dən xahişimiz ondan ibarətdir ki, hansısa məsələ barədə fikir bildirəndə bizim ekspertlərlə məsləhətləşəsiniz. Çünki hərdən müzakirə olunan qanun layihəsi barədə elə söhbətlər gedir ki, bunun həmin layihə ilə heç bir əlaqəsi olmur. Milli Məclisin rəhbərliyi, Aparatı media ilə dostluq etmək niyyətindədir. Qəzetdə, saytda, televiziyada deyilən fikirlərdən incimək lazım deyil. Hərdən insanların hissiyatına toxunan xəbərlər olanda bunu araşdırmaq lazımdır”

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?