Modern.az

Qarabağdan bəhs edən "Uzun yollar"  təqdim olundu

Qarabağdan bəhs edən "Uzun yollar"  təqdim olundu

17 Fevral 2017, 17:19

Fevralın 17-də Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında Humanitar Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırladığı sənədli filmin təqdimatı keçirilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində rayonların işğal olunması və öz doğma torpaqlarından qovulan məcburi köçkünlərin həyatına həsr olunmuş "Uzun yollar" sənədli filmi son illərdə QHT Dövlət Dəstəyi Şurası xətti ilə çoxlu sayda çəkilən filmlərdən biridir.

 

Modern.az xəbər verir ki, Azərbaycanın müstəqilliyini yenicə əldə etdiyi bir dövrdə, milli nizami ordunun yaradılmasına imkan tapmadığı 90-cı illərdə işğala məruz qalmış ölkənin vətəndaşlarının keçdiyi çətinlikləri göstərən filmin əsas qəhramanları Şuşa, Kəlbəcər, Laçın və Agdam rayonlarından olan məcburi köçkünlərdir. Hazırlanan film münaqişənin gərgin dövründə öz yaxınlarının həyatını xilas etməklə yanaşı doğma torpaqlarını qorumağa və vətəninə xidmət etməyə can atan insanların şücaətini əks etdirir. İşğal altında olan doğma vətənlərindən çox da uzaqda məskunlaşmasalar da ona qovuşmaq və geriyə qayıtmaq niskili ilə yaşadırlarını göstərir. Film yaşlı və cavan olmasından asılı olmayaraq doğma torpaqları işğal altında qalan insanların vətənə geri dönmək hissini gənc nəsilə aşılamaq üçün yaxşı nümunədir. Filmdə haqqında danışılan sadə insanların hər birinin fərqli tarixçələri vardır. Onların fərqli taleləri fonunda həyatın üzünə açıq baxa bilmələri münaqişənin həll olunmasına ümidlərini daha da artırır.

 

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, filmin ssenari müəllifi Əvəz Həsənov tədbir iştirakçılarına film haqqında məlumat verib. Qeyd edib ki, “Uzun yollar” sənədli filmi Bakıda, bölgələrdə təqdim olunmaqla yanaşı fevralın 23-də Londonda tanınmış düşüncə mərkəzlərinin ekspertləri, jurnalistlər, tələbələr və diasopa nümayəndələrinin iştirakı ilə təqdim olunacaq. Daha sonra filmin Gürcüstan və Türkiyə universitetlərinin tələbələri üçün də təqdimatı olacaq.

 

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov son illərdə Şura tərəfindən Dağlıq Qarabağ mövzusu və Xocalı Soyqırımı mövzusuna həsr olunmuş yüzlərlə layihələrin maliyyələşdirildiyini bildirib. Eyni zamanda qeyd edib ki, bu il Avropanın müxtəlif şəhərlərində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar QHT-lər tərəfindən beynəlxalq ictimaiyyət üçün Xocalı  soyqırımına həsr olunmuş kitablar və filmlərin təqdimatı keçirilir.

 

Filmin rejissoru Eldəniz Elgün, məsləhətçilər Kərim Kərimli və Asəf Quliyev ekran işinin Azərbaycan ictimaiyyəti üçün münaqişənin qurbanlarının keçdikləri yolu yaxından izləməsinə ciddi tövhə verəcəyinə əmin olduqlarını qeyd ediblər. QHT Forumun prezidenti Rauf Zeyni Azərbaycan QHT-lərinin son illərdə Xocalı soyqırımı ilə bağlı dəyərli layihələrin müəllifi olduğundan, onların belə layihələri beynəlxalq səviyyəyə çıxarmağı bacarmasını yüksək qiymətləndirib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı