Modern.az

Gürcü məktəbliləri arasında Xocalı olimpiadası

Gürcü məktəbliləri arasında Xocalı olimpiadası

17 Fevral 2017, 22:34

Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası (GAHA) “Xocalı faciəsi ilə əlaqədar gürcü şagirdləri maarifləndirək” layihəsi çərçivəsində Gürcüstanın Kaspi rayonundakı məktəb-gimnaziyada olimpiada keçirib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, GAHA-nın “İctimai Fəaliyyətin İnkişafı” Cəmiyyəti ilə birgə keçirtdiyi bilik yarışmasında rayonun 5 məktəbindən 60 şagird iştirak edib.

Məktəblilərə “Xocalı soyqırımı barədə nə bilirsiniz?”, “Xocalı harada yerləşir?”, “Azərbaycanı tanıyırsanmı?”, “Dağlıq Qarabağ haradadır?”, “Xocalı soyqırımını kim törədib?” və s. 10 sual təqdim olunub. Şagirdlər həmçinin Xocalı faciəsi ilə əlaqədar düşüncələrini yazıblar.

Birinci yerə gimnaziyanın 10-cu sinif şagirdi Soso Kvatadze çıxıb. Olimpiadada 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub. Yarışmada fərqlənən daha bir neçə şagirdə fəxri fərmanlar verilib.

GAHA-nın sədri Əli Bədirov jurnalistlərə deyib ki, yarışmanı təşkil etməkdə əsas məqsəd ermənilərin Gürcüstanda və Azərbaycanda törətdikləri vəhşiliklər, terror və soyqırımları barədə gürcü məktəbliləri məlumatlandırmaq, onların biliklərini artırmaqdır.

Onun sözlərinə görə, bu cür tədbirlər davamlı olacaq və digər rayonların məktəbliləri arasında da keçiriləcək.

Müsabiqənin qalibi Soso Kvatadze deyib: “Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsindədir. Hamı bilməlidir ki, Xocalı faciəsini erməni silahlıları törədiblər. Ermənilər bir gecədə yüzlərlə dinc insanı qətlə yetirib, uşaqlara qarşı xüsusi qəddarlıq ediblər. Xocalıda törədilənlər əsl soyqırımıdır. Düşünürəm ki, biz azərbaycanlıların dərdinə şərik olmalıyıq, onlarla həmrəy olmalıyıq. Unutmamalıyıq ki, belə bir soyqırımı Gürcüstanda da törədilə bilər. Həmrəy olsaq bunun qarşısını ala bilərik”.

Məktəbin direktor müavini Nino Niparişvili belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, yeniyetmə və gənclərin maarifləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, yetişməkdə olan nəsli daha çox maarifləndirmək lazımdır. Bu cür tədbirlər davamlı olmalıdır. Direktor müavini azərbaycanlı və gürcü şagirdlərin iştirakı ilə əyləncəli maarifləndirici tədbirlərin keçirilməsini təklif edib.

“İctimai Fəaliyyətin İnkişafı” Cəmiyyətinin direktoru Nika Markozaşvili isə bildirib ki, Azərbaycan və gürcü QHT-lərin birgə keçirdikləri tədbirlər xüsusi əhəmiyyət kəsb edir: “Bizim birlikdə belə bir bilik yarışması keçirməyimiz xalqlarımız arasındakı dostluğun yüksək səviyyədə olduğunu sübut edir. Bu da öz növbəsində məktəblilərə qardaş Azərbaycan xalqının tarixini öyrənməsinə imkan yaradır. Çalışacağıq ki, belə tədbirlərimiz daha çox olsun”.

Qeyd edək ki, məktəb-gimnaziya tarixi binada - 1930-cu illərdə bolşeviklərin milis şöbəsinə məxsus binada fəaliyyət göstərir. Binanın zirzəmisində “Milis muzeyi” yaradılıb. Burada 1937-38-ci illərdə bolşeviklər tərəfindən həbs olunaraq işgəncələrə məruz qalmış insanların siyahısı var.

Azərbaycanlı jurnalistlər muzeylə tanış olublar.

Burada yaradılmış elektron tabloda insanların adlarını, onların dindirilməsini, məruz qaldıqları işgəncələri vizual görmək olur.

Muzeyin yaradıcısı Nino Niparişvili deyib ki, Gürcüstan DİN-nin arxivindən götürülmüş materiallar əsasında hazırlanmış siyahıda azərbaycanlıların da adları var. Bir zamanlar bolşeviklərin siyasətinə qarşı çıxışlar etmiş 22 min nəfər insan bu zirzəmidə müxtəlif işgənclərə məruz qalıb. Onların yarıdan çoxu ölümə məhkum edilib, qalanı isə sürgünə göndərilib. Muzey 2007-ci ildə yaradılsa da iki ildir fəaliyyət göstərir. Bu günə qədər DİN-in arxivindən götürülmüş 370-ə yaxın sənəd açılıb. Bir o qədər sənəd isə hələ öyrənilməyib. Ona görə də həmin illərdə imperiya siyasətinin qurbanı olmuş insanların sayının iki dəfədən çox artacağı istisna olunmur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər