Modern.az

Həbsdəki jurnalist   Ərşad İbrahimov  əfv ərizəsi yazıb

Həbsdəki jurnalist   Ərşad İbrahimov  əfv ərizəsi yazıb

Media

18 Fevral 2017, 12:09

3 ildir ki, həbsdə saxlanılan jurnalist Ərşad İbrahimov Azərbaycan Prezidentinə əfv ərizəsi ilə müraciət edib. Bu barədə Gununsesi.info-ya jurnalistin qardaşı Taryel İbrahimov məlumat verib. Onun sözlərinə görə, ölkə başçısına müraciətində cəzasının yarısından çox hissəsini çəkdiyini, Qarabag müharibəsi döyüşçüsü  və məcburi köçkün olmasını nəzərə alıb onu əfv etməsini xahiş edib.


Qeyd edək ki, uzun illər ölkənin bir sıra aparıcı media orqanlarının Gəncə bölgəsi üzrə təmsilçisi olan Ərşad İbrahimovun həbsinə səbəb Kəlbəcər Təhsil Şöbəsindəki korrupsiya və rüşvətoxluq halları barəsindəki araşdırmaları, həmçinin, şöbənin o zamanki rəhbəri Məhəmməd Bağırovun gənc bir qızın başına gətirdiyi oyunla bağlı qızın özünün videomüraciətinini ictimailəşdirməsi olub.

Təhsil müdirinin şikayəti əsasında, 2014-cü ildə heç bir şahid ifadəsi olmadan jurnalist barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsi 11 il azadlıqdan məhrumetmə cəzası kəsib.  Gəncə Apellyasiya Məhkəməsi cəzanı 1 il, Ali Məhkəmə isə 5 il azaldıb. 3 ildir ki, cəza çəkən jurnalistin azadlığa çıxmasına 2 il qalır.

Jurnalist hazırda Şəkidəki cəzaçəkmə müəssisəsində saxlanılır.

Qeyd edək ki, sonradan Ərşad İbrahimovun Kəlbəcər Təhsil şöbəsi ilə bağlı yazdıqları Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırıldı və külli miqdarda korrupsiya faktları üzə çıxdı. Bu işlə bağlı isə təhsil müdiri 10 il azadlıqdan məhrum edildi.

Jurnalistin vəkili Bəhruz Bayramov onun əfv ərizəsi yazması barədə xəbəri təsdiq edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?