Modern.az

Xocalı şahidi 1992-ci ilin 18 fevralından DANIŞIR... “Başımıza sanki dolu yağırdı”

Xocalı şahidi 1992-ci ilin 18 fevralından DANIŞIR... “Başımıza sanki dolu yağırdı”

18 Fevral 2017, 15:39

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

 

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün  insanları olaraq,  1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

 

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq! 

Modern.az
 saytı Xocalı soyqırımının 25 illiyi ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.

Xocalı 1992-ci il fevralın18-də...

 

Xocalı sakini Sitat Məmmədova 25 il bundan  əvvəlin 18 fevralını belə xatırlayır: 

                                    
“Fevral ayı girəndən xoş günümüz olmadı”

 

“1992-ci ilin 18 fevralı çox çətin günlərdən biri idi. Vəziyyət çox ağır idi. Vertolyotlar başımızın üstündən Xankəndinə uçurdu. Hava limanına gediş-gəliş yox idi. Ermənilər dörd bir tərəfdən bizi atəşə tuturdular. Hər yeri bombardman edirdilər. Gecə düşən kimi hamımız betonlu yer axtarırdıq ki, girək onun altına. Ermənilərin atdığı raket zərbələrindən müdafiə olunmağa çalışırdıq. Deyirdik ki, qoy o mərmilər evə düşsün, bircə canımıza heç nə olmasın. Fevral ayının 19-u ərəfəsində ermənilərin atdığı raketin biri qardaşımın evinə düşüb. Neçə-neçə evlərə düşərək məhv edib oraları. Bir sözlə, hansı vəziyyətdən danışıb deyim ki, “vəziyyət yaxşı idi”.
Fevral ayı girəndən heç xoş günümüz olmadı. 18-i, 19-u da bizim üçün qara günlərdən biri idi”

                                       
 “Rus hərbçiləri erməniləri müdafiə edirdi”

Sitat Məmmədova deyir ki, ərzaq gətirmək üçün Şuşaya çox çətinliklə gedirmişlər.


“O vaxtlar Xocalıda təsərrüfat müdiri vəzifəsində çalışırdım. Əvvəllər Əsgəran rayonuna gedib ərzaq gətirirdim, sonralar Şuşaya. 1992-ci ilin fevralında vəziyyət lap pisləşməyə başladı. Yadımdadır ki, fevral ayında ərzaq gətirmək üçün Şuşaya gedirdim. Bir hadisəni nəql edim. Bir gün Xocalıda təsərrüfat sahəsində çalışan Rafiq Mürsəlov dedi ki, “Şuşaya kim gedib ordakı anbardan ərzaq gətirər?!”.
Şuşaya getməyi üzərimə götürəndə Rafiq Mürsəlov dedi ki, “sən qadın xeylağısan. Yolda ermənilər səni öldürər. Vəziyyət pisdir”. Hətta, bir kişiyə Şuşaya getmək tapşırılsa da, o, imtina etdi. Dedi ki, “dünən ermənilər bizim camaatdan bir neçəsini tutub. Xankəndinə gedən postda bir “Kamaz”ı saxlayıb deyiblər ki, maşını qoy get. Sabah gəlib apararsan”. Həmin kişi deyirdi ki, gəlib görüblər ki, “Kamaz”ın təkərlərini də söküb aparıblar. Bütün bu olanları bilə-bilə Rəşid adlı bir kişinin maşını ilə Şuşaya gedib ərzaq gətirdik. Yadımdadır ki, maşına ərzaq malı vuranda bizi də, yoldan keçən avtobuslarımızı da daşlayırdılar. Camaatımıza gün vermirdilər. Heç yerə gediş-gəlişimiz yox idi. Rus hərbçiləri yollara səpələnmişdi. Onlar da ermənilərin tərəfini saxlayırdı. Erməniləri müdafiə edirdilər. Yolu keçə bilmirdik. Daş-qalaq edirdilər. Bir rus hərbçisi belə, irəli durub demirdi ki, “camaata daş atmayın!”.

 
“O şəkli indi də saxlayıram”

Müsahibimiz deyir ki, Laçına gəlin köçsə də, Xocalıda məskunlaşıb.

“Xocalıda doğulub-böyümüşəm. Ailədə 8 uşaq olmuşuq. Hamımızın ailəsi Şuşada olub. Baxmayaraq ki, mənim ailə qurduğum oğlan Laçın rayonundan idi, amma biz Xocalıda məskunlaşmışdıq. Yoldaşım Laçından Xocalıya işləmək üçün gəlmişdi. Məni də Xocalıda görüb bəyənmişdi. Toyumuz Laçında olub. Bir neçə müddətdən sonra Xocalıya gəlib, torpaq sahəsi alıb, ev tikdik. Bir dəfə qəzetlərin birində evimizin şəklini gördüm. Qəzeti kəsib həmin şəkli götürdüm. İndiyə kimi də o şəkli xatirə kimi saxlayıram. Bir övladım vardı. Xocalıda dünyaya gəlmişdi. Elə 1992-ci ilin fevralında 2 yaşında Xocalıda şəhid oldu”.


Çörəklə sınağa çəkilən xocalılılar!

Xocalı sakini deyir ki, çörəyin yerini heç nə verə bilməz.

“Arada bizə vertolyotla çörək göndərirdilər. Amma bəzilərimizin evdə ehtiyat tədarükümüz  vardı. Kartofumuz, ərzaq balonlarımız var idi. Amma fevralın 19-dan başlayaraq un da gəlmədi. Çörək tükəndi. Əsas da çörəkdir. Çörək olmayanda, nə qədər nazu-nemət olur-olsun. Amma çörəyin əvəzini vermir. Fevralın 25-də biz çox pis günlər yaşadıq”


“Hər gecə atəşə tutulurduq”

Sitat Məmmədovanın sözlərinə görə, hər gecə Xocaliya “dolu” yağırdı.

“Fevral bizim üçün çox faciəli aydır. Bu ay girəndən bir gün üzü görmədik. Nə qədər meyit görmək olardı. Qohumlarım-qonşularım arasında erməni vəhşiliyinin qurbanı olanlar çoxdur. Fevral ayının 25-i gecəsinə kimi ağır günlər yaşamışıq. Hər gecə atəşə tutulurduq. Hər gün sanki Xocaliya dolu yağırdı. Sonuncu 25-i gecəsi də lap qara gecəmiz oldu. Hamı kənddən çıxmışdı. Gecə saat 3-də anam qapının arxasında gizlənmişdi. Qardaşım gecə postdan gəlib evə girəndə anam xəlvətcə qapının dalından baxıb ki, görsün ermənidir, yoxsa, özümüzünkü! Görüb ki, oğlu Rafiqdir. Anam deyir ki, Rafiq hamının kənddən getdiyini deyərək, məni də götürüb kənddən çıxmışdı. Kənddən çıxanda artıq ermənilər Xocalının hər bir tərəfinə səpələnmişdi. Güclə Qarqar çayına çatmışdılar”.

 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir