Modern.az

"Əsas kriteriya yeni kadrların islahatlara meylli olmasıdır" - Deputat

"Əsas kriteriya yeni kadrların islahatlara meylli olmasıdır" - Deputat

18 Fevral 2017, 23:17

"Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatının inkişafının önündə duran ən böyük əngəllərdən biri də oliqarxiya və məmur biznesidir. Ölkə iqtisadiyyatı demək olar ki, bir neçə məmur arasında bölüşdürülüb. Bu isə qeyri-neft sektorunun inkişafı üçün keçirilən islahatların müsbət nəticələr doğurmasını imkansız edir". Modern.az saytı xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa sosial şəbəkədə bildirib.

Fazil Mustafa daha sonra bildirir ki, Nəqliyyat Nazirliyinin ləğv edilməsindən, Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılmasından sonra mediada oliqarxların idarəetmədən uzaqlaşdırılması mövzusunda müzakirələr başlayıb: "Bundan öncə də ölkə başçısı bəzi nüfuzlu və oliqarxlaşmış nazirləri vəzifədən çıxararaq onların yerinə gənc, korrupsiyaya bulaşmamış kadrlar gətirilmişdi. Görünən odur ki, iqtidar oliqarxları mərhələli şəkildə iqtisadiyyatın müxtəlif sektorlarından uzaqlaşdırmaq istiqamətində iş aparır. Prezident İlham Əliyevin idarəetməni "ASAN xidmət" modelinə çevirməklə bağlı planlarının olduğu da dəfələrlə bildirilir. Elə ölkə başçısının özü də çıxışlarında bu haqda bəhs edib".

Fazil Mustafa isə düşünür ki, əsas kriteriya gətirilən yeni kadrların islahatlara meylli olmasıdır: “Hesab etmirəm ki, yaşlı kadrların yerinə gənc kadrların gəlməsi nəyisə dəyişə bilər. İslahatçı düşüncəyə sahib olan gənc kadrlar vəzifəyə gətirilərsə, bu yolla nəyəsə nail olmaq olar. Əks halda, yaş məsələsi islahatlar aparmaq üçün heç bir halda kriteriya deyil. Bu baxımdan, mən bu məsələdə bir qədər ehtiyatlı davranmağın tərəfdarıyam. Daha səviyyəli və hazırlıqlı kadrların, cəmiyyət arasında müəyyən reputasiyaya malik kadrların vəzifəyə gətirilməsi daha müsbət nəticələr verər. Bir çox belə kadrlar var. Amma onların heç də özünü doğrultduğunu söyləmək olmaz. Bu baxımdan, məsələyə gənclik deyil, keyfiyyət prizmasından baxılmalıdır. Ümid edək ki, yeni təyin olunan kadrlar bu keyfiyyət göstəricisinə cavab verəcək”.

Deputatın fikrincə, oliqarxların vəzifədən kənarlaşdırılması, monopoliya imkanlarının əllərindən alınması iqtisadiyyata əsaslı şəkildə təsir göstərə bilməz: “Bu prinsiplə məsələyə yanaşmaq doğru deyil. Çünki hakimiyyətdə qalanların içində də oliqarxiyaya daxil olan insanlar var. İndiyə qədər həbs olunanlar da oliqarx idi, onlar vəzifədən getdikdən sonra oliqarxiya dayanmadı ki... Ona görə də məsələni daha fərqli kontekstdə götürməliyik, islahatçı xarakterə sahib olan insanlar vəzifəyə gətirilməlidir. Ola bilər ki, yeni kadr korrupsiyaya bulaşmayıb, oliqarxiyaya daxil deyil, ancaq islahatların əleyhdarıdır”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir