Modern.az

Xocalı sakini 1992-ci ilin 19 fevralından danışır: “Həyəcandan azad olunacağımız günü gözləyirdik”

Xocalı sakini 1992-ci ilin 19 fevralından danışır:  “Həyəcandan azad olunacağımız günü gözləyirdik”

Aktual

19 Fevral 2017, 12:32

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

 

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün  insanları olaraq,  1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

 

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq! 

Modern.az
 saytı Xocalı soyqırımının 25 illiyi ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.

1992-ci il fevralın 19-u...

 

Xocalı sakini Məhəmməd  Salmanov 25 il bundan  əvvəlin 19 fevralını belə xatırlayır:  

 

“Yollar bağlı idi. Gediş-gəliş yox idi. Biz Xocalı sakinləri də Şuşa və Ağdamla telefon vasitəsilə danışıb bizə kömək etmələrini deyirdik.Çünki biz hadisələrin içində idik. Ətrafda gedən prosesləri görürdük. 1992-ci ilin 28 yanvarında Ağdamdan Şuşaya gedən vertolyot vuruldu. 44 vətəndaşımız şəhid oldu. Həmin hadisədən sonra vertolyotla Xocalıya gediş-gəliş olmadı.Artıq fevralın 19-da Xocalıda un tədarükü bitmişdi. Çünki vertolyot gəlmirdi. Kənd insanlarının qida ehtiyatını toyuq-cücə, mal-heyvan təşkil edirdi”.

 

“1992-ci ilin fevralında Xocalıda həyat sönmüşdü”

 

Xocalı sakininin sözlərinə görə, fevralın 19-da vertolyotun gəlməsi barədə heç nə deyilmirdi.

 

“Xocalıda doğulmuşam. Ora mənim ata-baba yurdum olub. Neçə il Xocalıda tikiş fabrikində  baş mühasib və baş məsləhətçi işləmişəm. 1992-ci ilin fevralında fabrikimiz işləmirdi. Yollar bağlı olduğundan xammal gəlmirdi.1991-ci ilin noyabrında Əsgəran rayonunda ölüm hadisəsi oldu. İki vətəndaşımızı öldürdülər. Ondan sonra gələn vertolyot fabrikimiz üçün xammal gətirmirdi. Ancaq ərzaq gətirirdi. Fevralın 19-da isə vertolyotun gəlməsi barədə söz-söhbət belə yox idi. Əmək haqqı almırdıq.

1992-ci ilin fevral ayı ərzində bütün hadisələrə şahidlik etmişəm. Xocalıda həyat sönmüşdü. Tez-tez Bakıya, Şuşaya, Ağdama müraciətlər edirdik.Müraciətlər olunmasına baxmayaraq, əsaslı köməklik edilmirdi”

 

“Sıxıntıdan, həyəcandan azad olunacağımız günü gözləyirdik”

 

Müsahibimiz deyir ki,  hər  birimiz ümidli idik.

 

“Hər gün ermənilərin hücumlarına məruz qalırdıq. Raketlərdən zərbələr endirirdilər. 1992-ci ilin 19 fevralına qədər raketlərin Xocalıdakı evlərə  düşməsi nəticəsində yanğınlar olmuşdu. Fevralın 19-u tarixində də digər günlər kimi ümidli idik. Elə zənn edirdik ki, Əsgəran tərəfdən yol açılacaq, gediş-gəlişimiz bərpa olunacaq. Qadınlar, uşaqlar salamat burdan çıxacaq. Camaat həyəcandan, sıxıntıdan azad olunacağı günü gözləyirdi. Amma gözlədiklərimizin əksinə oldu. Yol da açılmadı. Sadəcə,  fevralın 25-i gecəsi ən dəhşətli faciə törədildi. Bizə vaxtında vertolyotla silah gətirsəydilər, bu faciə də baş verməzdi. Nə işığımız vardı, nə də qazımız. Maşının generatoru ilə radioya qulaq asırdıq ki, görək bizdən nə danışırlar! Ancaq yalan vədlər verirdilər”

 

Namidə BİNGÖL

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir