Modern.az

"Sərhədlər güc yolu ilə dəyişdirilə bilməz"

"Sərhədlər güc yolu ilə dəyişdirilə bilməz"

Aktual

19 Fevral 2017, 21:38

 "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr iyirmi ildən artıqdır ki, kağız üzərində qalmaqdadır. Bütün münaqişələrin həlli eyni prinsipə, eyni yanaşmaya əsaslanmalıdır. Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan və Azərbaycan arasında münaqişə, həmçinin region üçün ən böyük təhlükədir. Bizim konstruktiv siyasətimiz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır".

 

Modern.az saytı xəbər verir ki, bunu prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə çıxışı zamanı bildirib.

Tədbirin aparıcısının təyyarənin vurulması hadisəsindən sonra kəskinləşən Rusiya-Türkiyə münasibətlərinin qısa müddətdə necə düzəlməsi və bu məsələdə rəsmi Bakının mövqeyi ilə bağlı sualına cavab verən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın öz qonşuları olan İran, Türkiyə və Rusiya ilə yaxşı münasibətləri var və bu, qarşılıqlı hörmətə əsaslanır. Qonşularımız arasında baş verən gərginliklərin Azərbaycanı da narahat etdiyini və bu cür halların regional sabitliyə təhlükə yaratdığını deyən dövlətimizin başçısı Azərbaycanın Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında fəal iştirak etdiyini bildirib. Bu məqsədlə həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Rusiya Prezidenti Vladimir Putinlə danışdığını, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin də vasitəçilik prosesində iştirak etdiyini deyən Prezident İlham Əliyev Türkiyə və Rusiya dövlət başçılarının vəziyyəti qiymətləndirib düzgün qərar verdiklərini vurğulayıb.

 

Artıq Azərbaycanın sabitləşdirici amil kimi rolunun artdığını və bunun getdikcə beynəlxalq ictimaiyyət tərəfindən daha çox tanındığını deyən Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl ABŞ və Rusiya Baş qərargah rəislərinin Bakıda keçirilən görüşünü şərh edərək bildirib:

 

"Onlar ilk dəfə bizim ölkədə görüşdülər. Bakının seçilməsi qərarı bizim deyildi. Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Bizə yaxınlaşaraq bizim buna razı olub-olmamağımız soruşulmuşdu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik.

 

Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik olan ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır".

 

Sonra tədbir müzakirələrlə davam etdirilib. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyəti ilə bağlı suala cavabında Prezident İlham Əliyev bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təcavüzkara təzyiq göstərməli, onların iştirakı ilə münaqişənin həllinə dair Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamə yerinə yetirilməlidir. “Ermənistan təkcə Dağlıq Qarabağı yox, həmçinin erməni əhalisinin heç vaxt yaşamadığı ətraf yeddi rayonu da işğal edib”, - deyən dövlət başçısı qondarma “Dağlıq Qarabağ rejimi”nin keçirəcəyi “referendum”un tamamilə qanunsuz olduğunu və dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını bildirib. Rusiya, ABŞ, Fransa və Avropa İttifaqının artıq Dağlıq Qarabağı müstəqil bir subyekt kimi tanımadığını və bu “referendum”un nəticələrini tanımayacağını bildirən bəyanatlar verdiyini diqqətə çatdırıb.

 

Azərbaycanın beynəlxalq qurum və təşkilatlarla əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin Avropa Komissiyasına təklif etdiyi layihə əsasında danışıqlara başlandığını və bu razılaşmanın tezliklə tamamlanacağına ümidvar olduğunu bildirib. Bununla yanaşı, dövlətimizin başçısı Avropa İttifaqına üzv ölkələrin doqquzu ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazişlərin imzalandığını vurğulayıb.

 

“Avropanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu ilə bağlı gözləntiləriniz nədir?” sualına cavabında Prezident İlham Əliyev bildirib ki, Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana sanksiyalar tətbiq olunmayıb və bu ikili yanaşma aradan qaldırılmalıdır. Dövlət başçısı səylərin birləşdirilməsi və təcavüzkar Ermənistana torpaqları boşaltmaqla bağlı təzyiq göstəriləcəyi təqdirdə münaqişənin tezliklə həll olunacağına ümid etdiyini diqqətə çatdırıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır