Modern.az

"Tranzit təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir" - İlham Əliyev

"Tranzit təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir" - İlham Əliyev

Aktual

19 Fevral 2017, 21:50

"Əlbəttə ki, tranzit təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir. Çünki təbii sərvətlər gec və ya tez tükənəcəkdir. Tranzit üçün etibarlı və müasir infrastrukturunuz varsa, siz ərazinizdən və yatırdığınız sərmayələrdən faydalanaraq pul qazanacaqsınız". Modern.az saytı xəbər verir ki, bunu prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə çıxışı zamanı bildirib.

Prezident daha sonra vurğulayıb ki, buna görə nəqliyyat infrastrukturunun birləşdirilməsi bizim üçün ən vacib çağırışlardan biridir: "Yeri gəlmişkən, biz indi Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşasını aparırıq. Onun yükaşırma qabiliyyəti 25 milyon ton və 1 milyon konteynerdir. Biz dəmir yollarımızı təmir edirik. Biz Bakı gəmiqayırma zavodunda artıq bütün növ gəmiləri istehsal edirik ki, həm öz ehtiyaclarımızı ödəyək, o cümlədən Xəzəryanı ölkələri müasir avadanlıqla təchiz edə bilək. Limanın yaxınlığında biz xüsusi azad zona yaratmışıq və bu coğrafi yerləşmədən istifadə edərək şirkətləri sərmayə yatırmağa dəvət edirik".

2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının uğurla baş tutduğunu, bu il isə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini vurğulayıb. Son illərdə ölkəmizdə bütün sahələri əhatə edən islahatların həyata keçirildiyini, Azərbaycanın təşəbbüsü ilə iri enerji və nəqliyyat layihələrinin icra olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev hazırda ölkəmizin qədim “İpək Yolu”nun bərpasında yaxından iştirak etdiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkildiyini, bu yolun fəaliyyətə başladığı təqdirdə Azərbaycan ərazisindən daşınmaların artacağını və təbii ki, bunun da milli iqtisadiyyatımıza müsbət təsir göstərəcəyini vurğulayıb.

Qeyd edək ki, tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!