Modern.az

“Münaqişə daimi təhlükə və qeyri-sabitlik mənbəyidir”

“Münaqişə daimi təhlükə və qeyri-sabitlik mənbəyidir”

20 Fevral 2017, 23:57

“Rusiya, sizin də bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları və Fransa ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Qrupun mandatı münaqişənin həll olunmasına kömək etməkdir. Ümid edirik ki, ATƏT-in Minsk qrupu, onun həmsədrləri bu gün ilə müqayisədə daha da fəal olacaqlar. Əlbəttə ki, Azərbaycan cari vəziyyətlə razılaşa bilməz. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 20 ildən də artıq müddətdən əvvəl qəbul olunub və onlar kağız üzərində qalmaqdadır. ATƏT-in Minsk qrupunun həmsədri olan bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bu isə o deməkdir ki, bu qətnamələr onların iştirakı ilə qəbul olunub. Onlar bu qətnamələrin qəbul olunmasına etiraz etməyiblər. Lakin qətnamələr icra olunmayıb və dünyanın bu aparıcı ölkələri işğal olunmuş ərazilərdən geri çəkilmək üçün təcavüzkar Ermənistana kifayət qədər təzyiq göstərə bilmirlər”. Modern.az saytı xəbər verir ki, bunu  prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə bildirib.

Prezident ümid etdiyini bildirib ki, münaqişə qətnamələr əsasında həll olunacaq: “Bunu etmək üçün yeganə yol bu cürdür. Çünki siz təcavüzə bəraət qazandıra bilməzsiniz. Ermənistan təkcə Dağlıq Qarabağı yox, həmçinin Qarabağın ətrafındakı yeddi rayonu da işğal edib. Həmin yerlərdə heç vaxt erməni əhalisi yaşamayıb. Dağlıq Qarabağın özündə əhalinin 30 faizi Azərbaycan mənşəli idi. Onların hamısı torpaqlarından qovulublar. Bundan sonra isə Dağlıq Qarabağda onlar dırnaqarası referendumlar keçiriblər. Daha biri isə bir neçə gün sonra keçiriləcəkdir. Bu da tamamilə qanunsuzdur və dünyanın heç bir ölkəsi tərəfindən tanınmır. Yeri gəlmişkən, Rusiya, ABŞ, Fransa və Avropa İttifaqı Dağlıq Qarabağı müstəqil bir subyekt kimi və bu referendumun nəticələrini tanımadığını bildirən bəyanatlarla artıq çıxış ediblər.

Rusiya Azərbaycanın qonşusudur. Ermənistanın birbaşa qonşusu deyil, lakin, həmçinin regional qonşu ölkədir. Buna görə də düşünürəm ki, münaqişənin həll olunması Rusiyanın da marağındadır. Çünki münaqişə daimi təhlükə və qeyri-sabitlik mənbəyidir. Əlbəttə ki, vəziyyət nəzarət altından çıxsa, regionun bütün ölkələrində problemlər olacaqdır”.

 

Azərbaycanın müxtəlif qurumlara potensial qoşulmasına gəldikdə prezident vurğulayıb ki, biz özümüzü cari mövqeyimizdə çox rahat hiss edirik: “Azərbaycan özünü təmin edən iqtisadiyyatı olan bir ölkədir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdəyik, MDB məkanında isə birinci yerdəyik. Bu il Davos İqtisadi Forumu inkişaf edən ölkələrin inkişafı barədə hesabat dərc etmişdir. Biz Litva ilə birinci və ikinci yerləri bölüşürük. Buna görə də Azərbaycandakı iqtisadi vəziyyət müsbətdir. Xarici borcumuz çox azdır. Bu, ümumi daxili məhsulun 20 faizindən azdır. Bizim mövcud valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, biz bütün borclarımızı bir həftəyə ödəyə bilərik və bu, iqtisadi imkanların göstəricisidir. Buna görə bu gün bizim qarşımızda harasa qoşulmaq məqsədi durmur. Qoşulanda siz daha yaxşı nəticələr əldə etmək üçün qoşulursunuz. Siz daha çox üstünlüklər, daha çox inkişaf imkanları əldə etmək üçün qoşulursunuz. Biz özümüzü bu mövqedə rahat hiss edirik.

 

Eyni sözləri Avropa təsisatları ilə əməkdaşlığımıza dair söyləyə bilərəm. Biz “Şərq tərəfdaşlığı proqramı”nın altı ölkəsindən biriyik və biri olmaqda davam edirik. Lakin biz Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq, Assosiasiya sazişini imzalamadıq. Lakin indi nə baş verir? Biz fevralın 7-də Avropa Komissiyasına etdiyimiz layihə təklifi əsasında həmin qurumla danışıqlara başladıq. Avropa Komissiyasının tarixində ilk dəfə idi ki, layihə təklifi Komissiya tərəfindən yox, ölkə tərəfindən irəli sürülür və mandat da verilmişdir. Ümid edirəm ki, bu razılaşma tezliklə tamamlanacaq. O, Avropa İttifaqına üzv olan ölkələr ilə artıq qəbul olunmuş və imzalanmış 9 razılaşma və memoranduma əsaslanır. Başqa sözlə, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında razılaşma və ya memorandumu var. Bu, nadir bir vəziyyətdir. Biz gələcək iqtisadi planlarımızı milli maraqlarımıza görə qururuq. Buna görə də hazırda bizim hər hansı bir digər beynəlxalq təşkilata qoşulmaq planlarımız yoxdur. Lakin gələcəkdə nə baş verəcəyini həyat göstərəcəkdir”.

 

İlham Əliyev vurğulayıb ki, Avropa İttifaqının danışıqlar prosesinə birbaşa cəlb olunmasını gözləmirik: “Baxmayaraq ki, Avropa Komissiyası münaqişənin həlli ilə məşğul olan Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. Biz Avropadan və hər bir ölkədən postsovet məkanında olan bütün münaqişələrə dair vahid standart yanaşmanı gözləyirik. Biz bu gün xanım Merkelin ərazi bütövlüyü ilə bağlı söylədiklərini yüksək qiymətləndiririk. Lakin biz bu prinsipin seçmə üsulla yox, bütün münaqişələrə tətbiq olunmasını istəyirik. Fikrimizcə, baxmayaraq, Azərbaycanın Avropa İttifaqı ilə Assosiasiya Sazişi sazişdən çox birtərəfli təlimatlar siyahısına bənzəyirdi, onun imzalanmamasının səbəblərindən biri də, hətta əsas səbəbi onunla bağlı idi ki, onlar Ermənistan ilə Azərbaycan arasında münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunması ilə bağlı dəqiq ifadə edilmiş mətnin bu Sazişə daxil edilməsini istəmirdilər. Onların Gürcüstan və Moldova ilə razılaşmalarında bu müddəa var idi. O zaman Ukraynanın belə bir problemi yox idi. Lakin Azərbaycana gəldikdə, ikili standartlar üzə çıxır. Ukraynada baş verənlərlə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq olunub. Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana qarşı sanksiyalar tətbiq olunmayıb. Bu ikili standartlı yanaşma aradan qaldırılmalıdır. Əlbəttə ki, bu, dərhal münaqişənin həllinə gətirib çıxarmayacaqdır. Lakin biz səylərimizi birləşdirsək və təcavüzkar Ermənistana torpaqları boşaltmaq üçün təzyiq göstərsək, düşünürəm ki, onda münaqişə daha tez həll olunacaq. Çünki bizim məsələyə gəldikdə, dəfələrlə bu auditoriyada qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Ermənistan qoşunlarının çıxarılmasını tələb edən aparıcı beynəlxalq təşkilatların qətnaməsi var və bu qətnamələr icra olunmalıdır. Beləliklə, biz ümid edirik ki, əfsuslar olsun, bəzi postsovet ölkələrində ərazi bütövlüyünün pozulması ilə bağlı vəziyyət bütün münaqişələrə, o cümlədən Ermənistan ilə Azərbaycan arasında münaqişəyə tətbiq olunacaq vahid qeyri-selektiv, təkstandartlı yanaşmanın formalaşmasına gətirib çıxaracaq”.

 

Prezident bildirib ki, ərazi bütövlüyü prinsipi üstünlük təşkil edən prinsipdir: “İstər bu, BMT-nin Nizamnaməsi olsun, istərsə Helsinki Yekun Aktı olsun. Helsinki Yekun Aktında ərazi bütövlüyünün və öz müqəddəratını təyinetmə hüququnun çox aydın tərifi var. Öz müqəddəratını təyinetmə hüququ ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Beynəlxalq hüququn məhz həmin başlıca prinsipi pozulub. Lakin sizin sualınıza qayıtmaq istəyirəm. Əslində, siz riyakarlıq haqqında sualınıza özünüz cavab verdiniz. Əlbəttə ki, biz ikili standartları hər həftə, hər gün görürük. Sanki qaydalar, normalar və qətnamələr kiçik ölkələr üçün yazılıb. Onlar qanuna əməl etməlidirlər. Onlar qətnamələri icra etməlidirlər. Böyük super dövlətlər öz milli maraqlarına əsasən beynəlxalq hüququ şərh etməkdə azaddırlar. Öz maraqlarına uyğun olaraq, gah ərazi bütövlüyünü, gah da öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyirlər. Bu da beynəlxalq təsisatların, Birləşmiş Millətlər Təşkilatının deqradasiyasına gətirib çıxarır. Əgər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü özləri 1990-cı illərin əvvəlində Ermənistan qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul edibsə, sonra da bu qətnamələri icra etmək üçün təcavüzkara təzyiq göstərmirsə, biz onların davranışını necə başa düşə bilərik? Bu davranış yalnız onların maraqlarına xidmət edir və beynəlxalq hüquqa əsaslanmır. Burada biz XXI əsrin ən vacib məsələsinə gəlib çıxırıq. Bizdə beynəlxalq təşkilatların potensialının gücləndirilməsinə aparan mexanizmlər var, yoxsa yoxdur? Hesab edirəm ki, bu da bir müzakirə mövzusu olmalıdır. Əgər hamımız beynəlxalq öhdəliklərdən azadıqsa, onda kiçik ölkələrə bu və ya digər qərarların yerinə yetirilməsini məcbur edən hücumlar edilməməlidir. Qərar hamı üçündür və hər bir kəsə eyni qaydada yanaşılmalıdır”.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi