Modern.az

“Azərbaycanda məhsuldarlıq dünya standartlarına çatmır”

“Azərbaycanda məhsuldarlıq dünya standartlarına çatmır”

21 Fevral 2017, 10:57

Neftin qiymətinin ucuzlaşmasından aqrar sahəyə diqqət artırılıb.

 

Prezident aqrar sahənin inkişafı üçün fərmanlar, sərəncamlar imzalayıb.

 

Burada əsas məqsəd neftdən asılılığı azaltmaq, daxili tələbatı təmin etmək və məhsullarımızı xarici bazarlara çıxararaq ölkəyə valyuta gəlməsini təmin etməkdir.

Milli Məclisin Aqrar siyasət komitəsinin müavini Eldar Quliyev Modern.az-a bildirib ki, aqrar sahənin inkişafı çox vacibdir.

 “Aqrar sahənin inkişafı üçün bölgələrdə bir çox görüşlər keçiririk. Bu görüşlərin məqsədi aqrar sahədəki çatışmazlıqları öyrənmək və onların həlli üçün hansısa addım atmaqdır. Cənab prezidentin aqrar sahə ilə  bağlı bir neçə fərmanı var. Cənab prezident bildirdi ki, artıq bizdə neft bumu qurtardı və digər sahələri inkişaf etdirmək lazımdır. İnkişaf deyəndə iqtisadiyyatın şaxələnməsindən söhbət gedir. Ən aparıcı sahələrdən biri də aqrar sahədir. Keçənilki nəticələrə baxsaq görərik ki, bir çox sahələrdə geriləmə baş verdi, amma aqrar sahədə 26 faiz artım olub. Xüsusən də pambıqçılıq, baramaçılıq, taxılçılıq və kənd təsərrüfatının digər sahələrində artım var.

 

Əgər biz 2016-cı ilin hava şəraitini nəzərə alsaq görərik ki, yağıntılar səbəbilə pambıqda xeyli itkilərimiz oldu. Keçən il biz 70 ton pambıq yığdıq, amma bizim məqsədimiz 100 tondan artıq məhsul yığmaq idi. Düşünürük ki, iqlim şəraitləri imkan versə bu il 100 tondan artıq pambıq yığacağıq və baramaçılığı inkişaf etdirəcəyik. Aqrar sahənin özü də çoxşaxəli olduğu üçün bütün sahələrin inkişafına diqqətlə yanaşmaq lazımdır. Bunların içində də bizim ənənəvi məhsulumuz olan zəfəran ən faydalı məhsullardandır.

 

Azərbaycan zeytun istehsalına görə də tanınmış ölkələrdən olub. SSRİ dövründə biz öz məhsulumuzu Ukraynaya, Rusiyaya və başqa ölkələrə ixrac edirdik. Bu gün Azərbaycan aqrar sahəni inkişaf etdirməklə müəyyən balans yarada bilər, neftdən itkilərimizi bununla əvəzləyə bilərik.  Kənd təsərrüfatı sahəsi ilə nəinki respublikanı təmin etmək, digər ölkələrə də  bu məhsulları ixrac edə bilərik. Bununla da respublikanın iqtisadi potensialını qaldıra bilərik”.

 

Deputatın sözlərinə görə, ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayrılmalıdır.

 

“2001-ci ildə Ümummilli lider Heydər Əliyev ərzaq təhlükəsizliyi ilə bağlı fərman imzalamışdı. Bununla bağlı ölkə prezidenti İlham Əliyevin də sərəncamları var, sonuncu sərəncamı isə bir neçə gün öncə imzaladı. Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyində ölkənin ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı yeni bir qurum yaradıldı. Ərzaq təhlükəsizliyinin təminatı dünyada bir nömrəli bir məsələdir. Dünyada ən böyük böhran ərzağın çatışmazlığından yarana bilər.  Hər bir dövlət, o cümlədən də Azərbaycan çalışmalıdır ki, özü-özünü ərzaq məhsulları ilə təmin eləsin, həmdə xaricə ixrac edərək valyuta əldə etsin. Bunun üçün də müəyyən addımlar atılır. Sözsüz ki, bununla bağlı Azərbaycanın daxili imkanları ilə bərabər xaricdən gələn müəyyən investisiyaları da  gözləyirik. Mən deyərdim ki, Azərbaycanda bəzi məhsuldarlıq dünya standartlarına çatmır. Məsələn, biz hər hektardan 50-55 sentner taxıl alırıq, Avropada bu 80-85 sentner, Amerikada isə bu 100 sentnerdir. Əlbəttə, bu bizim məqsədimizdir ki, gələcəkdə biz də bu səviyyəyə çataq.

 

Taxılın 35-40 faizini biz kənardan alırıq. Məhsuldarlığı artırmaq üçün əmək resurslarında düzgün istifadə etmək lazımdır, çalışmalıyıq ki, daha qənaətcil işləyək. Çünki biz məhsulun yığımında, emalında, daşınmasında xeyli itkiyə yol veririk. Biz bunları nəzərə almalıyıq ki, gələcəkdə qarşını alaq.  Mənim fikrimcə kənd təsərrüfatı məhsullarının itkisi olmamalıdır. Hər bir kənd təsərrüfatı məhsulunun töküntüsü də istifadə edilir. Məsələn, pambığın çiyidindən istifadə edərək  yağ alırıq, onun çiyidini mal-qaraya verəndə də süd yağlı olur. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Bu gün Azərbaycanda prioritet sahələrin başında aqrar sahə gəlir. Aqrar sahənin inkişafı üçün hər bir şərait var, bunu gələcəkdə daha da inkişaf etdirmək üçün müəyyən addımlar atmalıyıq”.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir