Modern.az

1992-ci ilin 21 fevralı - Xocalı sakini DANIŞIR: "Çörəyi tapanda qənd, qənd tapanda çay tapmırdıq"

1992-ci ilin 21 fevralı - Xocalı sakini DANIŞIR: "Çörəyi tapanda qənd, qənd tapanda çay tapmırdıq"

21 Fevral 2017, 12:00

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadisə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün  insanları olaraq,  1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq! 

 

Modern.az saytı Xocalı soyqırımının 25 illiyi ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.

Xocalı 1992-ci il fevralın 21-də...

 

Xocalı sakini Məlahət Əliyeva 25 il bundan  əvvəlin 21 fevralını belə xatırlayır: 

 

“Uçan quşlardan xəbər gözləyirdik”

 

“Fevralın 21-də mühasirə şəraitində yaşayırdıq. Əgər ona yaşamaq demək olarsa….Ən həyəcanlı günlərimizi yaşayırdıq. Ümid edirdik ki, səhər yol açılar, biz də bu zülmdən canımızı qurtararıq. Bir qarın ac, bir qarın tox yaşayırdıq. Çörəyi tapanda qənd tapmırdıq, qənd tapanda çay tapmırdıq. O günlərimiz getsin gəlməsin. Yeməyi bişirirdik, amma bilmirdik ki o yeməyi yeyə biləcəyik yoxsa yox. Yeməyi qabağımıza qoyanda atışma səsləri ətrafı bürüyürdü. Yeməyi stolun üstündə qoyub padvala girirdik. Padvaldan bir gün sonra çıxıb görürdük ki, yemək nə gəzir! Həm də 1992-ci ilin fevralında hər günümüzü əzab, qorxu, təhlükə içində yaşayırdıq. O qədər çarəsiz durumda idik ki, göydə uçan quşlara belə ümidlə baxırdıq. Baxıb deyirdik ki, görəsən, bu quşlar hardan gəlir? Bunlar bizə nə xəbər gətirib?!”

 

“Xocalıda insanlığa yad olan şərait vardı”

 

Xocalı sakininin sözlərinə görə, qolunda Xocalı izi hələ də qalır.

 

“Özüm də fevral ayının 28-də  dünyaya gəlmişəm. Bu ayda da 2 şəhid verdim. Fevralın 28-də həm qızımı, həm də yoldaşımı dəfn etdilər. Bu ay mənim üçün necə əziz ay ola bilər?! Qolumda hələ də o günlərin izi qalıb. Hər dəfə baxanda o pis və dəhşətli günlər gözümün qabağına gəlir. Hər il fevral ayı gələndə 1992-ci ilin dəhşətli fevralını yaşayırıq.

Xocalı mühasirədə olmamışdan qabaq bizə vertolyot vasitəsilə çörək gətirirdilər. O vaxtlar elə mənzərə yaranmışdı ki, baxanda ürəyimiz ağrıyırdı.  Yadımda qalan birini danışım. Uşağın biri gedib çörək götürürdü. Ondan güclüsü də tez o uşağın əlindəki çörəyi alırdı. Bir dəfə oğlum gəlib dedi: “Böyük oğlan əlimdən çörəyimi aldı”. Biz Xocalıda insanlığa yad olan şəraitdə yaşadıq. Biz paltarlarımızı soyunub rahat yatmaq üzü görmədik. Uşaqlarımız bir konfetdən, almadan ötrü ağlayırdı. Kim nə tapırdısa, onu da  yeyirdi. Bir tikəmizi qonşularla bölüşürdük. Bulaq çox uzaqda yerləşirdi. Su gətirməyə qonşularla birgə yığışıb gedirdik. Bulağa gedib qayıdana qədər aşağısı 50 dəfə başımıza güllə yağırdı. Evə salamat çatmağımıza görə sevinirdik. Biz çox zülmlər çəkdik. Amma zülmlərimiz yerdə qaldı”.

 

“Bəxtimiz heç gətirmədi”

 

Məlahət Əliyeva deyir ki, həyat yoldaşının sağ qalmayacağını onsuz da bilirdi.

 

“1988-ci ildə Xankəndidən Xocalıya gəldik. 15 il Xankəndidə yaşamağımıza baxmayaraq,    Xocalıda doğulmuşam. Yoldaşım isə Şuşada doğulmuşdu. Xalam oğlu idi. Xankəndində böyük ev-eşik tikib qurmuşduq. Xocalıda gəlib məskunlaşanda da yenidən böyük ev-eşik tikdik. 6 otaqlı ev idi. Bəxtimiz heç gətirmədi. Xankəndindəki 6 otaqlı evim əşyalarla dolu ermənilərə qaldı. Xocalıda da 6 otaqlı tikdiyimiz evə tam yığışıb köçə bilmədik. Yoldaşım milli ordunun döyüşçüsü idi. Bilirdim ki, o, sağ qalmayacaq. Bəs 8 yaşlı uşağa nə deyim! Onun şəhid olacağını ağlımdan keçirmirdim”.

 

“Uşağı adyala büküb saxlayırdım”

 

Müsahibimiz deyir ki, övladını xəstəlikdən qorusa da, erməni gülləsindən qoruya bilməyib.

 

“1992-ci ilin fevralında Xocalıda elə şaxtalı hava hökm sürürdü ki! Əlimiz, ayağımız don bağlamışdı. Mənim də 3 övladım vardı. 2 oğlum, 1 qızım. Qızım qızılca xəstəliyinə tutulmuşdu. Onu necə sağaldacağımı bilmirdim. Yatmağa isti yerimiz yox idi. Çünki nə qaz var idi, nə də işıq. 8 yaşlı qızımı padvalda saxlayırdım ki, erməni gülləsinə tuş gəlməsin. Uşağı adyala bükülü vəziyətdə qoruyub saxlayırdım. Onu xəstəlikdən qoruya bilsəm də,  erməni gülləsinə qurban getdi.  Kaş ki, qızım qızılcadan öləydi! Kaş ki! O dəhşətli gecədə uşağı qucağıma alıb yerə uzandım ki, güllə mənə dəysin uşağa yox. Amma erməni gülləsi həm mənə, həm də uşağa dəydi. Övladım qarın üstündə qana boyanmışdı.

 

Uşağı götürə bilmədim. Mənim də qolumdan qan axırdı. Yaralı idim. Bir də baxdım ki, yıxıldı. Üstümə qışqırıb dedi ki, yaxın gəlmə. “Get o biri uşaqları tap” dedi. Ağdama tərəf qaçanda qolumu gizlətdim ki, qoy qan aparsın mən də ölüm. Bir nəfər gördü ki, qolumdan qan axır. Məni də götürüb xəstəxanaya apardılar. Uşaqlarım da baxıb ağlayırdı”. 

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi