Modern.az

Komitə sədrləri: “Azərbaycan üçün önəmli təyinat oldu” - TƏBRİKLƏR

Komitə sədrləri: “Azərbaycan üçün önəmli təyinat oldu” - TƏBRİKLƏR

Parlament

21 Fevral 2017, 13:17

Prezident İlham Əliyev Azərbaycan Respublikasının birinci vitse-prezidenti ilə bağlı sərəncam imzalayıb.
Ölkə başçısının sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilib.

Modern.az saytı xəbər verir ki, Milli Məclisin komitə sədrləri bu təyinata münasibət bildiriblər.



Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov:


“Cənab prezidentin bu təyinatını alıqşlayıram. Bu qərar çox vacib və Azərbaycan tarixində ən mühüm addımlardan biridir. Onsuz da hörmətli Mehriban Əliyeva bu vəzifəyə ən layiqli şəxs idi.

Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm.

Əgər indiyə kimi, Mehriban xanımın rəhbərliyi altında həyata keçirilən layihələr əsasən təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman sahələrini əhatə edirdisə, şübhəsiz ki, bundan sonra daha çoxşaxəli olacaq.  


Hamı Mehriban xanımın simasında təkcə ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görür. Azərbaycan ictimaiyyəti Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. Bu təyinat münasibətilə onu təbrik edirəm”.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı:

 

“Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması çox vacib və düzgün qəbul edilmiş qərardır. Bu təyinata görə, cənab Prezidentə təşəkkür edirəm. Mehriban xanım özünün hərtərəfli və yorulmaz fəaliyyəti, Azərbaycanı dünyada tanıtmaq üçün gördüyü işlərlə buna haqq edirdi.

Mehriban Əliyeva yaşından, milliyətindən və dini inancından asılı olmayaraq milyonlarla insanın ürəyini çoxdan fəth edib. O, insanalara humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazımi anda yanında olmaq bacarığına görə böyük hörmətə layiqdir.

 


Xeyirxahlıq, mərhəmət və şəfqət kimi anlayışlar Mehriban xanım üçün, həqiqətən də, önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir.

O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri və İSESKO-nun ilk qadın xoşməramlı səfiri kimi saysız-hesabsız işlər görüb. Mehriban xanım dəstəyə ehtiyacı minlərlə ailəyə, qadına, uşağa kömək göstərərək xeyirxah imic yaradıb.

Əminliklə deyə bilərəm ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti olaraq bu vəzifənin də öhdəsindən layiqincə gələcək”.


Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə:

 

“Mehriban Əliyevanın birinci vitse-prezident seçilməsi çox yaxşı haldır. Bu xəbəri çox xoş qarşıladım. Mehriban xanım Azərbaycan maraqlarını daim dünyada təmsil edib. Bundan sonra da belə olacaq. Hesab edirəm ki, Azərbaycanda birinci vitse-prezident postuna ən layiqli şəxs gətirilib”.

 

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov:

“Mehriban xanım uzun müddətdir Azərbaycan maraqlarını dünyanın bir çox ölkələrində təmsil edib, həm də Milli Məclisin deputatı kimi, UNESCO-nun səfiri kimi bunun şahidi olmuşuq. O cümlədən mötəbər tədbirlərdə yaranan komitələrin rəhbəri olub. Azərbaycan mədəniyyətinin tanınmasında, Azərbaycan xalqının maraqlarının müdafiə olunmasında xüsusi xidmətlər göstərib, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünya ölkələrində maraqlarımızı təmsil edib.  Mehriban xanımın birinci vitse-prezident təyin olunması çox yerində və zəruri olan bir addımdır”.


Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov:

 




"Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi Azərbaycan xalqının ürəyincə olan bir qərardır. Mehriban xanımın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı fəaliyyəti göz önündədir. O, Heydər Əliyev Fondunun Prezidenti kimi Azərbaycan Respublikasında təhsilin, səhiyyənin, mədəniyyətin  və idmanın inkişafında səmərəli fəaliyyət göstərir.  Mehriban xanımın   əhaliyə yüksək ixtisaslı tibbi yardımın göstərilməsi üçün əlverişli şəraitin yaradılması məqsədilə bir sıra səhiyyə ocaqlarının tikintisində  və əsaslı təmirindəki rolu, eyni zamanda   sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsində əməyi danılmazdır”. 


Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli:

 

"Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi cəmiyyətin gözlədiyi qərar idi.
Mehriban xanımın ictimai-siyasi həyatdakı yeri və ruhu göz önündədir. Onun qəlbi xalqla döyünür. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti olduğu dövrdə bir sıra məktəblərin tikintisində, digər xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsində böyük fəallıq göstərib. Xəstə uşaqların sosial müdafiəsində, sosial evlərin bərpasında, gənc ailələrə çox böyük dəstək göstərib və hər zaman xalqın yanında olub. Həmçinin cəmiyyətin çox böyük ehtimadını qazanıb. Mehriban xanım Milli Məclisin deputatı olaraq, dəfələrlə əfv təşəbbüsləri ilə çıxış edib. Bununla da yüzlərlə ailəyə xoşbəxtlik və sevinc gətirib. Həmçinin Mehriban Əliyevanın beynəlxalq aləmdə yeri, nüfuzu və çıxışları göz önündədir. Ölkəmizdə nüfuzlu idman oyunlarının keçirilməsi bir daha göstərdi ki, Mehriban xanım çox təşkilatçı bir insandır. Yüksək təşkilatı keyfiyyətlərə malik olan liderdir. 

Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi ilə onda olan bütün keyfiyyətləri özünü daha qabarıq şəkildə göstərməyə imkan yaradacaq.

 

Həmçinin, cənab Prezidentimizə ən sədaqətli insanlardan biri kimi hakimiyyətin möhkəmlənməsi üçün xüsusi rol oynayacaq.  Eləcə də ölkəmiz və millətimiz üçün daha da yaxşı işlərin keçirilməsi üçün cənab Prezidentə köməklik edəcək. Mehriban xanımın birinci vitse-prezident təyin edilməsi  Prezidentin gərgin fəaliyyətinin  bölünməsinə kömək edəcək. Bu gün ölkəmizdə çox böyük işlər və islahatlar aparılır. Mehriban xanım müasir düşüncəsi və dünyagörüşü ilə bu islahatların keçirilməsində cənab Prezidentə yardım göstərəcək. Həmçinin hər zaman şahidi oluruq ki, Mehriban xanım Prezidentin daim yanında olaraq bütün tədbirlərdə iştirak edib. Onun iş metodunu, Azərbaycançılıq ideyalarını çox yaxşı bilir”.



İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə:


“Cənab prezidentin bu qərarını ürəkdən alqışlayıram. Mehriban Əliyeva ötən illər ərzində elə möhtəşəm layihələrə imza atıb ki, onlar heç şübhəsiz ki, neçə-neçə 10 illiklər dövründə Azərbaycan dövlətinin, onun iqtisadiyyatının inkişafına yeni keyfiyyət dəyişiklikləri gətirəcək, əhalinin yaşayış səviyyəsini və rifahını xeyli yüksəldəcək, insan kapitalının inkişafına güclü təkan verəcəkdir.
Bir daha bu əlamətdar hadisə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Mehriban Əliyevaya xalqımızın rifahı naminə yönələn dəyərli fəaliyyətində yeni-yeni uğurlar diləyirəm”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli:

 

 

 

“Azərbaycan Konstitusiyasına 2016-cı ildə referendum yolu ilə edilmiş əlavə və dəyişikliklərdən ən əhəmiyyətlisi və vacib hissələrindən biri əsas sənədə 103-1-ci maddənin əlavə edilməsi idi. Bu, Azərbaycan Respublikasının vitse-prezidentləri ilə bağlı maddədir və Azərbaycanda vitse-prezidentlər institutunun əsasının qoyulması demək idi. Müasir dünyada vitse-prezidentlər institutu çox əhəmiyyətlidir və bu, icra strukturunda olduqca aparıcı rol oynayır. Birinci vitse-prezident icra hakimiyyəti strukturunda bütövlükdə Konstitusiyaya görə Azərbaycan dövlətində ikinci məsul şəxsdir. Yenə də Konstitusiyaya görə bir sıra hallarda birinci vitse-prezident prezidenti əvəz edə bilir. Bu gün prezident İlham Əliyev tərəfindən Konstitusiyaya uyğun olaraq Mehriban Əliyevanı ölkənin birinci vitse-prezidenti təyin olunması Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda çox mühüm bir addımdır. Çünki Mehriban xanım Əliyeva indiyə qədər də ölkədə həyata keçirilən işlərə, inkişafa öz töhfəsini həm Heydər Əliyev Fondunun prezidenti kimi, həm də deputat kimi verib. Mehriban xanım eyni zamanda bir sıra beynəlxalq tədbirlərin təşkilatçısı, komissiyaların rəhbəri kimi dövlətçilik yolunda öz töhfəsini verib. Bu baxımdan deyə bilərəm ki, Mehriban xanım cənab prezidentin ən yaxın silahdaşı olub və təyinat arzuolunandır. Buna görə də onun indi birinci vitse-prezident təyin olunması həm təqdirəlayiqdir, həm də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Mehriban Əliyeva həm də xalq arasında bacarığına, biliyinə və gördüyü işlərə görə böyük rəğbət qazanıb. Beləliklə Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması xalqın dəstəklədiyi bir fikir olmaqla yanaşı, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda verilmiş mühüm qərardır. Əminik ki, bu təyinatdan sonra Azərbaycanda həyata keçirilən islahatlar daha da sürətlənəcək”.

 
Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi