Modern.az

Deputat: “Banklar bağlanmaq yox, birləşmək yolunu tutsalar yaxşı olar”

Deputat: “Banklar bağlanmaq yox, birləşmək yolunu tutsalar yaxşı olar”

21 Fevral 2017, 14:41

Bu gün Azərbaycan iqtisadiyyatını silkələyən 21 fevral 2015-ci il devalvasiyasından 2 il ötür. Həmin gün milli valyuta uzunmüddətli sabitliyini pozaraq 30 faiz ucuzlaşdı. 2015-ci ilin 21 dekabrında isə manat daha 50 faiz devalvasiyaya uğrayaraq rekorda “imza atdı”.

Bu gün manatın məzənnəsi 1,7352 səviyyəsində müəyyən olunub.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Modern.az-a açıqlamasında bu müddətdə dünya iqtisadiyyatında gedən proseslərin Azərbaycan iqtisadiyyatından da yan keçmədiyini deyib:


“Bu, iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bank sektorunda özünü göstərməkdədir. Sonuncu müşavirədə cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan bank sektorunda indiyə qədər aparılan səhv siyasət nəticəsində həm bankların özlərinin maliyyə vəziyyəti pisləşib, həm də bütövlükdə ölkə iqtisadiyyatında özlərinin oynaya biləcəyi rolu itiriblər.

Bunun da nəticəsi olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası bəzi bankların lisenziyasının geri alınmasına, bəzilərinin birləşdirilməsilə bağlı qərar qəbul edib. Bu yaxınlarda “VTB” bankın bəzi filiallarının bağlanması qərarı verilib. Bütün bunlar Azərbaycan bank sektoruna yeni yanaşmanı ortaya qoyur. Hesab edirəm ki, ölkəmizdə başlanmış post-neft mərhələsində bank sektoru özünün müsbət rolunu oynamalıdır”.

 

Parlament üzvü bildirib ki, bunun üçün bank sektoru əhaliyə verdiyi kreditlərin faizlərini aşağı salmalıdır: “Xüsusilə xarici valyutada olan kreditləri vətəndaşlara verərkən diqqətli olmaq lazımdır. Çünki manat xarici valyutanın qarşısında ucuzlaşmaqda davam edir. Eyni zamanda xarici valyutada verilmiş kreditlərin geri qaytarılmasında çox böyük çətinliklər yaranıb. Bu həm vətəndaşları, həm də bankarı çıxılmaz vəziyyətdə qoyub. Bankların resurslarının, vəsaitlərinin vaxtında qayıtmaması onun aktivlərinin aşağı düşməsinə, kapitalının azalmasına gətirib çıxarır ki, bu da son nəticədə bankların bağlanmasını zərurət kimi ortaya qoyur”.


M.Abbaszadə ilk devalvasiyadan sonra Azərbaycan maliyyə sektorunda yüksək nəticələrə səbəb olacaq hadisənin baş vermədiyini vurğulayıb: “Ötən müddət ərzində manat 2 dəfə devalvasiyaya uğradı. Bütün bunların hamısı Azərbaycan maliyyə, bank sektorunda zəifləmələrə gətirib çıxarmışdı. Devalvasiyaların nəticəsidir ki, bu gün Azərbaycan banklarının bütün göstəricilərində geriləmələr mövcuddur. İstər banklara qoyulan depozitlərin, istər banklardan götürülən kreditlərin, istər kredit ödənişlərinin, istər bankların digər yerli və xarici banklar qarşısında öhdəliklərində geriləmələr müşahidə olunur. Bunun nəticəsidir ki, banklar ya bağlanmaqla nəticələnir, ya da birləşmək seçimi qarşısında qalır. Amma təəssüflər olsun ki, bu gün bankların çoxu digər banka birləşmək əvəzinə bağlanmaq yolunu seçirlər. Bankların birləşməsi prosesdən çıxmağa daha çox kömək edə bilər. Əgər banklar birləşərsə, burada illərlə əmək verən yüzlərlə işçinin öz iş yerini itirməməsinə gətirib çıxara, banklara inamı artıra bilər. Bu gün banklar bağlanarkən Əmanətlərin Sığortalanması Fondu əhalinin sığortalanmış depozitlərini geri qaytarır. Bütün bunlar isə Azərbaycanın dövlət büdcəsinə əlavə yükdür. Əgər banklar birləşərsə, büdcə bu yükdən azad olmuş olar”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir