Modern.az

Bizim Cəbiş müəllim” haqqında BİLMƏDİKLƏRİMİZ: “Ssenaridən yataq səhnəsi də çıxarılıb”

“Bizim Cəbiş müəllim” haqqında BİLMƏDİKLƏRİMİZ: “Ssenaridən yataq səhnəsi də çıxarılıb”

Mədəni̇yyət

22 Fevral 2017, 18:03

“Bizim Cəbiş müəllim” Azərbaycan kino tarixində hələ də öz  layiqli qiymətini almayan filmdir. Kinonun piarı yaxşı qurulsaydı, bəzi süni maneələr olmasaydı, bəlkə də, SSRİ-də müharibədən bəhs edən “Əsgər atası” filmi qədər məşhurlaşacaqdı. Amma olmadı...


1969-cu ildə rejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı film cəmi bir ortabab festivalda mükafat qazandı. (o da baş rolun ifasına görə).

Son günlər sosial şəbəkə və saytlarda filmdən kəsildiyi iddia olunan bir səhnənin videosunun paylaşımı səs-küyə səbəb oldu. Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” əsərinin ssenarisi əsasında çəkilən filmdən o səhnə çıxarılsa da, maraqla qarşılandı.

Modern.az “Bizim Cəbiş müəllim” filmi haqqında bilmədiyimiz  başqa məqamları təqdim edir:

Ssenaridən  yataq səhnəsi çıxarılıb

“Bizim Cəbiş müəllim”də baş rolun ifaçısı, Xalq artisti Süleyman Ələsgərov sonradan öz xatirələrində filmdəki bir epizodun onun sayəsində necə çıxarılmasından danışır. Həmin xatirədən əvvəl göz önümüzə filmdən bir səhnəni gətirək: səhər Cəbiş müəllim üzünü təraş edir. Arvadı isə onu sabun bişirməkdən ötrü dilə tutur, Cəbişi arxadan qucaqlayır.

S.Ələsgərov xatirələrində qeyd edib ki, əslində, o səhnə belə olmalı imiş:

“Ssenari üzrə bu səhnə başqa cür çəkilməli idi. Yəni, ərlə arvad yataqda uzanmış halda söhbət etməli idilər. Mən Həsən müəllimə xatırlatdım ki, əvvəla baş qəhrəman Cəbiş, müəllimdir. Onun arvadı ilə bir yataqda göstərilməsi hər cür ədəb-ərkandan xaricdir. Bu sözdən sonra rejissor məni qucaqlayıb öpdü və “bu mənim heç ağlıma da gəlməmişdi”,  dedi”.

 

İlk dəfə bu filmdə...

 

İlk dəfə “Bizim Cəbiş müəllim” filmində rusların, Mərkəzin xoşuna gəlməyən bir hadisə yaşanıb. Müharibə vaxtı Bakı neftinin əhəmiyyəti neftçi Nəcəfov (Muxtar Maniyev) tərəfindən detallarına qədər açıqlanır. Bu, o zaman üçün hətta təhlükəli hal sayılırdı. Muxtar Maniyev xatirələrində bu haqda belə danışır:

“Doğrudan da, bu filmdə rejissor Həsən Seyidbəyli ssenari müəllifi ilə birgə cəsarətli addım atır. O, mənim yaratdığım Nəcəfov obrazının diliylə rusların xoşuna gəlməyən, daim nəzarət altında saxladığı faktları aşkara çıxarır. Həmin fakt ondan ibarət idi ki, cəbhədə olan hər 1000 sovet tank və təyyarəsinin 700-ü Bakı nefti ilə çalışırdı. Bu faktlar ssenaridə də var idi”.

 

Rejissorun “aktyor” uşaqları

 

Filmdəki əsas obrazlardan birini- Namiqi  (Neftçi Nəcəfovun oğlu) Həsən Seyidbəylinin böyük övladı Ziya Seyidbəyli oynayıb. Amma rejissor oğluna qəti güzəştə getməyib. Cəmi bir neçə saniyəlik epizod  üçün– Namiqin atası ilə bokslaşması- rejissor oğlunu bir həftə məşq etdirir. Çünki Muxtar Maniyev hər dəfə yumruq atanda Ziya gözlərini qırpırmış.

Bundan başqa Cəbiş müəllimin iki övladını oynayan uşaqlar da rejissorun doğma oğul və qızıdır. Cəbişin “Acından belə edirlər e”, “Jımıx, ləzzət!” kimi zərbi-məsəllərin müəllifi olan cüvəllağı oğlu rejissorun kiçik övladı Mehdidir. Cəbişin birlikdə “radio dinlədiyi” qızı isə Həsən Seyidbəylinin qızı Məryəmdir. Məryəm xanım sonradan filologiya elmlər doktoru oldu.

 

E.Nazimoğlu

Qeyd: Yazıda araşdırmaçı Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixindən” monoqrafiyasından istifadə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir