Modern.az

İlhamənin oğlu: “Əhd eləməmişdim ki, anam dünyasını dəyişsin, onun var-dövlətinə sahib olum”

İlhamənin oğlu: “Əhd eləməmişdim ki, anam dünyasını dəyişsin, onun var-dövlətinə sahib olum”

Mədəni̇yyət

23 Fevral 2017, 09:28

“Hər kəs məni İlhamə Quliyevanın övladı kimi tanıyıb və qəbul edibsə, bu, mənə bəsdir”.

Bu sözləri Modern.az-a mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov bildirib.

O, övladlıq borcunu sonuna qədər yerinə yetirəcəyini vurğulayıb:

“İndiyə qədər bütün məclisləri keçirdiyim kimi, övladlıq borcumu yerinə yetirib anamın il mərasimini də keçirəcəyəm. Mənə bircə kibrit çöpü belə qalmayıbsa da, üzərimə düşəni edəcəyəm. Miras oldu-olmadı...”.

O.Nadirov anasını itirdikdən sonra ona dəstək duran dostlarının olduğunu vurğulayıb:

 

“Mən bütün bunları tək yox, yaxşı dostların, yaxşı insanların sayəsində edirəm. Sağ olsun, Vadim –Manera qardaşları, İlqar, Asif, Sərxan Kərəmoğlu. Mən onların dəstəyilə anamın il mərasimini keçirəcəyəm”.

 

İl mərasimində iştirak etmək üçün qonaqların İ.Quliyevanın bacıları, yoxsa oğlu tərəfindən dəvət olunması məsələsinə gəlincə, O.Nadirov bunun üçün kimsənin qadağa qoymaq iqtidarında olmadığını bildirib:

 

“Sənət adamları məni İlhamə xanımın oğlu kimi tanıyıb və qəbul ediblər. Zəng edib maraqlananlara məclisin keçirildiyi yer və ünvan barədə məlumat vermişəm. Mən bununla Allahın, valideynimin qarşısında olan borcumu yerinə yetirirəm. Çünki o insan məni böyüdüb, universitetdə oxutdurub, ailə sahibi edib, çətin günlərimdə arxamda dayanıb, məni kiməsə möhtac olmağa qoymayıb. Dünya malı mənə çatmasa belə, mən bunları itirə bilmərəm. Mən əhd eləməmişdim ki, anam dünyasını dəyişsin, onun var-dövlətinə sahib olub yas məclis keçirim”.

 

Qeyd edək ki, xalq artisi İ.Quliyeva 2016-cı il fevral ayının 25-də dünyasını dəyişib. Ölümündən sonra onun mirasına həbs qoyulub. O.Nadirov İ.Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi övladı olduğundan miras ətrafında qalmaqal yaşanıb. İ.Quliyevanın bacıları İradə və Gülbahar Quliyevalar mirasa iddialı olduqlarını bildirərək məhkəməyə müraciət ediblər. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, xalq artistinin mirası bacıları Gülbahar və İradə Quliyevalara qalıb.

 

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi