Modern.az

Siyasi partiyalar: "Xocalı məsələsində iqtidar-müxalifət olmamalıdır"

Siyasi partiyalar: "Xocalı məsələsində iqtidar-müxalifət olmamalıdır"

23 Fevral 2017, 12:12

26 fevral 2017 tarixində Xocalı soyqrımının törədilməsinin 25-ci ildönümü tamam olur. Bu 25 ildə Xocalı soyqırımının dünyaya tanıdılması istiqmətində bir çox addımlar atılıb.
Azərbaycandakı siyasi partiyaların bəziləri beynəlxalq siyasi təşkilatlara üzvdürlər.
Müxalif siyasi partiyalarımız ötən illərdə Xocalı soyqırımının dünyaya tanıdılması üçün hansısa addımlar ata biliblərmi?

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:

Qarabağla bağlı həqiqətləri dünyaya çatdırmaq üçün ilk olaraq Azərbaycanda Qarabağla bağlı çıxan materialları xaricə gedəndə özümüzlə aparırıq. Ermənistan-Azərbaycan münaqişəsilə bağlı danışanda Qarabağda baş verən hadisələri işıqlandırırıq. Əlimizdə olan bütün təşviqat materiallarından istifadə etməyə çalışırıq. Hazırda bizim heç bir beynəlxalq təşkilatla əlaqəmiz yoxdur. Bundan əvvəl biz Amerika Senatı, Avropa parlamentləri, qeyri-hökumət təşkilatları ilə münasibətlər qurmuşduq. Bütünlükdə Azərbaycan problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün addımlar atmışıq, təkcə Xocalı soyqırımını yox. Bunlar bizim gündəlik işimizdir”.

 

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:

“Müsavat Partiyasının daxil olduğu Liberal Demokrat İttifaqı var. Biz həmin ittifaqın görüşlərində Xocalı soyqrımı məsələsini dəfələrlə səsləndirmişik. Liberal Demokrat İttifaqının daxilində olan partiyalar da bu məsələni öz parlamentlərində səsləndiriblər və Xocalı soyqrımını pisləyən sənədlər qəbul ediblər. Təəssüf ki, Azərbaycanda indiyə qədər Xocalı soyqırımı ilə bağlı ayrıca qanun qəbul etməyib. Həmin qanunun olmaması da bizim üzv olduğumuz təşkilatların Xocalı soyqırımı ilə bağlı qərar qəbul etməsinə mane olur. Bu məsələnin beynəlxalq aləmə daha dolğun şəkildə çatdırılması üçün mütləq Xocalı soyqırımı ilə bağlı qanun qəbul edilməlidir”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu:

“Bizim partiyamızın beynəlxalq təşkilatlara üzvlüyü yoxdur. Amma biz Xocalı soyqırımını dünyaya tanıtdırmaqdan ötrü əlimizdən gələni etmişik. Xocalı soyqırımı parlamentdə müzakirə olunanda öz fikirlərimizi bildirmişik. Xocalı soyqırımı ilə bağlı Azərbaycanda baş vermiş ictimai-siyasi proseslərdə təşkilat olaraq iştirak etmişik. Xocalı soyqırımı ilə bağlı Azərbaycanda nə varsa qəbulunda iştirak eləmişik. Hakimiyyətdə olduğumuz zaman Xocalı soyqımınının  abidəsini yüksəltmişik və o abidə bugünkü hakimiyyət tərəfindən də saxlanılır, Xocalı xiyabanı düzəlib. Azərbaycan parlamentinin Xocalı ilə bağlı qəbul etdiyi bütün qərarlarda iştirakımız olub.  Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev dönəmində istəyimiz bu olub ki, beynəlxalq aləmdə Xocalı soyqırımı tanıdılsın. Amma bundan öncə bizim parlament Xocalı soyqırımı ilə bağlı qanun qəbul etməlidir. Bir neçə dönəm millət vəkili olaraq bu proseslərin hamısında iştirak etmişik. Xocalı soyqırımının tanıtdırılması istiqamətində atılan istənilən addım təqdir olunmalıdır, amma qaneedici olmamalıdır. Çünki bunu bütün dünyaya tanıtdırmamışıq”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat xidmətinin rəhbəri Əli Orucov:

“Yaranmış imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün addımlar atmışıq. Xocalı soyqırımı yaxın illərə qədər sadəcə ildönümündə yada düşürdü, yaxşı ki, sön dövrlər Heydər Əliyev Fondu bununla bağlı silsilə tədbirlər həyata keçirdi, həm xaricdə, həm də ölkə daxilində.
Elə şeylər var ki, xalqı, milləti birləşdirmək üçün rol oynaya bilər. Məsələn, ermənilər bir-birinə nə qədər düşmən olsalar da, onlar böyük Ermənistan və “soyqırımı” xülyaları ətrafında vahid mövqedən çıxış edirlər. Amma Azərbaycanda bu yoxdur. Bu məsələdə sən, mən, iqtidar-müxalifət anlayışı olmamalıdır”.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər