27 aprel 2017, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - “Kişilər də döş xərçənginə tutulurlar” - MÜSAHİBƏ
“Kişilər də döş xərçənginə tutulurlar” - MÜSAHİBƏ
23.02.2017, 12:25

Onkoloq Günay Əhmədova: “Bizdə süni mayalanmanın sayı-hesabı yoxdur, bu isə xərçəng riskini artırır”

“Tez-tez mətbuatdan “alimlər xərçəngin müalicəsini tapdı” başlıqları ilə məlumatlar oxuyuruq, onların hamısı yalançı piardır”

 

Onkoloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitenin (ATU) Onkoloji Klinikasının həkimi Günay Əhmədovanın Modern.az-a müsahibəsi.

 

- Günay xanım, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, 2010-2020-ci illər ərzində xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artımı gözlənilir. 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyinin qeydə alınacağı, həmin halların 4/5 hissəsinin Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcəyi proqnozlaşdırılır. Dünya və ölkəmizin müqayisəsi fonunda bu gün ginekoloji onkologiyada vəziyyət necədir?

 

- Ümumiyyətlə, son vaxtlar Azərbaycanda onkoloji xəstəliklərin artımı müşahidə edilir. Rəsmi  statistikaya əsasən, 2015-ci ildə ilk dəfə xərçəng xəstəliyinə tutulan xəstələrin  sayı 1996-cı ilə nisbətən 2 dəfə çoxdur. Ən pisi isə onkoloji xəstəliklərin yaşının gəncləşməsidir.

 

- Xəstəliyinin gəncləşmə səbəbləri nədir?

- Son vaxtlar qidalanma ilə bağlı problemlər, xarici amillərin təsiri, çoxsaylı abortlar, qızlarımızın gec ailə qurması, gec ana olması, doğuşların sayının az olması, insanların gərgin rejimdə çalışması, stress, əsəb sisteminin pozulması prosesi daha da sürətləndirib. Yəni bunun dəqiq səbəbləri bilinmir.  Hər xəstədə xəstəliyin yaranma səbəbləri  müxtəlif  olur.

 

- Məsələn, süd vəzi xərçəngi ilə  bağlı sizə müraciət edən pasiyentləriniz arasında ən kiçiyinin neçə yaşı olub?

- Son illər müraciət edən hər 10-12 xəstədən biri 22-28 yaş arasındadır.

 

- Ümumiyyətlə, daha çox hansı yaşda xanımların xərçəngə yoluxma ehtimalı yüksəkdir?

- Qadın cinsiyyət orqanlarının onkoloji xəstəliklərinə hər yaşda rast gəlinir. Bununla yanaşı yaş artdıqca, xəstələnmə də artır. Uşaqlıq boynu xərçənginə ən çox 40-60 yaşlı, yumurtalıq xərçənginə isə 65-75 yaşlı xanımlarda rast gəlinir. Süd vəzi xərçəngi əsasən 35-40 yaşlarından sonra aşkarlanır. Lakin, bir az əvvəl qeyd etdiyim kimi 22-28 yaşlı xanımlarda belə xərçəng aşkarlanır. Bu hal, böyük bir miqyas almasa da, var və artmağa doğru gedir.

 

- Bu gün ölkəmizdə xərçəngin hansı növü daha çox yayılıb?

- İl ərzində ATU-nun Onkolji Klinikasına 10 minə yaxın xəstə müraciət edir. Xəstələrimizin arasında süd vəzi xərçənginə yoluxanlar birinci yerdədir. Sonrakı yerləri ağciyər və mədə xərçəngi tutur.  Bundan başqa qadınlar arasında uşaqlıq cisminin, uşaqlıq boynunun və yumurtalıqların xərçəngi artmaqdadır. Kişilərdə isə ağ ciyər, mədə və qan xərçənginə daha çox rast gəlinir.

 

- Törəmələrin xoş və bədxassəli olmaqla iki yerə bölündüyü hər kəsə bəllidir. Bu baxımdan Azərbaycanda qeydə alınan xərçəng xəstələrində hansı növ üstünlük təşkil edir?

- Süd vəzindən söhbət gedirsə, bu orqandakı şişlərin 30-dan artıq növü məlumdur. Əlbəttə, bunların hamısı bədxassəli deyil. Bu baxımdan süd vəzinin bədxassəli şişlərinə xoşxassəli şişlərə nisbətən 10 dəfələrlə az rast gəlinir. Amma nəzərə almaq lazımdır ki, xoş xassəli şişin olması özü də xəstəni riskli qrupa daxil edir. Bu vaxt həmin şəxsdən özünə qarşı daha da diqqətli olmaq tələb edilir. Çünki müəyyən dövrdən sonra xoşxassəli şiş bəd xassəli şişə çevrilə bilər. Ona görə də həkimə vaxtında müraciət etmək lazımdır. Əksər vaxtlarda xəstələr bizə müraciət edəndə törəmə artıq 2-5 santimetri keçmiş olur. Proses isə ən azı 1-2 ilin əvvəldən formalaşmağa başlayıb. Məsələn, xəstə bəzən deyir ki, “bu, məndə 3-4 il idi vardı”, bəzisi deyir, “cavanlığımdan var idi, amma məni narahat etmirdi deyə fikir vermədim”.

Bu kimi xəstələrdə müayinə zamanı şişin xeyli dərəcədə böyüdüyünü müşahidə edirik.

 

- Günay xanım, doğuşların sayının azaldığını qeyd etdiniz. Evli cütlüklərin əsas problemlərindən biri də məhz övlad sahibi olmamaqdır. Bu halda isə süni mayalanmaya müraciət ən optimal variant hesab edilir. Nəticələr isə hər zaman ürəkaçan olmur. Bu baxımdan həkimlər süni mayalanmanın neçənci dəfə tutmasından asılı olaraq prosesi davam etdirirlər. Bu bir qadının xərçəngə yoluxması üçün zəmin yaradırmı?

- Dünya praktikasında bir qadına 3 dəfə süni mayalanmaya getməyə icazə verilir. Bizdə isə süni mayalanmanın sayı-hesabı yoxdur. Bir xəstəni alınana qədər-8 dəfə, 9 dəfə süni mayalanma edirlər. Düşünmürlər ki, süni mayalanma tətbiq edilən qadının orqanizminə çox sayda hormonal dərman preparatları yeridilir. Bunlar nə vaxtsa bəd xassəli şişin inkişafına rəvac verəcək. Çünki süd orqanizmdə birdən-birə estrogenin miqdarının artması xərçəng şişi prosesini sürətləndirə bilər. Biz demirik ki, süni mayalanma edilməsin. Hər bir xanımın ana olmaq istəyi təbiidir. Sadəcə qadınlarımız süni mayalanmaya getməzdən əvvəl mütləq şəkildə kompleks müayinədən keçməlidirlər. Əgər süd vəzində hər hansı düyün aşkarlanarsa, həkimlər mütləq onu onkoloqa, mamoloqa yönləndirsinlər. Yoxdursa, lap yaxşı, süni mayalanmanı edin. Amma insanları “ana olacaqsan”, deyə bu qədər riskə atmayın.

-Xəstələriniz arasında xərçəng olduğuna görə ana olmasına icazə verilməyən qadınlar olubmu?


- Bəli. Olur ki, 35-38 yaşında xanım təzə nişanlanır, təzə ailə qurur. Bu zaman onda törəmə aşkarlanması daha da faciəli olur. Amma buna baxmayaraq, tibb inkişaf edir. Əvvəllər süd vəzində xərçəng olan qadının doğmasına birmənalı şəkildə icazə verilmirdi. Hal-hazırda bu məsələyə fərdi yanaşılır və xəstənin yaşından, onkoloji xəstəliyin mərhələsindən, patohistoloji müayinənin cavabından, aldığı müalicələrdən asılı olaraq  qərar verilir. Xarici ölkələrdə, Türkiyənin özündə hamiləliyinin 3 ayından sonra xərçəngə yoluxan qadın həkimə müraciət edirsə, ona kimyəvi dərman müalicəsi tətbiq edilir. Bu zaman hamiləlik başa çatdırılır və uşaq dünyaya gəlir. Bizdə də bu sahədə təqiqatlar aparılır. Əgər doğurdan da müsbət nəticələr əldə olunsa, Azərbaycanda da bu metoddan istifadə ediləcək.

 

- Bəs, hamiləlik vaxtında xərçəng aşkarlanması necə?

- Bəli, son zamanlar bu fakt artmaqdadır. Əvvəllər hamilə qadınlarda xərçəng söhbəti yox idi. İndi hamilə qadınlar gəlir, müayinə edirik, süd vəzində törəmə aşkarlanır. İnanın bu halda həkimlər də pis vəziyyətdə qalır. 8-9 aylıq hamiləlik və süd vəzi xərçəngi, bilmirsən nə çarə qılasan.

- Bu kimi hallarda hamiləlik başa çatdırılır, yoxsa dərhal süni şəkildə sonlandırılır?

- Bu, xəstənin hamiləliyinin neçənci ayında olmasından asılıdır. Hamiləlik 3 ayındadırsa, onu başa çatdırmağı məsləhət görürük. 8 aylıq, 9 ayının içərisindədirsə, uşağın vaxtından əvvəl doğulmasına qərar verilə bilər. Yəni, qadının vəziyyətinə, hamliləyinin xarakterinə uyğun olaraq addım atılır.

-Bəs, hamiləlik vaxtı xərçəng aşkarlanan qadının dünyaya gətirdiyi uşağın xərçəng daşıyıcısı olma riski varmı? Xərçəng ana bətnində uşağa ötürülə bilirmi?

- Xeyr, belə bir ehtimal yoxdur. Bu istiqamətdə aparılan araşdırmalarda da belə fakta rast gəlinməyib. Ümumlikdə, yumurtalıq və süd vəzi xərçənginin irsi formaları var. Amma bu o demək deyil ki, uşaq doğulanda xərçəngli doğulur. Bunun da öz göstəriciləri var. Əgər 30-40 yaşlı xanım süd vəzi, yumurtalıq xərçəngidirsə, onun övladlarında bu xəstəliyin eyni yaşda inkişaf etmək riski çox böyükdür. Xüsusilə anasında, bacısında, xalasında SVX olan qadınlarda bu xəstəliyin əmələ gəlməsi riski daha yüksəkdir. Biz bunu dünyaca məşhur Ancelina Coli nümunəsində də gördük. Anasını və xalasını cavan yaşda xərçəngdən itirən Ancelina Coli də məhz bu məqamları nəzərə alaraq özünü yoxlatdırmış və həkimlərin dediyinə görə, 87 faiz süd vəzi xərçənginə, 50 faiz yumurtalıq xərçənginə tutulma ehtimalının olduğunu aydınlaşdırmışdı. Altı uşaq anası olan qadın övladlarını anasız buraxmamaq və həyatını rahat davam etdirmək, sevimli işi ilə məşğul olmaq üçün çox cəsarətli bir qərar almışdı. Sonradan “Nyu York Tayms” qəzetinə verdiyi müsahibədə bildirdiyinə görə, 38 yaşında olanda  xəstəliyin qarşısını almaq üçün ikitərəfli mastektomiya cərrahiyyə əməliyyatı vasitəsilə döşlərini ləğv etdirib və yerinə implant qoydurub. O zaman bu xəbər mətbuatda geniş yer almışdı. Özünün dediyinə görə, cərrahiyyə əməliyyatının yeri demək olar ki, heç hiss olunmur. Döşlərini kəsdirəndən bir müddət sonra xərçəng xofundan tamam qurtarmaq üçün A.Coli ikitərəfli ovarioektomiya (yumurtalıqların əməliyyatla götürülməsi) deyilən cərrahi əməliyyatla yumurtalıqlarını çıxartdırdı. Həmin müalicələr nəticəsində aktrisanın xərçəngə tutulma ehtimalı 87 faizdən 5 faizə endi.

Mənim bir xəstəm var idi. O, 32 yaşında xərçəngə yoluxmuşdu. Xanım bizə müraciət edəndə bildim ki, onun anası da həmin yaşda xərçəngdən ölüb. Bu xanım da anasının xərçəngdən vəfat etdiyini düşünərək həkimə daha tez müraciət etsəydi, xəstəlik vaxtında aşkarlanardı. Nisbətən gənc yaşlarda xərçəngin inkişafı daha sürətli, daha aqressiv olur. Təəssüf ki, 3 ildən sonra onu itirdik. Gənc yaşda xərçəngdən ölən bu cür ananın övladları mütəmadi olaraq müayinədən keçməlidir.

- Dünya ulduzu Ancelina Colidən danışdınız. Azərbaycanlı məşhurlardan, tanınmışlardan xərçəngə yoluxanlardan sizə müraciət edənlər olubmu?

- Olub. Dünyasını dəyişən tanınmış aktrisalardan biri bizim xəstə olub. O, bizə müraciət edəndə hamilə idi. Xərçəng səbəbindən onun hamiləliyini sonaldırmaq qərarı verildi. Təəssüf ki, bir müddət sonra onu itirdik. Bizim məşhurların problemi odur ki, vaxtlı-vaxtında həkim müayinəsinə gəlmirlər. Ya çəkilişləri olur, ya qastrollarda olurlar və s. Bu üzdən də sağlamlıqlarına kifayət qədər vaxt ayıra bilmirlər. Təəssüf  ki, bu da xəstəliyin kifayət qədər irəliləməsi və ölümlə nəticələnir.

 

- Abortlar da günümüzün aktual məsələsidir. Kimisi bunu sosial vəziyyətlə əlaqələndirir, kimisi başqa bir səbəb göstərir. Yəni arzu olunmayan hamiləlik qaçılmazdır. Eyni zamanda qadınlarımız ev şəraitində müəyyən həblərlə hamiləliyin vaxtından əvvəl sonlandırılmasına çalışırlar. Bəziləri buna nail olduqları halda, bir çoxları qanaxmalarla üzləşir və ağır hallarda həkimə hallarda müraciət edir...

- Çox sağ olun sualınıza görə. Bu, bizim ən yaralı yerimizdir. Bu gün ginekoloji orqanlara aidiyyatı olmayan, mədə xorasının müalicəsində məsləhət görülən  “saytotek” pereparatının istifadəsi o qədər geniş yayılıb ki, bunun qarşısını almaq mümkün deyil. Vəziyyət o yerə çatıb ki, bu dərman apteklərdə ən çox tələb olunan dərmanların siyahısındadır və qısa müddət əczaçılıqla məşğul olan universitet tələbəsi artıq “saytotek”in nə olduğunu bilir. Olur ki, xəstə söhbət əsnasında 3 dəfə aborta getdiyini, 15 dəfə də “saytotek”lə uşaq saldığını deyib. Qadınlarımız bunu zarafat bilirlər. Hətta olub ki, “saytotek” o dərəcədə qanaxma verib ki, ginekoloqlar qadının həyatını qurtarmaq üçün uşaqlığı bütünlüklə çıxarmaq məcburiyyətində qalıb. Bu, mədə üçün dərmandır, onunla uşağın salınması doğru deyil. Abort zamanı uşaqlığın tamamilə qaşınması həyata keçirilir. Dərman içəndə isə daxildə qalıq qala bilir. O qalıq isə sonradan irinləməyə, infeksion proseslərin inkişafına səbəb olur. Təbii, nə vaxtsa bu da xərçəngə səbəb ola bilər. Ümumilikdə, abortun qəti əleyhinəyəm. Bu həm qadınlarımızın sağlamlığı baxımından, həm də dini baxımdan xoşagələn deyil. Amma mütləq şəkildə hamiləliyi sonlandırmaq istəyirsinizsə, bunu həkim nəzarəti altında, mütəxəssisə müraciət etməklə reallaşdırın. Bu bizim ən böyük problemlərimizdən biridir. Xanımlarımız bilmirlər ki, öz başlarına nə oyun açırlar. Təəssüf ki, bəzi ginekoloqlarımız şəxsən “saytotek”i içməyi məsləhət görürlər. Amma bunun sonrakı fəsadlarını düşünmürlər.

 

- Uşaqlıq yolundan söz düşmüşkən, bir qadın xərçəngə yoluxduğunun ehtimalını necə müəyyən edə bilər? İlkin əlamətləri nədir?

 - İlkin və ən çox rast gəlinən əlamət uşaqlıq yolundan gələn qanaxma şikayətidir. Klimakterik və postklimakterik dövrdə qadında qanaxmalar başlayır, yaxud ağ rəngli ifrazat müşahidə edilir. Bundan başqa kontakt qanaxmaları, qarının aşağısında ağrılar olur. Bunlar uşaqlıq boynunun və uşaqlıq cisminin xərçənginin ilkin əlamətləri ola bilər. Yumurtalıqların xərçəngində isə erkən mərhələdə demək olar ki, spesifik şikayətlər olmur. Proses daha geniş hal aldıqda əlamətlər özünü biruzə verir. Bununla əlaqədar 60 faizdən yuxarı hallarda xəstəlik gecikmiş mərhələdə aşkar edilir. Bu zaman əsasən ağrı, menstruasiyanın pozulması, qarın nahiyəsində böyümə, əllənən törəmənin olması müşahidə edilir.

 

- Bir qadın eyni zamanda həm uşaqlıq yolu, həm yumurtalıq, həm də süd vəzi xərçənginə yoluxa bilərmi? Risk nə qədər çoxdur?

- Bəli, bu, mümkündür və müşahidə  edilən haldır. Eyni anda olmasa da, bir müddət sonra süd vəzi, yumurtalıq və uşaqlıqda xərçəng yarana bilər. Çünki bunların hamısı hormona bağlıdır və yaranma səbəbləri eynidir. Ona görə də səbəblər bu xəstəliyi inkişaf etdirə bilər. Bayaq abortlardan danışdıq, demək istəyirəm ki, dəfələrlə abort edilməsi, uşaqlığın qaşınması, zədələnməsi yaxud doğuş vaxtı düzgün idarə olunmama halları, uşaqlıq boynunda çapıqların, eroziyaların əmələ gəlməsinə səbəb olur ki, bu da bir müddət sonra ginekoloji orqanların xərçəngini yaradır.

- Qadın cinsiyyət orqanı xərçəngə yoluxduğu halda göstəriş nədir? Yəni, bütünlüklə orqanın amputasiya edilməsi xərçəngdən birdəfəlik qurtulmağa imkan verirmi?

 

- Bu, çox problemli məqamdır. Qadın öz orqanını itirmək istəmir, eyni zamanda onun həyatı üçün təhlükə yaranıb. Biz də həkim olaraq vəziyyəti başa düşürük. Amma bu an əsas olan sağlamlıq ön plana keçir. Məsələn, süd vəzi xərçəngi zamanı qadın vaxtında müraciət edərsə, orqanın tamamilə kəsilməsi baş verməyə bilər. Amma uşaqlıq və yumurtalıqların xərçəngində orqanların saxlanılması tövsiyə edilmir. Mioma, kista kimi xoşxassəli şişlərdə yalnız törəmənin özü çıxarılır. Bəd xassəli şişdə bu mümkün deyil. Süd vəzi xərçəngində orqan qoruyucu əməliyyatlara daha çox üstünlük verilir. Tutaq ki, törəmə çox kiçikdir, qadının yaşı azdır və vaxtında müraciət edibsə, orqan saxlana bilər. Amma bir şərtlə ki, xəstə əməliyyatdan sonra şüa müalicəsi almalıdır. Ümumiyyətlə, süd vəzi xərçəngində əməliyyat, kimya terapiyası, şüa terapiyası və hormon terapiyası həyata keçirilir. Kimyəvi dərman terapiyası vena daxilinə sistem şəklində yeridilmədir. Bu da əməliyyatdan sonra götürülmüş nümunənin əkilməsinin cavabından asılı olaraq aparılır. Orqan saxlanıbsa, süd vəzi qalıbsa, şüa terapeyası aparılması mütləqdir. Qadınlar əməliyyatdan əvvəl şüa terapiyası alacaqlarını desələr də, çox vaxt buna getmirlər. Amma müalicəni kompleks aparmaq lazımdır. Problem ondadır ki, qadınlarımız, törəmə 2-3 santimetrə çatanda həkimə gedib çıxırlar. Bu isə prosesin 2-3-cü, bəzən də sonuncu mərhələsi olur. Bəzən birinci mərhələdə gələn xəstə olanda çox sevinirik və təəccüblənirik. Çünki xəstələrimiz dediyim kimi, vaxtında müraciət etmirlər. Bir çox xəstələrdən niyə vaxtında müraciət etmədiyini soruşduqda, ağrı vermədiyini, narahatlıq hiss etmədiklərini bildirirlər. Yəni, qadının övladı var, işi-gücü var, bəzən o gərginlikdə sağlamlığına fikir vermir. Fikir verəndə isə gec olur. Bir çox hallarda qadın orqanın saxlanmasını istəsə də, onun yayılma riskini nəzərə alaraq bu istəyi reallaşdıra bilmirik.


- Qadın cinsiyyət orqanındakı xərçəngin orqanizmdəki digər orqanlara metastaz vermə ehtimalı varmı?


- Bəli, təəssüf ki, var. Ümumiyyətlə, xərçəng xəstəliyinin metastaz və residiv vermə kimi xarakteri var. Ona görə də müraciət edən xəstə kompleks yoxlanılmalıdır. Xəstənin süd vəzində, uşaqlığında yaxud yumurtalığında problem varsa belə, həmin xəstənin qara ciyəri, ağ ciyəri, sümükləri də tam olaraq müayinə edilməlidir. Əgər onlarda bir problem yoxdursa, xəstə əməliyyata götürülür. Xəstə əməliyyata alınırsa belə, o demək deyil ki, digər orqanlarında xəstəlik inkişaf etməyəcək. Əməliyyatdan sonra kimyəvi müalicənin verilməsi səbəbi də məhz bununla bağlıdır ki, orqanizmə yayılmaq ehtimalı olan mikroskopik səviyyəli metastazın qarşısı alınsın. Xəstə əməliyyat olunub, kimyəvi və şüa müalicəsini alsa da belə, birbaşa evə yollanmır. Bu apendisit deyil ki, onu kəsək və iş bitmiş olsun. Xəstə əməliyyatdan sonra hər 3 aydan bir, 2 ildən sonra 6 aydan bir, 5 ildən sonra 1 ildən bir profilaktik müayinələrdən keçir. Bunun da nəticəsində xəstənin orqanizmində prosesin inkişaf edib-etmədiyi nəzarətdə saxlanır.

- Belə fikirlər var ki, qadının övladına süd verməsi onu bir çox xəstəliklərdən sığortalayır. Amma bu gün ailə qurub, ana olanların da böyük çoxluğu uşaqlarını əmizdirmək əvəzinə, süni qidaya üstünlük verir. Nəhayətdə həm övladının sağlamlığına, həm də öz cibinə ziyan vurmuş olur...

- Quranda da var ki, vaxtında ailə qurun, övladlarınız olanda onları əmizdirin. Əmizdirmək, süd vəzinin təbii yolla müalicəsidir. Süd axarları boşalır, struktut yumşalır. Amma bir uşağa uzun müddət, məsələn, 5 yaşına qədər süd vermək də düzgün deyil. Xəstə gəlir ki, 5 yaşına qədər süd verdim. Bu olmaz. Çünki uşaq döşü əmdikcə orqanizmdə olan prolaktinin səviyyəsini aşağı düşməyə qoymur, axarlar genişlənir. Əmizdirin o demək deyil ki, uşaq 4-5 yaşına kimi əmzik əvəzi döş əmsin. O yaşda uşağın əmizdirilməsi valideyndən asılılıq yaradaraq psixoloji cəhətdən də mənfi təsir edir.

 

- Bir az əvvəl gec ailə qurmaq məsələsinə toxundunuz. Bu gün həm bəylər, həm də xanımlar arasında ailə qurmayanların sayı artır. Əksər xanımlar 30 yaşını keçdikdən sonra fikirləşir ki, daha ailə nəyimə lazımdır. Ailə qurmamaq, yaxud gec ailə qurmaq xanımlarımızı risk qrupuna daxil edirmi?

- Ümumiyyətlə, ailə qurmağı təkcə sosial baxımdan deyil, həm də tibbi baxımdan məsləhət görürük. Bayaq uşaqlıq boynu xərçəngindən danışdıq. Doğrudur, bu, Azərbaycan cəmiyyəti üçün xarakterik deyil. Amma ədəbiyyatda da var ki, cinsi partnyorun tez-tez dəyişdirilməsi də uşaqlıq boynu xərçənginin yaranmasına bir səbəbdir. Ona görə də ailə qurmaq, hər dəfə eyni insanla cinsi münasibətlərdə olmaq məsləhət görülür, nəinki subay olub tez-tez partnyor dəyişmək. Bu hal geniş olmasa da, bizim cəmiyyətimizdə də müşahidə olunmağa başlayıb. Ədəbiyyatda belə bir şey var ki, 25 yaşına qədər qadın artıq ana olmalıdır. 25-30 yaşlarında 2-ci, 30 yaşından sonra 3-cü uşağın dünyaya gəlməsi ən təbii olanıdır. Amma 15-16 yaşında qızı ərə vermək, onun uşaq dünyaya gətirməsini gözləmək də arzuolunan deyil. Çünki bu insanın hormonal sistemi, süd vəzisi, uşaqlığı, yumurtalığı tam olaraq inkişaf edib doğuşa hazır vəziyyətə çatmalıdır ki, o, ailə qursun.

 

- Yeri gəlmişkən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova 15-17 yaşlı qızların il ərzində 3 min nikahdankənar uşaq dünyaya gətirdiyini açıqlayıb. Əslində dəhşətli statistikadır...

 

- Erkən ailə qurmaq uşaqlıq yolu, uşaqlıq boynu və süd vəzi xərçəngi üçün risk faktorudur. Ona görə də erkən ailə qurmağı da məsləhət görmürük. Ən tezi 18 yaşından sonra nikaha daxil olmağa icazə verilir. Çünki şəxs həm hormonal, həm cinsi, həm də psixoloji baxımdan inkişaf etməlidir. Ancaq bununla yanaşı, 30-35 yaşından sonra da ailə qurmaq məsləhət görülmür. Təbii ki, konkret olaraq belə olmalıdır demirəm. Bəzən əllərində olmayan səbəblərdən dolayı gənclərimiz gec ailə qurur. Nəzərə almaq lazımdır ki, 35 yaşından sonra ailə quran və ana olmağa hazırlaşan xanımlara keysəriyyə əməliyyatına göstəriş verilir. Həmçinin, bu yaşlarda hamilə qalmaq şansları azalır, uşaqlıq və yumurtalıq öz əvvəlki  funksiyasını itirməyə başlayır. Bu zaman süni mayalanmaya üz tutanların sayında artım müşahidə edilir. Bir qadında gənc yaşlarda daha çox yumurtahüceyrə sintez olunurdusa, bunun da miqdarı get-gedə azalır. Uşaqlığın əzələ qatı əvvəlki gücünü itirir. Bir sözlə, yaş artdıqca bədən qocalmağa doğru gedir. Ona görə də mümkün qədər vaxtında ailə qurmaq və övlad sahibi olmaq lazımdır.

- Ginekologiyadan, qadın cinsiyyət orqanının xərçəngindən danışırıq. Bəs kişilərdə cinsi orqanın xərçəngi nə dərəcədə geniş yayılıb?

- Aparılmış tədqiqatlar kişilərdə sidik-cinsiyyət orqanının, xüsusilə prostat vəzinin xərçənginin artdığını göstərir. Prostat vəzi kişilərin ikinci ürəyi adlandırılır. Son zamanlar Azərbaycanda da prostat vəzinin xərçəngi artıb və bununla uroloq, androloqlar məğul olur. Bundan başqa, kişilər həm də döş vəzi xərçəngi riski daşıyır. Çox olmasa da, ümumilikdə 2 faiz nəticə ilə kişilərdə də döş xərçənginə yoluxma halları müşahidə edilir. Amma böyük çoxluq buna biganə yanaşır. Məsələn, kişilərin döş vəzində böyümə, bərkimə olanda,“döşümdə xərçəng olacaq deyil ki”, deyərək həkimə müraciət etmirlər. Kişilər döş xərçənginə yoluxan zaman qadınlara nisbətən daha gec müraciət edirlər. Bu da məlumatsızlıqdan irəli gələn faktlardır. Çünki inanmırlar ki, onların döşündə xərçəng ola bilər. Qadında süd vəzinin ölçüsü böyük və ölçüyə nəzərən törəmənin özü kiçik olduğuna görə, haradasa orqan saxlayıcı əməliyyatlar mümkündür. Kişilərdə isə döş xərçəngi daha aqressiv gedir. Çünki döşün vəzinin həcmi kiçik olduğundan törəmənin inkişafı daha sürəli olur. Ona görə də, “kişilərdə döş vəzi xərçəngi olmur” fikirləri doğru deyil.

 

- Azyaşlı uşaqlarda, xüsusilə südəmər vaxtlarda döşlərinin böyük olması nəzərə çarpır. Bu halda döş vəzi xərçəngindən şübhələrə əsas varmı?

- Xeyr, o, xərçəng deyil. Ümumiyyətlə, istər qızlarda, istərsə də oğlanlarda yetkinlik yaşına çatana kimi estrogen və progestronun balansı formalaşmağa başlayır. Yetkinlik yaşına qədər hər iki cinsdə bu hormonların miqdarı təxminən bir-birinə bərabər olur. Cinsi inkişaf dövründə isə artıq vəziyyət başqa cür cərəyan edir.  Oğlanların üzündə tüklənmə başlayır, qızlarda süd vəziləri böyüyür və s. Amma kiçik yaşda döşdə bərkimə qorxulu deyil. Mənim 10 yaşlı bir xəstəm var idi. Rayonda onu USM edib döşündə düyün olduğunu demişdilər. Biz həmin xəstəni müayinə etdikdən sonra məlum oldu ki, bu, sırf cinsi inkişaf dövrü ilə bağlı bir haldır.

- Doktor, bu gün Azərbaycanda xərçəngin müalicəsində hansı metodalardan istifadə edilir? Eyni zamanda hansı yeniliklərin tətbiq edilməsi planlaşdırılır?

- Bakı şəhərində iki onkoloji mərkəz var: Milli Onkologiya Mərkəzi və Tibb Universitetinin Onkoloji Klinikası. Bundan başqa bölgələrdə 9 onkoloji dispanser fəaliyyət göstərir. Həm Milli Onkologiya Mərkəzi, həm Tibb Universitetinin Onkoloji Klinikası ölkə başçısının səyləri nəticəsində yüksək standartlara cavab verən avadanlıqlarla təchiz edilib. 2 il əvvələ qədər xəstələrimiz PET-KT aparatından keçmək üçün Türkiyəyə, Rusiyaya gedirdilər. Hazırda Azərbaycanda PET-KT cihazı var. Bundan başqa mamoqrafiya, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası və s. kimi müayinə metodlardan istifadə olunur. Mən deməzdim ki, ölkəmiz diaqnostik baxımından dünya ölkələrindən geri qalır.

 

- Ən müasir PET-KT aparatının adını çəkdiniz. Bəs bu aparatlarla işləyəcək mütəxəssislər varmı Azərbaycanda?

- Azərbaycanda dünya şöhrətli iki akademik-onkoloq- Cəmil Əliyev və Əhliman Əmiraslanov fəaliyyət göstərir. Bu alimlərin rəhbərliyi altında  kifayət qədər mütəxəssislər hazırlanır. Onlar da mütəmadi olaraq xaricdə konfranslara, kurslara cəlb edilirlər.

- Nədir PET-KT aparatının özəlliyi?

- PET-KT aparatı vasitəsilə venadaxilinə xüsusi maddə vurulur. Əgər bədəndə şiş hüceyrəsi varsa, aparat onu dərhal aşkar edir.

- Bu müayinənin aparılması proseduru bahalıdrmı?

- Bəli, bahalıdır. Amma dünya ölkələrilə müqayisədə bu müayinə Azərbaycanda xeyli ucuzdur. Hazırda Azərbaycanda bu müayinənin məbləği 1500 manatdır. Xəstənin il ərzində bu müayinədən bir dəfə keçməsi bəs edir.


-Yəqin ki, icbari tibbi sığorta pilot layihədən sonra ölkə üzrə tam tətbiq edildiyi zaman vətəndaşların xərçəngin müayinə və müalicələrinə əlçatanlığı da artacaq...

- Həm bizdə, həm Milli Onkologiya Mərkəzində dərman pereparatlarının xəstələrə verilməsi pulsuzdur. Bildiyiniz kimi kimyəvi dərman pereparatları çox bahalıdır. Bu, dünyada da bir sosial problemdir. Yəni həmin dərmanlar digərlərinə nisbətən 50 dəfə bahadır. Məhz bu dərmanların xəstələrə verilməsi çox böyük köməklikdir. Çünki hər xəstənin bu dərmanları almağa imkanı da çatmaz.

- Əgər dərman pereparatları dövlət tərəfindən xəstələrə verilirsə, niyə xərçəngə yoluxmuş insanlar müalicənin bahalığından gileylənir? Hətta bir çoxu bu bahalıqdan dolayı xərçənglə mübarizəni dayandırır. Bir neçə gün əvvəl dünyasını dəyişən tanınmış rejissor Şahin Zəkizadə kimi...

- Xərçəng üçün ən çox istifadə olunan dərmanlar mərkəzlərdə xəstələrə pulsuz verilir. Bunda başqa “herseptin” adlı dərman pereparatı var. Bu pereparat dövlət tərəfindən xəstələrə verilən dərmanlar siyahısında yoxdur. Qeyd edim ki, pereparat nisbətən bahalıdır. Ümumilikdə, xəstələrin xərçənglə mübarizəni dayandırmasını düzgün hesab etmirəm. Həm xəstə, həm həkim bu xəstəliklə mübarizədə bütün imkanlardan maksimun istifadə etməlidir. Rejissor Şahin Zəkizadənin gənc yaşda qan xərçəngindən vəfat etməsi hamı kimi məni də kədərləndirdi. Lakin bizim klinikada müalicə olunmadığı üçün xəstəliyi barəsində konkret məlumat verə bilmərəm. Ancaq əminəm ki, onun müalicəsində lazım olan bütün tədbirlər görülüb. Təəssüf ki, bəzən həkimlərin bütün səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmur.

-Zaman-zaman belə iddialar irəli sürülür ki, xərçəngin müalicəsi tapılıb. Sadəcə müalicə böyük biznes şəbəkəsinin əlində cəmləşdiyindən buna imkan verilmir. Razılaşırsınızmı bu fikirlərlə?

- Mən buna inanmıram. Doğrudur, çox geniş tədqiqatlar aparılıb və aparılır. Biz də bu tədqiqatların içərisindəyik. Tez-tez mətbuatdan “alimlər xərçəngin müalicəsini tapdı” başlıqları ilə məlumatlar oxuyuruq. Onların hamısı yalançı piardır. Çünki tapılan metodların hamısı təcrübə mərhələsindədir. Kimsə dovşanın, siçanın üstündə bu təcrübəni reallaşdırıb, insan üzərində deyil. Çünki siçanın, yeridilən pereparatdan sonra ölməsi problem olmaz. İnsan həyatı isə bu qədər adi deyil.  Bəziləri oxuyur ki, Braziliyadan gətirilən kakos xərçəngin dərmanıdır. Xəstə həkimə getmək əvəzinə o kakosu tapıb gətizdirir. Nəticə isə vaxt itkisindən başqa heç nəyə xidmət etmir. Mənim xəstələrimdən biri də bu “metod”a əl atmışdı. Ona xərçəng diaqnozu qoyuldu, kimyəvi dərman müalicəsi təyin olundu. Xəstə bunları qoyub, kakosun dalınca getdi. Bizə müraciət edəndə isə törəmə bir az da böyümüşdü. Bu cür xəstələr özlərinə bəraət qazanmaq üçün internetdən oxuduqlarını əsas gətirirlər.

- Bəs, xərçəngin dondurulma üsulu ilə müalicəsi nə dərəcədə realdır?

- Bu müəyyən qədər inandrıcıdır. Bilirsiniz niyə? Xərçəngin əsas problmi metastaz verməsi, yayılmasıdır. Orqanizmi dondurmaqla bir növ metastazın qarşısı alınır. İstənilən halda bu da fərziyyədir, amma reallaşması ağlabatandır. Bütün dünyada tətbiq olunan kimyəvi dərman müalicəsi zamanı saç tökülür. İnsanları narahat edən məsələlərdən əsası da budur. Hazırda dünyada xüsusi dondurucu papaqlardan istifadə saçların tökülməsinin qarşısını alır. Bundan Almaniya və Türkiyədə istifadə edilir. Yaxınlarda Azərbaycanda da istifadəsi nəzərdə tutulub.

 

- Son olaraq onkoloq kimi məsləhətiniz...

- Vətəndaşlardan ricam budur ki, həkimə vaxtında müraciət etsinlər. Xəstəliyin ilkin mərhələsində 95 faizlik nəticə əldə etmək mümkündür. Bəzi xəstələr deyir ki, qorxumdan gələ bilmirdim, onkologiyanın adından qorxurdum. Onkologiyanın adının pis olması fikri xəstəliyin qarşısını almır. Evdə oturmaqla xəstəliyi müalicə etmək olmaz. Evdə internetdən nə isə axtarıb tapmaqdansa, qonum-qonşudan nə isə eşidib bədbinliyə qapanmaqdansa, vaxtında həkimə müraciət etsinlər.

 

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.04.2017, 11:09

Bakıdakı şadlıq sarayında HADİSƏ: Qonağın əli-qolu qana bulaşdı

27.04.2017, 10:58

Azərbaycan diplomatının arvadı Nyu-Yorkda oğurluqda ittiham edilir

27.04.2017, 10:58

ABŞ İraq və Suriyada hərbçilərinin sayını artıracaq

27.04.2017, 10:47

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

27.04.2017, 10:37

Şəhər və rayondaxili avtobuslarda 5 yaşadək uşaqlar üçün ödəniş edilməyəcək

27.04.2017, 10:37

İsrail aviasiyası Dəməşqi bombaladı

27.04.2017, 10:06

Azərbaycan sülhməramlıları Əfqanıstandan qayıtdılar

27.04.2017, 09:54

Bakı metrosunda PROBLEM: qatar tuneldə qaldı

27.04.2017, 09:52

Nağdsız hesablaşmalar kimlərə tətbiq olunmalıdır? - Ekspert ŞƏRH ETDİ

27.04.2017, 09:49

Ermənilər minaatanlarla mövqelərimizi atəşə tutdu

27.04.2017, 09:46

Naxçıvanda kikboksinq turniri keçiriləcək

27.04.2017, 09:42

Almaniyada 108 nəfər azərbaycanlı həkimə iş verilib - Onlar kimlərdir...

27.04.2017, 09:33

Bakıda şadlıq evində dava - xəsarət alan var

27.04.2017, 09:30

Fərqanə Qasımova atasına görə konsert verəcək

27.04.2017, 09:26

Bu gün Neftçilər Xəstəxanasında pulsuz müayinə olacaq

27.04.2017, 09:20

Bakını gözləyən ekoloji fəlakətdən necə xilas olmalı...

27.04.2017, 09:06

“Əcnəbi tələbələrin fikir platforması”nın qalibləri – UNEC tələbələri

27.04.2017, 09:03

“Boş ay” gəlir, Bakıdakı şadlıq evləri qan ağlayır: “Toy sifarişlərimiz azalıb”

27.04.2017, 08:47

Dolların bugünkü MƏZƏNNƏSİ

27.04.2017, 01:22

Putin Trampla mayda görüşə bilər – Gizli danışıqlar aparılır

27.04.2017, 01:01

Lənkərandakı qəzada ölənlərin kimliyi bilindi, Yenilənib

27.04.2017, 00:44

Ukrayna  Prokurorluğu Azərbaycan şirkətləri barədə...    

27.04.2017, 00:29

Rusiyada 12 terrorçu saxlanıldı

27.04.2017, 00:14

Tailandda qasırğa xəbərdarlığı

26.04.2017, 23:46

İran Pakistan sərhədində silahlı toqquşma: 10 ölü

26.04.2017, 23:31

Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır - VİDEO

26.04.2017, 23:23

Gəncədə kütləvi dava: 2 nəfər bıçaqlandı

26.04.2017, 23:16

NASA-dan önəmli AÇIQLAMA: “Fundamental kəşfin astasasındayıq”

26.04.2017, 23:10

Dünya çempionatında videotəkrardan istifadə ediləcək

26.04.2017, 22:57

Daha 19 PKK terrorçusu zərərsizləşdirilib

26.04.2017, 22:42

Qoca yaşda yenidən aşiq olan məşhurlar - MARAQLI    

26.04.2017, 22:40

Avropada qızılca epidemiyası - Xəbərdarlıq

26.04.2017, 22:24

Lerikə iki gündür qar yağır

26.04.2017, 22:12

Türkiyədə rusiyalı generalın 140 illik məzarı tapılıb

26.04.2017, 22:06

İŞİD-lə Əl-Qaidə-nin FƏRQİ

ARXİV