Modern.az

Canəli Əkbərov muğam müsabiqəsinin münsiflər heyətinə düşə bilmədi - SİYAHI bəlli oldu

Canəli Əkbərov muğam müsabiqəsinin münsiflər heyətinə düşə bilmədi - SİYAHI bəlli oldu

23 Fevral 2017, 14:48

Mənsum İbrahimov: “Tamaşaçıları əmin edirəm ki, budəfəki muğam müsabiqəsi...”

 

“Hər müsabiqəmizdə  tamaşaçılarımıza yeni səslər təqdim edirik. İşin maraqlı tərəfi də budur. Hər dəfə biz elə düşünürük ki, görəsən, yenə də yeni səslər gələcəkmi? Amma Azərbaycan xalqının potensialı o qədər böyükdür ki, bu il əvvəlkilərindən daha fərqli ifa tərzinə sahib olan gəncləri görürük. Müsabiqəyə bu il ötən dəfəkindən daha çox iştirakçı qatılmışdı.  Respublika üzrə haradasa, 400-dən çox ifaçıya qulaq asmışıq. Onların içindən turları adlaya-adlaya ilk iyirmiliyi seçmişik. Aralarında çox gözəl səs sahibləri var. İyirmilik müxtəlif yaş qruplarında olan 10 qız, 10 oğlan iştirakçıdan ibarətdir”.

Bunu Modern.az saytında açıqlamasında  “Muğam televiziya müsabiqəsi”nin münsiflərindən olan Xalq artisti, xanəndə Mənsum İbrahimov bildirib. Qeyd edək ki, bir neçə gün bundan öncə “Muğam 2017” VI “Muğam Televiziya Müsabiqəsi”nin seçim turları başa çatıb və ölkənin müxtəlif yerlərindən 20 iştirakçı əsas mərhələyə vəsiqə qazanıb.

VI “Muğam televiziya müsabiqəsi”nin iştirakçıları bunlardı:

Almaxanım Əhmədli, Nərgiz Nuriyeva, Gülər Babayeva (Bakı), Arzu Mahmudova (Ağcabədi), Atlas Mehdiyeva (İmişli), Rəvanə Əmiraslanlı (Gəncə), Səma Sultanova (Xocavənd), Nüşabə Kərimova (Zəngilan), Türkan Orucova, Çinarə Alıyeva (Sumqayıt), Məcid Asri (İran İslam Respublikası), Pərviz Qasımov, Valid Abdullayev, Vüsal Cəfərov (Ağdam), Məftun Məmmədov (Zərdab), Fərhad Ramazanov (Lənkəran), Mirəli Sarızadə, Taleh Hüseynli (Beyləqan), Nurlan Namazov (Goranboy) və Qənbər Axundov (Laçın) müsabiqəyə vəsiqə qazanıb.

Münsiflər heyətinin tərkibinə - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və "Mədəniyyət" telekanalının direktor müavini Nadir Axundov daxildir.

Mənsum İbrahimov hesab edir ki, bu dəfəki müsabiqə də Azərbaycan muğamının inkişafına təkan verəcək:

 

“Hesab edirəm ki, bu dəfəki müsabiqədə də maraqlı ifalar, gözəl çıxışlar olacaq. Tamaşaçılar da razı qalacaq və nəticədə muğamımızın inkişafına təkan olacaq.

Seçim turlarında kifayət qədər diqqətli olmağa çalışırdıq. O səbəbdən də gərgin qrafikdə çalışırdıq. Saat 12-də başlayıb, axşam saat 7-8-də bitirirdik. Amma zəhmətimizə dəyər. Mən tamaşaçıları əmin edirəm ki, çox yaxşı ifaların şahidi olacaq, güclü səsləri tanıyacaqlar. Bu üç ay yarımda həmin səs sahibləri də onların gözləri qarşısında yetişəcəklər”.

 

Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin tərkibinə xalq artisti Canəli Əkbərov da düşməyə can atırdı və onun bu istəyi qalmaqala səbəb olmuşdu. Belə ki, xalq artisti Canəli Əkbərov müsabiqənin münsiflər heyətinin tərkibinə qatılmaq istəsə də, digər münsiflər - xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba  Məmmədov, Sərdar Fərəcov ona etiraz ediblər. Bildiriblər ki, Canəli Əkbərova münsiflər arasında yer verilsə, aləm qarışacaq, ifaçılara qarşı qərəzli çıxışlar edəcək, tez-tez dava düşəcək.


Elə bu səbəbdən də tərəflər arasında başlayan söz davası əməlli-başlı qalmaqala səbəb olmuş və Canəli Əkbərov adları çəkilən həmkarlarının ünvanına təhqirlər səsləndirmişdi.


Xatırladaq ki, mərhum xalq artisti Ağaxan Abdullayev vəfat etdiyindən "Muğam televiziya müsabiqəsi"nin münsiflər heyətində bir yer boşalmışdı.


Artıq mərhum Ağaxan Abdullayevi münsiflərdə kimin əvəz edəcəi dəqiqləşib. Bu, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi olacaq.

Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və "Mədəniyyət" telekanalının direktor müavini Nadir Axundov müsabiqənin münsifləri heyətində əyləşəcəklər.

E.Nazimoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir