Modern.az

Xocalıda yaşamış erməni 25 il öncədən danışır…

Xocalıda yaşamış erməni 25 il öncədən danışır…

24 Fevral 2017, 10:34

İki gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu.

O soyqırımı ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün  insanları olaraq, 1992-ci ildən bəri hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq! 

 

Modern.az saytı Xocalı soyqırımının 25 illiyi ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.


Xocalı 1992-ci il fevralın 24-də...

 

Xocalı sakini, əslən erməni olan Raya Baçaqanovna Allahverdiyeva 25 il bundan əvvəlin 24 fevralını belə xatırlayır: 

 

"Yoldaşımın azərbaycanlı olmasını ermənilər həzm etmirdilər…"

 

- Bizim başımıza çox müsibətlər gəlib. Xankəndidən qaçqın düşüb Xocalıya gəlmişdik. Biz Xocalıda ev-eşik qurmuşduq. Xankəndidə doğulmuşam. Orada da evlənmişəm. 4 övladım da Xankəndində dünyaya gəlib. Topun, tüfəngin altından ailəmi salamat çıxartsam da, sonradan yoldaşımı və 2 övladımı itirdim. Biz Xankəndidən Xocalıya gələndə elə bil göydən od yağırdı. Oğlum Ceyhunun diplomu da orda qaldı. Kiçik qızım Xocalıda İcra hakimiyyətində çalışırdı. Qızım rus dilində təhsil aldığına görə lazım olan ünvanlara teleqramları o yazırdı. Biz Xocalıda elə günlər yaşamışıq ki, bunu Allah da görürdü.
Hələ Xankəndidə olanda oğlumu, yoldaşımı işdən çıxartmışdılar. Bir tək mən işləyirdim. Bir gün gəlib mənə dedilər ki, “işdən çıxmasan, səni öldürəcəyik”. Dedim ki, “gəlsinlər məni öldürsünlər. Heç ölmürsünüz?! Yoldaşımı, oğlumu işdən çıxartmısınız. İndi də məni öldürmək istəyirsiniz...”. Bütün bunların səbəbi o idi ki, mənim yoldaşım azərbaycanlı idi. Ermənilər bunu həzm etmirdilər.
 

- 1992-ci ilin fevralında Xankəndinə geri dönmək istəyiniz olubmu?

- Mən niyə Ermənistana, Xankəndinə  getməliyəm?! Mən heç bilmirəm Yerevan hardadır. Biz bilirdik ki, ayrı ölkəmiz yoxdu. Özüm özümdən bezmişəm. Heç bilmirəm ki, mən kiməm. Xankəndidə doğulmuşam. 1950-ci ildə evlənmişəm. Oğul-uşaq sahibi olmuşam. Kim nə bilirdi ki, bu dünya belə olacaq?! Hardan biləydik... Dünya bir-birinə qarışmışdı. Guya o vaxt bilmirdilər ki, Xocalı Xankəndinin və Əsgəranın ortasında yerləşir?! Guya bilmirdilər ki, Xocalı gedəcək?! Bu qədər əziyyət çəkdiyimə görə özümə nifrət edirəm. Ona görə nifrət edirəm ki, ermənilər niyə belə etdi? Niyə torpaq davası edir onlar?! Bu dünyadan gedəndə kimsə özü ilə torpaq aparmayacaq. Hərəyə bir qarış torpaq lazım olur. O da ya qismət ola, ya da olmaya. Kaş ermənilər gəlib məni də öldürəydilər. Onlar çox vandaldırlar. Utanıram onlara görə. Xocalıda soyqırımı törədən ermənlərə görə utanıram. Erməni olduğuma görə utanıram.

Heç vaxt   yoldaşımı, balalarımı  atıb getmək  barədə düşünməmişəm. Həm də niyə düşünməliyəm? Kim istəyər ki, uşaqları, yoldaşı ölsün! Mən 25 ildir ki, nə qardaş üzü görürəm, nə də bacı...

Olsun. Niftər edirəm ermənilərə...

 

“Xakəndidə xan kimi yaşamışıq...”

- Atam-anam olmayıb. Uşaq evində böyümüşəm. 7 qardaşım olub. Onlar da Şuşada uşaq evində böyüyüblər. Orada da hərbi xidmət çəkib heç yerə getmədilər. Elə Şuşada qalıb ailə qurub yaşadılar. Yoldaşımın 2 qardaşı vardı. Biz hamımız eyni həyətdə xan kimi yaşamışıq. Amma Xankəndində ermənilər evlərimizi yandırdılar. Biz Xocalıya gəldik. Ermənilər amansız idilər. Gərək Azərbaycan qoşunları Şuşaya qədər gedəydilər. Bilmirəm niyə dayandılar. Bizimkilər bilmirdilər ki, ermənilərin  arxasında kim durub?!. Mənə elə gəlir ki, nə milləti olur-olsun, gərək insanın vicdanı ola. Ermənilərdə heç vaxt vicdan olmayıb.

Fevralın 25-də ermənilər Xocalıda dəhşətli hadisə törətdilər. Hamı kimi mən də qaçdım. Biz Ağdama gəldik. Yadımdadır ki, o vaxt rəhmətlik Çingiz Mustafayev vertolyotla bizi çəkirdi. 40 nəfərə yaxın adam idik. Kolların arasında gizlənmişdik. Allah pis erməninin başına daş salsın.

 

Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?