Modern.az

Uğurlu fəaliyyətə verilən yüksək qiymət

Uğurlu fəaliyyətə verilən yüksək qiymət

24 Fevral 2017, 13:37

Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu, həmçinin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strateji islahatlar çərçivəsində atılmış ən önəmli addımlardan biridir. Ölkə başçısının yeni institusional islahatların həyata keçirilməsində Mehriban xanım Əliyevanın da mühüm rolu olacaq.

 

 

Cəmiyyət həyatındakı yeniliklərin mütərəqqi xarakteri dövlət idarəçiliyi mexanizminin səmərəli fəaliyyətinə yol açmaqla yanaşı, ictimai münasibətləri tənzimləyən qanunların müasirləşdirilməsinə olan sosial-mənəvi tələbatı qabarıq şəkildə üzə çıxarır. Bu səbəbdən də ötən ilin sentyabrın 26-da “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılması zərurəti yarandı. Konstitusiyanın 23 maddəsinə dəyişikliyin edilməsi, həmçinin 6 yeni maddənin əlavə edilməsi bu baxımdan çox mütərəqqi addım oldu. Əsas qanuna  edilən əlavələrdən biri də 1031-ci maddə ilə bağlı olmuşdur. Əlavəyə əsasən Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulurdu ki, bu da dövlət idarəçiliyini daha da müasirləşdirmək, səmərəliliyini artırmaq baxımından müstəsna əhəmiyyət kəsb edir. Konkret bu dəyişikliklərlə qarşıya qoyulan məqsəd prezident üsuli-idarəsinin təkmilləşdirilməsi və müasir çağırışlara cavab verməsinin təmin edilməsidir.

 

 

Əlavəyə əsasən: «Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.”. Yeni vitse-prezidentlər institutunun yaradılması Azərbaycanda icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsi zərurəti ilə bağlıdır. Bu institutun təsis edilməsi həmçinin, iqtisadi islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə də xidmət edir.

 

 

Heydər Əliyev Fon­dunun prezidenti Mehriban Əliyevanın bu ali siyasi posta təyinatı şübəhsiz ki, onun­­ çoxşaxəli fəaliy­­­yətinin nəticəsidir. Azərbaycanın birinci xanımının respublikamızda eləcə də, ölkə hüdudlarından kənarda gördüyü böyük işlər onun belə yüksək etimad qazanmasını şərtləndirib. 2004-cü ildən ictimai qurum kimi fəaliy­yət göstərən Heydər Əliyev Fondu xeyir­xah və humanist insani dəyərlərə tapı­naraq ümummilli liderin zəngin döv­lətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Ümummilli liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf  ideallarının ictimai şüurda möhkəmlənməsinə ça­lışan, millətin gələcəyi naminə bir sıra stra­te­ji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu mil­yonların ümid, pənah yerinə çevril­miş­­dir. Xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondu, ilk növbədə, ulu öndərin müd­rik­liyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədi­yaşar­lığını təmin edən mühüm ideoloji-humanitar mərkəzdir.

  Heydər Əliyev Fondunun fəaliyyətində ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müra­ci­əti­nə həssaslıqla yanaşması isə ölkədə fəaliy­yət göstərən digər qeyri-hökumət təş­kilatları, o cümlədən hakimiyyət orqan­ları üçün nümunə sayıla bilər. Fondda hər bir vətəndaşın müraciətinə həs­saslıqla yanaşılır, müm­kün qədər vətəndaşların problemlərinin həllinə qayğı gös­tərilir. Bu mə­nada, Fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müda­­fiə­çisi sta­tusunda çıxış edən ictimai qurumdur. Qarşıya qoyduğu bu kimi xeyir­xah məqsədlərlə Heydər Əli­yev Fondu nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miq­yasda böyük nüfuz və etimad qazana bilmişdir. 2004-cü ildə UNESKO-nun, 2006-cı İSESKO-nun xoşməramlı səfiri seçilən Fondun prezidenti Mehriban xanım Əliyeva nəcib əməllərinə görə digər çoxsaylı beynəl­xalq müka­fatlara, fəxri adlara, təltiflərə də layiq görülmüş­dür.

 

 

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib: «2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son 13 il ərzində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir.

Digər layihələr ölkəmizin hərtərəfli inkişafına xidmət göstərmişdir. Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilmişdir. Bir çox hallarda bu məsələlər ictimaiyyət üçün açıqlanmır. Fondun fəaliyyəti məhz o məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etsin və ən az müdafiə olunan vətəndaşlara imkan daxilində öz dəstəyini göstərsin».

Heydər Əliyev Fondu fəaliyyətində ümumbəşəri dəyərləri uca tutmaqla bey­nəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkə­lərin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə edib. Ötən 13 ildə Fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İs­lam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların dünyada savadsızlığın ara­­­dan qal­dı­rılmasına, gender bərabərliyinə, milli-mədəni müxtə­lifliyin, habelə uşaq hü­quq­ları­nın qorunmasına, sivili­za­siyalararası dialoqun ge­niş­lən­dirilməsinə, et­nik, dini, irqi ayrı­seçkili­yin aradan qaldırılmasına həsr olunmuş tədbirlərinin məhz Ba­kı şəhə­rində keçi­ril­məsi buna əyani sübutdur.

 

 

  Ermənistanın təzavüzkarlıq siyasətinin ifşası, Azər­bay­can həqiqətlərinin dün­yaya çatdırılması, habelə işğal nəticəsində tarixi tor­paq­larından didərgin düşmüş məc­­buri köçkünlərin hüquqlarının bey­nəlxalq miq­yas­da qorunması məsələləri bu baxımdan xüsusi qeyd oluna bilər. Heydər Əliyev Fon­dunun ən uğurlu la­yihələrindən hesab edilən «Qarabağ həqiqətləri» sil­siləsi də buna bariz nümunədir. Beynəlxalq ictimaiyyətə ünvan­lanan, ingilis dilində nəşr edi­lən, xaricdəki diplo­matik nüma­yəndəliklərimiz, diaspor təşki­lat­ları­mız və digər ka­nal­larla bütün dün­yaya yayılan «Qarabağ həqiqətləri» top­lusu «Qara­­bağın tarixi haq­qında məlumat», «Qarabağ mü­na­qişəsinin baş­lan­ması», «Xo­calı soyqı­rımı», «Azər­­­­baycana qarşı er­məni təca­vü­­­zünün nəti­cələri», «Erməni terror təşkilat­larının Azərbaycana qarşı fəaliy­yəti» kitab­çalarından ibarətdir.  Bütün bunlarla yanaşı, Fond həm də regional inkişafa xidmət edən sosial layi­hələrin gerçəkləşdirilməsinə sanballı töhfəsini verir. Heydər Əliyev Fondunun həyata keçirdiyi sosialyönümlü layihələr nəinki Bakının, ümumilikdə Azərbaycanın bir sıra rejionlarını əhatə edir. Yeni təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin inşası ilə yanaşı, Fond həm də əhalini qayğılandıran lokal xarakterli problemlərin də həllində ya­xından iştirak edir.

Azərbaycanlı milli düşüncəsində xeyirxahlıq, nəciblik, mərhəmət, yaxşı əməl və mənəvi saflıq kimi kateqoriyalar xalqımızın əsrlərlə formalaşan adət-ənənə­lə­rində, dəyər və düşüncə sistemindən qırmızı xəttlə keçir. Humanizm və insanpərvərlik ideallarını rəhbər tutan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da bu istiqamətdə gördüyü işlər göz önündədir. İnsanların zehninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək fədakarlığı ilə tək Azərbaycana deyil, bütün dünyaya son dərəcə gözəl bir örnək - mərhəmət və humanistlik nümunəsi sərgiləyən Mehriban Əliyeva amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə də çıxış edərək Milli Məclisə qərar layihələri göndərib və parlament həmin layihələri təsdiqləyib.

 

 

Xeyirxahlıq və mərhəmət bəşər övladını daxilən saflaşdıran, başqalarının gö­zündə ucaldan, insanlığın ali zirvəsinə yüksəldən fenomen dəyərlərdən sayılır. Kamil və yetkin insanın dünyanın xilası barədə düşüncələri məhz bu kimi ülvi, saf dəyər­lərin üzərində köklənir. Hər bir cəmiy­yətdə əda­lət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz belə ka­mil şəx­siyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə çevrilir/. UNESKO və İSESKO-nun xoş­məramlı sə­firi, Milli Məclisin deputatı Meh­­­­riban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu da xeyirxah əməllərin daşıyıcısı olmaqla insanların səmimi rəğbətini qazan­mışdır. Fond ümummilli liderin xeyirhax və nəcib əməllərini yaşatmaq üçün icti­mai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir və­təndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.

Prezident İlham Əliyev Mehriban Əliyevanın birinci vitse-prezident postunda da uğurla fəaliyyət göstərəcəyinə əminlik ifadə edib: «Mehribanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban bu işə də çox önəmli töhfə verir. 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.

 

 

Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.

Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir. Bu təyinat münasibətilə mən onu təbrik edirəm və ona yeni uğurlar arzulayıram».

 

 

Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu cəmiyyətdə mərhəmət və humanizm ruhunda kökləməyə yönəlmiş nəcib addımlarını bu gün də inamla davam etdirir. Heydər Əliyev Fondu insan hüquq və azadlıqlarının keşiyində etibarlı dayanmaqla, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu siyasətinə öz töhfəsini verir. Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm  rol oynayır. «Mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam» - deyən Mehriban Əliyeva birinci vitse-prezident vəzifəsində də ölkəmizin və xalqımızın maraqlarını öndə tutaraq fəaliyyətini uğurla davam etdirəcək.

 

İlham MƏMMƏDZADƏ,

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru,

Fəlsəfə elmləri doktoru, professor

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır